İsa əl Masihin Tədrisi – Matta 25

O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək.

2 Onlardan beşi ağıllı, beşi isə ağılsız idi.

3 Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi.

4 Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü.

5 Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı.

6 Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!”

7 O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər.

8 Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”.

9 Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”.

10 Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı.

11 O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər.

12 O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”.

13 Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.

14 Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi.

15 O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü.

16 Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı.

17 İki talant alan da beləcə daha iki talant qazandı.

18 Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi.

19 Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi.

20 Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”.

21 Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”

22 İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”.

23 Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”

24 Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan.

25 Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!”

26 Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi?

27 Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım.

28 İndi əlindəki talantı ondan alın və on talantı olana verin!

29 Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq.

30 Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”.

31 Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq.

32 Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq.

33 Qoyunları sağına, keçiləri isə soluna qoyacaq.

34 O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın.

35 Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz;

36 çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”.

37 Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik?

38 Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik?

39 Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?”

40 Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.

41 O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın!

42 Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz;

43 qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”.

44 Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?”

45 O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”.

46 Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək».