Skip to content

 Mənəm – Muskokanın (Ontario, Kanada) gözəl təbiətində

İncilin Xoş Xəbəri mənim üçün çox dəyərli oldu. Bu barədə sizinlə bölüşmək istəyirəm. Məncə bu, veb-saytdakı məqalələri anlamaqda sizə kömək edəcək. 

(Ümumi məlumat… Mən Kanadada yaşayıram. Evliyəm, bir oğlum var. Toronto Universitetində, Nyu Brunsvik və Akadia Universitetində təhsil almışam. Universitet diplomlarım mühəndislik sahəsindədir; əsasən kompüter proqramları və riyazi modelləşmə sahələrində çalışmışam).

Xoş gənclik illərimdə yaşadığım narahatçılıq

Orta səviyyədən bir az yüksək təminatlı ailədə böyümüşəm. Valideynlərim savadlı olublar. Mən balaca olanda ailəmiz İsveçdən Kanadaya köçdü, daha sonra bir neçə ölkədə yaşayaraq böyümüşəm: Əlcəzair, Almaniya və Kamerun; universitetdə oxumaq üçün Kanadaya qayıtdım. Hamı kimi mən də digər adamlarla, xüsusilə ailəm və dostlarımla birgə dolğun həyat – xoşbəxtlik və sülhlə dolu, mənalı və məqsədi olan bir həyat yaşamaq istəyirdim (və hələ də istəyirəm).

Müxtəlif cəmiyyətlərdə yaşayarkən fərqli dinlərlə, fərqli cəmiyyətlərlə rastlaşdım. Kitab oxumaqda böyük həvəskar olduğuma görə mən həqiqət və dolğun həyatı əldə etməyin yolu barədə müxtəlif baxışlarla tanış oldum. Müşahidələrimin nəticəsi belə oldu: böyük sərvətin (xüsusilə Qərbdə), qabaqcıl texnologiyaların və seçim etmək azadlığının olmasına baxmayaraq, bunlar çox müvəqqəti xoşbəxtlik hissi gətirirdi. Ailə münasibətlərinin keçmişlə müqayisədə daha qısamüddətli olduğuna da fikir verdim. “Bir azca da çox əldə etsək tam xoşbəxt olarıq” sözünü də eşitdim. Nəyi daha çox əldə etsək? Nədən çox əldə etsək? Pul? Elmi bilik? Texnologiya? Əyləncə? Cəmiyyətdəki mövqe?

Gənc ikən bu suallar mənə qeyri-müəyyən narahatlıq gətirirdi. Atam Əlcəzairdə mühəndislik sahəsində mühacir məsləhətçi olduğuna görə mən digər zəngin, imkanlı və qərbdə təhsil almış gənclərlə dostluq edirdim. Lakin həyat çox sadə görünürdü, əylənmək üçün az şey də kifayət idi. Beləliklə, dostlarımla birgə mən doğma ölkəmizə qayıtmağımız, televiziyadan, yaxşı yeməklərdən, imkanlardan, müxtəlif növ azadlıqlar və asan Qərb həyatından zövq almağın həsrətində idik. Onda biz həqiqətən “məmnun” ola bilərdik. Lakin Kanadaya və ya Avropaya gedəndə qısa müddətdən sonra həmin narahatlıq hissi mənə yenidən, özü də ki, daha güclü tərzdə qayıdırdı. Həmçinin bu ölkələrdə daim yaşayan adamlara da fikir verirdim. Onların bir çox şeyə malik olmasına baxmayaraq (istənilən müqayisədə onlar bolluqda yaşayırdı), daim daha da çoxunu əldə etməyə ehtiyacları var idi.

“Rəfiqəm olsa, tam məmnun olaram” – deyə fikirləşdim və bir müddət bu məni qane etdi, lakin bir neçə aydan sonra narahatçılıq hissi yenidən qayıtdı. “Məktəbi bitirsəm tam məmnun olaram” düşündüm. Məktəbi bitirəndən sonra fikirləşdim: “Sürücülük vəsiqəsini alsam, maşın sürsəm mənə daha heç nə gərək olmayacaq”. Böyüklərin pensiyaya çıxanda xoş gün yaşayacaqlarına ümid etmələri barədə eşidirəm. Bu, belədirmi? Həyatımızı bir şeydən sonra digərinin ardınca düşməyə həsr edirik, bir gün də görürük ki, həyat bitib! Necə də mənasızdır!

