Skip to content

Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı.

2    Yaqubun tarixçəsi belədir. Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları – atalarının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı.

3    İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğlu idi. O, Yusifə əlvan paltar tikdirdi.

4    Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər.

5    Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə başladılar.

6    Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın:

7    biz zəminin ortasında dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona səcdə etdilər».

8    Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq edəcəksən?» Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət etdilər.

9    Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir yuxu gördüm; gördüm ki, günəş, ay və on bir ulduz mənə səcdə edir».

10   O, yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: «Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə əyilib sənə təzim etmək üçün gələcəyik?»

11   Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı.

12   Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər.

13   İsrail Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim». O, atasına dedi: «Getməyə hazıram».

14   İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı. Yusif gəlib Şekemə çatdı.

15   Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam «Nə axtarırsan?» deyə ondan soruşdu.

16   O dedi: «Mən qardaşlarımı axtarıram. Mənə de görüm, onlar sürünü harada otarırlar?»

17   Bu adam dedi: «Buradan getdilər, çünki mən onların “Dotana gedək” sözlərini eşitdim». Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı.

18   Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər.

19   Qardaşlar bir-birlərinə dedilər: «Budur, yuxu görənimiz gəlir.

20   İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır».

21   Ruven bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Gəlin ona toxunmayaq».

22   Ruven onlara «qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın.

23   Yusif qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb çıxartdılar.

24   Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi.

25   Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmişdi və bunları Misirə aparırdılar.

26   Yəhuda qardaşlarına dedi: «Əgər qardaşımızı öldürüb qətli ört-basdır etsək, bunun nə xeyri olar?

27   Gəlin onu İsmaillilərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar.

28   Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillilərə iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar.

29   Ruven quyuya tərəf qayıdıb gördü ki, Yusif orada yoxdur. O, paltarını cırdı.

30   Sonra qardaşlarının yanına qayıdıb dedi: «Uşaq yoxdur, bəs mən nə edim?»

31   Onlar Yusifin paltarını götürdülər və bir keçi kəsib paltarı qana batırdılar.

32   Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər: «Biz bunu tapdıq: gör, oğlunun paltarıdır ya yox?»

33   O, paltarı tanıyıb dedi: «Bu, oğlumun paltarıdır; yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən, Yusif parçalanıb».

34   Yaqub öz paltarını cırdı və belinə çul bağladı; o uzun müddət oğlu üçün yas tutdu.

35   Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı.

36 Midyanlılar isə Yusifi Misirdə fironun bir əyanı olan mühafizəçilər rəisi Potifara satdılar.

O zaman Yəhuda qardaşlarından ayrılaraq Xira adlı Adullamlı bir adamın yanına gedib məskən saldı.

2    Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı arvad alıb yanına girdi.

3    Qadın hamilə olub bir oğlan doğdu və Yəhuda onun adını Er qoydu.

4    Qadın yenə hamilə olub bir oğlan doğdu və adını Onan qoydu.

5    Sonra yenə də bir oğlan doğub, adını Şela qoydu. Qadın onu doğduğu zaman Yəhuda Kezivdə idi.

6    Yəhuda ilk oğlu Er üçün bir arvad aldı, onun adı Tamar idi.

7    Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis idi və Rəbb onu öldürdü.

8    Yəhuda Onana dedi: «Qardaşın arvadının yanına gir, öz qayınlıq vəzifəni yerinə yetirib qardaşın üçün nəsil yetişdir».

9    Onan bilirdi ki, bu nəsil ona məxsus olmayacaq. Buna görə də qardaşı arvadının yanına girəndə toxumunu yerə tökərdi ki, qardaşı üçün nəsil yetişdirməsin.

10   Onun etdiyi bu iş Rəbbin gözündə pis oldu və Rəbb onu da öldürdü.

11   Yəhuda gəlini Tamara dedi: «Atanın evinə qayıt, oğlum Şela böyüyənə qədər dul olaraq qal». Yəhuda fikirləşdi ki, Şela da qardaşları kimi ölə bilər. Tamar gedib atasının evində qaldı.

12   Uzun müddətdən sonra Şuanın qızı olan Yəhudanın arvadı öldü. Yəhuda matəm qurtarandan sonra dostu Adullamlı Xira ilə birlikdə Timnata sürüsünü qırxanların yanına getdi.

13   Tamara bildirdilər: «Bax qayınatan sürüsünü qırxmaq üçün Timnata gəlir».

14   Tamar dulluq paltarını əynindən çıxarıb rübənd örtdü və bürünüb Timnata gedən yolda olan Enayim darvazasının yanında oturdu. Çünki o görürdü ki, Şela böyüyüb, o isə hələ də Şelaya ərə verilməyib.

15   Yəhuda onu görəndə elə bildi ki, bir fahişə qadındır, çünki üzünü örtmüşdü.

16   Yəhuda yolunu ona tərəf salıb dedi: «İcazə ver, sənin yanına girim». Ancaq onun öz gəlini olduğunu bilmədi. Qadın dedi: «Yanıma girmək üçün mənə nə verirsən?»

17   Yəhuda dedi: «Sürüdən bir oğlaq göndərərəm». O dedi: «Onu göndərənə qədər mənə girov olaraq bir şey verərsənmi?»

18   Yəhuda soruşdu: «Girov olaraq sənə nə verim?» Qadın dedi: «Öz möhürünü, qaytanını və əlində olan əsanı». Yəhuda bunları qadına verib yanına girdi. Qadın ondan hamilə qaldı.

19   Sonra Tamar qalxıb getdi və rübəndini götürüb dulluq paltarını geydi.

20   Yəhuda qadından girovunu almaq üçün Adullamlı dostunun vasitəsilə oğlağı göndərdi. Ancaq o, qadını tapmadı.

21   Qadının olduğu yerin adamlarından soruşdu: «Enayimdə yol kənarında olan fahişə haradadır?» Onlar dedilər: «Burada fahişə yoxdur».

22   O, Yəhudanın yanına qayıdıb dedi: «Onu tapa bilmədim. O yerin adamları da “burada fahişə yoxdur” dedilər».

23   Yəhuda dedi: «Qoy bu şeylər onunku olsun, ancaq biz bu işdən rüsvay olmayaq. Bax mən bu oğlağı ona göndərdim, amma sən onu tapmadın».

24   Bundan təxminən üç ay sonra Yəhudaya bildirdilər: «Gəlinin Tamar zina edib, həm də bu zinadan hamilə qalıb». Yəhuda dedi: «Onu çıxarıb yandırın».

25   O bayıra çıxarıldığı zaman qayınatasına xəbər göndərib dedi: «Mən bu şeylərin sahibi olan adamdan hamilə qaldım». Sonra dedi: «Bax gör, bu möhür, qaytan və əsa kimindir?»

26   Yəhuda bunları tanıyıb dedi: «O məndən haqlıdır, çünki onu oğlum Şelaya vermədim». Yəhuda onunla bir daha yaxınlıq etmədi.

27   Tamar doğanda məlum oldu ki, bətnində əkiz var.

28   Doğuş vaxtı bir uşaq əlini çıxartdı. Mamaça götürüb onun əlinə qırmızı ip bağladı və dedi: «Əvvəlcə bu doğuldu».

29   Ancaq o uşaq əlini geri çəkdi və qardaşı birinci doğuldu. Mamaça dedi: «Özünə necə deşik açdın?» Buna görə də onun adını Peres qoydular.

30 Ondan sonra əlində qırmızı ip olan qardaşı doğuldu. Onun adını Zerah qoydular.

Yusif Misirə aparıldı. Fironun bir əyanı – mühafizəçilər rəisi Misirli Potifar onu oraya gətirmiş İsmaillilərdən satın aldı.

2    Rəbb Yusiflə idi və o, işlərində uğur qazanırdı. Yusif Misirli ağasının evində qalırdı.

3    Ağası gördü ki, Rəbb onunladır və etdiyi hər işdə ona uğur verir.

4    Yusif ağasının gözündə lütf tapdı və onun şəxsi xidmətçisi oldu. Ağası Yusifi evinə nəzarətçi təyin etdi və özünə məxsus olan hər şeyi onun ixtiyarına verdi.

5    Evinin və özünə məxsus olan hər şeyin ixtiyarını ona verən vaxtdan bəri Rəbb Yusifə görə Misirlinin evinə bərəkət verdi, evində, tarlasında və özünə məxsus olan hər şeydə Rəbbin bərəkəti göründü.

6    Ağası özünə məxsus olan hər şeyi Yusifin ixtiyarına vermişdi, yediyi yeməkdən başqa, evində olan heç nədən xəbəri yox idi. Yusif gözəl və yaraşıqlı idi.

7    Bir müddət sonra ağasının arvadının Yusifə gözü düşüb dedi: «Gəl mənimlə yat».

8    Ancaq Yusif bundan imtina edib ağasının arvadına dedi: «Mən burada olarkən ağam evində nə olduğunu bilmir və özünə məxsus olan hər şeyi mənim ixtiyarıma verib.

9    Bu evdə isə hətta o məndən böyük deyil və səndən başqa heç bir şeyi məndən əsirgəmədi, çünki sən onun arvadısan. Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?»

10   Qadın hər gün bunu Yusifə deyirdi, Yusif isə onunla yatmağa, hətta birgə olmağa razı olmurdu.

11   Bir gün Yusif öz işini görmək üçün evə girdi. İçəridə ev adamlarından heç kəs yox idi.

12   Qadın «Mənimlə yat!» deyib onun paltarından tutdu. Yusif paltarını onun əlində qoyub qaçdı və bayıra çıxdı.

13   Qadın onun paltarını əlində qoyub qaçdığını görəndə

14   ev adamlarını çağırıb dedi: «Baxın, ağanız bu İbranini bizi təhqir etmək üçün yanımıza gətirib. O mənimlə yatmaq üçün yanıma gəldi, mən isə ucadan qışqırdım.

15   O, səsimi ucaldıb qışqırdığımı görəndə paltarını yanımda qoyub qaçdı və bayıra çıxdı».

16   Yusifin ağası evə gələnə qədər qadın onun paltarını özündə saxladı.

17   Sonra ərinə də bu sözləri söyləyib dedi: «Bizə gətirdiyin bu İbrani qul məni təhqir etmək üçün yanıma gəldi.

18   Səsimi ucaldıb qışqırdığım zaman paltarını yanımda qoyub bayıra qaçdı».

19   Yusifin ağası arvadının «sənin qulun mənimlə belə rəftar etdi» sözlərini eşidəndə bərk qəzəbləndi.

20   Ağası Yusifi götürüb padşahın məhbuslarının saxlanıldığı zindana təhvil verdi. Yusif zindanda qaldı.

21   Ancaq Rəbb Yusiflə idi və ona xeyirxahlıq göstərdi. O, zindanın baş nəzarətçisinin gözündə lütf tapdı.

22   Zindanın baş nəzarətçisi zindanda olan bütün məhbusları Yusifin ixtiyarına verdi. Orada görülən hər işə o başçılıq edirdi.

23 Zindanın baş nəzarətçisi Yusifin ixtiyarında olan heç nəyə nəzarət etmirdi, çünki Rəbb Yusiflə idi və etdiyi hər işdə ona uğur verirdi.

  Bir müddət sonra Misir padşahının saqisi və çörəkçisi ağaları Misir padşahına qarşı günah etdilər.

2    Firon bu iki əyanına – baş saqiyə və baş çörəkçiyə bərk qəzəbləndi

3    və onları mühafizəçilər rəisinin evində – Yusifin məhbus olduğu zindanda saxladı.

4    Mühafizəçilər rəisi Yusifi onlara xidmətçi təyin etdi və Yusif də onlara xidmət etdi. Onlar bir müddət zindanda qaldılar.

5    Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü.

6    Səhər Yusif onların yanına gəldi və kədərli olduqlarını gördü.

7    Yusif onunla birgə ağasının evində, zindanda olan firon əyanlarından soruşdu: «Niyə bu gün üzünüz kədərlidir?»

8    Onlar Yusifə dedilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur». Yusif onlara dedi: «Yuxu yozmaq Allahın işi deyilmi? Onu mənə danışın».

9    Baş saqi yuxusunu Yusifə danışıb dedi: «Yuxumda gördüm ki, önümdə bir üzüm tənəyi var.

10   Tənəkdə üç budaq var idi. Onlarda tumurcuqlar görünüb çiçək açdı və salxımlar yetişdi.

11   Fironun piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona verdim».

12   Yusif ona dedi: «Onun yozması belədir: üç budaq üç gündür.

13   Üç gün ərzində firon səni yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun vaxtdakı kimi əvvəlki qaydaya görə fironun piyaləsini əlinə verəcəksən.

14   Ancaq sənin vəziyyətin yaxşılaşanda məni yadına sal və xeyirxahlıq göstər. Haqqımda firona danışıb məni bu yerdən çıxart.

15   Doğrudan da, mən İbranilərin torpağından oğurlanmışam və burada da zindana salınmağa layiq bir iş görməmişəm».

16   Baş çörəkçi Yusifin yuxunu yaxşılığa yozduğunu görüb ona dedi: «Mən isə yuxuda gördüm ki, başımın üstündə üç səbət ağ çörək var.

17   Ən üstdəki səbətdə çörəkçinin firon üçün bişirdiyi hər cür çörək var. Quşlar başımın üstündəki səbətdən onları yeyirdi».

18   Yusif belə cavab verdi: «Onun yozması belədir: üç səbət üç gündür.

19   Üç gün ərzində firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asacaq və quşlar sənin ətini didəcək».

20   Üçüncü gün – fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini əyanlarının önünə çıxartdı.

21   Baş saqini saqiliyinə qaytardı və o, piyaləni fironun əlinə verdi,

22   baş çörəkçini isə asdırdı; hər şey Yusifin yozduğu kimi oldu.

23 Ancaq baş saqi Yusifi yada salmadı və onu unutdu.

İki il keçəndən sonra firon belə bir yuxu gördü: o, Nil çayının sahilində dayanmışdı.

2    Çaydan yeddi bəslənmiş və kök inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı.

3    Onlardan sonra haldan düşmüş və arıq olan başqa yeddi inək Nil çayından çıxdı. Onlar çayın sahilindəki inəklərin yanında dayandılar.

4    Haldan düşmüş və arıq inəklər bəslənmiş və kök olan yeddi inəyi yedilər. Onda firon yuxudan oyandı.

5    Sonra yatıb ikinci dəfə bu yuxunu gördü: bir saplaqdan yeddi dolu və yaxşı sünbül çıxdı.

6    Onlardan sonra isə cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi.

7    Cılız sünbüllər yeddi böyük və dolu sünbülü uddular. Onda firon oyandı; bu bir yuxu idi.

8    Səhəri gün onun ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini çağırdı. Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir adam tapılmadı.

9    Baş saqi firona belə söylədi: «Mən bu gün öz günahımı yadıma saldım:

10   bir dəfə firon qullarına qəzəbləndi və mənimlə baş çörəkçini zindana, mühafizəçilər rəisinin evinə saldı.

11   Biz bir gecə yuxu gördük, hər birimiz müxtəlif mənalı yuxular gördük.

12   Orada bizimlə birgə mühafizəçilər rəisinin qulu olan bir İbrani gənc var idi. Biz ona danışdıq, o da yuxularımızı yozdu, hər birimizə yuxusunun mənasını izah etdi.

13   O bizə necə yozmuşdusa, elə də oldu: mən öz vəzifəmə qaytarıldım, baş çörəkçi isə asıldı».

14   Firon xəbər göndərib Yusifi çağırdı. Onu tez zindandan çıxartdılar. O, başını qırxıb paltarlarını dəyişdi və fironun hüzuruna gəldi.

15   Firon Yusifə dedi: «Bir yuxu görmüşəm, ancaq onu yozan yoxdur. Mən sənin barəndə eşitmişəm ki, yuxuları eşidib yoza bilirsən».

16   Yusif firona cavab verdi: «Bu məndən deyil, Allah fironun xeyrinə cavab verəcək».

17   Firon Yusifə dedi: «Yuxumda gördüm ki, Nil çayının sahilində durmuşam.

18   Çaydan kök və bəslənmiş yeddi inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı.

19   Onlardan sonra halsız, çox cılız və arıq olan başqa yeddi inək çıxdı. Bütün Misir ölkəsində bunlar kimi cılız inək görməmişəm.

20   Arıq və cılız inəklər əvvəlki yeddi kök inəyi yedilər.

21   Kök inəklər onların qarınlarına girdiklərinə baxmayaraq, bu bilinmirdi, onlar əvvəlki kimi arıq idi. Onda oyandım.

22   Yenə yuxumda gördüm ki, bir saplaqdan yeddi dolu və böyük sünbül çıxdı.

23   Onlardan sonra solğun, cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi.

24   Cılız sünbüllər yeddi dolu sünbülü uddular; bunları sehrbazlara danışdım, ancaq mənə cavab verən tapılmadı».

25   Yusif firona dedi: «Fironun yuxularının mənası eynidir. Allah etmək istədiyi işi firona bildirdi.

26   Yeddi bəslənmiş inək yeddi ildir, yeddi dolu sünbül də yeddi ildir; yuxuların mənası eynidir.

27   Onlardan sonra çıxan yeddi arıq, cılız inək və şərq küləyindən yanmış boş yeddi sünbül də yeddi ildir; yeddi il aclıq olacaq.

28   Firona demək istədiyim sözlər bunlardır. Allah etmək istədiyi işi firona göstərdi.

29   Bütün Misir torpağında yeddi il böyük bolluq olacaq.

30   Bundan sonra yeddi il aclıq olacaq. Misir ölkəsində olan bütün bolluq yaddan çıxacaq və aclıq ölkəni əldən salacaq.

31   Ölkədəki bolluq ondan sonra gələn aclıq üzündən görünməyəcək, çünki aclıq çox ağır olacaq.

32   Firon yuxunu iki dəfə görüb, çünki Allah belə qərara gəlmişdir və tezliklə bu işi görəcək.

33   Buna görə də firon ağıllı və müdrik bir adam axtarsın, onu Misir ölkəsinə başçı təyin etsin.

34   Firon ölkədə məmurlar qoymağı əmr etsin və yeddi il bolluq zamanı Misir torpağının məhsullarının beşdə birini yığsın.

35   Qoy onlar uğurlu olan bu illərin bütün məhsullarını toplasınlar. Taxılı isə azuqə olaraq şəhərlərdə fironun nəzarəti altında yığıb saxlasınlar.

36   Bu azuqə Misir torpağına gələn yeddi il aclıq dövrü üçün ehtiyat olacaq, ta ki ölkə əhalisi aclıqdan qırılmasın».

37   Bu sözlər fironun və onun əyanlarının xoşuna gəldi.

38   Firon əyanlarına dedi: «Bu adam kimi Allahın Ruhuna malik olan bir kəs tapa biləcəyikmi?»

39   Sonra firon Yusifə dedi: «İndi ki Allah sənə bütün bu şeyləri bildirdi, deməli, sənin kimi ağıllı və müdrik adam yoxdur.

40   Sən mənim saray adamlarıma başçılıq edəcəksən və bütün xalqım sənin əmrinlə idarə olunacaq. Mən yalnız taxtda səndən böyük olacağam».

41   Firon yenə Yusifə dedi: «Səni bütün Misir ölkəsinə başçı təyin edirəm».

42   Firon öz möhürünü barmağından çıxarıb Yusifin barmağına taxdı, ona incə kətan paltar geyindirdi və boynuna qızıl zəncir asdı.

43   Firon əmr etdi ki, onu özünün ikinci arabasına mindirsinlər və qarşısında «Diz çökün!» deyib bağırsınlar. Beləcə o, Yusifi bütün Misir ölkəsinə başçı qoydu.

44   Firon Yusifə dedi: «Mən fironam. Bütün Misir ölkəsində heç kəs sənsiz əlini yaxud ayağını tərpətməyəcək».

45   Firon Yusifin adını Safnat-Paneah qoydu və On şəhərinin kahini Poti-Feranın qızı Asnatı ona arvad olmaq üçün verdi. Yusif bütün Misir ölkəsini gəzməyə çıxdı.

46   Misir padşahı fironun hüzurunda olarkən Yusif otuz yaşında idi. Yusif fironun hüzurundan çıxıb bütün Misir ölkəsini dolaşdı.

47   Yeddi bolluq ilində torpaq qucaq-qucaq məhsul verdi.

48   Yusif yeddi ildə Misir torpağında yığılmış bütün məhsulu topladı. O, məhsulu şəhərlərə qoydu. Hər şəhərin ətrafında olan tarlada yetişən məhsulu o şəhərdə saxladı.

49   Yusif dəniz qumu qədər çox taxıl yığdı və daha onu hesablamadı, çünki sayı-hesabı yox idi.

50   Aclıq illərindən qabaq Yusifin iki oğlu oldu; onları Yusifə On kahini Poti-Feranın qızı Asnat doğdu.

51   Yusif ilk oğlunun adını Menaşşe qoydu, çünki demişdi: «Allah bütün zəhmətimi və atamın evindəkilərin hamısını mənə unutdurdu».

52   İkinci oğlunun adını Efrayim qoydu, çünki demişdi: «Allah əziyyət çəkdiyim torpaqda məni bəhərli etdi».

53   Misir torpağında yeddi il bolluq qurtardı.

54   Yusifin söylədiyi kimi yeddi il aclıq başladı. Bütün ölkələrdə aclıq oldu, lakin Misir torpağının hər yerində ərzaq var idi.

55   Bütün Misir əhalisi aclıq çəkəndə çörək üçün firona fəryad etdi. Firon bütün Misirlilərə dedi: «Yusifin yanına gedin, onun dediyini edin».

56   Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi.

57 Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə, Yusifin yanına gəlirdilər, çünki bütün yer üzündə şiddətli aclıq idi.

Yaqub öyrəndi ki, Misirdə taxıl var. O öz oğullarına dedi: «Nə üçün bir-birinizə baxırsınız?»

2    Yenə dedi: «Mən eşitdim ki, Misirdə taxıl var, gedib oradan bizim üçün taxıl alın ki, ölməyib yaşayaq».

3    Yusifin on qardaşı taxıl almaq üçün Misirə getdi.

4    Ancaq Yaqub Yusifin qardaşı Binyamini qardaşları ilə birgə göndərmədi, çünki fikirləşirdi ki, onun başına bir fəlakət gələ bilər.

5    Taxıl almağa gələnlər arasında İsrailin oğulları da var idi, çünki Kənan torpağında da aclıq hökm sürürdü.

6    Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə üzlərini yerə qoyub səcdə etdilər.

7    Yusif qardaşlarını görüb tanıdı, ancaq onlarla yad adam kimi rəftar edərək sərt danışdı. Yusif onlardan soruşdu: «Haradan gəlirsiniz?» Onlar dedilər: «Ərzaq almaq üçün Kənan torpağından gəlirik».

8    Yusif qardaşlarını tanıdı, amma onlar Yusifi tanımadılar.

9    Yusif qardaşları barədə gördüyü yuxuları xatırlayıb onlara dedi: «Siz casussunuz, ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz».

10   Qardaşları ona dedilər: «Xeyr, ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər.

11   Biz hamımız bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq, qulların casus deyil».

12   Ancaq Yusif onlara dedi: «Xeyr, siz ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz».

13   Onlar dedilər: «Biz qulların on iki qardaşıq və Kənan torpağında bir adamın oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır, bir qardaşımız isə yoxa çıxıb».

14   Yusif onlara dedi: «Hər şey mən dediyim kimidir: siz casussunuz,

15   ancaq mən sizi belə yoxlayacağam: fironun canına and olsun ki, kiçik qardaşınız buraya gəlməsə, siz buradan gedə bilməyəcəksiniz.

16   Aranızdan bir nəfəri göndərin ki, qardaşınızı gətirsin, siz isə burada saxlanacaqsınız. Onda sizin düz deyib-demədiyiniz bilinəcək. Yoxsa fironun canına and olsun ki, siz casussunuz».

17   Yusif üç gün onları zindanda saxladı.

18   Üçüncü gün Yusif onlara dedi: «Dediyimə əməl edib canınızı qurtarın, çünki mən Allahdan qorxuram.

19   Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın, siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın.

20   Sonra kiçik qardaşınızı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canınızı qurtaracaqsınız». Qardaşlar belə də etdilər.

21   Onlar bir-birlərinə dedilər: «Doğrudan da, biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük, ancaq ona qulaq asmadıq. Buna görə də başımıza bu bəla gəldi».

22   Ruven onlara belə cavab verdi: «Mən demədimmi uşağa pislik etməyin, lakin siz mənə qulaq asmadınız. İndi isə onun qanına görə cəza çəkirik».

23   Qardaşları Yusifin onları başa düşdüyünü bilmirdilər, çünki onlar tərcüməçi vasitəsilə danışırdılar.

24   Yusif onların yanından kənara çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət etdi. Aralarından Şimeonu götürüb qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı.

25   Yusif əmr etdi ki, onların çuvalları taxılla doldurulsun, hər birinin verdiyi pul da öz çuvalına qoyulsun və onlara yol üçün azuqə verilsin. Belə də edildi.

26   Qardaşlar taxıllarını eşşəklərinin belinə yükləyib oradan getdilər.

27   Onlardan biri gecələdiyi yerdə eşşəyinə yem vermək üçün çuvalını açanda öz pulunu gördü: pul çuvalın ağzında idi.

28   O, qardaşlarına dedi: «Pulum özümə qaytarılıb, budur, o, çuvalımın içindədir». Qardaşların ürəyi həyəcana düşdü və onlar qorxa-qorxa bir-birlərinə dedilər: «Allah bizim başımıza nə iş gətirdi?»

29   Onlar Kənan torpağına, ataları Yaqubun yanına gəldilər və başlarına gələn bütün hadisələri ona danışıb dedilər:

30   «O ölkənin başçısı olan adam bizimlə sərt danışdı, bizi ölkəyə gələn casuslar hesab etdi.

31   Ona dedik: “Biz təmiz adamlarıq, casus deyilik.

32   Biz bir atanın oğulları, on iki qardaşıq. Bir qardaşımız yoxa çıxıb, biri də indi Kənan torpağında atamızın yanındadır”.

33   O ölkənin başçısı olan adam bizə dedi: “Sizin təmiz adam olduğunuzu bundan biləcəyəm: qardaşlarınızdan birini yanımda qoyub, ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl götürərək gedin.

34   Sonra kiçik qardaşınızı yanıma gətirin. O zaman sizin casus deyil, təmiz adam olduğunuzu biləcəyəm. Onda qardaşınızı sizə təhvil verəcəyəm və ölkədə alver edə bilərsiniz”».

35   Qardaşlar çuvallarını boşaldarkən gördülər ki, hər kəsin çuvalında pul kisəsi var. Özləri və onların atası pul kisələrini görəndə qorxdular.

36   Ataları Yaqub onlara dedi: «Siz məni övladsız qoydunuz. Yusif yox, Şimeon yox, Binyamini də aparacaqsınız. Bütün bunları mənim başıma gətirmək istəyirsiniz».

37   Ruven atasına belə dedi: «Əgər onu sənin yanına gətirməsəm, iki oğlumu öldürərsən. Onu mənim ixtiyarıma ver, mən də onu qaytarıb yanına gətirəcəyəm».

38 Yaqub dedi: «Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz».

Kənan torpağında aclıq güclənmişdi.

2    Qardaşların Misirdən gətirdiyi buğda yeyilib tükənəndə ataları onlara dedi: «Yenə gedib bizə bir az ərzaq alın».

3    Yəhuda ona belə söylədi: «O adam bizə ciddi xəbərdarlıq edib dedi ki, əgər qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin.

4    Əgər sən qardaşımızı bizimlə göndərsən, gedib ərzaq alarıq.

5    Ancaq onu göndərməsən, getməyəcəyik, çünki o adam bizə dedi ki, qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin».

6    İsrail dedi: «Niyə o adama daha bir qardaşınız olduğunu bildirib mənə pislik etdiniz?»

7    Onlar dedilər: «O adam özümüz və ailəmiz barədə dəfələrlə bizə belə suallar verdi: “İndi atanız sağdırmı? Başqa qardaşlarınız varmı?” Biz də onun bu suallarına cavab verdik. Ağlımıza gələrdi ki, o bizə “qardaşınızı gətirin” deyəcək?»

8    Sonra Yəhuda atası İsrailə dedi: «Uşağı mənimlə göndər ki, qalxıb gedək. Sən də, biz də, uşaqlarımız da ölməyib sağ qalarıq.

9    Mən ona zamin dururam, onu məndən tələb edərsən. Əgər onu sənin yanına gətirib qarşında dayandırmasam, ömrüm boyu önündə təqsirkar olacağam.

10   Çünki biz gecikməsəydik, indi ikinci dəfə gedib-qayıdardıq».

11   Ataları İsrail onlara dedi: «Əgər belədirsə, bunu edin: torbalarınızda bu torpağın ən yaxşı məhsullarından o adama hədiyyə olaraq bir qədər balzam, bal, ədviyyat, ətriyyat, püstə və badam götürün.

12   Özünüzlə iki qat artıq pul götürün. Çuvallarınızın içində geri qaytarılmış pulu öz əllərinizlə aparıb verin, bəlkə bir səhv olub.

13   Qardaşlarınızı götürüb gedin və o adamın yanına qayıdın.

14   Külli-İxtiyar Allah o adamda sizə qarşı mərhəmət oyandırsın, o da digər qardaşınızı və Binyamini sizə təhvil versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy olum».

15   Qardaşlar özləri ilə hədiyyə və iki qat artıq pul götürdülər. Binyamini də götürüb qalxdılar və Misirə gəlib Yusifin önündə durdular.

16   Yusif Binyamini onlarla bərabər görəndə öz ev nəzarətçisinə dedi: «Bu adamları evə apar və heyvan kəsib hazırla, çünki onlar mənimlə nahar edəcəklər».

17   O adam Yusifin dediyinə əməl etdi: bu adamları Yusifin evinə apardı.

18   Bu adamlar Yusifin evinə aparıldıqları üçün qorxub dedilər: «Keçən dəfə çuvallarımızda geri qaytarılmış pul üstündə bizi aparırlar. O istəyir ki, bizə qarşı bəhanə tapıb üstümüzə düşsün, bizi özünə qul etsin və eşşəklərimizi alsın».

19   Onlar Yusifin ev nəzarətçisinə yaxınlaşdılar və evin astanasında ona belə söylədilər:

20   «Ey ağamız, keçən dəfə biz ərzaq almaq üçün gəlmişdik.

21   Ancaq gecələdiyimiz yerə çatdığımız zaman çuvallarımızı açıb gördük ki, hər birimizin pulu çəkisi əskik olmayaraq çuvalımızın içindədir. İndi onu öz əllərimizlə geri qaytarırıq.

22   Ərzaq almaq üçün özümüzlə başqa pul da gətirmişik. O pulu isə çuvallarımıza kimin qoyduğunu bilmirik».

23   Ev nəzarətçisi dedi: «Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı». Sonra Şimeonu onların yanına gətirdi.

24   O adam qardaşları Yusifin evinə gətirdi. Ayaqlarını yumaq üçün onlara su verdi və eşşəklərinə yem verdi.

25   Qardaşlar Yusif nahara gələnə qədər hədiyyəni hazırladılar, çünki orada yemək yeyəcəklərini eşitdilər.

26   Yusif evə gələndə onlar hədiyyəni otağa gətirib təqdim etdilər, onun önündə yerə qədər əyilib səcdə etdilər.

27   Yusif onların kefini soruşub dedi: «O dediyiniz qoca atanız salamatdırmı? Hələ də yaşayırmı?»

28   Onlar dedilər: «Sənin qulun atamız salamatdır, hələ də yaşayır». Onlar Yusifə əyilib səcdə etdilər.

29   Yusif başını qaldıranda öz anasının oğlu olan qardaşı Binyamini görüb dedi: «Mənə söylədiyiniz kiçik qardaşınız budurmu?» Sonra Binyaminə dedi: «Ey oğlum, Allah sənə lütf etsin».

30   Yusif tələsik oradan çıxdı, çünki qardaşını görəndə ürəyi sızıldadı, onu ağlamaq tutdu və otağa girib orada ağladı.

31   Sonra üzünü yuyub çıxdı, özünə gəlib dedi: «Yemək gətirin».

32   Yeməyi ona ayrıca, qardaşlarına ayrıca, onunla birgə yeyən Misirlilərə isə ayrıca qoydular, çünki Misirlilər İbranilərlə birgə yemək yeməzdilər; bu, Misirlilər üçün iyrənc bir şey idi.

33   Qardaşlar böyük-kiçikliyinə görə Yusifin hüzurunda oturdular. Onlar bir-birlərinə baxıb çaşdılar.

34 Yusifin önündəki yeməklərdən onlara pay ayrıldı. Ancaq Binyaminin payı onların hər birinin payından beş qat artıq idi. Onlar yeyib-içdilər və onunla bərabər xoş vaxt keçirdilər.

Yusif öz ev nəzarətçisinə əmr edib dedi: «Bu adamların çuvallarını gücləri çatana qədər ərzaqla doldur və hər kəsin pulunu öz çuvalının ağzına qoy.

2    Kiçiyinin çuvalının ağzına isə mənim gümüş kasamı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi.

3    Səhər açılanda bu adamları eşşəkləri ilə birgə yola saldılar.

4    Onlar hələ şəhərdən uzaqlaşmamışdı ki, Yusif öz ev nəzarətçisinə dedi: «Qalx o adamların dalınca get və onlara çatdığın zaman belə söylə: “Nə üçün yaxşılığa pisliklə cavab verdiniz?

5    Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz”».

6    Ev nəzarətçisi onlara çatdı və bu sözləri söylədi.

7    Qardaşlar ona dedilər: «Nə üçün ağam belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun.

8    Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik?

9    Qoy bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq».

10   O dedi: «Yaxşı, qoy siz deyən kimi olsun: bu kimin yanında tapılsa, o mənə qul olsun, qalanlarınız isə təqsirkar olmayacaqsınız».

11   Onların hər biri tələsik çuvalını yerə endirdi və çuvalının ağzını açdı.

12   Ev nəzarətçisi böyükdən başlayıb kiçiyə qədər onları axtardı və kasa Binyaminin çuvalından tapıldı.

13   Qardaşlar paltarlarını cırdılar və hər biri eşşəyini yükləyib şəhərə qayıtdı.

14   Yəhuda qardaşları ilə birgə Yusifin evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə qapandılar.

15   Yusif onlara dedi: «Bu nə işdir, görmüsünüz? Güman etmədiniz ki, mənim kimi bir adam baxıcılıq edə bilər?»

16   Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq».

17   O dedi: «Yox, mən belə etməyəcəyəm. Yalnız yanında kasa tapılan adam mənə qul olacaq, siz isə sağ-salamat atanızın yanına gedin».

18   Yəhuda ona yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan.

19   O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda

20   biz ağamıza söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir”.

21   Sən qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm”.

22   Biz də ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki atasından ayrılsa, atası ölər”.

23   Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə, bir daha gözümə görünməyin”.

24   Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini ona çatdırdıq.

25   Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”.

26   Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik”.

27   Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki, arvadım mənə iki oğul doğdu.

28   Bir oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi bir heyvan parçalayıb; indiyə qədər o oğlumu görməmişəm.

29   Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”.

30   İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq bizimlə olmasa və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız

31   onu görməsə, ölər. Onda biz qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik.

32   Mən qulun, atama uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam”.

33   İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım, uşaq isə qardaşlarımla birgə getsin.

34 Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm».

Yusif yanında duranların hamısının önündə özünü saxlaya bilməyib qışqırdı: «Hamını yanımdan çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi.

2    O hönkürüb ağladı. Misirlilər və fironun saray adamları eşitdilər.

3    Yusif qardaşlarına dedi: «Mən Yusifəm. Atam hələ sağdırmı?» Qardaşları ona cavab vermədilər, çünki çaşıb qalmışdılar.

4    Yusif qardaşlarına dedi: «Mənə yaxın gəlin». Onlar yaxın gəldilər. Yusif dedi: «Misirə satdığınız qardaşınız Yusif mənəm.

5    İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi.

6    Artıq iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin olmayacaq.

7    Allah məni sizdən qabaq buraya göndərdi ki, sizi yer üzündə saxlasın və böyük bir qurtuluşla həyatınızı qorusun.

8    Ona görə də məni buraya göndərən siz deyilsiniz, Allahdır. O məni firona ata, onun bütün saray adamlarına ağa, bütün Misir ölkəsinə isə başçı etdi.

9    Tez atamın yanına gedib ona söyləyin ki, oğlun Yusif belə deyir: “Allah məni bütün Misir ölkəsinə ağa etdi. Daha durma, yanıma gəl.

10   Qoşen vilayətində yaşayarsan. Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran – sənin hər şeyin mənə yaxın olar.

11   Orada sənin qayğına qalaram, çünki daha beş il aclıq olacaq. Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq çəkəcək”.

12   İndi sizin və qardaşım Binyaminin gözləri görür ki, bu sözləri dilimlə sizə deyirəm.

13   Misirdə sahib olduğum böyük izzəti və bütün gördüklərinizi atama bildirin və tezliklə atamı buraya gətirin».

14   Yusif qardaşı Binyaminin boynuna sarılıb ağladı, Binyamin də onun boynuna sarılıb ağladı.

15   Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı. Bundan sonra qardaşları onunla söhbət etdilər.

16   Yusifin qardaşlarının gəlməsi barədə fironun sarayına xəbər çatdı. Bu xəbər fironun və onun əyanlarının xoşuna gəldi.

17   Firon Yusifə dedi: «Qardaşlarına söylə ki, belə etsinlər: heyvanlarınızı yükləyin və yola düşüb Kənan torpağına gedin.

18   Atanızı və ev adamlarınızı götürüb yanıma gəlin. Sizə Misir ölkəsində ən yaxşı torpağı verəcəyəm, torpağın şirəsini yeyəcəksiniz.

19   Sənə isə əmr olunur ki, onlara söyləyəsən: “Belə edin: arvad-uşağınız üçün Misir ölkəsində özünüzə arabalar alın və atanızı gətirib gəlin”.

20   Orada qalan şeylərinizdə gözünüz qalmasın, çünki bütün Misir torpağının ən yaxşı şeyləri sizindir».

21   İsrailin oğulları belə də etdilər. Yusif fironun əmri ilə onlara arabalar və yol üçün azuqə verdi.

22   Onların hər birinə bir dəst paltar verdi, Binyaminə isə üç yüz parça gümüş və beş dəst paltar verdi.

23   Yusif atası üçün Misirin ən yaxşı şeyləri ilə yüklənmiş on eşşək, yol üçün taxıl, çörək və azuqə yüklənmiş on dişi eşşək göndərdi.

24   O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi: «Yolda dava etməyin».

25   Onlar Misirdən çıxıb Kənan torpağına, ataları Yaqubun yanına gəldilər.

26   Ona hər şeyi danışıb dedilər: «Yusif sağ-salamatdır, özü də bütün Misir ölkəsinə başçılıq edir». Yaqub heyrətlənib qaldı və onlara inanmadı.

27   Qardaşlar Yusifin onlara dediyi bütün sözləri ona söylədilər. Onu aparmaq üçün Yusifin göndərdiyi arabaları görəndə ataları Yaqubun ürəyi ruhlandı.

28 İsrail dedi: «İndi inandım ki, oğlum Yusif sağ-salamatdır. Qoy ölməmişdən qabaq gedib onu görüm».

  İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi.

2    Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!» Yaqub cavab verdi: «Mən buradayam».

3    Allah dedi: «Mən Allaham, atanın Allahıyam. Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm.

4    Mən də səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam. Yusif öz əli ilə sənin gözlərini bağlayacaq».

5    Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər.

6    Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər.

7    O özü ilə birgə oğullarını və qızlarını, oğul nəvələrini və qız nəvələrini – bütün övladlarını Misirə gətirdi.

8    İsrailin Misirə gələn oğullarının – Yaqubla oğullarının adları belədir: Yaqubun ilk oğlu Ruven.

9    Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.

10   Şimeonun oğulları: Yemuel, Yamin, Oxad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul.

11   Levinin oğulları: Gerşon, Qohat və Merari.

12   Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul.

13   İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron.

14   Zevulunun oğulları: Sered, Elon və Yaxleel.

15   Bunlar Yaqubun Leadan doğulan övladlarıdır. Lea onları və qızı Dinanı Paddan-Aramda doğdu. Yaqubun oğul və qız övladları cəmi otuz üç nəfər idi.

16   Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli.

17   Aşerin oğulları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. Berianın oğulları: Xever və Malkiel.

18   Bunlar Lavanın qızı Leaya verdiyi Zilpadan doğulan Yaqub övladlarıdır. Onlar on altı nəfər idi.

19   Yaqubun arvadı Rəhilənin oğulları: Yusif və Binyamin.

20   Yusifin Misirdə On şəhərinin kahini Poti-Feranın qızı Asnatdan Menaşşe və Efrayim adlı iki oğlu oldu.

21   Binyaminin oğulları: Bela, Beker, Aşbel, Gera, Naaman, Exi, Roş, Muppim, Xuppim və Ard.

22   Bunlar Yaqubun Rəhilədən doğulan övladlarıdır. Onlar on dörd nəfər idi.

23   Danın oğlu Xuşim.

24   Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem.

25   Bunlar Lavanın qızı Rəhiləyə verdiyi Bilhadan doğulan Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi.

26   Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn övladları altmış altı nəfər idi.

