Skip to content

From Books

19 O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi.

20 Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər.

21 İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm».

22 Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın!

23 Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».

24 Lakin On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi.

25 O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram».

26 Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi.

27 Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!»

28 Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi.

29 İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»

30 İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb.

Yəhya 20: 19-30

1 Bu hadisələrdən sonra İsa Tiberiya gölünün kənarında yenə şagirdlərə göründü. Bu belə oldu:

2 Şimon Peter, «Əkiz» adlanan Tomas, Qalileyanın Qana kəndindən olan Natanael, Zavdayın oğulları və Onun başqa iki şagirdi birlikdə idi.

3 Şimon Peter onlara «balıq ovuna gedirəm» dedi. O birilər də ona «biz də səninlə gedirik» dedilər. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər.

4 Günəş doğarkən İsa sahildə dayanmışdı, amma şagirdlər Onun İsa olduğunu bilmədilər.

5 İsa onlara dedi: «Uşaqlar, yeməyə bir şey tutmusunuzmu?» Ona «xeyr» deyə cavab verdilər.

6 İsa yenə dedi: «Toru qayığın sağ tərəfinə atın, orada tapacaqsınız». Eləcə də atdılar və o qədər balıq tutdular ki, toru çəkə bilmirdilər.

7 Onda İsanın sevimli şagirdi Peterə «Bu, Rəbdir» söylədi. Şimon Peter Onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltarına bürünüb gölə atıldı.

8 O biri şagirdlər isə balıq torunu çəkə-çəkə qayıqda gəldilər, çünki sahildən uzaq deyildilər, cəmi iki yüz qulac məsafədə idilər.

9 Onlar quruya çıxanda orada közərmiş ocağı, onun üzərinə qoyulmuş balığı və yanında olan çörəyi gördülər.

10 İsa onlara dedi: «İndi tutduğunuz balıqlardan gətirin».

11 Şimon Peter qayığa minib yüz əlli üç böyük balıqla dolu toru quruya çəkdi. Balıq lap çox olsa da, tor yırtılmadı.

12 İsa onlara dedi: «Gəlin, səhər yeməyi yeyin». Şagirdlərdən heç biri Ondan «Sən kimsən?» deyə soruşmağa cəsarət etmirdi, çünki Onun Rəbb olduğunu bilirdilər.

13 İsa gəlib çörəyi götürdü və onlara verdi, eləcə balığı da verdi.

14 İsa ölülər arasından dirildikdən sonra artıq üçüncü dəfə idi ki, şagirdlərə görünürdü.

15 Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə».

16 İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar».

17 Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə.

18 Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq».

19 İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bunu söylədikdən sonra ona «ardımca gəl» dedi.

20 Peter də arxaya dönüb İsanın sevimli şagirdinin onların ardınca gəldiyini gördü. Bu həmin şagird idi ki, axşam yeməyi zamanı İsanın sinəsinə əyilib «Ya Rəbb, Sənə xəyanət edəcək adam kimdir?» demişdi.

21 Peter bu şagirdi görüb İsaya dedi: «Ya Rəbb, bəs o necə olacaq?»

22 İsa ona dedi: «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl».

23 Beləcə o şagirdin ölməyəcəyi barədə imanlı bacı-qardaşlar arasında söz yayıldı. Amma İsa onun ölməyəcəyini deməmişdi, sadəcə olaraq «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə?» demişdi.

24 Bu hadisələrə şəhadət edərək bunları yazan həmin şagirddir. Biz də bilirik ki, onun şəhadəti etibarlıdır.

25 İsanın etdiyi çoxlu başqa şeylər də var. Əgər bunlar da bir-bir yazılsaydı, fikrimcə, yazılan kitablar heç dünyaya sığmazdı.

Yəhya 21: 1-25

1 Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir.

2 Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi.

3 Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı.

4 İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin.

5 Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».

6 Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?»

7 İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil.

8 Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız».

9 İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi.

10 İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub

11 soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».

Həvarilərin işləri 1: 1-11

1 Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi.

2 Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu.

3 İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi.

4 O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı.

5 Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı.

6 İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi.

7 İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan».

8 Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz».

9 Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu».

10 İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox».

11 Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi.

12 İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi?

13 Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam.

14 İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız.

15 Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.

16 Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil.

17 Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.

18 Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin.

19 İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: O Mənəm.

20 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».

21 İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək».

22 Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar.

23 Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı.

24 Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun.

25 Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?»

26 İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi.

27 Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi.

28 İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi.

29 Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir.

30 Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi.

31 O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi.

32 İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək.

33 Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm.

34 Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.

35 Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».

36 Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən».

37 Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm».

38 İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.

1 Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin.

2 Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm?

3 Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.

4 Gedəcəyim yerə aparan yolu tanıyırsınız».

5 Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?»

6 İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.

7 Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz».

8 Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir».

9 İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən?

10 Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür.

11 Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın.

12 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm

13 və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin.

14 Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm.

15 Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz.

16 Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun.

17 O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq.

18 Sizi yetim qoymaram, yanınıza gələcəyəm.

19 Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız.

20 O gün biləcəksiniz ki, Mən Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm.

21 Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm».

22 İskaryot deyil, o biri Yəhuda Ona dedi: «Ya Rəbb, necə olacaq ki, Özünü dünyaya deyil, bizə zahir edəcəksən?»

23 İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq.

24 Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür.

25 Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim.

26 Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq.

27 Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın.

28 Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür.

29 Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız.

30 Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur.

31 Ancaq dünya bilməlidir ki, Mən Atanı sevirəm və Ata Mənə nə əmr etdisə, ona əməl edirəm. İndi isə qalxın buradan gedək.

1 Mən həqiqi Meynəyəm, Atam da Bağbandır.

2 Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin.

3 Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz.

4 Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz.

5 Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.

6 Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar.

7 Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.

8 Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.

9 Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın.

10 Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.

11 Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun.

12 Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.

13 Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.

14 Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız.

15 Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.

16 Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.

17 Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.

18 Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib.

19 Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir.

20 Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər.

21 Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar.

22 Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur.

23 Mənə nifrət edən Atama da nifrət edir.

24 Əgər Məndən başqa heç kəsin etmədiyi işləri onların arasında etməsəydim, günahları olmazdı. Amma indi Mənim nə etdiyimi gördülər, həm Mənə, həm də Atama nifrət etdilər.

25 Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında yazılan “Mənə nahaqdan nifrət etdilər” sözü yerinə yetsin.

26 Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək.

27 Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz.

1 Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı.

2 Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü.

3 Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür.

4 Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.

5 Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar.

6 Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı.

7 Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi?

8 Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik?

9 Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində,

10 Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan

11 Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır».

12 Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?»

13 Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar».

14 Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın.

15 Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır.

16 Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir.

17 Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Cavanlarınız görüntülər, Ağsaqqallarınızsa röyalar görəcək.

18 O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək.

19 Yuxarıda – göylərdə xariqələr, Aşağıda – yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü buxarları görünəcək.

20 Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.

21 Rəbbin adını çağıran hər kəs xilas olacaq”.

22 Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir.

23 Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz.

24 Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi.

25 Davud da Onun barəsində demişdi: “Rəbbə əbədilik üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram.

26 Elə bunun üçün qəlbim sevinir, dilim şad olur, Cismim belə, ümidlə yaşayır.

27 Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını çürüməyə qoymazsan.

28 Mənə həyat yolunu öyrədirsən, Hüzurunda mənə doyunca sevinc verirsən”.

29 Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır.

30 Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi.

31 Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah Onu ölülər diyarına atmaz, Cismini çürüməyə qoymaz.

32 Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq.

33 Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, vəd edilən Müqəddəs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü.

34 Davud özü göylərə qalxmadı, amma belə dedi: “Rəbb mənim Ağama dedi:

35 ‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur›”.

36 Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir».

37 Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?»

38 Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız.

39 Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür».

40 Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun».

41 Onun sözünü qəbul edənlər vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu.

42 Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər.

43 Bütün imanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə çoxlu xariqələr və əlamətlər göstərilirdi.

44 İman edənlərin hamısı bir yerdə idi, bütün əmlaklarından da birgə istifadə edirdi.

45 Onlar mallarını, mülklərini satıb pulu hər kəsə ehtiyacına görə paylayırdılar;

46 hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb yeyirdilər.

47 Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və imanlılara qoşurdu.

Həvarilərin işləri 2: 1-47

1 Başlanğıcda Allah göyləri və yeri yaratdı.

2 Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı.

3 Allah dedi: «Qoy işıq olsun». İşıq oldu.

4 Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı.

5 Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi.

6 Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın».

7 Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu.

8 Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi.

9 Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu.

10 Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır.

11 Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu.

12 Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır.

13 Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi.

14 Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin.

15 Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu.

16 Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi.

17 Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın,

18 gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır.

19 Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi.

20 Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun».

21 Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.

22 Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın».

23 Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi.

24 Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu.

25 Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.

26 Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».

27 Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı.

28 Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin».

29 Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız.

30 Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu.

31 Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.

1 Göylər və yer, oradakı hər şey beləcə tamamlandı.

2 Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi.

3 Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi.

4 Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri yaradanda

5 yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı.

6 Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı.

7 Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.

8 Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi.

9 Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi.

10 Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü.

11 Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır.

12 Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var.

13 İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır.

14 Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır.

15 Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın.

16 Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən.

17 Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən».

18 Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam».

19 Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı.

20 İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı.

21 O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü.

22 Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi.

23 İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, Çünki o, kişidən götürülüb».

24 Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq.

25 Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar.

1 İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi.

2 İsa danışmağa başlayıb onları öyrədərək dedi:

3 «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.

