Duxan Surəsi (44 – Duxan) yazır ki, Qureyş qəbiləsi Məhəmməd peyğəmbərin (s) sözünü rədd etdi və əlamət tələb etdi:
Bunlar mütləq deyəcəklər: “Bizim ancaq bircə ölümümüz var. Biz (bir daha) dirildilməyəcəyik. Əgər doğru deyirsinizsə, onda atalarımızı (dirildib) gətirin!”
Duxan 44:34-36
Onlar Məhəmməd peyğəmbərdən əlamət tələb edərək bir ölünü diriltməsini istədilər. Əhqaf Surəsi (46 – Əqhaf) bir imansızın imanlı valideynlərinə dediyini qeyd edir:
(Kimisi də) ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımlamı hədələyirsiniz?”– deyər. Onlar Allahdan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər
Əhqaf 46:17
İmansız dirilməyə istehza edir, çünki belə bir şey görməmişdir. Həm Duxan, həm də Əhqaf Surəsi peyğəmbərin və monoteistlərin imanının həqiqiliyini yoxlayaraq dirilmə tələb edən imansızlar barədə yazır. Peyğəmbər İsa Məsih (s) də eyni adamların qarşıdurması ilə üzləşdi. Bu sınaqdan istifadə edərək, İsa Məsih (s) Öz səlahiyyətini və gəlişinin məqsədini göstərdi.
İsa Məsihin gəlişinin məqsədi nə olub?
İsa Məsih (s) təlim verdi, şəfa verdi, bir çox möcüzələr göstərdi. Lakin şagirdlərinin, davamçılarının və düşmənlərinin yenə də bu sualı var idi: O, nə üçün gəldi? Əvvəlki peyğəmbərlərin əksəriyyəti, Peyğəmbər Musa (s) daxil olmaqla, böyük möcüzələr göstərmişdi. Musa Qanun verdi. İsa isə Özü barədə “Qanunu pozmaq üçün gəlmədim” demişdi. Bəs onda İsa nə üçün gəlmişdi?
İsa Peyğəmbərin (s) dostu ağır xəstələndi. Onun şagirdləri İsa Məsihin (s) gəlib dostuna şəfa verəcəyini zənn etdilər, çünki İsa (s) bir çoxlarına şəfa verirdi. Lakin İsa Məsih (s) qəsdən dostuna şəfa vermədi, çünki məqsədi gəlişinin səbəbini adamlara açıqlamaq idi. İncil belə yazır:
İsa Məsih ölümə qarşı çıxır
«Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya kəndindən idi. Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm idi. Xəstələnən Lazar onun qardaşı idi. Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi. İsa bunu eşidib dedi: “Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq”.
İsa Martanı, onun bacısını və Lazarı sevirdi. Bununla belə, Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı. Sonra isə şagirdlərə “yenə Yəhudeyaya gedək” dedi. Şagirdlər Ona dedilər: “Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etməyə çalışırdı. Sən yenə də oraya qayıdırsan?” İsa cavab verdi: “Günün on iki saatı işıqlı olmurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür. Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur”. İsa bu sözləri söylədikdən sonra onlara dedi: “Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm”. Onda şagirdlər Ona dedilər: “Ya Rəbb, əgər uyuyubsa, sağalacaq”. İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib. Onda İsa onlara açıqca dedi: “Lazar ölüb. Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək”. “Əkiz” adlanan Tomas o biri şagirdlərə dedi: “Biz də gedək ki, Onunla ölək”.
İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi. Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi. Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi. Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu. Marta İsaya dedi: “Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O, Sənə verəcək”. İsa ona “qardaşın diriləcək” dedi. Marta Ona dedi: “Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək”. İsa ona dedi: “Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?” Marta Ona cavab verdi: “Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən”.
Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: “Müəllim buradadır, səni çağırır”. Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi. İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı. Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər. Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: “Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi”. İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və həyəcanlandı. İsa onlardan “Mərhumu haraya qoymusunuz?” deyə soruşdu. Ona “Ağa, gəl bax” dedilər. İsa ağladı. Onda Yəhudilər “Bax onu necə də sevirmiş!” söylədilər. Lakin onlardan bəzisi dedi: “Korun gözlərini açan bu Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?”
O zaman İsa yenə əhvalı pozulmuş halda qəbirin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu. İsa “daşı götürün” dedi. Mərhumun bacısı Marta Ona dedi: “Ya Rəbb, artıq iylənib, çünki öldüyü dörd gündür”. İsa dedi: “Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?” Beləcə daşıb götürdülər. İsa da başını yuxarı qaldırıb dedi: “Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm. Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar”. Bu sözləri söylədikdən sonra “Lazar, bayıra çıx!” deyə bərkdən qışqırdı. Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü yaylıqla bağlanmışdı. İsa onlara “onu açın və buraxın getsin” dedi»
Yəhya 11:1-44
Bacılar İsa Məsihin tez gəlib qardaşları Lazara şəfa verəcəyinə ümid edirdilər. İsa Məsih qəsdən ləngiyərək Lazarın ölməyinə imkan yaratdı. Bunun səbəbini heç kəs bilmirdi. Lakin biz Məsihin qəzəbli olduğunu oxuyuruq. O, kimə qəzəbli idi? Bacılara? Kütləyə? Şagirdlərə? Lazara? Yox, o, ölümün özünə qəzəbli idi. Həmçinin, burada İsa Məsihin ağladığı barədə yazılır. İncildə İsa yalnız iki dəfə ağlayır. İsa nə üçün ağladı? Çünki ölüm onun dostunu aparmışdı. Ölüm İsa Məsihdə həm qəzəb, həm də göz yaşı oyatdı.
Adamlara verilən şəfa yaxşı olsa da, ölüm gününü uzaqlaşdırır. Ölüm şəfa alanı da, almayanı da, xeyirxah adamı da, pis adamı da, kişini də, qadını da, dindarı da, dinsizi də bir gün aparır. Bu, Adəmin günündən belədir. Ölümün səbəbi isə Adəmin itaətsizliyidir. Adəmin bütün nəsli (siz və mən daxil olmaqla) düşmən olan ölümün girovudur. Biz “ölümə çarə yoxdur, ümid yoxdur” deyirik. Xəstəliyə ümid və çarə var, buna görə də Lazarın bacıları şəfaya ümid edirdilər. Lazar öləndə isə onların daha ümidi qalmadı. Bu, bizə də aiddir. Xəstəxanada ümid var, qəbiristanlıqda isə ümid yoxdur. Ölüm sonuncu düşməndir. İsa Məsih bizim üçün bu düşmənə qalib gəlməkdən ötrü gəldi. Lazarın bacılarına da dedi:
“Dirilmə və həyat Mənəm”
Yəhya 11:25
İsa Məsih (s) ölümü məhv etməyə, istəyən bütün adamlara həyat verməyə gəlmişdi. İsa Öz səlahiyyətini göstərmək üçün hamının qarşısında Lazarı diriltdi. Ölüm əvəzinə həyat istəyənlərin hamısına İsa bunu təklif edir.
Peyğəmbərə münasibət
Ölüm bütün adamların sonuncu düşməni olsa da, hər birimizin daha kiçik “düşmənləri” var. Bu düşmənlər (siyasi, dini, etnik və s.) münaqişələrdən yaranır. Bu münaqişələr ətrafdakı adamlarda hər bir zaman baş verir. Bu, İsa Məsihin dövründə də var idi. Bu möcüzənin şahidlərinə deyilən sözlərdən o dövrün problemləri barədə təsəvvürümüz yaranır. İncildə yazılmış bəzi sözlər bunlardır.
«Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi. Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın etdiklərini onlara danışdı.
Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: “Nə edək? Bu Adam çoxlu əlamət göstərir. Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da gəlib məbədimizi və millətimizi məhv edəcək”. Orada olanlardan biri, həmin il baş kahin olan Qayafa onlara dedi: “Siz heç nə bilmirsiniz. Başa düşmürsünüz ki, bütün bu millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır?” O, bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib xəbər verdi ki, İsa bu millətin uğrunda – təkcə millətin uğrunda deyil, Allahın hər tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək. Beləcə o gündən etibarən İsanı öldürməyi qərara aldılar.
Buna görə də İsa daha Yəhudilərin arasında açıq gəzmirdi. Oradan çöllüyə yaxın diyara, Efrayim adlanan şəhərə getdi və şagirdlərlə orada qaldı.
Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan qabaq kəndlərdən Yerusəlimə getdi. Onlar İsanı axtarırdılar və məbəddə dayanıb bir-birlərinə deyirdilər: “Necə fikirləşirsiniz? O, bayrama heç gəlməyəcəkmi?” Başçı kahinlər və fariseylər Onu tutmaq məqsədi ilə “harada olduğunu kim bilirsə, göstərsin” deyə əmr vermişdilər»
Yəhya 11:45-57
Beləliklə, gərginlik artırdı. Peyğəmbər İsa Məsih (s) ‘dirilmə və həyat’ olduğunu, ölümə qalib gələcəyini bəyan etdi. Bunun cavabında din rəhbərləri İsanı öldürmək qərarına gəldilər. Bir çox adam İsaya iman etmişdi, lakin iman etməyənlərin sayı da az deyildi. Özümüzə sual verək: Lazarın dirilməsini görsəydik, nəyi seçərdik? Biz dindarlar kimi tarixdə izi qalmayan hadisələrdə iştirak edir, ölümdən həyata keçmək təklifini rədd edərdikmi? Yoxsa İsaya iman edərək, tam başa düşməsək də, Onun təklif etdiyi dirilmə ümidini qəbul edərdik? İncil adamların müxtəlif münasibətlərindən yazır. Bu gün də İsanın təklifinə eyni münasibətlər var.
Pasxa bayramı yaxınlaşdıqca gərginlik də artırdı. Bu bayramı Musa (s) peyğəmbər ölümün yan keçməsini xatırlamaq üçün 1500 il əvvəl başlamışdır. İncil bunu açıqlamaqda davam edir və peyğəmbər İsa Məsihin (s) ölümə qalib gəlmək vəzifəsini tamamlamaq üçün hamının xain hesab etdiyi adama kömək əlini uzatmasından yazır.