Qərbin əsasən dinsiz, hətta ateist olduğuna baxmayaraq, həmin vaxtlarda mən Allaha iman etdim. Bütün dünyanın və dünyada olanların bu imkandan istifadə etməməsi inanılmaz görünürdü. Dindarlığıma baxmayaraq, daxilimdə çaxnaşma davam edirdi, mən isə, yuxarıda qeyd etdiyim kimi, yeni şeylər fikirləşərək bundan azad olmağa çalışırdım, nəticədə isə daxilim xəcalətlə daha da çox dolurdu. Mənim başqalarının tanımadığı sanki gizli həyatım var idi. Bu həyat paxıllıqla (mən başqalarında olanları istəyirdim), yalanla (həqiqəti gizlədirdim), mübahisə ilə (ailə üzvlərimlə asanlıqla dava edirdim), cinsi əxlaqsızlıqla (televizorda, internetdə və ya kitablarda, düşüncəmdə) və xudbinliklə dolu idi. Həyatımın bu hissəsini adamlar görməsə də, Allah görürdü. Buna görə də sıxıntı keçirirdim. Əslində, Allaha inanmasaydım, təqsir və xəcalət hisslərinə də etinasızlıq göstərərək daha rahat olardım. Hərçənd, Zəbur 119-da Davud sual verir: “Bir cavan yolunu necə təmiz saxlaya bilər?” (Zəbur 119:9) Nə qədər çox dua etməyə, günahlarımı inkar etməyə, dini yığıncaqlara getməyə çalışsam belə, daxilimdəki çaxnaşma yox olmurdu.

Süleymanın hikməti

Bu vaxt ərzində daxilimdəki və ətrafımdakı narahatlıq səbəbi ilə Süleymanın yazdığı sözlər mənə təsir göstərdi. Süleyman Davudun oğlu, qədim İsrailin padşahı, öz hikməti ilə məşhur olub. O,  Əhdi-Ətiqə daxil edilən  bir neçə kitabları yazmışdır. O, bu kitablarda yaşadığım həmin narahatçılığı təsvir edirdi. O yazırdı:

 “Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur. Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim. Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir.

Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım, özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim. Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın. Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınınkından çox idi. Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.

 Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı. Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim, Ürəyimi heç bir həzzdən məhrum etmədim, Könlüm etdiyim hər işdən zövq aldı. Bu çəkdiyim bütün zəhmətlərin payı idi

Vaiz 2:1-10

Zənginlik, şöhrət, bilik, böyük işlər, arvadlar, əyləncə, taxt-tac, cəmiyyətdəki mövqe… Bunların hamısı Süleymanda artıqlaması ilə olub. Bizim dövrdə yaşayan heç bir kəs Süleymanda olanlara malik olmayıb. Süleymanın məmnun olduğunu zənn edə bilərik, lakin görün o, nə yazır:

 “Mən etdiyim bütün işlərə, Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım: Gördüm ki, hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Səma altında bunların faydası yoxdur. Hikmət və ağılsızlıq puçdur Sonra mən hikmət, dəlilik və ağılsızlığın Nə olduğuna dönüb baxdım. Bundan sonra padşah olan adam İndiyə qədər görülən işlərdən başqa Nə edə bilər ki? Mən gördüm ki, Necə işıq qaranlıqdan üstündürsə, Hikmət də ağılsızlıqdan eləcə üstündür. Hikmətli adamın gözləri yerindədir, Ağılsız adam isə qaranlıqda gəzir. Lakin mən yenə bilirəm ki, İkisinin də aqibəti eyni cür olur. Mən ürəyimdə dedim: “Mənim də aqibətim ağılsız adamın Aqibəti kimi olacaq. Onda hikmətli olmağımın Nə faydası var?” Ona görə də ürəyimdə dedim: “Bu da puçdur”. Çünki müdrik adam da Ağılsız adam kimi Bir daha xatırlanmayacaq, Gələcək dövrdə hamısı unudulacaq. Heyf ki hikmətli adam da Ağılsız adam kimi ölür! Beləcə həyata nifrət etdim, Çünki səma altında edilən işlər Mənim üçün dərddir. Hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Zəhmətin puçluğu

Mən səma altında çəkdiyim bütün zəhmətlərə nifrət etdim. Çünki onun da səmərəsini məndən sonra gələn adama verməliyəm. Kim bilir, o da bir müdrik adam olacaq, yoxsa ağılsızın biri? Lakin hər halda səma altında hikmətlə davranıb çəkdiyim bütün zəhmətlərin səmərəsinə sahib olacaq. Bu da puçdur. Ona görə də səma altında çəkdiyim bütün zəhmətlərdən əlimi üzdüm.  Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir. İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var?  Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur

Vaiz 2:11-23

Ölüm, din və ədalətsizlik – ‘Səma altında edilən bütün işlərin… hamısı puçdur’

Məni narahat edən həyata aid digər sual da var idi. Bu məsələ Süleymanı da narahat edirdi.

