Zəbur və digər peyğəmbərlərin kitablarına giriş sözü

Peyğəmbərlərin arasında Davud (s) xüsusi yer tutur. İbrahim (s) peyğəmbər ilə yeni dövr başladı. (Bu dövr ərzində Allah insanlarla müəyyən yol ilə davranırdı). Allah İbrahim (s) peyğəmbərə nəslindən böyük milləti vəd etdi, sonra isə böyük qurbanı təqdim etdi. Musa (s) peyğəmbər Pasxa qurbanı vasitəsilə İsrailliləri qul əsarətindən azad etdi və sonra onlara  Qanun verdi ki, onlar bir millət ola bilsinlər. Allahdan lənət deyil, xeyir-dua  almaları üçün onların üzərində hökm edən bir padşahları yox idi. Həmin padşah və peyğəmbər Davud (s) oldu. Davud ilə yeni dövr başlayır. Bu dövr ərzində Yerusəlim şəhərindən padşahlar hökm edirdilər.

Padşah Davud (s) kim olub?

Zaman xəttində İsraillilərin tarixi adlı məqalədən görə bilərsiniz ki, Davud (s) təxminən 1000 il b.e.ə. yaşayıb. İbrahim (s) peyğəmbərdən min il sonra, Musa (s) peyğəmbərdən isə 500 il sonra yaşayıb. Davud (s) uşaqlıqda ailəsinin qoyunlarını otarırdı.

İsraillilərin düşməni olan nəhəng Qolyat İsraillilərə qarşı orduya başçılıq edirdi, İsraillilər isə məyus və məğlub olmuşdular. Davud (s) isə Qolyata qarşı çıxdı və döyüşdə onu öldürdü. Nəhəng əsgəri öldürdüyünə görə gənc çoban Davud (s) məşhur oldu. Bundan sonra İsraillilər öz düşmənlərinə qalib gəldilər. Quran Davud (s) ilə Qolyat arasındakı döyüş barədə belə yazır:

“(Möminlər) Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır”

Surə 2:251

Bu döyüşdən sonra döyüşçü Davudun şöhrəti daha da artdı. Lakin buna baxmayaraq, o, uzun və çətin illərdən sonra padşah oldu. Onun həm digər xalqlardan, həm də İsrail xalqından olan bir çox düşmənləri var idi. Müqəddəs Kitabda Şamuel peyğəmbərin I və II kitabı Davud (s) peyğəmbərin həyatındakı çətinlik və qələbələri barədə yazır. Şamuel (s) Davudu (s) padşahlığa məsh edən peyğəmbər olub.

Davud (s) həmçinin məşhur musiqiçi olub, Allaha həsr olunmuş gözəl mahnılar və şerilər yazıb. Bu barədə Sad Surəsi (Surə 38 – Sad surəsi) yazır:

“Onların dediklərinə səbr et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim (Allaha) üz tutardı. Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə (Allahın şəninə) təriflər deyirdilər. Biz quşları da toplum halda (ona ram etmişdik). Hamısı daima (Allaha) üz tutardı. Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik”

Surə Sad 38:17-20

Bu ayələr Davud (s) peyğəmbərin döyüşçü qüdrətini təsdiqləyir və həmçinin, Allaha quşların nəğmələri ilə bərabər “təriflər” deyirdi. Allah Özü müdrik sözləri bu padşaha vermişdi. Davudun (s) bu mahnı və şeriləri Zəbur Kitabında qeyd olunur. Allahın verdiyi hikmətə görə Davudun (s) yazıları Tövrat kimi müqəddəs və ilahi ilhamla yazılmış hesab olunur. Quran bunu belə izah edir:

“Rəbbiniz göylərdə və yerdə olanları çox yaxşı tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik”

Surə 17:55

Süleyman – Zəburun davamı

Allahın ilhamı ilə yazılan sözlər uzun ömür sürüb vəfat edən padşah Davudla (s) bitmədi. Onun oğlu və varisi Süleyman (s) da Allahdan hikmət aldı. Surə Sad bunu belə təsvir edir:

“Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima (Allaha) üz tutardı”

Surə Sad 38:30

Və:

“Davudu və Süleymanı da (yada sal!) Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik. Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) tərifləmələri üçün (ona) ram etdik. Bunları Biz etdik”

Surə 21:78-79

Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”

Surə 27:15

Beləliklə, Süleyman (s) Zəburdan sonra Allahın ilhamı ilə daha bir neçə hikmət kitabını yazdı. Onun kitablarının adları bunlardır: Süleymanın Məsəlləri, Vaizin Kitabı, Nəğmələr Nəğməsi.

