Müqəddəs Kitabın – Tövrat, Zəbur və İncilin korlanmadığını Quran deyir. Biz bunu artıq gördük. İncilin davamçılarında Allahın Kəlamı var – Quran bunu aydın yazır. Bu, Məhəmməd peyğəmbərin (s) dövründə, təxminən b.e. 600-cü ilində yazılmışdı. Beləliklə, Müqəddəs Kitab bu tarixə qədər korlanmamışdır. Quran bəyan edir ki, İncildə yazılanlar:
- Allahın Sözləri olub və
- Allahın Sözləri heç vaxt dəyişdirilə bilməz.
Bu bəyanatların hər ikisi düzgün olduğu üçün demək olar ki, adamlar Allahın (Tövrat, Zəbur və İncili = Müqəddəs Kitabı) Kəlamını dəyişdirə bilməzlər.
Məhəmməd peyğəmbər (s) və Müqəddəs Kitab
Burada biz hədislərin və sunnanın bu barədə söylədiklərini tədqiq edəcəyik. Fikir verin ki, növbəti hədislər Məhəmməd peyğəmbərin (s) dövründə olan Tövrat və İncilin mövcudluğunu və istifadə olunmasını təsdiqləyir.
«Xədicə [onun arvadı] onunla [Peyğəmbərlə – (s)] birgə öz əmisi oğlu Varaqanın yanına getdi …, o, İslamdan əvvəlki dövrdə xristian olmuşdu və əvvəllər İbrani hərfləri ilə Müqəddəs Yazıları köçürürdü. O, Allahın izni ilə yəhudi dilində Müjdəni yazırdı».
Cild Buxari Cild 1, Kitab 1, № 3
Abu Huraira demişdi: … Müqəddəs Kitab əhli əvvəllər Tövratı yəhudi dilində oxuyub müsəlmanlara Ərəb dilində izah edirdilər. Sonra Allahın Elçisi dedi: «Müqəddəs Kitab əhlinə inanmayın, onlara imansızlıq da göstərməyin. Lakin belə deyin: ‘Biz Allaha və verilən bütün vəhylərə inanırıq …’
Buxari Cild 9, Kitab 93, №. 632
Yəhudilər Allahın Elçisinin yanına gəlib dedilər: aralarında olan bir kişi bir qadın ilə qanunsuz cinsi yaxınlıq ediblər. Allahın Elçisi onlara dedi: «Tövratdakı Qanunda Ər-Rəjm (daşlamaq) barədə nə oxuyursunuz?” Onlar cavab verdilər: «(Axı) biz onların cinayətini elan edib onları qamçılayırıq». Abdulla bin Salam dedi: «Siz yalan deyirsiniz; Tövratda Rəjm qaydası var». … Rəjm sözü burada yazılıb. Onlar dedilər: «Məhəmməd həqiqəti söylədi; Tövratda Rəjm sözü var.
Buxari Cild 4, Kitab 56, № 829
Abdulla İbn Umar danışıb: …Bir qrup yəhudi gəldi və Allahın Elçisini (s) Quff şəhərinə dəvət etdi. … Onlar dedilər: ‘Abul Qasım, aramızda olan bir kişi bir qadınla zina edib; onların cəzasını bəyan et’. Onlar Allahın Elçisi (s) üçün bir balış verdilər, o, üstündə oturub dedi: «Tövratı gətirin”. Gətirdilər. O, balışı altından çıxarıb üstünə qoyub dedi: «Səni və səni göndərənə iman etmişəm».
Sunan Abu Davud, Kitab 38, № 4434.
Abu Hurayra danışıb: Allahın Elçisi (s) dedi: Ən gözəl gün Cümədir. Cümə günü Adəm yaradıldı, …. Ka’b dedi: Bu, ildə bir dəfə olan gündür. Beləliklə, mən dedim: Bu, hər Cümə günüdür. Kab Tövratı oxuyub dedi: Allahın Elçisi (s) həqiqəti dedi.
Sunan Abu Davud Kitab 3, No. 1041
Hamı tərəfindən qəbul olunan bu hədislər Məhəmməd peyğəmbərin (s) onun yaşadığı dövrdə Müqəddəs Kitaba münasibətini göstərir. Birinci hədis bizə deyir ki, peyğəmbər çağırışını aldığı vaxt İncil mövcud idi. İkinci hədis bizə deyir ki, Müsəlman cəmiyyəti yarananda yəhudilər Tövratı İbrani dilində oxuyurdular. Peyğəmbər (s) onların mətni barədə mübahisə etmirdi, onların Ərəb dilində verdiyi şərhlərə laqeyd idi (nə təsdiq, nə də inkar edirdi). Növbəti iki hədis bizə deyir ki, Məhəmməd peyğəmbər (s) öz vaxtında qərar qəbul etmək üçün Tövratdan istifadə edirdi. Sonuncu hədis bizə göstərir ki, o dövrdə olan Tövrat Məhəmməd peyğəmbərin insanın yaradılması barədə sözünü təsdiqləmək üçün istifadə olunurdu (bu, Cümə günü baş vermişdi). Bu halda, Tövrat Məhəmməd peyğəmbərin (s) təlimini yoxlamaq üçün istifadə olundu. Beləliklə, Tövrat belə istifadə olunduğu üçün həqiqi idi. Bu hədislərin heç birində biz Müqəddəs Kitabın mətninin dəyişdiyi və ya korlandığı barədə bir söz oxumuruq.
