Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi.
2 Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu.
3 İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi.
4 O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı.
5 Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı.
6 İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi.
7 İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan».
8 Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz».
9 Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu».
10 İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox».
11 Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi.
12 İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi?
13 Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam.
14 İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız.
15 Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.
16 Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil.
17 Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.
18 Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin.
19 İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: O Mənəm.
20 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».
21 İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək».
22 Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar.
23 Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı.
24 Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun.
25 Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?»
26 İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi.
27 Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi.
28 İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi.
29 Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir.
30 Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi.
31 O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi.
32 İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək.
33 Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm.
34 Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.
35 Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».
36 Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən».
37 Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm».
38 İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.
Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin.
2 Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm?
3 Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
4 Gedəcəyim yerə aparan yolu tanıyırsınız».
5 Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?»
6 İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
7 Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz».
8 Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir».
9 İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən?
10 Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür.
11 Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın.
12 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm
13 və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin.
14 Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm.
15 Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz.
16 Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun.
17 O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq.
18 Sizi yetim qoymaram, yanınıza gələcəyəm.
19 Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız.
20 O gün biləcəksiniz ki, Mən Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm.
21 Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm».
22 İskaryot deyil, o biri Yəhuda Ona dedi: «Ya Rəbb, necə olacaq ki, Özünü dünyaya deyil, bizə zahir edəcəksən?»
23 İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq.
24 Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür.
25 Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim.
26 Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq.
27 Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın.
28 Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür.
29 Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız.
30 Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur.
31 Ancaq dünya bilməlidir ki, Mən Atanı sevirəm və Ata Mənə nə əmr etdisə, ona əməl edirəm. İndi isə qalxın buradan gedək.
1 Mən həqiqi Meynəyəm, Atam da Bağbandır.
2 Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin.
3 Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz.
4 Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz.
5 Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.
6 Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar.
7 Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.
8 Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.
9 Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın.
10 Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.
11 Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun.
12 Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.
13 Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.
14 Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız.
15 Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
16 Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.
17 Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.
18 Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib.
19 Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir.
20 Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər.
21 Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar.
22 Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur.
23 Mənə nifrət edən Atama da nifrət edir.
24 Əgər Məndən başqa heç kəsin etmədiyi işləri onların arasında etməsəydim, günahları olmazdı. Amma indi Mənim nə etdiyimi gördülər, həm Mənə, həm də Atama nifrət etdilər.
25 Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında yazılan “Mənə nahaqdan nifrət etdilər” sözü yerinə yetsin.
26 Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək.
27 Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz.
1 Büdrəməyəsiniz deyə bunları sizə söylədim.
2 Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək.
3 Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar.
4 İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız. Əvvəldən bunları sizə söyləmədim, çünki sizinlə birlikdə idim.
5 İndi isə Məni Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur.
6 Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu.
7 Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm.
8 O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək:
9 günah barədə, çünki Mənə iman etmirlər;
10 salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz;
11 mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub.
12 Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz.
13 Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək.
14 O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək.
15 Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim.
16 Az bir müddətdən sonra Məni artıq görməyəcəksiniz, az bir müddətdən də sonra Məni yenə görəcəksiniz».
17 O vaxt İsanın bəzi şagirdləri bir-birinə dedilər: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” və “çünki Atanın yanına gedirəm” sözlərinin mənası nədir?»
18 Öz aralarında soruşurdular: «Söylədiyi “az bir müddət” nə deməkdir? Nə dediyini anlamırıq».
19 İsa Ondan soruşmaq istədiklərini bilib onlara dedi: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” sözüm barədəmi bir-birinizdən soruşursunuz?
20 Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək.
21 Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar.
22 Beləcə siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək.
23 O gün Məndən heç nə soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.
24 İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun.
25 Sizə bu şeyləri məsəllərlə söylədim. İndi elə bir zaman gəlir ki, daha məsəllərlə sizinlə danışmayacağam, amma Ata barədə sizə açıq danışacağam.
26 O gün siz Mənim adımla diləyəcəksiniz. Mən sizin barənizdə Atadan bir şey xahiş edəcəyimi söyləmirəm.
27 Axı Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız.
28 Atanın yanından dünyaya gəldim, yenə dünyanı tərk edib Atanın yanına gedirəm».
29 Şagirdləri dedi: «Budur, indi açıq danışırsan, heç bir məsəl söyləmirsən.
30 İndi anlayırıq ki, Sən hər şeyi bilirsən və heç kəsin Səndən soruşmasına ehtiyacın yoxdur. Buna görə də Allahdan gəldiyinə inanırıq».
31 İsa onlara dedi: «İndi inanırsınızmı?
32 Budur, hər birinizin dağılıb öz evinə gedəcəyiniz və Məni tək qoyacağınız vaxt gəlir və artıq gəlib. Amma Mən tək deyiləm, çünki Ata Mənimlədir.
33 Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim».
Yəhya 13-16