4 Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq.

5 Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq.

6 Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq.

7 Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək.

8 Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək.

9 Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq.

10 Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır.

11 İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız!

12 Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.

13 Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.

14 Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz.

15 Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın.

16 Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.

17 Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim.

18 Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.

19 Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.

20 Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.

21 Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz.

22 Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.

23 Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var,

24 qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et.

25 Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan.

26 Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.

27 “Zina etmə” deyildiyini eşitmisiniz.

28 Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur.

29 Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır.

30 Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.

31 “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir.

32 Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.

33 Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz.

34 Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır;

35 nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir.

36 Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən.

37 Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.

38 “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.

39 Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.

40 Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver.

41 Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.

42 Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.

43 “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz.

44 Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.

45 Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır.

46 Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi?

47 Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi?

48 Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.

1 Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız.

2 Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.

3 Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin.

4 Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.

5 Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.

6 Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.

7 Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər.

8 Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir.

9 Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun,

10 Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun.

11 Gündəlik çörəyimizi bizə bu gün ver.

12 Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla.

13 Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.”

14 Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar.

15 Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.

16 Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.

17 Amma sən oruc tutanda başına yağ çək və üzünü yu.

18 Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.

19 Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar.

20 Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar.

21 Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.

22 Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq.

23 Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür!

24 Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz.

25 Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi?

26 Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi?

27 Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər?

28 Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir.

29 Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi.

30 Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi?

31 Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin.

32 Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir.

33 Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.

34 Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!

1 Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız.

2 Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.

3 Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən?

4 Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!”

5 Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.

6 Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.

7 Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.

8 Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.

9 Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi?

10 Ya da balıq diləsə, ona ilan verərmi?

11 Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!

12 İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.

13 Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur.

14 Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.

15 Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar.

16 Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı?

17 Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər.

18 Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz.

19 Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar.

20 Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.

21 Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək.

22 O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?”

23 Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!”

24 Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir.

25 Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub.

26 Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir.

27 Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar».

28 İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi,

29 çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.

Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi.

2 Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu.

3 İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi.

4 O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı.

5 Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı.

6 İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi.

7 İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan».

8 Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz».

9 Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu».

10 İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox».

11 Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi.

12 İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi?

13 Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam.

14 İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız.

15 Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.

16 Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil.

17 Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.

18 Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin.

19 İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: O Mənəm.

20 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».

21 İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək».

22 Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar.

23 Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı.

24 Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun.

25 Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?»

26 İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi.

27 Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi.

28 İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi.

29 Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir.

30 Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi.

31 O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi.

32 İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək.

33 Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm.

34 Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.

35 Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».

36 Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən».

37 Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm».

38 İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.

Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin.

2 Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm?

3 Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.

4 Gedəcəyim yerə aparan yolu tanıyırsınız».

5 Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?»

6 İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.

7 Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz».

8 Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir».

9 İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən?

10 Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür.

11 Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın.

12 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm

13 və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin.

14 Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm.

15 Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz.

16 Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun.

17 O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq.

18 Sizi yetim qoymaram, yanınıza gələcəyəm.

19 Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız.

20 O gün biləcəksiniz ki, Mən Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm.

21 Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm».

22 İskaryot deyil, o biri Yəhuda Ona dedi: «Ya Rəbb, necə olacaq ki, Özünü dünyaya deyil, bizə zahir edəcəksən?»

23 İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq.

24 Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür.

25 Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim.

26 Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq.

27 Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın.

28 Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür.

29 Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız.

30 Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur.

31 Ancaq dünya bilməlidir ki, Mən Atanı sevirəm və Ata Mənə nə əmr etdisə, ona əməl edirəm. İndi isə qalxın buradan gedək.

1 Mən həqiqi Meynəyəm, Atam da Bağbandır.

2 Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin.

3 Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz.

4 Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz.

5 Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.

6 Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar.

7 Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.

8 Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.

9 Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın.

10 Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.

11 Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun.

12 Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.

13 Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.

14 Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız.

15 Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.

16 Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.

17 Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.

18 Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib.

19 Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir.

20 Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər.

21 Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar.

22 Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur.

23 Mənə nifrət edən Atama da nifrət edir.

24 Əgər Məndən başqa heç kəsin etmədiyi işləri onların arasında etməsəydim, günahları olmazdı. Amma indi Mənim nə etdiyimi gördülər, həm Mənə, həm də Atama nifrət etdilər.

25 Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında yazılan “Mənə nahaqdan nifrət etdilər” sözü yerinə yetsin.

26 Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək.

27 Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz.

1 Büdrəməyəsiniz deyə bunları sizə söylədim.

2 Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək.

3 Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar.

4 İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız. Əvvəldən bunları sizə söyləmədim, çünki sizinlə birlikdə idim.

5 İndi isə Məni Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur.

6 Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu.

7 Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm.

8 O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək:

9 günah barədə, çünki Mənə iman etmirlər;

10 salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz;

11 mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub.

12 Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz.

13 Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək.

14 O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək.

15 Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim.

16 Az bir müddətdən sonra Məni artıq görməyəcəksiniz, az bir müddətdən də sonra Məni yenə görəcəksiniz».

17 O vaxt İsanın bəzi şagirdləri bir-birinə dedilər: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” və “çünki Atanın yanına gedirəm” sözlərinin mənası nədir?»

18 Öz aralarında soruşurdular: «Söylədiyi “az bir müddət” nə deməkdir? Nə dediyini anlamırıq».

19 İsa Ondan soruşmaq istədiklərini bilib onlara dedi: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” sözüm barədəmi bir-birinizdən soruşursunuz?

20 Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək.

21 Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar.

22 Beləcə siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək.

23 O gün Məndən heç nə soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.

24 İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun.

25 Sizə bu şeyləri məsəllərlə söylədim. İndi elə bir zaman gəlir ki, daha məsəllərlə sizinlə danışmayacağam, amma Ata barədə sizə açıq danışacağam.

26 O gün siz Mənim adımla diləyəcəksiniz. Mən sizin barənizdə Atadan bir şey xahiş edəcəyimi söyləmirəm.

27 Axı Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız.

28 Atanın yanından dünyaya gəldim, yenə dünyanı tərk edib Atanın yanına gedirəm».

29 Şagirdləri dedi: «Budur, indi açıq danışırsan, heç bir məsəl söyləmirsən.

30 İndi anlayırıq ki, Sən hər şeyi bilirsən və heç kəsin Səndən soruşmasına ehtiyacın yoxdur. Buna görə də Allahdan gəldiyinə inanırıq».

31 İsa onlara dedi: «İndi inanırsınızmı?

32 Budur, hər birinizin dağılıb öz evinə gedəcəyiniz və Məni tək qoyacağınız vaxt gəlir və artıq gəlib. Amma Mən tək deyiləm, çünki Ata Mənimlədir.

33 Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim».

Yəhya 13-16

Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir.

2 Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi.

3 Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı.

4 İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin.

5 Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».

6 Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?»

7 İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil.

8 Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız».

9 İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi.

10 İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub

11 soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».

Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı.

2    Yaqubun tarixçəsi belədir. Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları – atalarının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı.

3    İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğlu idi. O, Yusifə əlvan paltar tikdirdi.

4    Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər.

5    Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə başladılar.

6    Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın:

7    biz zəminin ortasında dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona səcdə etdilər».

8    Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq edəcəksən?» Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət etdilər.

9    Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir yuxu gördüm; gördüm ki, günəş, ay və on bir ulduz mənə səcdə edir».

10   O, yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: «Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə əyilib sənə təzim etmək üçün gələcəyik?»

11   Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı.

12   Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər.

13   İsrail Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim». O, atasına dedi: «Getməyə hazıram».

14   İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı. Yusif gəlib Şekemə çatdı.

15   Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam «Nə axtarırsan?» deyə ondan soruşdu.

16   O dedi: «Mən qardaşlarımı axtarıram. Mənə de görüm, onlar sürünü harada otarırlar?»

17   Bu adam dedi: «Buradan getdilər, çünki mən onların “Dotana gedək” sözlərini eşitdim». Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı.

18   Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər.

19   Qardaşlar bir-birlərinə dedilər: «Budur, yuxu görənimiz gəlir.

20   İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır».

21   Ruven bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Gəlin ona toxunmayaq».

22   Ruven onlara «qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın.

23   Yusif qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb çıxartdılar.

24   Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi.

25   Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmişdi və bunları Misirə aparırdılar.

26   Yəhuda qardaşlarına dedi: «Əgər qardaşımızı öldürüb qətli ört-basdır etsək, bunun nə xeyri olar?

27   Gəlin onu İsmaillilərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar.

28   Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillilərə iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar.

29   Ruven quyuya tərəf qayıdıb gördü ki, Yusif orada yoxdur. O, paltarını cırdı.

30   Sonra qardaşlarının yanına qayıdıb dedi: «Uşaq yoxdur, bəs mən nə edim?»

31   Onlar Yusifin paltarını götürdülər və bir keçi kəsib paltarı qana batırdılar.

32   Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər: «Biz bunu tapdıq: gör, oğlunun paltarıdır ya yox?»

33   O, paltarı tanıyıb dedi: «Bu, oğlumun paltarıdır; yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən, Yusif parçalanıb».

34   Yaqub öz paltarını cırdı və belinə çul bağladı; o uzun müddət oğlu üçün yas tutdu.

35   Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı.

36 Midyanlılar isə Yusifi Misirdə fironun bir əyanı olan mühafizəçilər rəisi Potifara satdılar.

O zaman Yəhuda qardaşlarından ayrılaraq Xira adlı Adullamlı bir adamın yanına gedib məskən saldı.

2    Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı arvad alıb yanına girdi.

