Skip to content

Azeri (Northern), Deuteronomy 28

1 Əgər Allahınız Rəbbin sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğum bütün əmrlərinə riayət etsəniz, Allahınız Rəbb sizi yer üzündəki bütün millətlərdən üstün edəcək.

2 Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq.

3 Şəhərdə və çöldə xeyir-dualı olacaqsınız.

4 Doğulan övladlarınız, torpağınızın məhsulları, heyvanlarınızın, mal-qara və qoyun-keçilərinizin balaları artımlı olacaq.

5 Səbət və xəmir təknələriniz bərəkətli olacaq.

6 Hər girişiniz, hər çıxışınız xeyir-dualı olacaq.

7 Rəbb sizə hücum edən düşmənlərinizi önünüzdə məğlub edəcək. Onlar sizə bir yoldan hücum edəndə önünüzdən yeddi yolla qaçacaq.

8 Rəbb anbarlarınıza, əl atdığınız hər işə “Bərəkətli olsun!” deyə əmr verəcək və Allahınız Rəbb sizə verəcəyi torpağa bərəkət yağdıracaq.

9 Allahınız Rəbbin əmrlərinə riayət etsəniz, Onun yolları ilə getsəniz, Rəbb vəd etdiyi kimi sizi Özü üçün müqəddəs bir xalq kimi qoruyacaq.

10 Yer üzərindəki bütün xalqlar Rəbbə məxsus olduğunuzu görüb sizdən qorxacaq.

11 Rəbb atalarınıza vəd etdiyi torpaqda sizi bolluq içərisində yaşadacaq. Doğulan övladlarınızın nəslini artırıb-çoxaldacaq, heyvanlarınızın balalarını, torpağınızın məhsulunu artımlı edəcək.

12 Rəbb torpağınıza yağışı vaxtlı-vaxtında yağdıracaq və bütün zəhmətinizə bərəkət vermək üçün göylərdən zəngin xəzinəsini açacaq. Siz bir çox millətlərə borc verəcək, lakin heç kimdən borc almayacaqsınız.

13 Rəbb sizi quyruq deyil, baş edəcək. Əgər bu gün sizə buyurduğum Allahınız Rəbbin əmrlərinə qulaq assanız, onlara dəqiq əməl etsəniz, aşağıda deyil, hər zaman yuxarıda olacaqsınız.

14 Bu gün sizə buyurduğum əmrlərdən kənara çıxmayın, başqa allahların ardınca getməyin, onlara sitayiş etməyin.

15 Amma Allahınız Rəbbin sözünə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə töküləcək.

16 Şəhərdə və çöldə lənət qazanacaqsınız.

17 Səbət və xəmir təknələriniz lənətli olacaq.

18 Doğulan övladlarınız, torpaqlarınızın məhsulları, mal-qara və qoyun-keçilərinizin balaları lənətə düçar olacaq.

19 Hər girişiniz, hər çıxışınız lənətli olacaq.

20 Rəbb əl atdığınız hər işdə üzərinizə lənət göndərəcək, sizi vahiməyə salıb çaşdıracaq. Nəhayət, Rəbdən üz döndərib pislik etdiyinizə görə tezliklə sizə ziyan vurub həlak edəcək.

21 Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqdan sizi yox edənədək vəbaya düçar edəcək.

22 O sizi vərəm, qızdırma, iltihab, insanı qovuran istilik, quraqlıq, səmum küləyi və kiflə cəzalandıracaq. Siz yox olana qədər bunlar sizdən əl çəkməyəcək.

23 Başınız üzərində olan göylər tunc, ayağınız altındakı yer isə dəmir kimi olacaq.

24 Rəbb ölkənizə yağış əvəzinə toz-torpaq yağdıracaq. Siz həlak olana qədər göydən üzərinizə bunlar yağacaq.

25 Rəbb sizi düşmənlərinizin önündə məğlub edəcək, onlara bir yoldan hücum edəndə önlərindən yeddi yolla qaçacaqsınız. Dünyanın bütün ölkələrinə dəhşətli ibrət olacaqsınız.

26 Cəsədləriniz göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları ürküdüb qovan olmayacaq.

27 Rəbb sizi sağalmaz Misir çibanları, şişlər, xoralar, qoturlarla cəzalandıracaq.

28 O sizi cəzalandıraraq dəli və kor edəcək, ürəyinizi qubarladacaq.

29 Günorta vaxtı kor adam qaranlıqda əl toxundura-toxundura gəzdiyi kimi gəzəcəksiniz. Hər işiniz uğursuz olacaq, daim iztirab çəkəcək və talan olacaqsınız. Sizi qurtaran olmayacaq.

30 Nişanlandığınız qızla başqası yatacaq. Tikdiyiniz evdə yaşamayacaqsınız. Saldığınız bağın məhsulunu dərməyəcəksiniz.

31 Öküzünüz gözünüz önündə kəsiləcək, ətindən yeməyəcəksiniz. Eşşəkləriniz sizdən zorla alınacaq və geri qaytarılmayacaq. Sürüləriniz düşmənlərinizə veriləcək və sizi qurtaran olmayacaq.

32 Oğullarınız və qızlarınız gözünüz önündə başqa bir xalqa təslim ediləcək və onların həsrətindən günbəgün gözlərinizin nuru sönəcək. Əlinizdən isə heç nə gəlməyəcək.

33 Torpağınızın və bütün zəhmətinizin məhsulunu tanımadığınız bir xalq yeyəcək, siz isə daima iztirab çəkəcək və əziləcəksiniz.

34 Gözlərinizlə gördükləriniz ağlınızı başınızdan çıxaracaq.

35 Rəbb dizlərinizə, baldırlarınıza təpədən dırnağa qədər sağalmaz çibanlar çıxararaq sizi cəzalandıracaq.

36 Rəbb sizi, öz üzərinizə təyin etdiyiniz padşahı sizin də, atalarınızın da tanımadığı bir millətə əsir apartdıracaq. Orada ağacdan, daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz.

37 Rəbbin sizi əsir etdiyi xalqlar arasında heyrət, məsəl və kinayə hədəfinə çevriləcəksiniz.

38 Zəmiyə çox toxum səpib, az yığacaqsınız, çünki onu çəyirtkə yeyib qurtaracaq.

39 Üzüm bağları salacaq, becərəcəksiniz, lakin üzümündən dərməyəcək, şərabından içməyəcəksiniz, çünki onlara qurd düşəcək.

40 Torpağınızın hər tərəfində zeytun ağacları bitsə də, onlardan yağ çəkə bilməyəcəksiniz, çünki zeytun ağaclarınız öz meyvəsini tökəcək.

41 Oğullarınız, qızlarınız olacaq, lakin yanınızda qalmayacaq, çünki əsir düşəcəklər.

42 Bütün ağaclarınızın və əkin sahələrinizin bəhərinə çəyirtkələr daraşacaq.

43 Aranızda yaşayan yadellilər sizdən olduqca üstün olacaq, siz aşağı endikcə enəcəksiniz.

44 Sizə onlar borc verəcək, siz onlara borc verə bilməyəcəksiniz, onlar baş, siz isə quyruq olacaqsınız.

45 Bu lənətlərin hamısı sizin üzərinizə töküləcək. Sizi həlak olanadək qovub yaxalayacaqlar, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız, sizə buyurduğu əmrlərə və qaydalara riayət etmədiniz.

46 Bunlar sizə və övladlarınıza əbədi bir əlamət, bir möcüzə olacaq.

47 Madam ki bolluq vaxtında Allahınız Rəbbə sevinclə və xoşluqla itaət etmədiniz,

48 Rəbbin sizə qarşı göndərdiyi düşmənlərə ac-susuz, çılpaq və hər cür ehtiyac içərisində qulluq edəcəksiniz. Rəbb sizi həlak edənə qədər boynunuza dəmir boyunduruq salacaq.

49 Rəbb uzaqdan, dünyanın ucqarlarından bir milləti – dilini başa düşmədiyiniz bir milləti qartal kimi üzərinizə şığıdacaq.

50 Bu elə sərt sifətli bir millətdir ki, nə qocaların şəxsiyyətinə hörməti var, nə də uşaqlara rəhmi gəlir.

51 Bu millət sizi həlak edənə qədər heyvanlarınızın balalarını, torpağınızın məhsulunu yeyib qurtaracaq, sizin üçün nə taxıl, nə təzə şərab, nə zeytun yağı, nə mal-qaranızın, nə də qoyun-keçilərinizin balalarını qoymayacaq.

52 Bütün şəhərlərinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər. Allahınız Rəbbin sizə verəcəyi ölkənin bütün şəhərlərini mühasirəyə alacaqlar.

53 Mühasirəyə düşəndə düşmənlərinizin sizə verəcəyi aclıqdan doğulan övladlarınızın – Allahın Rəbbin sizə verdiyi oğul-qızlarınızın ətini yeyəcəksiniz.

