Yusifin özünü tanıtması
1 * Yusif yanında duranların hamısının önündə özünü saxlaya bilməyib qışqırdı: «Hamını yanımdan çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi. 2 O hönkürüb ağladı. Misirlilər və fironun saray adamları eşitdilər.
3 Yusif qardaşlarına dedi: «Mən Yusifəm. Atam hələ sağdırmı?» Qardaşları ona cavab vermədilər, çünki çaşıb qalmışdılar. 4 Yusif qardaşlarına dedi: «Mənə yaxın gəlin». Onlar yaxın gəldilər. Yusif dedi: «Misirə satdığınız qardaşınız Yusif mənəm. 5 İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi. 6 Artıq iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin olmayacaq. 7 Allah məni sizdən qabaq buraya göndərdi ki, sizi yer üzündə saxlasın və böyük bir qurtuluşla həyatınızı qorusun. 8 Ona görə də məni buraya göndərən siz deyilsiniz, Allahdır. O məni firona ataf, onun bütün saray adamlarına ağa, bütün Misir ölkəsinə isə başçı etdi. 9 * Tez atamın yanına gedib ona söyləyin ki, oğlun Yusif belə deyir: “Allah məni bütün Misir ölkəsinə ağa etdi. Daha durma, yanıma gəl. 10 Qoşen vilayətində yaşayarsan. Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran – sənin hər şeyin mənə yaxın olar. 11 Orada sənin qayğına qalaram, çünki daha beş il aclıq olacaq. Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq çəkəcək”. 12 İndi sizin və qardaşım Binyaminin gözləri görür ki, bu sözləri dilimlə sizə deyirəm. 13 Misirdə sahib olduğum böyük izzəti və bütün gördüklərinizi atama bildirin və tezliklə atamı buraya gətirin». 14 Yusif qardaşı Binyaminin boynuna sarılıb ağladı, Binyamin də onun boynuna sarılıb ağladı. 15 Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı. Bundan sonra qardaşları onunla söhbət etdilər.
16 Yusifin qardaşlarının gəlməsi barədə fironun sarayına xəbər çatdı. Bu xəbər fironun və onun əyanlarının xoşuna gəldi. 17 Firon Yusifə dedi: «Qardaşlarına söylə ki, belə etsinlər: heyvanlarınızı yükləyin və yola düşüb Kənan torpağına gedin. 18 Atanızı və ev adamlarınızı götürüb yanıma gəlin. Sizə Misir ölkəsində ən yaxşı torpağı verəcəyəm, torpağın şirəsini yeyəcəksiniz. 19 Sənə isə əmr olunur ki, onlara söyləyəsən: “Belə edin: arvad-uşağınız üçün Misir ölkəsində özünüzə arabalar götürün və atanızı gətirib gəlin”. 20 Orada qalan şeylərinizdə gözünüz qalmasın, çünki bütün Misir torpağının ən yaxşı şeyləri sizindir».
21 İsrailin oğulları belə də etdilər. Yusif fironun əmri ilə onlara arabalar və yol üçün azuqə verdi. 22 Onların hər birinə bir dəst paltar verdi, Binyaminə isə üç yüz parça gümüş və beş dəst paltar verdi. 23 Yusif atası üçün Misirin ən yaxşı şeyləri ilə yüklənmiş on eşşək, yol üçün taxıl, çörək və azuqə yüklənmiş on dişi eşşək göndərdi. 24 O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi: «Yolda dava etməyin». 25 Onlar Misirdən çıxıb Kənan torpağına, ataları Yaqubun yanına gəldilər. 26 Ona hər şeyi danışıb dedilər: «Yusif sağ-salamatdır, özü də bütün Misir ölkəsinə başçılıq edir». Yaqub heyrətlənib qaldı və onlara inanmadı. 27 Qardaşlar Yusifin onlara dediyi bütün sözləri ona söylədilər. Onu aparmaq üçün Yusifin göndərdiyi arabaları görəndə ataları Yaqubun ürəyi ruhlandı. 28 İsrail dedi: «İndi inandım ki, oğlum Yusif sağ-salamatdır. Qoy ölməmişdən qabaq gedib onu görüm».
46
Yaqubun Misirə getməsi
1 İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi. 2 Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!» Yaqub cavab verdi: «Mən buradayam». 3 Allah dedi: «Mən Allaham, atanın Allahıyam. Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm. 4 Mən də səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam. Yusif öz əli ilə sənin gözlərini bağlayacaq».
5 Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər. 6 * Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər. 7 O özü ilə birgə oğullarını və qızlarını, oğul nəvələrini və qız nəvələrini – bütün övladlarını Misirə gətirdi.
8 İsrailin Misirə gələn oğullarının – Yaqubla oğullarının adları belədir:
Yaqubun ilk oğlu Ruven. 9 Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi. 10 Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul. 11 Levinin oğulları: Gerşon, Qohat və Merari. 12 Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul. 13 İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron. 14 Zevulunun oğulları: Sered, Elon və Yaxleel. 15 Bunlar Yaqubun Leadan doğulan övladlarıdır. Lea onları və qızı Dinanı Paddan-Aramda doğdu. Yaqubun oğul və qız övladları cəmi otuz üç nəfər idi.
16 Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli. 17 Aşerin oğulları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. Berianın oğulları: Xever və Malkiel. 18 Bunlar Lavanın qızı Leaya verdiyi Zilpadan doğulan Yaqub övladlarıdır. Onlar on altı nəfər idi.
19 Yaqubun arvadı Rəhilənin oğulları: Yusif və Binyamin. 20 * Yusifin Misirdə On şəhərinin kahini Poti-Feranın qızı Asnatdan Menaşşe və Efrayim adlı iki oğlu oldu. 21 Binyaminin oğulları: Bela, Beker, Aşbel, Gera, Naaman, Exi, Roş, Muppim, Xuppim və Ard. 22 Bunlar Yaqubun Rəhilədən doğulan övladlarıdır. Onlar on dörd nəfər idi.
23 Danın oğlu Xuşim. 24 Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem. 25 Bunlar Lavanın qızı Rəhiləyə verdiyi Bilhadan doğulan Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi.
26 Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn övladları altmış altı nəfər idi. 27 * Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun ailəsində yetmiş nəfər var idi.
Yaqub oğullarının Qoşendə sakin olması
28 Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı
Yusifin yanına göndərdi. Onlar Qoşen torpağına girəndə 29 Yusif
arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi. Özünü atasına
tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı. 30 İsrail
Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış». 31 Yusif
qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan
torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər. 32 Onlar
sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-qaraları və bütün
şeyləri ilə birlikdə gəliblər. 33 Firon sizi
çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa, 34 deyin:
“Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin
ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».