3    Qadın hamilə olub bir oğlan doğdu və Yəhuda onun adını Er qoydu.

4    Qadın yenə hamilə olub bir oğlan doğdu və adını Onan qoydu.

5    Sonra yenə də bir oğlan doğub, adını Şela qoydu. Qadın onu doğduğu zaman Yəhuda Kezivdə idi.

6    Yəhuda ilk oğlu Er üçün bir arvad aldı, onun adı Tamar idi.

7    Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis idi və Rəbb onu öldürdü.

8    Yəhuda Onana dedi: «Qardaşın arvadının yanına gir, öz qayınlıq vəzifəni yerinə yetirib qardaşın üçün nəsil yetişdir».

9    Onan bilirdi ki, bu nəsil ona məxsus olmayacaq. Buna görə də qardaşı arvadının yanına girəndə toxumunu yerə tökərdi ki, qardaşı üçün nəsil yetişdirməsin.

10   Onun etdiyi bu iş Rəbbin gözündə pis oldu və Rəbb onu da öldürdü.

11   Yəhuda gəlini Tamara dedi: «Atanın evinə qayıt, oğlum Şela böyüyənə qədər dul olaraq qal». Yəhuda fikirləşdi ki, Şela da qardaşları kimi ölə bilər. Tamar gedib atasının evində qaldı.

12   Uzun müddətdən sonra Şuanın qızı olan Yəhudanın arvadı öldü. Yəhuda matəm qurtarandan sonra dostu Adullamlı Xira ilə birlikdə Timnata sürüsünü qırxanların yanına getdi.

13   Tamara bildirdilər: «Bax qayınatan sürüsünü qırxmaq üçün Timnata gəlir».

14   Tamar dulluq paltarını əynindən çıxarıb rübənd örtdü və bürünüb Timnata gedən yolda olan Enayim darvazasının yanında oturdu. Çünki o görürdü ki, Şela böyüyüb, o isə hələ də Şelaya ərə verilməyib.

15   Yəhuda onu görəndə elə bildi ki, bir fahişə qadındır, çünki üzünü örtmüşdü.

16   Yəhuda yolunu ona tərəf salıb dedi: «İcazə ver, sənin yanına girim». Ancaq onun öz gəlini olduğunu bilmədi. Qadın dedi: «Yanıma girmək üçün mənə nə verirsən?»

17   Yəhuda dedi: «Sürüdən bir oğlaq göndərərəm». O dedi: «Onu göndərənə qədər mənə girov olaraq bir şey verərsənmi?»

18   Yəhuda soruşdu: «Girov olaraq sənə nə verim?» Qadın dedi: «Öz möhürünü, qaytanını və əlində olan əsanı». Yəhuda bunları qadına verib yanına girdi. Qadın ondan hamilə qaldı.

19   Sonra Tamar qalxıb getdi və rübəndini götürüb dulluq paltarını geydi.

20   Yəhuda qadından girovunu almaq üçün Adullamlı dostunun vasitəsilə oğlağı göndərdi. Ancaq o, qadını tapmadı.

21   Qadının olduğu yerin adamlarından soruşdu: «Enayimdə yol kənarında olan fahişə haradadır?» Onlar dedilər: «Burada fahişə yoxdur».

22   O, Yəhudanın yanına qayıdıb dedi: «Onu tapa bilmədim. O yerin adamları da “burada fahişə yoxdur” dedilər».

23   Yəhuda dedi: «Qoy bu şeylər onunku olsun, ancaq biz bu işdən rüsvay olmayaq. Bax mən bu oğlağı ona göndərdim, amma sən onu tapmadın».

24   Bundan təxminən üç ay sonra Yəhudaya bildirdilər: «Gəlinin Tamar zina edib, həm də bu zinadan hamilə qalıb». Yəhuda dedi: «Onu çıxarıb yandırın».

25   O bayıra çıxarıldığı zaman qayınatasına xəbər göndərib dedi: «Mən bu şeylərin sahibi olan adamdan hamilə qaldım». Sonra dedi: «Bax gör, bu möhür, qaytan və əsa kimindir?»

26   Yəhuda bunları tanıyıb dedi: «O məndən haqlıdır, çünki onu oğlum Şelaya vermədim». Yəhuda onunla bir daha yaxınlıq etmədi.

27   Tamar doğanda məlum oldu ki, bətnində əkiz var.

28   Doğuş vaxtı bir uşaq əlini çıxartdı. Mamaça götürüb onun əlinə qırmızı ip bağladı və dedi: «Əvvəlcə bu doğuldu».

29   Ancaq o uşaq əlini geri çəkdi və qardaşı birinci doğuldu. Mamaça dedi: «Özünə necə deşik açdın?» Buna görə də onun adını Peres qoydular.

30 Ondan sonra əlində qırmızı ip olan qardaşı doğuldu. Onun adını Zerah qoydular.

Yusif Misirə aparıldı. Fironun bir əyanı – mühafizəçilər rəisi Misirli Potifar onu oraya gətirmiş İsmaillilərdən satın aldı.

2    Rəbb Yusiflə idi və o, işlərində uğur qazanırdı. Yusif Misirli ağasının evində qalırdı.

3    Ağası gördü ki, Rəbb onunladır və etdiyi hər işdə ona uğur verir.

4    Yusif ağasının gözündə lütf tapdı və onun şəxsi xidmətçisi oldu. Ağası Yusifi evinə nəzarətçi təyin etdi və özünə məxsus olan hər şeyi onun ixtiyarına verdi.

5    Evinin və özünə məxsus olan hər şeyin ixtiyarını ona verən vaxtdan bəri Rəbb Yusifə görə Misirlinin evinə bərəkət verdi, evində, tarlasında və özünə məxsus olan hər şeydə Rəbbin bərəkəti göründü.

6    Ağası özünə məxsus olan hər şeyi Yusifin ixtiyarına vermişdi, yediyi yeməkdən başqa, evində olan heç nədən xəbəri yox idi. Yusif gözəl və yaraşıqlı idi.

7    Bir müddət sonra ağasının arvadının Yusifə gözü düşüb dedi: «Gəl mənimlə yat».

8    Ancaq Yusif bundan imtina edib ağasının arvadına dedi: «Mən burada olarkən ağam evində nə olduğunu bilmir və özünə məxsus olan hər şeyi mənim ixtiyarıma verib.

9    Bu evdə isə hətta o məndən böyük deyil və səndən başqa heç bir şeyi məndən əsirgəmədi, çünki sən onun arvadısan. Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?»

10   Qadın hər gün bunu Yusifə deyirdi, Yusif isə onunla yatmağa, hətta birgə olmağa razı olmurdu.

11   Bir gün Yusif öz işini görmək üçün evə girdi. İçəridə ev adamlarından heç kəs yox idi.

12   Qadın «Mənimlə yat!» deyib onun paltarından tutdu. Yusif paltarını onun əlində qoyub qaçdı və bayıra çıxdı.

13   Qadın onun paltarını əlində qoyub qaçdığını görəndə

14   ev adamlarını çağırıb dedi: «Baxın, ağanız bu İbranini bizi təhqir etmək üçün yanımıza gətirib. O mənimlə yatmaq üçün yanıma gəldi, mən isə ucadan qışqırdım.

15   O, səsimi ucaldıb qışqırdığımı görəndə paltarını yanımda qoyub qaçdı və bayıra çıxdı».

16   Yusifin ağası evə gələnə qədər qadın onun paltarını özündə saxladı.

17   Sonra ərinə də bu sözləri söyləyib dedi: «Bizə gətirdiyin bu İbrani qul məni təhqir etmək üçün yanıma gəldi.

18   Səsimi ucaldıb qışqırdığım zaman paltarını yanımda qoyub bayıra qaçdı».

19   Yusifin ağası arvadının «sənin qulun mənimlə belə rəftar etdi» sözlərini eşidəndə bərk qəzəbləndi.

20   Ağası Yusifi götürüb padşahın məhbuslarının saxlanıldığı zindana təhvil verdi. Yusif zindanda qaldı.

21   Ancaq Rəbb Yusiflə idi və ona xeyirxahlıq göstərdi. O, zindanın baş nəzarətçisinin gözündə lütf tapdı.

22   Zindanın baş nəzarətçisi zindanda olan bütün məhbusları Yusifin ixtiyarına verdi. Orada görülən hər işə o başçılıq edirdi.

23 Zindanın baş nəzarətçisi Yusifin ixtiyarında olan heç nəyə nəzarət etmirdi, çünki Rəbb Yusiflə idi və etdiyi hər işdə ona uğur verirdi.

  Bir müddət sonra Misir padşahının saqisi və çörəkçisi ağaları Misir padşahına qarşı günah etdilər.

2    Firon bu iki əyanına – baş saqiyə və baş çörəkçiyə bərk qəzəbləndi

3    və onları mühafizəçilər rəisinin evində – Yusifin məhbus olduğu zindanda saxladı.

4    Mühafizəçilər rəisi Yusifi onlara xidmətçi təyin etdi və Yusif də onlara xidmət etdi. Onlar bir müddət zindanda qaldılar.

5    Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü.

6    Səhər Yusif onların yanına gəldi və kədərli olduqlarını gördü.

7    Yusif onunla birgə ağasının evində, zindanda olan firon əyanlarından soruşdu: «Niyə bu gün üzünüz kədərlidir?»

8    Onlar Yusifə dedilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur». Yusif onlara dedi: «Yuxu yozmaq Allahın işi deyilmi? Onu mənə danışın».