54 Aranızda ən ürəyinazik və həssas adam belə, öz qardaşına, sevdiyi arvadına, sağ qalan övladlarına rəhm etməyəcək.

55 Yediyi uşaqların ətindən onların heç birinə verməyəcək, çünki mühasirə olunanda düşmənlərinizin yaratdığı qıtlığa görə şəhərlərinizdə yeməyə heç nə qalmayacaq.

56 Aranızda ən ürəyinazik, həssas qadın – zərifliyindən və incəliyindən ayağını yerə basmaq istəməyən qadın belə, sevdiyi ərinə, öz oğluna, eləcə də qızına rəhm etməyəcək.

57 Bətnindən çıxan cifti və doğduğu uşaqları verməyib gizli yeyəcək, çünki bütün şəhərləriniz mühasirəyə düşəndə aclıq olacaq.

58 Əgər bu kitaba yazılmış bu Qanunun bütün sözlərinə diqqətlə əməl etməsəniz, Allahınız Rəbbin əzəmətli və zəhmli adından qorxmasanız,

59 Rəbb sizi və nəslinizi dəhşətli bəlalara, böyük və sonsuz müsibətlərə, sağalmaz, ağır xəstəliklərə düçar edəcək.

60 Qorxduğunuz bütün Misir xəstəliklərini yenə başınıza gətirəcək, bu xəstəliklərə tutulacaqsınız.

61 Rəbbin bu Qanun kitabında yazılmamış hər cür xəstəlik və bəlanı sizi yox edənədək başınıza gətirəcək.

62 Göydəki ulduzlar qədər çoxalmaq əvəzinə sayca çox az qalacaqsınız, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız.

63 Sizə yaxşılıq etmək və artırmaqdan Rəbb necə razı qalırdısa, sizi həlak etdiyi və yox etdiyi üçün də elə razı qalacaq. Mülk olaraq almaq üçün gedəcəyiniz ölkədən qoparılacaqsınız.

64 Rəbb sizi dünyanın bu başından o biri başınadək bütün xalqların arasına səpələyəcək. Orada sizin də, atalarınızın da tanımadığı, ağacdan və ya daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz.

65 Bu millətlər arasında nə sülhünüz, nə də rahatlığınız olacaq. Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözləməkdən yorulan gözlər verəcək.

66 Daim canınızın qayğısını çəkəcək, gecə-gündüz vahimə içərisində yaşayacaqsınız. Həyatınızın asayişi olmayacaq.

67 Ürəyinizə dolan vahimədən və gözünüzlə gördüyünüz hadisələr üzündən səhər olanda “kaş axşam olaydı”, axşam olanda “kaş səhər olaydı” deyəcəksiniz.

68 Mən sizə demişdim ki, gəldiyiniz yolla geri dönməyəcəksiniz, amma Rəbb sizi gəmilərlə Misirə geri qaytaracaq. Orada qul və qarabaş kimi düşmən bazarında satılacaqsınız, amma sizi pulla alan olmayacaq»

Azeri (Northern), Deuteronomy 29

1 Rəbb İsrail övladları ilə Xorev dağında əhd etmişdir. Moavda isə Musaya əmr etdi ki, yenidən əhd kəssin. Əhdin şərtləri bunlardır:

2 Musa bütün İsrailliləri bir yerə yığıb belə dedi: «Rəbbin Misirdə gözləriniz önündə firona, əyanlarına və ölkəsinə etdiyi hər şeyi gördünüz.

3 Böyük sınaqları, bu böyük əlamətləri və möcüzələri öz gözünüzlə gördünüz.

4 Lakin Rəbb bu günədək sizə anlamaq üçün ağıl, görmək üçün göz, eşitmək üçün qulaq vermədi.

5 Rəbb deyir: “Sizi qırx il səhrada gəzdirdim. Əyninizdəki paltar, ayağınızdakı çarıq yırtılıb-dağılmadı.

6 Çörək yemədiniz, şərab ya da başqa kefləndirici içki içmədiniz. Bunları ona görə etmişəm ki, Mənim Allahınız Rəbb olduğumu biləsiniz”.

7 Buraya çatanda Xeşbon padşahı Sixon ilə Başan padşahı Oq bizimlə döyüşə başladılar. Amma onları məğlub etdik.

8 Torpaqlarını ələ keçirib irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdik.

9 Ələ götürdüyünüz hər işdə uğur qazanmaq üçün bu əhdin hər sözünə diqqətlə əməl edin.

