İbrahim! O, İbram* (s) kimi də tanınır. Monoteist dinlərin üçü də – İudaizm, Xristianlıq və İslam – İbrahimi nümunə hesab edir. Ərəblər və Yəhudilər onun oğulları İsmail və İshaqın nəsli hesab etdikləri üçün İbrahimi ulu ataları hesab edirlər. İbrahim peyğəmbərlərin sırasında vacib yer tutur, çünki sonrakı peyğəmbərlərin hamısı ona əsaslanır. Buna görə də biz bir neçə məqalədə İbrahimin (s) nümunəsinə nəzər salacağıq. Quranda və Tövratda İbrahim haqda birinci hekayəni oxumaq üçün buraya tıklayın.
Biz İbrahim (s) barədə bəhs edən Quran ayəsinə nəzər salsaq görəcəyik ki, ondan tayfalar törəməli idi. Bu adamların daha sonra «böyük Padşahlığı» olacaqdı. Lakin bir kəsdən millətlərin törəməsi və onların böyük Padşahlığı olması üçün onun ən azı bir oğlu və torpağı olmalıdır.
İbrahimə (s) verilən vəd
Tövrat (Yaradılış 12:17) qeyd edir ki, Allah İbrahimin (s) nəslindən millətlər və Padşahlıq yaradacaqdır. Allah ona gələcəyin əsası olan bir vədi verdi. Gəlin bu vədə diqqət yetirək. Allah İbrahimə deyir:
“Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan.
Yaradılış 12:2-3
Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq”
İbrahimin böyüklüyü
Mənim yaşadığım ölkədə bu gün bir çox adam Allahın mövcudluğu barədə düşünür, Tövrat vasitəsilə Onu tanımağın mümkün olub-olmaması barədə özlərinə sual verirlər. Qarşımızda vəd var, onun hissələrini biz təsdiq edə bilərik. Bu vəhyin sonunda Allahın İbrahimə (s) bilavasitə söz verdiyi qeyd olunur: “adını ucaldacağam”. Biz XXI əsrdə yaşayırıq və İbrahimin adı bütün yer üzündə, bütün tarix boyu ən tanınmış adlardan biridir. İbrahimə verilən vəd tarixdə hərfi mənada həyata keçdi.
Tövratın ən qədim surəti Ölü Dəniz sahilində tapılmış, b.e.ə. 200-100-cü illərə aid olan nüsxədir. Yəni bu vəd həmin tarixdə yazılı şəkildə artıq mövcud idi. O vaxt İbrahimin şəxsiyyəti və adı məşhur deyildi. Onu yalnız Tövrata riayət edən az saylı Yəhudilər tanıyırdı. Bu gün isə İbrahimin adı böyükdür. Beləliklə, bu vəd yazılandan əvvəl deyil, yazılandan sonra yerinə yetirildi.
İbrahimə verilən vədin bu hissəsi yerinə yetirilmişdir. Bunu hətta imansızlar belə, görür. Buna görə də Allahın İbrahimə verdiyi vədinin qalan hissəsi də yerinə yetiriləcək. Gəlin bunu öyrənməkdə davam edək.
Bizə gələn xeyir-dua
Biz İbrahimdən törənəcək «böyük millət» və İbrahimə veriləcək böyük «xeyir-dua» barədə vədi burada görürük. Lakin bu xeyir-dua təkcə İbrahimə aid deyildir, çünki burada İbrahimə həmçinin deyilir: «Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq». Gəlin bu sözlərə diqqət yetirək. Dini mənsubiyyətimizdən, millətdən, yaşadığımız ölkədən, sosial statusumuzdan, danışdığımız dildən asılı olmayaraq, siz və mən “yer üzünün bütün” tayfalarına aidik. Bu vəd bu gün yaşayan hər bir adama aiddir. Bu vəd sizə də aiddir. Dinlər, millətlər, dillər adamları çox vaxt bölür və münaqişələrə səbəb olur. Bu vəd isə adamları bölən cəhətləri aradan qaldırır. Necə? Nə vaxt? Söhbət hansı xeyir-duadan gedir? Ayədə təfsilatlar verilməsə də, aydındır ki, İbrahimin (s) vədi sizə və mənə aiddir. Vədin bir hissəsi həyata keçdiyinə görə əmin ola bilərik ki, vədin bizə aid hissəsi də mütləq həyata keçəcək. Sadəcə, onun yolunu tapmalıyıq.
Fikir verin ki, İbrahim Allahın vədini eşidəndə Ona itaət etdi:
«İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı»
4-cü ayə
Vəd olunmuş Torpağa səfər nə qədər çəkdi? Xəritə İbrahimin (s) səfərini göstərir. O, əvvəlcə Ur şəhərində (bu gün Cənubi İraqın ərazisi) yaşayırdı. Oradan Xarana (Şimali İraq) köçdü. Daha sonra İbrahim (s) Kənan adlanan torpağa köçdü. Gördüyünüz kimi, bu, uzun səfər idi. O, dəvə, at və ya eşşəyin belində yol getsəydi, bu səyahət bir neçə ay çəkmiş olardı. İbrahim öz qohumlarını, rahat yaşayışını, təhlükəsizliyini tərk edib (o vaxt Mesopotamiya sivilizasiyanın mərkəzi idi) tanımadığı yerə getdi. Tövrat bizə deyir ki, bu vaxt İbrahimin 75 yaşı var idi!
Əvvəlki peyğəmbərlər kimi İbrahim (s) heyvan qurbanları təqdim edir
Tövrat həmçinin bizə deyir ki, İbrahim (s) Kənan torpağına sağ-salamat gəlib çatanda…
“ona görünən Rəbbə orada bir qurbangah düzəltdi”
7-ci ayə
Habil və Nuh kimi, İbrahim də Allaha qurban gətirərək heyvanın qanını axıtdı. Biz peyğəmbərlərin Allaha məhz belə sitayiş etdiyini görürük.
İbrahim (s) bu qoca yaşında yeni torpağa səyahət etməklə öz həyatını böyük təhlükəyə saldı. Lakin bunu etməklə o, Allahın vədinə tabe oldu. Bunu xeyir-dua almaq və bütün adamlar üçün xeyir-dua mənbəyinə çevrilmək üçün etdi. Məhz buna görə İbrahim (s) bizim üçün bu qədər vacibdir. Daha sonra İbrahimin ikinci nümunəsinə nəzər salacağıq.
* Daha sonra Allah onun adını dəyişdi, İbram (uca ata) əvəzinə İbrahim (çoxlarının atası) qoydu. O, öz sonuncu adı ilə daha çox tanınır.