9    Baş saqi yuxusunu Yusifə danışıb dedi: «Yuxumda gördüm ki, önümdə bir üzüm tənəyi var.

10   Tənəkdə üç budaq var idi. Onlarda tumurcuqlar görünüb çiçək açdı və salxımlar yetişdi.

11   Fironun piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona verdim».

12   Yusif ona dedi: «Onun yozması belədir: üç budaq üç gündür.

13   Üç gün ərzində firon səni yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun vaxtdakı kimi əvvəlki qaydaya görə fironun piyaləsini əlinə verəcəksən.

14   Ancaq sənin vəziyyətin yaxşılaşanda məni yadına sal və xeyirxahlıq göstər. Haqqımda firona danışıb məni bu yerdən çıxart.

15   Doğrudan da, mən İbranilərin torpağından oğurlanmışam və burada da zindana salınmağa layiq bir iş görməmişəm».

16   Baş çörəkçi Yusifin yuxunu yaxşılığa yozduğunu görüb ona dedi: «Mən isə yuxuda gördüm ki, başımın üstündə üç səbət ağ çörək var.

17   Ən üstdəki səbətdə çörəkçinin firon üçün bişirdiyi hər cür çörək var. Quşlar başımın üstündəki səbətdən onları yeyirdi».

18   Yusif belə cavab verdi: «Onun yozması belədir: üç səbət üç gündür.

19   Üç gün ərzində firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asacaq və quşlar sənin ətini didəcək».

20   Üçüncü gün – fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini əyanlarının önünə çıxartdı.

21   Baş saqini saqiliyinə qaytardı və o, piyaləni fironun əlinə verdi,

22   baş çörəkçini isə asdırdı; hər şey Yusifin yozduğu kimi oldu.

23 Ancaq baş saqi Yusifi yada salmadı və onu unutdu.

İki il keçəndən sonra firon belə bir yuxu gördü: o, Nil çayının sahilində dayanmışdı.

2    Çaydan yeddi bəslənmiş və kök inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı.

3    Onlardan sonra haldan düşmüş və arıq olan başqa yeddi inək Nil çayından çıxdı. Onlar çayın sahilindəki inəklərin yanında dayandılar.

4    Haldan düşmüş və arıq inəklər bəslənmiş və kök olan yeddi inəyi yedilər. Onda firon yuxudan oyandı.

5    Sonra yatıb ikinci dəfə bu yuxunu gördü: bir saplaqdan yeddi dolu və yaxşı sünbül çıxdı.

6    Onlardan sonra isə cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi.

7    Cılız sünbüllər yeddi böyük və dolu sünbülü uddular. Onda firon oyandı; bu bir yuxu idi.

8    Səhəri gün onun ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini çağırdı. Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir adam tapılmadı.

9    Baş saqi firona belə söylədi: «Mən bu gün öz günahımı yadıma saldım:

10   bir dəfə firon qullarına qəzəbləndi və mənimlə baş çörəkçini zindana, mühafizəçilər rəisinin evinə saldı.

11   Biz bir gecə yuxu gördük, hər birimiz müxtəlif mənalı yuxular gördük.

12   Orada bizimlə birgə mühafizəçilər rəisinin qulu olan bir İbrani gənc var idi. Biz ona danışdıq, o da yuxularımızı yozdu, hər birimizə yuxusunun mənasını izah etdi.

13   O bizə necə yozmuşdusa, elə də oldu: mən öz vəzifəmə qaytarıldım, baş çörəkçi isə asıldı».

14   Firon xəbər göndərib Yusifi çağırdı. Onu tez zindandan çıxartdılar. O, başını qırxıb paltarlarını dəyişdi və fironun hüzuruna gəldi.

15   Firon Yusifə dedi: «Bir yuxu görmüşəm, ancaq onu yozan yoxdur. Mən sənin barəndə eşitmişəm ki, yuxuları eşidib yoza bilirsən».

16   Yusif firona cavab verdi: «Bu məndən deyil, Allah fironun xeyrinə cavab verəcək».

17   Firon Yusifə dedi: «Yuxumda gördüm ki, Nil çayının sahilində durmuşam.

18   Çaydan kök və bəslənmiş yeddi inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı.

19   Onlardan sonra halsız, çox cılız və arıq olan başqa yeddi inək çıxdı. Bütün Misir ölkəsində bunlar kimi cılız inək görməmişəm.

20   Arıq və cılız inəklər əvvəlki yeddi kök inəyi yedilər.

21   Kök inəklər onların qarınlarına girdiklərinə baxmayaraq, bu bilinmirdi, onlar əvvəlki kimi arıq idi. Onda oyandım.

22   Yenə yuxumda gördüm ki, bir saplaqdan yeddi dolu və böyük sünbül çıxdı.

23   Onlardan sonra solğun, cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi.

24   Cılız sünbüllər yeddi dolu sünbülü uddular; bunları sehrbazlara danışdım, ancaq mənə cavab verən tapılmadı».

25   Yusif firona dedi: «Fironun yuxularının mənası eynidir. Allah etmək istədiyi işi firona bildirdi.

26   Yeddi bəslənmiş inək yeddi ildir, yeddi dolu sünbül də yeddi ildir; yuxuların mənası eynidir.

27   Onlardan sonra çıxan yeddi arıq, cılız inək və şərq küləyindən yanmış boş yeddi sünbül də yeddi ildir; yeddi il aclıq olacaq.

28   Firona demək istədiyim sözlər bunlardır. Allah etmək istədiyi işi firona göstərdi.

29   Bütün Misir torpağında yeddi il böyük bolluq olacaq.

30   Bundan sonra yeddi il aclıq olacaq. Misir ölkəsində olan bütün bolluq yaddan çıxacaq və aclıq ölkəni əldən salacaq.

31   Ölkədəki bolluq ondan sonra gələn aclıq üzündən görünməyəcək, çünki aclıq çox ağır olacaq.

32   Firon yuxunu iki dəfə görüb, çünki Allah belə qərara gəlmişdir və tezliklə bu işi görəcək.

33   Buna görə də firon ağıllı və müdrik bir adam axtarsın, onu Misir ölkəsinə başçı təyin etsin.

34   Firon ölkədə məmurlar qoymağı əmr etsin və yeddi il bolluq zamanı Misir torpağının məhsullarının beşdə birini yığsın.

35   Qoy onlar uğurlu olan bu illərin bütün məhsullarını toplasınlar. Taxılı isə azuqə olaraq şəhərlərdə fironun nəzarəti altında yığıb saxlasınlar.

36   Bu azuqə Misir torpağına gələn yeddi il aclıq dövrü üçün ehtiyat olacaq, ta ki ölkə əhalisi aclıqdan qırılmasın».

37   Bu sözlər fironun və onun əyanlarının xoşuna gəldi.

38   Firon əyanlarına dedi: «Bu adam kimi Allahın Ruhuna malik olan bir kəs tapa biləcəyikmi?»

39   Sonra firon Yusifə dedi: «İndi ki Allah sənə bütün bu şeyləri bildirdi, deməli, sənin kimi ağıllı və müdrik adam yoxdur.

40   Sən mənim saray adamlarıma başçılıq edəcəksən və bütün xalqım sənin əmrinlə idarə olunacaq. Mən yalnız taxtda səndən böyük olacağam».

41   Firon yenə Yusifə dedi: «Səni bütün Misir ölkəsinə başçı təyin edirəm».

42   Firon öz möhürünü barmağından çıxarıb Yusifin barmağına taxdı, ona incə kətan paltar geyindirdi və boynuna qızıl zəncir asdı.

43   Firon əmr etdi ki, onu özünün ikinci arabasına mindirsinlər və qarşısında «Diz çökün!» deyib bağırsınlar. Beləcə o, Yusifi bütün Misir ölkəsinə başçı qoydu.

44   Firon Yusifə dedi: «Mən fironam. Bütün Misir ölkəsində heç kəs sənsiz əlini yaxud ayağını tərpətməyəcək».

45   Firon Yusifin adını Safnat-Paneah qoydu və On şəhərinin kahini Poti-Feranın qızı Asnatı ona arvad olmaq üçün verdi. Yusif bütün Misir ölkəsini gəzməyə çıxdı.

46   Misir padşahı fironun hüzurunda olarkən Yusif otuz yaşında idi. Yusif fironun hüzurundan çıxıb bütün Misir ölkəsini dolaşdı.

47   Yeddi bolluq ilində torpaq qucaq-qucaq məhsul verdi.

48   Yusif yeddi ildə Misir torpağında yığılmış bütün məhsulu topladı. O, məhsulu şəhərlərə qoydu. Hər şəhərin ətrafında olan tarlada yetişən məhsulu o şəhərdə saxladı.

49   Yusif dəniz qumu qədər çox taxıl yığdı və daha onu hesablamadı, çünki sayı-hesabı yox idi.

50   Aclıq illərindən qabaq Yusifin iki oğlu oldu; onları Yusifə On kahini Poti-Feranın qızı Asnat doğdu.

51   Yusif ilk oğlunun adını Menaşşe qoydu, çünki demişdi: «Allah bütün zəhmətimi və atamın evindəkilərin hamısını mənə unutdurdu».

52   İkinci oğlunun adını Efrayim qoydu, çünki demişdi: «Allah əziyyət çəkdiyim torpaqda məni bəhərli etdi».

53   Misir torpağında yeddi il bolluq qurtardı.

54   Yusifin söylədiyi kimi yeddi il aclıq başladı. Bütün ölkələrdə aclıq oldu, lakin Misir torpağının hər yerində ərzaq var idi.

55   Bütün Misir əhalisi aclıq çəkəndə çörək üçün firona fəryad etdi. Firon bütün Misirlilərə dedi: «Yusifin yanına gedin, onun dediyini edin».

56   Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi.

57 Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə, Yusifin yanına gəlirdilər, çünki bütün yer üzündə şiddətli aclıq idi.

Yaqub öyrəndi ki, Misirdə taxıl var. O öz oğullarına dedi: «Nə üçün bir-birinizə baxırsınız?»

2    Yenə dedi: «Mən eşitdim ki, Misirdə taxıl var, gedib oradan bizim üçün taxıl alın ki, ölməyib yaşayaq».

3    Yusifin on qardaşı taxıl almaq üçün Misirə getdi.

4    Ancaq Yaqub Yusifin qardaşı Binyamini qardaşları ilə birgə göndərmədi, çünki fikirləşirdi ki, onun başına bir fəlakət gələ bilər.

5    Taxıl almağa gələnlər arasında İsrailin oğulları da var idi, çünki Kənan torpağında da aclıq hökm sürürdü.

6    Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə üzlərini yerə qoyub səcdə etdilər.

7    Yusif qardaşlarını görüb tanıdı, ancaq onlarla yad adam kimi rəftar edərək sərt danışdı. Yusif onlardan soruşdu: «Haradan gəlirsiniz?» Onlar dedilər: «Ərzaq almaq üçün Kənan torpağından gəlirik».

8    Yusif qardaşlarını tanıdı, amma onlar Yusifi tanımadılar.

9    Yusif qardaşları barədə gördüyü yuxuları xatırlayıb onlara dedi: «Siz casussunuz, ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz».

10   Qardaşları ona dedilər: «Xeyr, ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər.

11   Biz hamımız bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq, qulların casus deyil».

12   Ancaq Yusif onlara dedi: «Xeyr, siz ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz».

13   Onlar dedilər: «Biz qulların on iki qardaşıq və Kənan torpağında bir adamın oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır, bir qardaşımız isə yoxa çıxıb».

14   Yusif onlara dedi: «Hər şey mən dediyim kimidir: siz casussunuz,

15   ancaq mən sizi belə yoxlayacağam: fironun canına and olsun ki, kiçik qardaşınız buraya gəlməsə, siz buradan gedə bilməyəcəksiniz.

16   Aranızdan bir nəfəri göndərin ki, qardaşınızı gətirsin, siz isə burada saxlanacaqsınız. Onda sizin düz deyib-demədiyiniz bilinəcək. Yoxsa fironun canına and olsun ki, siz casussunuz».

17   Yusif üç gün onları zindanda saxladı.

18   Üçüncü gün Yusif onlara dedi: «Dediyimə əməl edib canınızı qurtarın, çünki mən Allahdan qorxuram.

19   Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın, siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın.

20   Sonra kiçik qardaşınızı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canınızı qurtaracaqsınız». Qardaşlar belə də etdilər.

21   Onlar bir-birlərinə dedilər: «Doğrudan da, biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük, ancaq ona qulaq asmadıq. Buna görə də başımıza bu bəla gəldi».

22   Ruven onlara belə cavab verdi: «Mən demədimmi uşağa pislik etməyin, lakin siz mənə qulaq asmadınız. İndi isə onun qanına görə cəza çəkirik».

23   Qardaşları Yusifin onları başa düşdüyünü bilmirdilər, çünki onlar tərcüməçi vasitəsilə danışırdılar.

24   Yusif onların yanından kənara çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət etdi. Aralarından Şimeonu götürüb qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı.

25   Yusif əmr etdi ki, onların çuvalları taxılla doldurulsun, hər birinin verdiyi pul da öz çuvalına qoyulsun və onlara yol üçün azuqə verilsin. Belə də edildi.

26   Qardaşlar taxıllarını eşşəklərinin belinə yükləyib oradan getdilər.

27   Onlardan biri gecələdiyi yerdə eşşəyinə yem vermək üçün çuvalını açanda öz pulunu gördü: pul çuvalın ağzında idi.

28   O, qardaşlarına dedi: «Pulum özümə qaytarılıb, budur, o, çuvalımın içindədir». Qardaşların ürəyi həyəcana düşdü və onlar qorxa-qorxa bir-birlərinə dedilər: «Allah bizim başımıza nə iş gətirdi?»

29   Onlar Kənan torpağına, ataları Yaqubun yanına gəldilər və başlarına gələn bütün hadisələri ona danışıb dedilər:

30   «O ölkənin başçısı olan adam bizimlə sərt danışdı, bizi ölkəyə gələn casuslar hesab etdi.

31   Ona dedik: “Biz təmiz adamlarıq, casus deyilik.

32   Biz bir atanın oğulları, on iki qardaşıq. Bir qardaşımız yoxa çıxıb, biri də indi Kənan torpağında atamızın yanındadır”.

33   O ölkənin başçısı olan adam bizə dedi: “Sizin təmiz adam olduğunuzu bundan biləcəyəm: qardaşlarınızdan birini yanımda qoyub, ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl götürərək gedin.

34   Sonra kiçik qardaşınızı yanıma gətirin. O zaman sizin casus deyil, təmiz adam olduğunuzu biləcəyəm. Onda qardaşınızı sizə təhvil verəcəyəm və ölkədə alver edə bilərsiniz”».

35   Qardaşlar çuvallarını boşaldarkən gördülər ki, hər kəsin çuvalında pul kisəsi var. Özləri və onların atası pul kisələrini görəndə qorxdular.

36   Ataları Yaqub onlara dedi: «Siz məni övladsız qoydunuz. Yusif yox, Şimeon yox, Binyamini də aparacaqsınız. Bütün bunları mənim başıma gətirmək istəyirsiniz».

37   Ruven atasına belə dedi: «Əgər onu sənin yanına gətirməsəm, iki oğlumu öldürərsən. Onu mənim ixtiyarıma ver, mən də onu qaytarıb yanına gətirəcəyəm».

38 Yaqub dedi: «Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz».

Kənan torpağında aclıq güclənmişdi.

2    Qardaşların Misirdən gətirdiyi buğda yeyilib tükənəndə ataları onlara dedi: «Yenə gedib bizə bir az ərzaq alın».

3    Yəhuda ona belə söylədi: «O adam bizə ciddi xəbərdarlıq edib dedi ki, əgər qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin.

4    Əgər sən qardaşımızı bizimlə göndərsən, gedib ərzaq alarıq.

5    Ancaq onu göndərməsən, getməyəcəyik, çünki o adam bizə dedi ki, qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin».

6    İsrail dedi: «Niyə o adama daha bir qardaşınız olduğunu bildirib mənə pislik etdiniz?»

7    Onlar dedilər: «O adam özümüz və ailəmiz barədə dəfələrlə bizə belə suallar verdi: “İndi atanız sağdırmı? Başqa qardaşlarınız varmı?” Biz də onun bu suallarına cavab verdik. Ağlımıza gələrdi ki, o bizə “qardaşınızı gətirin” deyəcək?»

8    Sonra Yəhuda atası İsrailə dedi: «Uşağı mənimlə göndər ki, qalxıb gedək. Sən də, biz də, uşaqlarımız da ölməyib sağ qalarıq.

9    Mən ona zamin dururam, onu məndən tələb edərsən. Əgər onu sənin yanına gətirib qarşında dayandırmasam, ömrüm boyu önündə təqsirkar olacağam.

10   Çünki biz gecikməsəydik, indi ikinci dəfə gedib-qayıdardıq».

11   Ataları İsrail onlara dedi: «Əgər belədirsə, bunu edin: torbalarınızda bu torpağın ən yaxşı məhsullarından o adama hədiyyə olaraq bir qədər balzam, bal, ədviyyat, ətriyyat, püstə və badam götürün.

12   Özünüzlə iki qat artıq pul götürün. Çuvallarınızın içində geri qaytarılmış pulu öz əllərinizlə aparıb verin, bəlkə bir səhv olub.

13   Qardaşlarınızı götürüb gedin və o adamın yanına qayıdın.

14   Külli-İxtiyar Allah o adamda sizə qarşı mərhəmət oyandırsın, o da digər qardaşınızı və Binyamini sizə təhvil versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy olum».

15   Qardaşlar özləri ilə hədiyyə və iki qat artıq pul götürdülər. Binyamini də götürüb qalxdılar və Misirə gəlib Yusifin önündə durdular.

16   Yusif Binyamini onlarla bərabər görəndə öz ev nəzarətçisinə dedi: «Bu adamları evə apar və heyvan kəsib hazırla, çünki onlar mənimlə nahar edəcəklər».

17   O adam Yusifin dediyinə əməl etdi: bu adamları Yusifin evinə apardı.

18   Bu adamlar Yusifin evinə aparıldıqları üçün qorxub dedilər: «Keçən dəfə çuvallarımızda geri qaytarılmış pul üstündə bizi aparırlar. O istəyir ki, bizə qarşı bəhanə tapıb üstümüzə düşsün, bizi özünə qul etsin və eşşəklərimizi alsın».

19   Onlar Yusifin ev nəzarətçisinə yaxınlaşdılar və evin astanasında ona belə söylədilər:

20   «Ey ağamız, keçən dəfə biz ərzaq almaq üçün gəlmişdik.

21   Ancaq gecələdiyimiz yerə çatdığımız zaman çuvallarımızı açıb gördük ki, hər birimizin pulu çəkisi əskik olmayaraq çuvalımızın içindədir. İndi onu öz əllərimizlə geri qaytarırıq.

22   Ərzaq almaq üçün özümüzlə başqa pul da gətirmişik. O pulu isə çuvallarımıza kimin qoyduğunu bilmirik».

23   Ev nəzarətçisi dedi: «Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı». Sonra Şimeonu onların yanına gətirdi.

24   O adam qardaşları Yusifin evinə gətirdi. Ayaqlarını yumaq üçün onlara su verdi və eşşəklərinə yem verdi.

25   Qardaşlar Yusif nahara gələnə qədər hədiyyəni hazırladılar, çünki orada yemək yeyəcəklərini eşitdilər.

26   Yusif evə gələndə onlar hədiyyəni otağa gətirib təqdim etdilər, onun önündə yerə qədər əyilib səcdə etdilər.

27   Yusif onların kefini soruşub dedi: «O dediyiniz qoca atanız salamatdırmı? Hələ də yaşayırmı?»

28   Onlar dedilər: «Sənin qulun atamız salamatdır, hələ də yaşayır». Onlar Yusifə əyilib səcdə etdilər.

29   Yusif başını qaldıranda öz anasının oğlu olan qardaşı Binyamini görüb dedi: «Mənə söylədiyiniz kiçik qardaşınız budurmu?» Sonra Binyaminə dedi: «Ey oğlum, Allah sənə lütf etsin».

30   Yusif tələsik oradan çıxdı, çünki qardaşını görəndə ürəyi sızıldadı, onu ağlamaq tutdu və otağa girib orada ağladı.

31   Sonra üzünü yuyub çıxdı, özünə gəlib dedi: «Yemək gətirin».

32   Yeməyi ona ayrıca, qardaşlarına ayrıca, onunla birgə yeyən Misirlilərə isə ayrıca qoydular, çünki Misirlilər İbranilərlə birgə yemək yeməzdilər; bu, Misirlilər üçün iyrənc bir şey idi.

33   Qardaşlar böyük-kiçikliyinə görə Yusifin hüzurunda oturdular. Onlar bir-birlərinə baxıb çaşdılar.

34 Yusifin önündəki yeməklərdən onlara pay ayrıldı. Ancaq Binyaminin payı onların hər birinin payından beş qat artıq idi. Onlar yeyib-içdilər və onunla bərabər xoş vaxt keçirdilər.

Yusif öz ev nəzarətçisinə əmr edib dedi: «Bu adamların çuvallarını gücləri çatana qədər ərzaqla doldur və hər kəsin pulunu öz çuvalının ağzına qoy.

2    Kiçiyinin çuvalının ağzına isə mənim gümüş kasamı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi.

3    Səhər açılanda bu adamları eşşəkləri ilə birgə yola saldılar.

4    Onlar hələ şəhərdən uzaqlaşmamışdı ki, Yusif öz ev nəzarətçisinə dedi: «Qalx o adamların dalınca get və onlara çatdığın zaman belə söylə: “Nə üçün yaxşılığa pisliklə cavab verdiniz?

5    Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz”».

6    Ev nəzarətçisi onlara çatdı və bu sözləri söylədi.

7    Qardaşlar ona dedilər: «Nə üçün ağam belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun.

8    Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik?

9    Qoy bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq».

10   O dedi: «Yaxşı, qoy siz deyən kimi olsun: bu kimin yanında tapılsa, o mənə qul olsun, qalanlarınız isə təqsirkar olmayacaqsınız».

11   Onların hər biri tələsik çuvalını yerə endirdi və çuvalının ağzını açdı.

12   Ev nəzarətçisi böyükdən başlayıb kiçiyə qədər onları axtardı və kasa Binyaminin çuvalından tapıldı.

13   Qardaşlar paltarlarını cırdılar və hər biri eşşəyini yükləyib şəhərə qayıtdı.

14   Yəhuda qardaşları ilə birgə Yusifin evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə qapandılar.

15   Yusif onlara dedi: «Bu nə işdir, görmüsünüz? Güman etmədiniz ki, mənim kimi bir adam baxıcılıq edə bilər?»

16   Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq».

17   O dedi: «Yox, mən belə etməyəcəyəm. Yalnız yanında kasa tapılan adam mənə qul olacaq, siz isə sağ-salamat atanızın yanına gedin».

18   Yəhuda ona yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan.

19   O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda

20   biz ağamıza söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir”.

21   Sən qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm”.

22   Biz də ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki atasından ayrılsa, atası ölər”.

23   Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə, bir daha gözümə görünməyin”.

24   Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini ona çatdırdıq.

25   Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”.

26   Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik”.

27   Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki, arvadım mənə iki oğul doğdu.

28   Bir oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi bir heyvan parçalayıb; indiyə qədər o oğlumu görməmişəm.

29   Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”.

30   İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq bizimlə olmasa və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız

31   onu görməsə, ölər. Onda biz qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik.

32   Mən qulun, atama uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam”.

33   İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım, uşaq isə qardaşlarımla birgə getsin.

34 Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm».

Yusif yanında duranların hamısının önündə özünü saxlaya bilməyib qışqırdı: «Hamını yanımdan çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi.

2    O hönkürüb ağladı. Misirlilər və fironun saray adamları eşitdilər.

3    Yusif qardaşlarına dedi: «Mən Yusifəm. Atam hələ sağdırmı?» Qardaşları ona cavab vermədilər, çünki çaşıb qalmışdılar.

4    Yusif qardaşlarına dedi: «Mənə yaxın gəlin». Onlar yaxın gəldilər. Yusif dedi: «Misirə satdığınız qardaşınız Yusif mənəm.

5    İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi.

6    Artıq iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin olmayacaq.

7    Allah məni sizdən qabaq buraya göndərdi ki, sizi yer üzündə saxlasın və böyük bir qurtuluşla həyatınızı qorusun.

8    Ona görə də məni buraya göndərən siz deyilsiniz, Allahdır. O məni firona ata, onun bütün saray adamlarına ağa, bütün Misir ölkəsinə isə başçı etdi.

9    Tez atamın yanına gedib ona söyləyin ki, oğlun Yusif belə deyir: “Allah məni bütün Misir ölkəsinə ağa etdi. Daha durma, yanıma gəl.

10   Qoşen vilayətində yaşayarsan. Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran – sənin hər şeyin mənə yaxın olar.

11   Orada sənin qayğına qalaram, çünki daha beş il aclıq olacaq. Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq çəkəcək”.

12   İndi sizin və qardaşım Binyaminin gözləri görür ki, bu sözləri dilimlə sizə deyirəm.

13   Misirdə sahib olduğum böyük izzəti və bütün gördüklərinizi atama bildirin və tezliklə atamı buraya gətirin».

14   Yusif qardaşı Binyaminin boynuna sarılıb ağladı, Binyamin də onun boynuna sarılıb ağladı.

15   Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı. Bundan sonra qardaşları onunla söhbət etdilər.

16   Yusifin qardaşlarının gəlməsi barədə fironun sarayına xəbər çatdı. Bu xəbər fironun və onun əyanlarının xoşuna gəldi.

17   Firon Yusifə dedi: «Qardaşlarına söylə ki, belə etsinlər: heyvanlarınızı yükləyin və yola düşüb Kənan torpağına gedin.

18   Atanızı və ev adamlarınızı götürüb yanıma gəlin. Sizə Misir ölkəsində ən yaxşı torpağı verəcəyəm, torpağın şirəsini yeyəcəksiniz.

19   Sənə isə əmr olunur ki, onlara söyləyəsən: “Belə edin: arvad-uşağınız üçün Misir ölkəsində özünüzə arabalar alın və atanızı gətirib gəlin”.

20   Orada qalan şeylərinizdə gözünüz qalmasın, çünki bütün Misir torpağının ən yaxşı şeyləri sizindir».

21   İsrailin oğulları belə də etdilər. Yusif fironun əmri ilə onlara arabalar və yol üçün azuqə verdi.

22   Onların hər birinə bir dəst paltar verdi, Binyaminə isə üç yüz parça gümüş və beş dəst paltar verdi.

23   Yusif atası üçün Misirin ən yaxşı şeyləri ilə yüklənmiş on eşşək, yol üçün taxıl, çörək və azuqə yüklənmiş on dişi eşşək göndərdi.

24   O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi: «Yolda dava etməyin».

25   Onlar Misirdən çıxıb Kənan torpağına, ataları Yaqubun yanına gəldilər.

26   Ona hər şeyi danışıb dedilər: «Yusif sağ-salamatdır, özü də bütün Misir ölkəsinə başçılıq edir». Yaqub heyrətlənib qaldı və onlara inanmadı.

27   Qardaşlar Yusifin onlara dediyi bütün sözləri ona söylədilər. Onu aparmaq üçün Yusifin göndərdiyi arabaları görəndə ataları Yaqubun ürəyi ruhlandı.

28 İsrail dedi: «İndi inandım ki, oğlum Yusif sağ-salamatdır. Qoy ölməmişdən qabaq gedib onu görüm».

  İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi.

2    Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!» Yaqub cavab verdi: «Mən buradayam».

3    Allah dedi: «Mən Allaham, atanın Allahıyam. Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm.

4    Mən də səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam. Yusif öz əli ilə sənin gözlərini bağlayacaq».

5    Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər.

6    Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər.

7    O özü ilə birgə oğullarını və qızlarını, oğul nəvələrini və qız nəvələrini – bütün övladlarını Misirə gətirdi.

8    İsrailin Misirə gələn oğullarının – Yaqubla oğullarının adları belədir: Yaqubun ilk oğlu Ruven.

9    Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.

10   Şimeonun oğulları: Yemuel, Yamin, Oxad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul.

11   Levinin oğulları: Gerşon, Qohat və Merari.

12   Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul.

13   İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron.

14   Zevulunun oğulları: Sered, Elon və Yaxleel.

15   Bunlar Yaqubun Leadan doğulan övladlarıdır. Lea onları və qızı Dinanı Paddan-Aramda doğdu. Yaqubun oğul və qız övladları cəmi otuz üç nəfər idi.

16   Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli.

17   Aşerin oğulları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. Berianın oğulları: Xever və Malkiel.

18   Bunlar Lavanın qızı Leaya verdiyi Zilpadan doğulan Yaqub övladlarıdır. Onlar on altı nəfər idi.

19   Yaqubun arvadı Rəhilənin oğulları: Yusif və Binyamin.

20   Yusifin Misirdə On şəhərinin kahini Poti-Feranın qızı Asnatdan Menaşşe və Efrayim adlı iki oğlu oldu.

21   Binyaminin oğulları: Bela, Beker, Aşbel, Gera, Naaman, Exi, Roş, Muppim, Xuppim və Ard.

22   Bunlar Yaqubun Rəhilədən doğulan övladlarıdır. Onlar on dörd nəfər idi.

23   Danın oğlu Xuşim.

24   Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem.

25   Bunlar Lavanın qızı Rəhiləyə verdiyi Bilhadan doğulan Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi.

26   Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn övladları altmış altı nəfər idi.

27   Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun ailəsində yetmiş nəfər var idi.

28   Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına göndərdi. Onlar Qoşen torpağına girəndə

29   Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi. Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı.

30   İsrail Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış».

31   Yusif qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər.

32   Onlar sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-qaraları və bütün şeyləri ilə birlikdə gəliblər.

33   Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa,

34 deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».

Yusif fironun yanına daxil olub dedi: «Kənan torpağından atam və qardaşlarım qoyun-keçiləri, mal-qaraları və özlərinə məxsus hər şeyləri ilə birgə buraya gəliblər və indi Qoşen vilayətindədirlər».

2    Sonra qardaşları arasından beşini götürüb fironun hüzuruna gətirdi.

3    Firon Yusifin qardaşlarına dedi: «Nə işin sahibisiniz?» Onlar firona dedilər: «Biz qulların, atalarımız kimi çobanıq.

4    Bu ölkəyə müvəqqəti yaşamaq üçün gəlmişik, çünki Kənan torpağında dəhşətli aclıq hökm sürür. Sürülərimiz üçün otlaq yox idi. İndi xahiş edirik ki, Qoşen vilayətində yaşamağa izin verəsiniz».

5    Firon Yusifə dedi: «Atanla qardaşların yanına gəliblər.

6    Misir torpağı sənin önündədir: atanla qardaşlarını bu torpağın ən yaxşı yerlərində yerləşdir. Qoy Qoşen vilayətində yaşasınlar. Aralarında hansı bacarıqlıdırsa, onu mənim sürülərimə çoban qoy».

7    Yusif atası Yaqubu götürüb fironun hüzuruna gətirdi. Yaqub firona xeyir-dua verdi.

8    Firon Yaqubdan soruşdu: «Neçə yaşın var?»

9    Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı».

10   Sonra firona xeyir-dua verib onun hüzurundan çıxdı.

11   Yusif atası ilə qardaşlarını Misirdə yerləşdirdi və fironun əmrinə əsasən onlara ölkənin ən yaxşı yerində – Ramses bölgəsində mülk verdi.

12   Bundan əlavə, Yusif atasına, qardaşlarına və atasının ailəsinə malik olduqları uşaqların sayına görə çörək saxladı.

13   Aclıq getdikcə o qədər gücləndi ki, heç bir ölkədə çörək tapılmadı. Misir və Kənan ölkələrinin əhalisini aclıq taqətdən salmışdı.

14   Yusif satdığı taxılın əvəzində Misir və Kənan ölkələrində yığılan bütün pulları toplayıb fironun sarayına apardı.

15   Misir və Kənan ölkələrində pul qurtaranda bütün Misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə çörək ver. Gərək qarşında ölək? Axı pulumuz qurtarıb».

16   Yusif dedi: «Onda heyvanlarınızı verin. Əgər pulunuz qurtarıbsa, heyvanlarınızı verin, onların əvəzinə sizə çörək verərəm».

17   Onlar heyvanlarını Yusif üçün gətirdilər. Yusif də atların, qoyun-keçi və mal-qara sürülərinin, eşşəklərin əvəzinə onlara çörək verdi. Həmin il onları heyvanları əvəzinə verdiyi çörəklə saxladı.

18   İl başa çatanda ikinci il yenə onun yanına gəlib dedilər: «Ağamızdan gizli deyil ki, pulumuz qurtarıb, heyvan sürülərimiz də ağamızındır. Ağamızın hüzurunda canımız və torpaqlarımızdan başqa bir şeyimiz qalmadı.

19   Nə üçün gözünün önündə torpağımızla bərabər məhv olaq? Bizi və torpaqlarımızı çörək əvəzinə satın al. Qoy firon bizim də, torpaqlarımızın da sahibi olsun. Toxum ver ki, ölməyib yaşaya bilək, həm də torpağımız səhraya çevrilməsin».

20   Beləliklə, Yusif Misirin bütün torpaqlarını firon üçün satın aldı. Bütün Misirlilər öz zəmilərini satdılar, çünki aclıqdan əzab çəkirdilər. Bütün torpaqlar fironun oldu.

21   Yusif Misir ərazisinin bir ucundan o biri ucuna qədər bütün əhalisini şəhərlərə köçürdü.

22   Yalnız kahinlərin torpağını satın almadı, çünki onlar firondan məvacib alır və fironun verdiyi məvaciblə dolanırdılar. Buna görə də torpaqlarını satmadılar.

23   Yusif xalqa dedi: «Sizi də, torpaqlarınızı da firon üçün satın almışam. Alın, bu sizin toxumunuz, torpağı əkin.

24   Məhsul yığılanda onun beşdə birini firona verin. Beşdə dördünü isə toxumluq olaraq istifadə edin. Həm özünüz, həm külfətiniz, həm də övladlarınız yesin».

25   Xalq isə dedi: «Sən bizim canımızı qurtardın. Qoy ağamızın gözündə lütf tapaq, biz fironun köləsi oluruq».

26   Yusif məhsulun beşdə birinin firona verilməsi barədə Misirdə bir torpaq qanunu qoydu. Bu qanun bu günə qədər qüvvədədir. Yalnız kahinlərin torpaqları firona verilmədi.

27   İsrailin nəsli Misirdəki Qoşen vilayətində yaşayaraq orada mülk sahibi oldu. Onlar artaraq çoxaldılar.

28   Yaqub Misir torpağında on yeddi il yaşadı. O, yüz qırx yeddi il ömür sürdü.

29   İsrailin öləcəyi gün yaxınlaşanda oğlu Yusifi çağırıb dedi: «Əgər gözündə lütf tapmışamsa, əlini budumun altına qoy və and iç ki, xeyirxahlıq və sədaqət göstərib məni Misirdə basdırmayacaqsan,

30   ancaq atalarımla birgə uyumaq üçün öləndə məni Misirdən aparıb onların məqbərəsində basdıracaqsan». Yusif dedi: «Dediyin kimi edərəm».

31   Atası dedi: «Mənə and iç». O da and içdi. İsrail yatağının başına söykənib Allaha səcdə etdi.

Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Qur’anın) ayələridir!

(Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Qur’an olaraq nazil etdik ki, (mə’nasını ) anlayasınız.12:3

(Ya Rəsulum!) Biz bu Qur’anı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin.12:4

Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (tə’zim) edirlər”.12:5

(Atası Yə’qub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.12:6

(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa ne’mətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yə’qub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!”12:7

Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır.12:8

Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bin Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”12:9

(Aralarında biri dedi: ) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!”12:10

Bir başqası (Rubil və ya Şəm’un) belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”. 12:11

Onlar dedilər: “Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə e’tibar etmirsən?12:12

Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq!”12:13

(Yə’qub) dedi: “Onu aparmağınız məni çox mə’yus edər (ayrılığına dözə bilmərəm). Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!”12:14

Onlar: “Biz güclü bir dəstə (on bir nəfət) ola-ola (gözümüzün qabağında) qurd onu yesə, onda biz aciz olarıq ki!” – deyə cavab verdilər.12:15

(Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): “Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” – deyə vəhy etdik.12:16

Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər.12:17

Və dedilər: “Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”12:18

Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yə’qub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”12:19

Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır! – dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir!12:20

(Yusifi tə’qib edən qardaşları işin nə yerdə olduğunu bildikdə: “Bu bizim qaçmış köləmizdir! – deyə) onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar və (bu işdə pul qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yə’qubdan ayırmaq məqsədini güddükləri üçün qardaşlarını baha məbləğə satmağa) tamah göstərmədilər. 12:21

(Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz zövcəsinə belə dedi: “Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!” Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!12:22

(Yusif gəncliyinin) ən yetkin dövründə (17,18,21,30 yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!12:23

Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə: ) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi.12:24

Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!12:25

(Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”12:26

(Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: “Əgər (Yusifin) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.12:27

Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusif) isə doğrudanışanlardandır.”12:28

(Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”12:29

Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.12:30

Şəhərdəki qadınlar dedilər: “Vəzirin övrəti cavanı (cavan qulunu) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusifin) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük. 12:31

(Züleyxa qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə də’vət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq tə’riflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!” – dedilər.12:32

(Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: “Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”12:33

(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.12:34

Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!12:35

(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı).12:36

Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri (aşpaz) isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”12:37

(Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mə’nasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!12:38

Mən ata-babalarım İbrahim, İshaq və Yə’qubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi ne’mətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!12:39

Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?!12:40

(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz! 12:41

Ey iki zindan yoldaşım! (Yuxularınızın mə’nasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə e’dam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!” (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)12:42

(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərabpaylayana) dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.12:43

(Bir gün) padşah (Misir padşahı) belə dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey ə’yanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!”12:44

Onlar: “(Bu gördüklərin) qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu bilmirik!” – deyə cavab verdilər.12:45

(Zindandakı) iki (cavan) oğlandan (e’damdan) xilas olan (şərabpaylayan) bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana – Yusifin yanına) göndərin!”12:46

(Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mə’nasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mə’nasını) bilsinlər!”12:47

(Yusif) belə cavab verdi: “Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın.12:48

Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.12:49

Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər)”.12:50

(Bunları eşidən) hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. (Onun göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!” 12:51

(Padşah həmin qadınları çağırtdırıb) soruşdu: “Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar: ) “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” – deyə cavab verdilər. Vəzirin övrəti (Züleyxa) dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrubdanışanlardandır!”12:52

(Yusif dedi:) “Bu (qadınlara həqiqəti e’tiraf etdirməyim) ona görədir ki, (vəzir evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini (onları baş tutmağa qoymadığını) bilsin!12:53

Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”12:54

Padşah dedi: “(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!” Sonra (padşah) onunla söhbət etdikdə: “Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, e’tibarlı bir şəxssən!” – dedi.12:55

(Yusif) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə mə’mur tə’yin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə e’tibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!”12:56

Beləliklə, Yusifi o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik.12:57

İman gətirib (Allahdan qorxanlar) pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir.12:58

(Misirə ərzaq üçün yollanan) Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar (Yusifi) tanımadıqları halda, (Yusif) onları dərhal tanıdı.12:59

(Yusif) onların (ərzaq) yüklərini hazırlayıb dedi: “Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!12:60

Əgər onu yanıma gətirməsəniz, məndən bir qab (keyl) belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!” 12:61

(Yusifin qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik”.12:62

(Yusif) xidmətçilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!”12:63

(Yusifin) qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə ərzaq (taxıl ölçülüb) verilməsi qadağan edildi. (Əgər Bin Yamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir şey verilməyəcək). Yenidən ərzaq (taxıl ölçüb) almaq üçün qardaşımızı bizimlə birlikdə (Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”12:64

(Yə’qub) dedi: “Bundan əvvəl qardaşını (Yusifi) sizə e’tibar etdiyim kimi, heç onu sizə e’tibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”12:65

Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmiz’ bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və (ərzağımızın üstünə) bir dəvə yükü də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!”12:66

(Yə’qub) dedi: “Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə (Yə’qub): “Allah dediyimizə şahiddir!” – dedi.12:67

(Yə’qub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”12:68

Onlar ataları (Yə’qubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri də bilmədən oğurluqda ittiham olundular), ancaq Yə’qubun ürəyində bir diləyi (oğlanlarına göz dəyməməsini) yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yə’qub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!12:69

Onlar Yusifin hüzuruna daxil olduqları zaman (Yusif) qardaşını (Bin Yamini) bağrına basıb dedi: “Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri (başımıza gətirdikləri) işlərdən kədərlənmə!”12:70

(Yusif) onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı (piyalə) qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: “Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!” – deyə haray çəkdi. 12:71

(Yə’qubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: “Nə itirmisiniz?” – deyə soruşdular.12:72

Onlar belə cavab verdilər: “Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə (müştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!” (Carçı: ) “Mən də buna zaminəm!” – (dedi).12:73

(Yə’qubun oğlanları) dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!”12:74

Onlar soruşdular: “Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?”12:75

(Qardaşlar: ) “Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər.12:76مٌ

(Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!12:77

(Qardaşlar) dedilər: “Əgər o (Bin Yamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. . Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!”12:78

(Qardaşlar) dedilər: “Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük”.12:79نَ

(Yusif) belə cavab verdi: “Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!”12:80

Onlar (Bin Yamindən) ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar (pıçıldaşaraq kənara çəkildilər). Onların (qardaşların) ən böyüyü dedi: “Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah (qardaşımın xilas olması haqqında) öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) ayrılmayacağam! O (Allah) hökm verənlərin ən yaxşısıdır. 12:81

Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. (Biz Bin Yaminin oğurluq etdiyini öz gözlərimizlə görməsək də, hər halda su qabı onun yükündən çıxdı). Biz qeybi mühafizə edən deyilik. (Bin Yamini sağ-salamat qaytarıb gətirəcəyimiz barədə sənə söz verdiyimiz zaman irəlidə bir oğurluq hadisəsinin baş verəcəyini və düzgün olub-olmasa da, onun qardaşımızın boynuna qoyulacağını haradan biləydik? Buna görə də bizi üzrlü hesab et).12:82

Olduğumuz şəhərdən (Misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışanlarıq!”12:83

(Qardaşlar Yə’qubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!”12:84

(Bu sözlərdən sonra Yə’qub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yə’qubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).12:85

(Oğlanları Yə’quba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”12:86

(Yə’qub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona tə’zim edəcəyimizi) bilirəm!12:87

Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”12:88

(Yə’qubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”12:89

(Yusif) onlardan: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?” – deyə soruşdu.12:90

Onlar: “Yoxsa sən Yusifin özüsən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” – deyə cavab verdi. 12:91

Onlar: “Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!” – dedilər.12:92

(Yusif) dedi: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)12:93

Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!”12:94

Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yə’qub yanındakı övladlarına) dedi: “Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyirdim ki, Yusifin ətrini alıram!”

Onlar: “Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında (şaşqınlığında) qalmaqdasan!” dedilər 12:95

Muştuluqçu gəlib köynəyi (Yə’qubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: “Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” söylədi .12:96

(Oğlanları ona: ) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. .12:97

(Yə’qub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!” 12:98م

(Yə’qub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını (analığı olan xalasını) bağrına basıb: “İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!” dedi.1 12:99

(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!” 2:100

(Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yə’qub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir e’tibarı olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” 12:101

(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin! 12:102

1 Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən?

2 Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur.

3 Nə qədər müqəddəssən! İsrailin həmdləri üzərində taxt quran Sənsən!

4 Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin.

5 Sənə yalvararkən qurtuldular, Sənə güvənərkən rüsvay olmadılar.

6 Lakin mən torpaq qurduyam, insan deyiləm, Adamların tənə hədəfiyəm, Xalq mənə xor baxır.

7 Məni hər görən lağ edir, Dodaq büzüb, başını yırğalayıb belə deyir:

8 «Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».

9 Lakin bətndən dünyaya məni gətirən, Ana qucağında ikən mənə əminlik verən Sənsən.

10 Doğulandan bəri Səndən asılıyam, Ana bətnindən bəri Allahım Sənsən.

11 Məndən uzaq durma, çünki əzab yaxındır, Köməyimə çatan yoxdur.

12 Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb.

13 Yırtıcı aslanlar kimi nərə çəkirlər, Məni parçalamaq üçün ağızlarını açırlar.

14 Mən su kimi töküldüm, Bütün sümüklərim oynaqlarından çıxdı, Köksümdəki ürəyim mum kimi əridi.

15 Saxsı parçası kimi gücüm qurudu, Dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin.

16 Şər insanlar dəstəsi məni dövrəyə aldı, İt sürüsü kimi yan-yörəmi bürüdülər, Ayaqlarımı, əllərimi deşdilər.

17 Sümüklərimi saya bilirəm, Onlar baxırlar, gözlərini mənə zilləyirlər!

18 Aralarında paltarlarımı bölüşdürürlər, Geyimim üçün püşk atırlar.

19 Ya Rəbb, uzaq durma, Ey mənim Qüdrətlim, dadıma tez çat!

20 Həyatımı qılıncdan qurtar, Canımı itlərin caynağından qurtar,

21 Məni aslanın ağzından xilas et! Çöl öküzləri məni buynuzlayarkən mənə cavab ver.

22 İsmini qardaşlarıma elan edəcəyəm, Camaat arasında Sənə həmd söyləyəcəyəm:

23 «Siz ey Rəbdən qorxanlar, Ona həmd edin, Ey bütün Yaqub nəsli, Onu şərəfləndirin, Siz ey İsrail nəsli, Ona ehtiram edin!

24 Çünki Rəbb bu məzlumun dərdinə xor baxmadı, Ondan ikrah edərək üzünü gizlətmədi, İmdada çağıranda səsinə cavab verdi».

25 Çoxlu camaat arasında həmd etdiyim Sənsən! Səndən qorxanların önündə əhd etdiyim təqdimləri verəcəyəm.

26 Qoy məzlumlar doyunca yesin, Rəbbi axtaranlar Ona həmd etsin! Qoy canınız həmişə sağ olsun!

27 Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin soyları Onun hüzurunda səcdə qılacaq.

28 Çünki hökmranlıq Rəbbindir, Millətlər üzərində səltənət sürən Odur!

29 Bütün dünya zənginləri yeyib-doyacaq, Rəbbin hüzurunda səcdə qılacaq. Torpağa düşənlərin hamısı – Özlərini ölümdən saxlaya bilməyənlər Onun hüzurunda diz çökəcəklər.

30 Gələcək nəsillər Ona qulluq edəcək, Xudavənd haqqında övladlarına deyəcək;

31 Onun ədalətini, Onun əməllərini Gələcəkdə doğulan xalqa bildirəcək.