10 Bu gün siz hamınız – qəbilə başçılarınız, ağsaqqallarınız, məmurlarınız, İsraillilərin hamısı,

11 uşaqlarınız, arvadlarınız, aranızda yaşayıb odununuzu doğrayan, suyunuzu daşıyan yadellilər Allahınız Rəbbin qarşısında dayanmısınız ki,

12 bu gün Allahınız Rəbbin and edərək sizinlə bağladığı bu əhdi həyata keçirəsiniz.

13 Qoy bu gün O sizi Öz xalqı kimi təsdiq etsin, sizə söz verdiyi kimi atalarınız İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə sizin Allahınız olsun.

14 Mən bu əhdi və andı yalnız sizinlə,

15 Allahımız Rəbbin hüzurunda bizimlə bərabər duranlarla deyil, bu gün yanımızda olmayanlarla da edirəm.

16 Misirdə necə yaşadığınızı, o biri millətlərin içərisindən keçərək buraya necə gəldiyinizi özünüz də bilirsiniz.

17 Onların arasında iyrənc şeyləri – ağacdan, daşdan, qızıldan, gümüşdən düzəldilən iyrənc bütləri gördünüz.

18 Ehtiyatlı olun, bu gün aranızda bu millətlərin allahlarına sitayiş etmək üçün Allahınız Rəbdən dönən nə kişi, nə qadın, nə nəsil, nə də qəbilə olsun. Aranızda belə acı pöhrəli, zəhərli kök olmasın.

19 Bu andın sözlərini eşidən zaman kimsə öz-özünə gözaydınlığı verib belə bir fikrə düşməsin: “Onsuz da salamat qalacağam, qoy kefim istəyən kimi yaşayım”. Bu fikir həm münbit torpağa, həm də quru torpağa bəla gətirər.

20 Belə adamı Rəbb bağışlamaq istəməz. O adama qarşı qısqanc Rəbbin qəzəbi alovlanacaq. Bu kitabda yazılan bütün lənətlər başına töküləcək və Rəbb onun adını göyün altından siləcək.

21 Rəbb bu Qanun kitabında yazılan əhdin içərisində yer tutan lənətlərin hamısına görə fəlakətə uğratmaq üçün onu İsrailin bütün qəbilələrinin içərisindən çıxaracaq.

22 Gələcək nəsil, sizdən sonra gələn övladlarınız və uzaq diyardan gələn yadellilər bu ölkənin bəlalarını, Rəbbin oraya göndərdiyi xəstəlikləri görəcək.

23 Bütün torpaq yanacaq, kükürd və duzla örtüləcək, toxum əkilməyəcək, cücərti görünməyəcək, ot bitməyəcək. Ölkə Rəbbin qızğın qəzəbi ilə yerlə yeksan etdiyi Sodom, Homorra, Adma və Sevoyim kimi viran olacaq.

24 Bütün millətlər “Rəbb bu ölkəyə niyə belə etdi? Bu böyük qəzəb niyə alovlandı?” deyə soruşacaqlar.

25 O zaman deyəcəklər: “Çünki onları Misir torpağından çıxararkən atalarının Allahı Rəbbin onlarla bağladığı əhdi atdılar.

26 Gedib tanımadıqları allahlara, Rəbbin onlara bəxş etmədiyi yad allahlara sitayiş və səcdə etdilər.

27 Ona görə Rəbbin qəzəbi bu ölkəyə qarşı alovlandı, oranı bu kitabda yazılan bütün lənətlərə düçar etdi.

28 Rəbb qəzəb, hirs və böyük hiddətlə onları ölkələrindən qopardı. Bu gün olduğu kimi onları başqa bir torpağa atdı”.

29 Allahımız Rəbbin sirləri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu qanunun bütün sözlərinə əməl edək.

Azeri (Northern), Deuteronomy 30

1 Bütün bu hadisələr – qarşınıza qoyduğum xeyir-dua və lənət başınıza gələndə Allahınız Rəbbin sizi səpələdiyi millətlər arasında bunları xatırlayacaqsınız.

2 Siz və övladlarınız Allahınız Rəbbə tərəf dönüb bu gün sizə əmr etdiyim hər işdə Onun sözünü bütün qəlbinizlə və bütün varlığınızla qulağınızda saxlasanız,

3 Allahınız Rəbb sizə rəhm edib əsirlikdən geri qaytaracaq, sizi yenidən səpələdiyi bütün xalqların arasından toplayacaq.

4 Səpələnib göyün altındakı ən ucqar ölkəyə düşsəniz belə, Allahınız Rəbb sizi oradan yığıb geri qaytaracaq.

5 Sizi atalarınıza irs olaraq verdiyi torpağa qovuşduracaq. Oranı yenə də irs olaraq alacaqsınız, Allahınız Rəbb sizə xoş güzəran verəcək və sizi atalarınızdan da artıq çoxaldacaq.

6 Allahınız Rəbb sizin ürəyinizi və övladlarınızın ürəklərini sünnət edəcək ki, Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və yaşayasınız.

7 Allahınız Rəbb bütün bu lənətləri isə sizə nifrət və zülm edən düşmənlərinizin üzərinizə tökəcək.

8 Siz yenə Rəbbin sözünə qulaq asacaq və bu gün sizə buyurduğum bütün əmrlərini yerinə yetirəcəksiniz.

9 Onda Allahınız Rəbb əlinizdə olan hər işinizi uğurlu edəcək, sizə çoxlu övlad, heyvanlarınıza çoxlu bala, torpaqlarınıza bol məhsul verəcək. Rəbb atalarınıza yaxşılıq etməkdən necə razı qalırdısa, sizə də yaxşılıq etməkdən elə razı qalacaq.

10 Bir şərtlə: Allahınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Rəbbə tərəf dönün.

11 Bu gün sizə verdiyim əmrə əməl etmək sizin üçün çətin və əlçatmaz deyil.

12 Axı o, göylərdə deyil ki, deyəsiniz: “Kim bizim üçün göylərə çıxacaq və onu oradan götürüb bizə çatdıracaq ki, biz buna əməl edək?”

13 O, dənizin o tayında deyil ki, deyəsiniz: “Kim bizim üçün dənizin o tayına gedəcək və onu götürüb bizə çatdıracaq ki, qulaq asıb buna əməl edək?”

14 Yox, bu kəlam sizə əməl etmək üçün çox yaxındır, o, dilinizdə və ürəyinizdədir.

15 Bax bu gün sizin qarşınızda həyatla xoşbəxtliyi, ölümlə bədbəxtliyi qoyuram.

16 Bu gün sizə Allahınız Rəbbi sevməyi, Onun qoyduğu yollarla getməyi, əmrlərinə, qaydalarına, hökmlərinə riayət etməyi əmr edirəm. Belə etsəniz, yaşayıb artacaqsınız və mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda Allahınız Rəbb tərəfindən xeyir-dua alacaqsınız.

17 Əgər bu yoldan dönsəniz, qulaq asmasanız, azaraq, yad allahlara səcdə qılaraq onlara qulluq etsəniz,

18 bu gün sizə bildirirəm ki, mütləq məhv olacaqsınız. İordan çayını keçib mülk olaraq almaq üçün gedəcəyiniz ölkədə uzun ömür sürməyəcəksiniz.

19 Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz.

20 Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın. Çünki sizin həyatınız Odur. Belə etsəniz, Rəbbin ata-babalarınız İbrahimə, İshaqa və Yaquba verməyi vəd etdiyi torpaqda sizi uzun ömürlü edəcək».

Azeri (Northern), Deuteronomy 31

1 Musa bütün İsraillilərin qarşısına çıxıb belə dedi:

2 «Artıq mən yüz iyirmi yaşındayam, daha sizə başçılıq etməyə taqətim yoxdur. Rəbb mənə demişdir ki, İordan çayının o tayına keçməyəcəyəm.

3 Oranı keçəndə başınızın üstündə Allahınız Rəbb gedəcək və O, millətləri qarşınızdan yox edəcək, siz də onların torpaqlarını irs olaraq alacaqsınız. Rəbbin sözünə görə Yeşua sizə rəhbərlik edəcək.

4 Rəbb Emorlu padşahları Sixonu və Oqu həlak edərək ölkələrinin başına gətirdiyini bu millətlərin də başına gətirəcək.

5 Rəbb onları sizə təslim edəcək. Onlarla əmr etdiyim kimi rəftar etməlisiniz.

6 Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!»

7 Sonra Musa Yeşuanı çağırıb bütün İsraillilərin gözü qarşısında ona belə dedi: «Möhkəm və cəsarətli ol! Çünki Rəbbin atalarına vəd etdiyi ölkəyə bu xalqla birlikdə sən gedəcəksən. Ölkəni irs olaraq onlara sən verəcəksən.