İncilin (Əhdi-Cədidin) qədim əlyazmaları
Mənim Əhdi-Cədidin (İncilin) qədim əlyazmaları barədə bir kitabım var. Kitab belə başlayır:
«Bu kitab 69 qədim Əhdi-Cədid əlyazmasını təqdim edir… bunların tarixi II əsrin əvvəlindən IV əsrin əvvəlinə aiddir (b.e.100-300) … bunlarda Əhdi-Cədid mətninin 2/3 hissəsi var”(P. Komfort, «
Qədim Əhdi-Cədid Yunan Əlyazmalarının mətni”. Ön söz, səh. 17. 2001 ).
Bu, çox vacibdir, çünki bu əlyazmalar Roma İmperatoru Konstantindən əvvəl (b.e.325) mövcud idi. Bəziləri onun da Müqəddəs Kitabın mətnini dəyişdirdiyini fikirləşirlər. Konstantin mətni korlayıbsa, biz onun dövründən sonrakı mətni onun dövründən əvvəlki əlyazmalarla müqayisə edə bilərik (bizdə bu əlyazmalar var). Lakin bir fərqi aşkar etmirik.
Eləcə də, Müqəddəs Kitabın bu və digər nüsxələri Məhəmməd peyğəmbərdən (s) xeyli əvvəl yazılmışdı. 600-cü ildən əvvələ aid olan minlərlə əlyazma dünyanın müxtəlif yerlərində aşkar olunub. Məhəmməd peyğəmbər (s) b.e. 600-cü ilində Müqəddəs Kitabı həqiqi hesab edirdi. Bizdə də Müqəddəs Kitabın bir çox nüsxələri var ki, bunlar Peyğəmbərin yaşadığı tarixdən yüz illərlə əvvəlki tarixə aiddir – bunların mətni bugünkü Müqəddəs Kitabın mətni ilə eynidir. Buna görə aydındır ki, Müqəddəs Kitab heç dəyişdirilməyib.
“Xristianlar mətnləri dəyişdiriblər” iddiası da mənasızdır. Bütün dünyada yayılmış adamlar razılaşıb eyni dəyişikliklər edə bilməzdilər. Hətta Ərəbistandakı xristianlar mətni dəyişdiribsə, Suriya və ya Avropada olan mətnlərlə müqayisədə fərq aşkar olunardı. Lakin bütün dünyada aşkar edilən və bütün dövrlərə aid olan əlyazmaların surətləri eynidir. Quran və hədislər b.e.600-cü ilində mövcud olan Müqəddəs Kitabın mətnini təsdiqləyirsə, Müqəddəs Kitab bu tarixdən əvvəlki dövrlərə aid olan əlyazmalara əsaslanırsa, onda bu gün istifadə olunan Müqəddəs Kitab dəyişdirilməyib. Aşağıda təqdim etdiyimiz zaman xətti bunu aydın nümayiş etdirir və Müqəddəs Kitabın b.e. 600-cü ildən əvvəlki mətnlərə əsaslandığını göstərir.
Tövrat ilə Zəburun ən qədim əlyazmaları daha da erkən tarixə aiddir. Ölü dəniz Əlyazmaları kimi tanınan əlyazmalar topluları 1948-ci ildə Ölü dənizin sahilində aşkar edilmişdir. Bu əlyazmalar Tövrat və Zəburdan ibarətdir və b.e.ə. 200-100-cü illərə aiddir. Yəni bizdə həm İsa Məsih (s) peyğəmbər, həm də Məhəmməd (s) peyğəmbərdən əvvəlki tarixə aid olan əlyazmalar var. Bu əlyazmaların hər ikisi geniş istifadə olunduğuna, Tövrat və Zəburu təsdiqlədiyinə görə biz əminik ki, peyğəmbərlərin bu kitabları dəyişdirilməyib. Buradakı məqaləmdə mən mətnlərin dəyişdirilmədiyini və etibarlı olduğunu elmi nöqteyi-nəzərdən tədqiq edirəm.
Məhəmməd peyğəmbərin (s) hədislərdəki şəhadəti və Müqəddəs Kitabın əlyazmalarına aid bilik Quranın şəhadəti ilə eynidir: Müqəddəs Kitabın mətni heç vaxt dəyişdirilməyib və korlanmayıb.