Bu veb-sayt İncil – Müjdə barədədir. Lakin bu veb-sayt XRİSTİANLIQ barədə deyil. Bunların fərqini görmək əhəmiyyətlidir.
Özüm barədə məqalədə izah etdiyim kimi, yalnız peyğəmbərlərin yazdığı İncil həyatımı dəyişdi və məni cəlb etdi. Xristianlıq heç vaxt mənə bu qədər təsir göstərməmişdi; xristianlıq heç vaxt məndə İncilə maraq oyatmamışdı. Mən yalnız öz həyatımda baş verənləri təsvir edə bilərəm, buna görə də bu veb-saytı yalnız peyğəmbərlərin yazdığı Müqəddəs Kitaba (Tövrat, Zəbur, peyğəmbərlərin kitabları və İncilə) həsr edirəm. Xristianlıq barədə yazan bir çox veb-saytlar var; bəziləri yaxşıdır, bəziləri çox da yaxşı deyil. Xristianlıq barədə oxumaq istəsəniz, məsləhət edirəm ‘Xristianlıq’ yazıb Google-də axtarın və müvafiq saytları oxuyun.
Beləliklə, Müjdə ilə xristianlıq arasında fərq nədədir? Siz Ərəb və Müsəlman arasında fərq qoymadığınız kimi bunları da oxşar hesab edə bilərsiniz. Qərbdə yaşayanların əksəriyyəti də Ərəbləri Müsəlman, Müsəlmanları isə Ərəb hesab edirlər. Əlbəttə, bunların bir-birinə böyük təsiri olub. İslam Ərəb mədəniyyətinə və Ərəb adətlərinə böyük təsir göstərib; Məhəmməd peyğəmbər (s) və onun davamçıları Ərəblər olub; İslam Ərəb mühitində yaranıb və böyüyüb. Beləliklə, Quran əsasən Ərəb dilində oxunur və qəbul edilir. Lakin bir çox müsəlman var ki, bunlar Ərəb deyillər və bir çox Ərəb də var ki, bunlar Müsəlman deyillər. Bunlar bir-birinə böyük təsir göstərsə belə, eyni deyillər.
Bu, İncil və xristianlığa da aiddir. Xristianlıqda İncilə heç aidiyyəti olmayan bir çox xüsusiyyətlər, inanclar və təcrübələr var. Məsələn, məşhur Pasxa və Milad bayramları. Bunlar xristianlığı təmsil edən tanınmış bayramlardır. Bu bayramlar peyğəmbər İsa Məsihin (s) doğulmasına və ölümünə həsr olunub; İsa Məsih (s) İncilin əsas peyğəmbəridir. Lakin İncildə və ya Müjdələrdə heç bir yerdə bu bayramlara aid bir söz belə, yazılmır, bunlara bir istinad yoxdur və bu bayramlara aid əmr (və ya göstəriş) verilmir. Bu bayramları qeyd etməyi xoşlasam da, bir çox dostlarım var ki, İncil ilə maraqlanmır, lakin bu bayramları qeyd etməyi xoşlayırlar. Əslində, müxtəlif xristian təriqətləri bu bayramları fərqli günlərdə qeyd edirlər. Başqa nümunə gətirim. İncil İsa Məsihin (s) Öz şagirdlərini ‘sizə salam olsun’ (yəni Salam və aleykum) sözləri ilə salamladığı barədə yazır, lakin buna baxmayaraq, xristianlar bu gün bu sözlərlə salamlaşmırlar.
“O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi”
Yəhya 20:19
İncilin yazılmasından sonra yaranan bayramlarda, kilsələrdə, ikona və heykəllərdə (kilsələrdə) bir çox müsbət və mənfi cəhətlər var ki, bunlar da xristian dininin ayrılmaz bir hissəsinə çevrilib.
İncil və xristianlıq bir-biri ilə sıx əlaqədə olsalar da, bunlar eyni deyil. Əslində, bütün Müqəddəs Kitabda “xristian” (və ya “məsihçi”) sözünə yalnız üç dəfə rast gəlmək olur. Birinci dəfə qeyd olunanda deyilir ki, bu sözü o dövrdə yaşayan bütpərəstlər İsa Məsihin şagirdlərini adlandırmaq üçün icad etdilər:
“Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı”
Həvarilərin İşləri 11:26
Antakya sakinləri o dövrdə çoxlu allahlara sitayiş edirdilər. Onlar İsanın şagirdlərinə “ xristian” dedilər. Tövrat, Zəbur və İncildəki terminlər və anlayışlar İncili ‘Doğru yol’ və ‘Düzgün yol’ deyə təsvir edirdilər; İncilə riayət edənləri isə ‘imanlılar’, ‘şagirdlər’, ‘Doğru yol ilə gedənlər’, “Allahın salehliyinə itaət edənlər” adlandırırdılar.
Mən hesab edirəm ki, hər kəsin İncili oxuyub dərk etmək imkanı olmalıdır. İncil ilə İslam arasında ümumi tarix və eyni təməl var; ziddiyyətlərin əksəriyyəti əsasən anlaşılmazlıq səbəbi ilə yaranıb. Beləliklə, dostlarımla birlikdə mən bu veb-saytı təşkil etdik. İnşallah, Allahın köməyi ilə, bu veb-sayt imanlılara peyğəmbərlərin sözlərini anlamaqda kömək edəcək və İsa Məsihin (s) uzun müddət əvvəl Doğru Yolun qüdrəti barədə öyrətdiklərinə uyğun olaraq, adamların həyatları həmişəlik dəyişəcək.
İncili peyğəmbər İsa Məsihin (s) gətirdiyini və Allahdan qorxanların peyğəmbərlərin söylədiklərini anlamalı olduqlarını bilirik. Buna görə də, xristianlığa dair ziddiyyətləri araşdırmaq məsələsini başqa adamlara və başqa yerdə həll etməyi həvalə edirik. Xristianlığın mürəkkəb məsələləri İncili anlamaqda insanlara mane olmamalıdır. İncili dərk etməyə dəyər. Ümidvaram ki, siz də mənim kimi eyni şərtlə bu kitabla maraqlanacaqsınız.