8 Başının üstündə Rəbb gedəcək. O səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə!»

9 Musa bu qanunu yazıb sonra Rəbbin Əhd sandığını aparan Levili kahinlərə və bütün İsrail ağsaqqallarına verdi.

10 Sonra onlara belə buyurdu: «Hər yeddi ilin sonunda, borcların bağışlanma ilində, Çardaqlar bayramında,

11 bütün İsraillilər Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə gələndə bu qanunu İsraillilərə oxuyun.

12 Xalqın kişi, qadın və uşaqlarını, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub Qanunun bütün sözlərinə diqqətlə əməl etsin.

13 Qoy qanunu bilməyən uşaqlar da eşitsinlər və mülk olaraq almaq üçün İordan çayından keçib gedəcəyiniz ölkədə ömür boyu Allahınız Rəbdən qorxmağı öyrənsinlər».

14 Rəbb Musaya dedi: «Ölümünə az qalıb. Yeşuanı çağır. Hüzur çadırında hazır dayanın ki, ona əmrlərimi bildirim». Beləliklə, Musa ilə Yeşua gedib Hüzur çadırında gözlədilər.

15 Sonra Rəbb çadırda sütuna oxşar bir bulud içərisində göründü. Bulud çadırın qapısı üzərində dayandı.

16 Rəbb Musaya belə söylədi: «Bu yaxınlarda ölüb atalarına qovuşacaqsan. Bu xalq da gedəcəyi ölkənin allahlarına bağlanıb Mənə xəyanət edəcək. Məni atıb onlarla bağladığım əhdi pozacaqlar.

17 Onda onlara qəzəblənəcəyəm, onları ataraq üz döndərəcəyəm. Onlar başqalarına yem olacaq, başlarına çox bəlalar və müsibətlər gələcək. Həmin gün “Allahımız bizimlə olmadığı üçün başımıza müsibətlər gəldi” deyəcəklər.

18 Başqa allahlara tərəf dönməklə pis iş gördüklərinə görə mütləq onlardan üz döndərəcəyəm.

19 İndi özünüz üçün bu ilahini yazın və İsrail övladlarına öyrədin. Qoy onu oxusunlar. Belə ki bu ilahi İsraillilərə qarşı Mənim şahidim olsun.

20 Çünki onları atalarına and edib söz verdiyim süd və bal axan torpağa gətirəndə, yeyib-doyanda və kökələndə yad allahlara meyl edərək onlara sitayiş edəcəklər, Məni rədd edərək əhdimi pozacaqlar.

21 Onlara çox bəlalar və müsibətlər yetişəndə qoy bu ilahi onlara qarşı şahid kimi səslənsin, çünki bu ilahi nəsillərin dilindən düşməyəcək. Ona görə ki Mən onları vəd etdiyim torpağa gətirməzdən əvvəl, bu gün belə, fəndgir olduqlarını bilirəm».

22 Həmin gün Musa bu ilahini yazıb İsrail övladlarına öyrətdi.

23 Rəbb o gün Nun oğlu Yeşuaya əmr edib dedi: «Möhkəm və cəsarətli ol, çünki İsrail övladlarını onlara vəd etdiyim ölkəyə sən aparacaqsan və Mən səninləyəm».

24 Musa bu Qanunu sözlərindən heç nəyi əskiltmədən kitaba yazmağı qurtaranda

25 Rəbbin Əhd sandığını daşıyan Levililərə bu əmri verdi:

26 «Bu Qanun kitabını götürüb Allahınız Rəbbin Əhd sandığının yanına qoyun. Qoy sizə qarşı bir şahid olaraq orada qalsın.

27 Çünki sizin üsyankar və dikbaş olduğunuzu bilirəm. Bu gün mən sağ olaraq aranızda ikən belə, Rəbbə üsyankar oldunuzsa, gör mən öləndən sonra necə olacaqsınız.

28 Qəbilələrinizin bütün ağsaqqallarını və məmurlarınızı yanıma toplayın. Bu sözləri onlara eşitdirim ki, göyü və yeri onlara qarşı şahid tutacağam.

29 Ölümümdən sonra tamamilə pozulacağınızı, sizə əmr etdiyim yoldan azacağınızı bilirəm. Axır zamanda müsibətlərlə qarşılaşacaqsınız. Çünki Rəbbin gözündə pis olan işləri görərək əməllərinizlə Onu qəzəbləndirəcəksiniz».

30 Musa bu ilahini axıracan oxudu ki, bütün İsrail camaatı ilahinin sözlərini eşitsin.