 “Heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur. Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır.  Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir?”

Vaiz 3:19-21

Hər kəsin aqibəti eyni cür olur: salehlərin və pislərin, yaxşıların və yamanların, təmizlərin və murdarların, qurban təqdim edənlərin və qurban təqdim etməyənlərin. Yaxşı adama nə olursa, günahkarlara da elə olur. və içənə nə olursa, və içməkdən qorxana da elə olur. Səma altında edilən işlərin hamısının pis cəhəti bundadır ki, hər kəsin aqibəti eyni cür olur. Doğrudan da, insanların ürəyi pisliklə doludur. Nə qədər ki yaşayırlar, ürəklərində dəlilik var. Sonra isə ölüb gedirlər. İnsan nə qədər ki yaşayır, onun üçün ümid var, ona görə ki diri it ölü şirdən yaxşıdır. Çünki dirilər öləcəklərini bilir, Ancaq ölülər heç nə bilmir. Onlara daha heç vaxt əvəz verilməyəcək, Çünki onların xatirəsi də unudulub

Vaiz 9:2-5

Özüm dindar ailədə böyümüşəm və dindar olan Əlcəzairdə yaşamışam. Din suallarıma cavab verə bilərdimi? Dinin dayaz olduğunu aşkar etdim; din əsasən zahiri mərasimlərlə məşğuldur, ürəklərimizə toxunmur. Dua, dini toplantılarda iştirak kimi dini riayətlər necə Allahın qarşısında insanı layiqli edə bilər? Dini cəhətdən əxlaqi həyat yaşamağa çalışmaq çox yorucudur. Daim günahdan kim qaça bilər? Nə qədər mən günahdan qaçmalıyam? Allah məndən nə gözləyir? Dini öhdəliklər ağır yük ola bilər. 

Əslində, Allah Başçıdırsa, nə üçün O, işini bu qədər zəif görür? Ətrafa baxan kimi dünyadakı ədalətsizliyi, rüşvətxorluğu, dərd-əzabı görürük. Bu, təkcə son zamanlar baş verən şeylər deyil. 3000 il əvvəl də Süleyman deyirdi:

Səma altında bir şey də gördüm: Ədalətin yerində pislik var, Salehliyin də yerində pislik… Mən yenə səma altında edilən Bütün zülmləri gördüm: Məzlumların göz yaşlarını gördüm, Onlara təsəlli verən yox idi, Qüdrət zalımların əlində idi, Məzlumlara təsəlli verən yox idi. Çoxdan ölüb getmiş adamları Hələ diri qalanlardan daha xoşbəxt saydım. Bunlardan da xoşbəxt o adamdır ki, Hələ dünyaya gəlməyib, Səma altında edilən pisliyi görməyib

Vaiz 3:16; 4:1-3

Həm Süleymana, həm də bizə bu, çox aydındır: günahlı həyat zülmdür, ədalətsiz və şərdir. Nə üçün? Çıxış yolu varmı? Sonra həyat, sadəcə, ölümlə nəticələnir. Ölüm qaçılmazdır və həyatımızda hökm sürür. Süleymanın söylədiyi kimi, hər bir kəs ölür: həm yaxşı, həm də pis insan, həm dindar, həm də allahsız ölür. Əbədiyyət məsələsi ölümlə əlaqəlidir. Öləndən sonra mən cənnətə, yoxsa (məni daha narahat edən sual) cəhənnəmə gedəcəyəm?

Həmişə oxunan kitablarda axtarış

Həyatda davam edən məmnunluğu əldə etmək məsələsi, dini öhdəliklərin yükü, bəşəriyyət tarixini usandıran zülm və ədalətsizlik, eləcə də, qaçılmaz ölüm və ölümdən sonrakı fəhm daxilimdə mənə əzab verirdi. Orta məktəbi bitirənə yaxın müəllim bizə yüz ədəd ədəbi əsər (şeir, nəğmə, hekayə və s.) toplamaq tapşırığını verdi. Biz bu tapşırığı xoşladıq. Bu, məktəb illərimdə yerinə yetirdiyim ən faydalı tapşırıqlardan biri idi. Topladığım əsərlərin əksəriyyəti bu məsələlərin birinə aid idi. Bu tapşırıq mənə eyni problemlə üzləşən adamlarla “görüşmək” və onları dinləmək imkanını verdi. Müxtəlif dövrlərdə yaşayan, müxtəlif təhsili olan, fərqli həyat fəlsəfəsinə malik olan və müxtəlif janrlarda yazan müəlliflərin hamısı ilə sanki görüşdüm.

