Musanın birinci əlamətinə – Pasxaya nəzər saldıq. Allah bütün evlərə ölüm göndərdi; yalnız qapısında qurban qanı olan evlərə bəla toxunmadı. Firon tabe olmadı, buna görə də onun oğlu öldü. Musa (s) İsrailliləri Misirdən çıxartdı, Firon isə onları təqib edərək Qırmızı Dənizdə batdı.
Musanın peyğəmbərlik vəzifəsi təkcə xalqı Misirdən çıxarmaq deyildi. Musa xalqı yeni həyat tərzinə gətirib çıxarmalı idi. Onlar Allahın verdiyi Şəriət Qanununa uyğun yaşamalı idilər.
Əla Surəsi (Surə 87 – Ən uca surəsi) Allahın dünyanın hərəkət etməsini təbii qanunlara uyğun yaratdığını bizə xatırladır.
“Ən Uca Rəbbinin adına təriflər de! O (Rəbbin) ki, (hər şeyi) yaradıb kamilləşdirdi; O (Rəbbin) ki, (hər şeyin müqəddəratını) əzəldən müəyyən edərək yol göstərdi, O( Rəbbin) ki, otlağı cücərdib, sonra da qaralmış samana çevirdi”.
(Surə Əla 87:1-5)
Eynilə, Allah bütün bəşəriyyətin Mənəvi Qanunlara uyğun hərəkət etməsini istəyir.
Beləliklə, Misirdən çıxandan qısa müddət sonra Musa (s) və İsraillilər Sina dağına gəldilər. Musa (s) 40 gün dağda ikən ona Şəriətin Qanunu verildi. Bəqərə və Ərəf Surələri bu barədə belə yazırlar:
“Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq (və buyurduq): “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə (Allahdan) qorxasınız!””
Surə 2:63-Qoç
“Biz Musaya otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Camaatımın içərisində məni əvəz et, (onları) islah et və fəsad törədənlərin yoluna uyma!””
Surə 7:142-Əraf
Beləliklə, Musaya (s) hansı Qanun verildi? Bütün Qanun böyükdür – 613 əmr və qayda (haram və halal kimi) izin verilən və izin verilməyən şeyləri sadalayır. Bu əmrlər Tövratın əksər hissəsini təşkil edir. Lakin əvvəlcə Musaya Allahın daş lövhələrdə yazdığı xüsusi əmrlər verildi. Bunlar On Əmr adlanır və digər qaydaların əsasını təşkil edir. Bu On Əmr Qanunun ən vacib olan əmrləridir. Ərəf Surəsi bu barədə yazır:
“Biz onun üçün lövhələrdə hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq (və dedik:) “Bunları möhkəm tut və camaatına da onun ən yaxşısından yapışmağı əmr et! Mən sizə fasiqlərin yurdunu göstərəcəyəm. Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular””
Surə 7:145-146-Əraf
On Əmr
Beləliklə, Quran bu On Əmri Allahın əlaməti hesab edir. Bu On Əmr nədən ibarət idi?
Tövratın Çıxış Kitabında Musa (s) bu əmrləri daş lövhələrdən dəqiq köçürüb.
(1) Allah bütün bu sözləri belə söylədi:
2 «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.
3 Məndən başqa allahların olmasın.
4 Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.
5 Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. 6 Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.
7 Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.
8 Şənbə gününü yadda saxlayıb təqdis et.
9 Altı gün çalışıb bütün işlərini gör.
10 Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin.
11 Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı.
12 Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun.
13 Qətl etmə.
14 Zina etmə.
15 Oğurluq etmə.
16 Heç kimə qarşı yalandan şahidlik etmə.
17 Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma».
18 Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. 19 Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik». 20 Musa xalqa dedi: «Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun»
Çıxış 20:1-18
Çox vaxt müasir ölkələrdə yaşayan bizlər bu əmrləri unuduruq. Bunlar təkliflər deyildi. Bunlar məsləhətlər deyildi. Bunları müzakirə etmək olmazdı. Bu əmrlərə itaət və tabe olmaq gərək idi. Bu, Şəriətin Qanunu idi. İsraillilərin ürəklərində Allah qorxusu var idi.
İtaətin tələbi
Həşr Surəsi (Surə 59 – Toplanma surəsi) Quranın nazil olunmasından danışaraq On Əmrin verilməsinə istinad edir. Qurandan fərqli olaraq, On Əmr dağda, dəhşətli vəziyyətdə verilmişdir.
“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr. O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir”.
(Surə Həşr 59:21-22)
Lakin vacib sual hələ də qalır. Onlar neçə əmrə itaət etməli idilər? Növbəti ayələr On Əmrdən əvvəl gəlir:
“Musa isə dağa – Allahın hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail övladlarına belə söylə: …Əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir”
Çıxış 19:3,5
Bu ayə isə On Əmrdən dərhal sonra verildi:
“O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!»”
Çıxış 24:7
Tövratın sonuncu kitabında (cəmi beş kitabdır) Musanın sonuncu sözləri qeyd edilir. O, Qanuna itaət barədə belə deyir:
“Allahımız Rəbb bütün bu qaydalara əməl etməyi və Ondan qorxmağı bizə ona görə buyurdu ki, həmişə güzəranımız xoş olsun, bugünkü kimi bizi sağ saxlasın. Allahımız Rəbbin hüzurunda bizə buyurduğu bütün bu əmrlərə diqqətlə əməl etsək, bunu bizə salehlik sayacaq”
Qanunun Təkrarı 6:24-25
Salehliyin əldə edilməsi barədə
Burada yenə ‘salehlik’ (təqva) sözünə rast gəlirik. Bu, çox vacib sözdür. Əvvəlcə biz bu sözə Adəmin nümunəsində rast gəldik. Allah Adəmin oğullarına (bizə!) dedi:
“Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız”.
Surə 7:26 Əraf
İbrahimin ikinci əlamətində Allah İbrahimə (s) oğul vəd etdi. İbrahim (s) Allahın sözünə iman etdi.
“İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı”
Yaradılış 15:6
(Salehlik mövzusunun tam açıqlamasını oxumaq üçün İbrahimin ikinci əlamətini oxuyun).
Qanun da salehliyi əldə etməyin yolunu göstərir: “Bütün bu əmrlərə diqqətlə əməl etsək, bunu bizə salehlik sayacaq”
Qanunun Təkrarı 6:25
Salehliyi əldə etmək şərti çox qətidir. “Bütün bu əmrlərə diqqətlə əməl etsək” deyilir; bu halda saleh sayılacağıq. Adəmin nümunəsində biz bunu artıq gördük. Bir itaətsiz hərəkətə görə Allah onu mühakimə edərək Cənnətdən qovdu. Allah bir neçə itaətsiz hərəkəti gözləmədi. Lutun nümunəsində oxuduğumuz kimi, Allah Lutun arvadı ilə də eyni davrandı. Bu məsələnin ciddiliyini anlamaq üçün Qanuna riayətin ciddiliyi haqqında növbəti ayələrə nəzər salın.
Gəlin bu barədə düşünək. Universitetdə oxuyarkən bəzən professor imtahanda bizə çoxlu, məsələn, 25 sual verirdi və cavablandırmaq üçün bizə seçim verirdi. İmtahanda biz, məsələn, 25 sualdan 20 suala cavab verə bilərdik. Bir tələbə bir sualı, digəri isə başqa sualı asan hesab edərək onu cavablandırırdı. Beləliklə, professor imtahanı bizə asanlaşdırırdı.
Bəzi adamlar Qanunun On Əmrinə də belə yanaşırlar. Onlar hesab edirlər ki, On Əmri verəndən sonra Allah seçim verdi: «On Əmrdən istədiyiniz beş əmri seçib onlara riayət etməyə çalışın”. Lakin yox, bu, belə deyil. Adamlar istədikləri bəzi əmrlərə deyil, BÜTÜN əmrlərə riayət etməli idilər. Yalnız bütün əmrlərə diqqətlə əməl edən kəs saleh sayılacaq.
Bəs niyə bəzi adamlar Qanuna belə münasibət bəsləyirlər? Çünki Qanunu icra etmək çox çətindir; xüsusilə, ona görə ki, Qanun bir gün deyil, ömür boyu icra edilməsi üçün verilir. Beləliklə, özümüzü aldadıb tələbi zəiflətmək bizə daha asandır. Bu əmrlərə bir daha nəzər salın və özünüzə sual verin: «Bunlara əməl edə bilərəmmi? Hamısına? Hər gün? Birini də pozmadan?” Bu sualları özümüzə verməliyik, çünki On Əmr hələ də qüvvədədir. Allah onları ləğv etməyib; Musadan (s) sonrakı peyğəmbərlər də On Əmri təsdiqləyib – İsa Məsih və Məhəmməd (s) daxil olmaqla, buraya baxın. Bunlar bütpərəstlik, bir Allaha səcdə, zina, oğurluq, qətl, yalan və s. haqqında əsas əmrlər olduğuna görə əbədidir. Hamımız onlara riayət etməliyik. Heç kim başqasının əvəzinə bu suallara cavab verə bilməz. Hərə özünə görə cavab verməlidir. Eləcə də, hər kəs Məhkəmə Günündə Allah qarşısında bu suallara cavab verəcək.
Allahın verdiyi ən vacib sual
Qanunun Təkrarı 6:25-dəki sualı şəxsi edərək verəcəyəm ki, özünüzə cavab verə biləsiniz. Qanundan olan bu suala verdiyiniz cavabdan çox şey asılıdır. Özünüzə aid olan cavabı seçin.
Qanunun Təkrarı 6:24-25-ci ayə sizə aid edilir:
Allahım Rəbb bütün bu qaydalara əməl etməyi və Ondan qorxmağı mənə ona görə buyurdu ki, həmişə güzəranım xoş olsun, bugünkü kimi məni sağ saxlasın. Allahım Rəbbin hüzurunda mənə buyurduğu bütün bu əmrlərə diqqətlə əməl etsəm, bunu mənə salehlik sayacaq.