Zəburdan sonra peyğəmbərlər kitab yazmaqda davam edirlər

Süleyman (s) əbədiyyətə qovuşandan sonra, daha sonra hakimiyyətə gələn padşahlar Tövrata itaət etmədilər və bu padşahlardan heç birinə Allah tərəfindən ilham almış kitabı yazmaq nəsib olmadı. Bütün İsrailin padşahları arasından yalnız Davud və Süleyman (s) Allah tərəfindən ilham almış kitabları yazıblar. Bunlar həm peyğəmbər, həm də padşah olublar. Lakin Süleymandan sonra hökm edən padşahların yanına Allah xəbərdarlıq sözləri deyən peyğəmbərləri göndərib. Böyük balığın udduğu Yunus bu peyğəmbərlərdən idi (Surə 37:139-144). Bu, təxminən, 300 il davam etdi. Bu müddət ərzində Allah tərəfindən bir çox peyğəmbərlər göndərildi. Onların xəbərdarlıq və peyğəmbərlik sözləri də Müqəddəs Kitaba əlavə edildi. Burada izah edildiyi kimi, axırda İsraillilər əsir alındılar və Babilə sürgün oldular. Daha sonra Fars İmperiyasının banisi Kir padşahın dövründə Yerusəlimə qayıtdılar. Bu müddət ərzində Allah peyğəmbərləri göndərməkdə davam edirdi və onların kitabları ilə Əhdi-Ətiq tamamlanır.

Zəbur – Məsihin gəlişinin intizarında

Bizim üçün bütün bu peyğəmbərlər əhəmiyyət kəsb edir, çünki onların yazılarında İncilin təməli qoyulur. Əslində, ‘Məsih’ adını ilk dəfə Davud (s) öz Zəburunda qeyd etmişdir. Sonrakı peyğəmbərlər isə gələcək Məsih barədə daha böyük təfsilatlarla yazırdılar. Bu xüsusilə vacib idi, çünki sonrakı padşahlar Tövrata, İsraillilər isə  Əmrlərə riayət etmirdilər. Vəd, ümid və Məsihin gəlişinin intizarı günah içində yaşayan adamların yaşadığı dövrdə peyğəmbərlik sözlərində əks olunmuşdu. Peyğəmbərlər gələcək barədə xəbər verirdilər. Musa (s) Tövratda bu barədə yazır. Bu peyğəmbərliklər bu gün bizə də aiddir. Bəzilərimiz lazımi tərzdə düzgün həyat yaşamırıq. Günah və səhvlər içində olan adamlar üçün Məsih bir ümid mayakıdır.

İsa Məsihin (s) Zəbura və peyğəmbərlərin kitablarına münasibəti

Əslində, adamlara İncili və Məsihin vəzifəsini izah etmək üçün İsa Məsih özü peyğəmbərlərin kitablarından istifadə edirdi. İsa barədə belə deyilir:

“Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi”

Luka 24:27

‘Bütün peyğəmbərlər” sözü Musanın (s) Tövratından və Davudun (s) Zəburundan sonra yazılan peyğəmbərlərin kitablarına istinad edir. İsa (s) Məsih barədə əvvəlcədən edilən peyğəmbərlikləri insanların dərk etmələrini istəyirdi. İsa Məsih (s) belə öyrədirdi:

“Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır». Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı”

Luka 24:44-45

Burada Davudun yazdığı Zəbur və daha sonrakı peyğəmbərlərin kitablarından söz gedir. İsa Məsih (s) ‘onların zehnini açdı’ və yalnız bundan sonra onlar ‘Müqəddəs Yazıları anlaya bildilər’. Müqəddəs Yazılar – Allahdan ilham almış Tövrat, Zəbur və peyğəmbərlərin kitablarıdır. Məqsədimiz növbəti məqalələrdə İsa Məsihin (s) bu kitablardan verdiyi təliminə nəzər salmaqdır ki, bizim də zehnimiz açılsın və İncili başa düşək.

Davud (s) və digər peyğəmbərlər zaman xəttində

Növbəti rəsmdə əksər peyğəmbərlər göstərilir. Yer kifayət olmadığından hamısını göstərə bilmədik. Burada hər bir peyğəmbərin yaşadığı dövrü görə bilərsiniz. Zaman xəttində İsraillilərin vəziyyəti qeyd olunur. Musanın (s) lənət və xeyir-duaları barədə danışarkən İsraillilərin tarixinə  nəzər saldıqda eyni rənglərdən istifadə etmişdik.

Davud Peyğəmbərin (s.ə.v) və Zaburun bəzi digər peyğəmbərlərinin tarixi qrafiki

Leave a Reply

Your email address will not be published. Required fields are marked *