Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir.
2 Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi.
3 Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı.
4 İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin.
5 Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».
6 Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?»
7 İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil.
8 Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız».
9 İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi.
10 İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub
11 soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».