27   Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun ailəsində yetmiş nəfər var idi.

28   Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına göndərdi. Onlar Qoşen torpağına girəndə

29   Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi. Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı.

30   İsrail Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış».

31   Yusif qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər.

32   Onlar sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-qaraları və bütün şeyləri ilə birlikdə gəliblər.

33   Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa,

34 deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».

Yusif fironun yanına daxil olub dedi: «Kənan torpağından atam və qardaşlarım qoyun-keçiləri, mal-qaraları və özlərinə məxsus hər şeyləri ilə birgə buraya gəliblər və indi Qoşen vilayətindədirlər».

2    Sonra qardaşları arasından beşini götürüb fironun hüzuruna gətirdi.

3    Firon Yusifin qardaşlarına dedi: «Nə işin sahibisiniz?» Onlar firona dedilər: «Biz qulların, atalarımız kimi çobanıq.

4    Bu ölkəyə müvəqqəti yaşamaq üçün gəlmişik, çünki Kənan torpağında dəhşətli aclıq hökm sürür. Sürülərimiz üçün otlaq yox idi. İndi xahiş edirik ki, Qoşen vilayətində yaşamağa izin verəsiniz».

5    Firon Yusifə dedi: «Atanla qardaşların yanına gəliblər.

6    Misir torpağı sənin önündədir: atanla qardaşlarını bu torpağın ən yaxşı yerlərində yerləşdir. Qoy Qoşen vilayətində yaşasınlar. Aralarında hansı bacarıqlıdırsa, onu mənim sürülərimə çoban qoy».

7    Yusif atası Yaqubu götürüb fironun hüzuruna gətirdi. Yaqub firona xeyir-dua verdi.

8    Firon Yaqubdan soruşdu: «Neçə yaşın var?»

9    Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı».

10   Sonra firona xeyir-dua verib onun hüzurundan çıxdı.

11   Yusif atası ilə qardaşlarını Misirdə yerləşdirdi və fironun əmrinə əsasən onlara ölkənin ən yaxşı yerində – Ramses bölgəsində mülk verdi.

12   Bundan əlavə, Yusif atasına, qardaşlarına və atasının ailəsinə malik olduqları uşaqların sayına görə çörək saxladı.

13   Aclıq getdikcə o qədər gücləndi ki, heç bir ölkədə çörək tapılmadı. Misir və Kənan ölkələrinin əhalisini aclıq taqətdən salmışdı.

14   Yusif satdığı taxılın əvəzində Misir və Kənan ölkələrində yığılan bütün pulları toplayıb fironun sarayına apardı.

15   Misir və Kənan ölkələrində pul qurtaranda bütün Misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə çörək ver. Gərək qarşında ölək? Axı pulumuz qurtarıb».

16   Yusif dedi: «Onda heyvanlarınızı verin. Əgər pulunuz qurtarıbsa, heyvanlarınızı verin, onların əvəzinə sizə çörək verərəm».

17   Onlar heyvanlarını Yusif üçün gətirdilər. Yusif də atların, qoyun-keçi və mal-qara sürülərinin, eşşəklərin əvəzinə onlara çörək verdi. Həmin il onları heyvanları əvəzinə verdiyi çörəklə saxladı.

18   İl başa çatanda ikinci il yenə onun yanına gəlib dedilər: «Ağamızdan gizli deyil ki, pulumuz qurtarıb, heyvan sürülərimiz də ağamızındır. Ağamızın hüzurunda canımız və torpaqlarımızdan başqa bir şeyimiz qalmadı.

19   Nə üçün gözünün önündə torpağımızla bərabər məhv olaq? Bizi və torpaqlarımızı çörək əvəzinə satın al. Qoy firon bizim də, torpaqlarımızın da sahibi olsun. Toxum ver ki, ölməyib yaşaya bilək, həm də torpağımız səhraya çevrilməsin».

20   Beləliklə, Yusif Misirin bütün torpaqlarını firon üçün satın aldı. Bütün Misirlilər öz zəmilərini satdılar, çünki aclıqdan əzab çəkirdilər. Bütün torpaqlar fironun oldu.

21   Yusif Misir ərazisinin bir ucundan o biri ucuna qədər bütün əhalisini şəhərlərə köçürdü.

22   Yalnız kahinlərin torpağını satın almadı, çünki onlar firondan məvacib alır və fironun verdiyi məvaciblə dolanırdılar. Buna görə də torpaqlarını satmadılar.

23   Yusif xalqa dedi: «Sizi də, torpaqlarınızı da firon üçün satın almışam. Alın, bu sizin toxumunuz, torpağı əkin.

24   Məhsul yığılanda onun beşdə birini firona verin. Beşdə dördünü isə toxumluq olaraq istifadə edin. Həm özünüz, həm külfətiniz, həm də övladlarınız yesin».

25   Xalq isə dedi: «Sən bizim canımızı qurtardın. Qoy ağamızın gözündə lütf tapaq, biz fironun köləsi oluruq».

26   Yusif məhsulun beşdə birinin firona verilməsi barədə Misirdə bir torpaq qanunu qoydu. Bu qanun bu günə qədər qüvvədədir. Yalnız kahinlərin torpaqları firona verilmədi.

27   İsrailin nəsli Misirdəki Qoşen vilayətində yaşayaraq orada mülk sahibi oldu. Onlar artaraq çoxaldılar.

28   Yaqub Misir torpağında on yeddi il yaşadı. O, yüz qırx yeddi il ömür sürdü.

29   İsrailin öləcəyi gün yaxınlaşanda oğlu Yusifi çağırıb dedi: «Əgər gözündə lütf tapmışamsa, əlini budumun altına qoy və and iç ki, xeyirxahlıq və sədaqət göstərib məni Misirdə basdırmayacaqsan,

30   ancaq atalarımla birgə uyumaq üçün öləndə məni Misirdən aparıb onların məqbərəsində basdıracaqsan». Yusif dedi: «Dediyin kimi edərəm».

31   Atası dedi: «Mənə and iç». O da and içdi. İsrail yatağının başına söykənib Allaha səcdə etdi.