Mən, həmçinin İsanın sözlərini də tapşırığa əlavə etdim. Beləliklə, dini olmayan ədəbiyyatla bərabər İsanın belə sözləri də var idi:

“Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun”

əhya 10:10

Bu sözlər mənə işıq ucu verdi: bəlkə də, Süleymanı, bu müəllifləri və məni narahat edən sualların cavabı ola bilər. O vaxt İncil mənim üçün mənasız bir dini söz idi. Əslində isə bu sözün mənası ‘Xoş Xəbər’dir. İncil doğrudanmı Xoş Xəbərdir? Ona etibar etmək olarmı? İncil dəyişdirilibmi? Daxilimdə bu suallar da yarandı.

Unudulmaz görüş

Həmin il daha sonra dostlarımla birgə mən İsveçrəyə xizəklə sürüşməyə getdim. Bütün günü yorulmadan xizək sürəndən sonra axşam klublarda vaxt keçirirdik. Bu barlarda biz rəqs edir, qızlarla görüşür, gecəyə qədər əylənirdik.

İsveçrənin xizək kurortu yüksək dağlarda yerləşir. Yadımdadır, bir dəfə diskotekadan çıxıb öz otağıma gedəndə artıq çox gec idi. Lakin dayanıb ulduzlara baxdım. Çox qaranlıq olduğuna görə ulduzların əzəmətini və ehtişamını görə bildim. Əslində, möhtəşəm mənzərədən az qaldı ürəyim dayanacaqdı; onların qarşısında ehtiramla donub qalmışdım. Zəbur ayəsi yadıma düşdü və mən dedim: Göylər Allahın əzəmətini bəyan edir, göy qübbəsi əllərinin işini elan edir…” (Zəbur 19:1).

Qaranlıq gecədə ulduzlarla dolu kainatın möhtəşəmliyini seyr edərkən  mən azca da olsa, Allahın böyüklüyünü seyr etdim. Həmin o sükut anında öz qarşımda seçimi gördüm. Mən Allaha tabe ola və ya zahirən saleh görünərək həyatımı ilahi qüvvədən məhrum yaşaya bilərəm. Beləliklə, mən həmin o qaranlıq gecədə diz çöküb alnımı yerə qoydum və belə dua etdim: “Sən Rəbsən. Sənə tabe oluram. Başa düşmədiyim çox şey var. Xahiş edirəm, məni öz Doğru Yoluna istiqamətləndir”. Yerə qapanmış vəziyyətdə Allaha tabe olaraq qaldım və həyatımdakı günahları etiraf etdim, Allahdan kömək dilədim. O an yanımda heç kim yox idi. Yalnız mən və Allah, ulduzlarla dolu səma qarşısında, gecə saat ikidə, İsveçrədəki xizək kurortunda. Bu görüşü mən heç vaxt unutmaram; bu barədə bölüşsəm belə, onu sözlərlə tam təsvir etmək mümkün deyil. 

Bu, həyat yolumda əhəmiyyətli addım oldu. Mən Onun seçiminə tabe oldum. O zaman suallarıma cavabların axtarışında idim və tədqiq edərək, öyrəndiyimi həlimliklə qəbul edərək axtardığım cavabları almağa başladım. Veb-saytda yazdıqlarımın çoxu həmin gecədən başlayaraq öyrəndiyim həqiqətlərdir. Həqiqət axtarışında səyahətə başlasam da son mərhələyə hələ ki gəlib çatmamışam. Lakin mən İncilin ömür boyu verdiyim sualları cavablandırdığını dərk etdim. Əslində, İncilin əsas məqsədi bol həyat, ölüm, əbədiyyət, azadlıq, ailə münasibətlərində məhəbbət, xəcalət, təqsir, qorxu və bağışlanma kimi məsələlərə aydınlıq gətirməkdir. İncil təməl olduğunu deyir; biz həyatımızı onun üzərində qura bilərik. Bəzən İncilin verdiyi cavabları bəyənməyə, yaxud onları tam dərk etməyə bilərik. Lakin İncilin əsas mövzusu Allahın Kəlamı ­– İsa Məsih olduğuna görə ondan xəbərsiz qalmaq axmaqlıqdır.

İncilə nəzər salmaq üçün vaxt ayırmaq istəsəniz, eyni şeyi tapa bilərsiniz.