Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi göndərərək
2 onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin.
3 Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz».
4 Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə baş verdi:
5 «Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir”».
6 Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər.
7 Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi.
8 Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi.
9 İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!»
10 İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı.
11 Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir».
12 İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi.
13 Onlara belə dedi: «“Mənim evim dua evi adlandırılacaq” deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»
14 İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi.
15 Lakin başçı kahinlər və ilahiyyatçılar Onun etdiyi heyrətamiz işləri və məbəddə «Davud Oğluna hosanna!» deyə bağıran uşaqları gördükdə acıqlandılar
16 və Ona dedilər: «Bunların nə söylədiyini eşidirsənmi?» İsa da onlara dedi: «Bəli. “Körpələrin və çağaların ağzından Kamil həmd aldın” sözünü heç oxumamısınızmı?»
17 İsa onları tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi.
18 Səhəri gün İsa şəhərə qayıdanda acmışdı.
19 Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu.
20 Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər.
21 İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq.
22 İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız».
23 İsa məbədə gəlib təlim öyrədərkən başçı kahinlər və xalqın ağsaqqalları Ona yaxınlaşıb dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?»
24 İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; onu Mənə desəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm.
25 Yəhyanın vəftizi haradan idi? Göydən idi, yoxsa insanlardan?» Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək.
26 Amma desək “insanlardan”, camaatdan qorxuruq, çünki hamı Yəhyanı peyğəmbər sayır».
27 Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm.
28 Bəs siz necə düşünürsünüz? Bir adamın iki oğlu vardı. Gəlib birincisinə “oğlum, bu gün get üzüm bağımda işlə” dedi.
29 O da cavab verib “istəmirəm” dedi. Lakin sonra peşman olub getdi.
30 Həmin adam ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib “Gedirəm, ağam!” dedi, amma getmədi.
31 Bu iki nəfərdən hansı atasının istəyini yerinə yetirdi?» Onlar «birincisi» dedilər. İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girirlər.
32 Çünki Yəhya sizin yanınıza salehlik yolunu göstərməyə gəldi. Sizsə ona inanmadınız, amma vergiyığanlar və fahişələr ona inandılar. Siz bunu gördükdən sonra da peşman olub ona inanmadınız.
33 Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi.
34 Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi.
35 Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq etdilər.
36 Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər.
37 “Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi.
38 Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”.
39 Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər.
40 Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?»
41 Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər».
42 İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub. Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir”.
43 Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək.
44 Bu daşın üstünə yıxılan kəs parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək».
45 Başçı kahinlər və fariseylər Onun məsəllərini eşitdikdə bu sözləri onlar üçün dediyini başa düşdülər.
46 Ona görə də Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi.
İsa yenə onlara məsəllərlə xitab edərək dedi:
2 «Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir.
3 O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi.
4 Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!”
5 Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi.
6 O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər.
7 Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı.
8 Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil.
9 Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”.
10 Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu.
11 Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü,
12 ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu.
13 O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”.
14 Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».
15 O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar.
16 Onlar hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərib dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan, Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan.
17 İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?»
18 Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz?
19 Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər.
20 İsa onlara dedi: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?»
21 Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin».
22 Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk edib getdilər.
23 Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:
24 «Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb ölən qardaşın nəslini davam etdirsin”.
25 Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi.
26 İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər eləcə öldü.
27 Hamısından sonra bu qadın da öldü.
28 İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı».
29 İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız.
30 Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.
31 Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır».
32 Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır».
33 Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi.
34 Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar.
35 Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu:
36 «Müəllim, Qanunda ən böyük əmr hansıdır?»
37 İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”.
38 Bu, böyük və əsas əmrdir.
39 Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.
40 Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».
41 Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu:
42 «Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər.
43 İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir?
44 “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına salanadək Sağımda otur›” deyib.
45 Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?»
46 Bunun cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi.
Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib
2 dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar.
3 Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər.
4 Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək istəməzlər.
5 Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar.
6 Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı,
7 bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevərlər.
8 Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşsınız.
9 Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır.
10 Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir.
11 Aranızda ən böyük olan xidmətçiniz olsun.
12 Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.
13 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız.
14
15 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz.
16 Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”.
17 Ey ağılsızlar və korlar! Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis edən məbədmi?
18 Yenə də deyirsiniz ki, “kim qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz andını yerinə yetirməlidir”.
19 Ey korlar! Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis edən qurbangahmı?
20 Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə and içir.
21 Məbədə and içən kəs ona və içində Yaşayana and içir.
22 Göyə and içən kəs də Allahın taxtına və taxtda Oturana and içir.
23 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.
24 Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz!
25 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur.
26 Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun!
27 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur.
28 Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz.
29 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz.
30 “Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz.
31 Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz.
32 Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın!
33 Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız?
34 Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılayacaq və şəhərdən şəhərə qovacaqsınız;
35 belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların qanı üçün məsuliyyət daşıyasınız.
36 Sizə doğrusunu deyirəm: bütün bu şeylər üçün bu nəsil məsuliyyət daşıyacaq.
37 Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz!
38 Baxın, eviniz viran qalır.
39 Çünki Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!” deyənə qədər Məni bir daha görməyəcəksiniz».