Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da: ) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi.
Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə cür olmalıdır?” (Musa: ) “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” –dedi.
Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, dedi
Onlar (yenə) söylədilər: “Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq”.
(Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir”. (Bu zaman) onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər
Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır!
Belə olduqda Biz: “(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) vurun!” – dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz mö’cüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.