Skip to content

Müqəddəs Ruh Pentikostda gəlir

1 Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı.

2 Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü.

3 Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür.

4 Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.

5 Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar.

6 Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı.

7 Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi?

8 Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik?

9 Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində,

10 Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan

11 Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır».

12 Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?»

13 Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar».

14 Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın.

15 Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır.

16 Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir.

17 Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Cavanlarınız görüntülər, Ağsaqqallarınızsa röyalar görəcək.

18 O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək.

19 Yuxarıda – göylərdə xariqələr, Aşağıda – yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü buxarları görünəcək.

20 Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.

21 Rəbbin adını çağıran hər kəs xilas olacaq”.

22 Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir.

23 Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz.

24 Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi.

25 Davud da Onun barəsində demişdi: “Rəbbə əbədilik üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram.

26 Elə bunun üçün qəlbim sevinir, dilim şad olur, Cismim belə, ümidlə yaşayır.

27 Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını çürüməyə qoymazsan.

28 Mənə həyat yolunu öyrədirsən, Hüzurunda mənə doyunca sevinc verirsən”.

29 Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır.

30 Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi.

31 Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah Onu ölülər diyarına atmaz, Cismini çürüməyə qoymaz.

32 Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq.

33 Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, vəd edilən Müqəddəs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü.

34 Davud özü göylərə qalxmadı, amma belə dedi: “Rəbb mənim Ağama dedi:

35 ‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur›”.

36 Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir».

37 Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?»

38 Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız.

39 Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür».

40 Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun».

41 Onun sözünü qəbul edənlər vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu.

42 Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər.

43 Bütün imanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə çoxlu xariqələr və əlamətlər göstərilirdi.

44 İman edənlərin hamısı bir yerdə idi, bütün əmlaklarından da birgə istifadə edirdi.

45 Onlar mallarını, mülklərini satıb pulu hər kəsə ehtiyacına görə paylayırdılar;

46 hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb yeyirdilər.

47 Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və imanlılara qoşurdu.

Həvarilərin işləri 2: 1-47