İncil Peyğəmbər İsa Məsihin (s) çarmıxdakı qurbanı və dirilməsinin Allahın planında əsas yer tutduğunu bəyan edir. Peyğəmbərin dirilməsindən 50 gün sonra şagirdlərin başçısı olan Peter İsa Məsih barədə hamıya bəyan etdi:
“Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz. Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi”
Həvarilərin İşləri 2:23-24)
Peterin sözündən sonra minlərlə adam iman etdi. Həmin sözü o dövrdə yaşayan külli miqdarda adam qəbul etdi; onları heç kim məcbur etmədi. Adamların qəbul etməsinin səbəbi Tövrat, Zəbur və Peyğəmbərlərin kitablarında yüz illərlə əvvəl yazılmışdı. Adamlar İsa Məsihin gəlişi, ölümü və dirilməsi barədə peyğəmbərlikləri aşkar etmək üçün Müqəddəs Yazıları tədqiq etdilər. Dəyişməz Müqəddəs Yazılar bu gün də bizim əlimizdədir; biz onları tədqiq edə bilərik. Peter “Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq” deyəndə həqiqəti deyibmi?
İncilin yazıldığı dövrdə yaşayan adamların Tövratdan Adəmə və Yaradılışın altı gününə aid oxuduqlarının nəticəsini diqqətinizə çatdırırıq:
“… Veriyadakı Yəhudilərsə Salonikdə olanlardan daha açıq fikirli idi. Kəlamı böyük həvəslə qarşılayaraq hər gün Müqəddəs Yazıları araşdırır, «Bu düzgün təlimdirmi?» deyə yoxlayırdılar…”
Həvarilərin İşləri 17:11
Onlar Müqəddəs Yazıları diqqətlə araşdırdılar, çünki həvarilərin sözləri onlara qəribə və yeni görünürdü. Biz qəribə və yeni səslənən sözləri rədd etməyə meyilliyik. Biz hamımız belə edirik. Lakin bu söz Allahdandırsa və onlar bu sözü rədd etsəydilər, Ğaşiyə Surəsindəki xəbərdarlıq (Surə 88) onların həyatında yerinə yetirilərdi.
“Lakin üz döndərib küfr edəni, Allah ən şiddətli əzabla cəzalandırar. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir”
Ğaşiyə Surəsi 88: 23-26
Onlar yeni sözün Allahdan olub-olmadığını dəqiq yoxlamağın yolunu bilirdilər. Bunun üçün həmin sözü peyğəmbərlərin yazıları ilə müqayisə etmək lazım idi. Bu halda onlar Allahdan gələn sözü rədd etməyərək cəza ilə üzləşməyəcəkdilər. Onlardan nümunə götürsək müdrik olarıq. Onlar kimi biz də Peyğəmbər İsa Məsihin (s) ölümünə və dirilməsinə aid peyğəmbərliklərin olub-olmamasını bilmək üçün Müqəddəs Yazıları araşdıraq. Gəlin Tövratdan başlayaq.
Allahın gələcəyi bilməsi barədə Tövratın əvvəlində və Quranda yazılır
Biz Tövratın ilk səhifəsindən görürük ki, Allah İsa Məsihin (s) həyatı və qurbanı barədə əvvəldən bilirdi. Bütün Müqəddəs Kitablarda (Tövrat, Zəbur, İncil və Quranda) yalnız iki həftə var ki, bunların hər günü ardıcıllıqla təsvir olunur. Bu iki həftədən biri – Allahın hər şeyi yaratdığından bəhs edir; altı gün Tövratın ilk iki fəslində təsvir olunur. Fikir verin ki, Quran Yaradılışın bu altı günü barədə yazır.
“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”
Əraf Surəsi 7:54
“O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, ər-Rəhmandır. Bunu biləndən soruş!”
Furqan Surəsi 25:59
“Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?”
Səcdə Surəsi 32:4
“Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi” .
Qaf Surəsi 50:38
“Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür”
Hədid Surəsi 57:4
Hər günü ətraflı təsvir olunan digər həftə – Peyğəmbər İsa Məsihin həyatının sonuncu həftəsidir. İbrahim, Musa, Davud və Məhəmməd (s) – heç bir peyğəmbərin həyatındakı bir həftə ərzində gündəlik baş verən hadisələr Müqəddəs Kitabda təsvir olunmayıb. Yaradılış həftəsinin təsviri ilə Tövrat Kitabı başlayır (buraya baxın). İsa Məsihin sonuncu həftəsinin hər gününə biz artıq diqqətlə nəzər saldıq. Növbəti cədvəldə hər iki həftə günlər üzrə bir-biri ilə müqayisə olunur.
Həftənin günü | Yaradılış həftəsi | İsa Məsihin sonuncu həftəsi |
1-ci gün | Başlanğıcda qaranlıq var idi. Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. Qaranlığa nur gəldi. | Məsih Yerusəlimə gəlir və deyir: “Mən dünyaya nur olub gəldim…” Qaranlığa nur gəldi. |
2-ci gün | Allah göyü yerdən ayırır | Dua Evi olan Məbədi təmizləyərək İsa yer üzünə aid olanları göylərə aid olandan ayırır |
3-cü gün | Allah dedi və dənizin içindən torpaq qalxdı. | İsa dağları qaldırıb dənizə atan iman barədə danışır. |
Allah dedi: ‘Qoy yer üzü bitkilər yetirsin‘ və belə də oldu. | İsa dedi və əncir ağacı qurudu. | |
4-cü gün | Allah dedi: ‘Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun‘ və günəş, ay və ulduzlar yarandı. | İsa yer üzünə qayıdacağı zamanın əlamətləri barədə danışır – günəş, ay və ulduzlar tutqun olacaq. |
5-ci gün | Allah uçan dinozavr – əjdahalar daxil olmaqla, bütün uçan məxluqları yaradır | Şeytan – böyük əjdaha – Məsihi vurmaq üçün Yəhudanın ürəyinə girir. |
6-cı gün | Allah dedi və torpaqda heyvanlar yarandı. | Pasxa quzusu – qurbanlıq heyvanları Məbəddə qurban gətirilir. |
‘Rəbb Allah… Adəmə həyat nəfəsini üfürdü’. Adəm nəfəs almağa başladı | “İsa uca səslə qışqırıb son nəfəsini verdi” (Mark 15: 37). | |
Allah Adəmi Bağda yerləşdirir. | İsa könüllü olaraq Getsemani bağına gedir | |
Adəmə xeyirlə şəri bilmə ağacından yeməmək tapşırıldı, əks halda lənətli olacağı barədə xəbərdarlıq verildi. | İsa ağaca mismarlanır və lənəti Öz üzərinə götürür (Qalatiyalılara 3:13). | |
Adəmə tay olmaq üçün bir heyvan tapılmadı. Bir adam gərək idi. | Pasxa qurbanlıq heyvanları kifayət olmadı. Adam gərək oldu (İbranilərə 10:4-5). | |
Allah Adəmə yuxu göndərir. | İsa ölüm yuxusuna daxil olur. | |
Allah Adəmin böyrünü yaralayaraq Həvvanı – Adəmin gəlinini yaradır. | İsanın böyrü deşilir. Bu qurban nəticəsində İsa Özünə gəlin – Ona məxsus olan adamları əldə edir (Vəhy 21:9). | |
7-ci gün | Allah istirahət edir. Bu günü müqəddəs elan edir. | İsa Məsih ölümdə istirahət edir. |
Hər iki həftənin hər gününün hadisələri bir-birini əks etdirir. Burada bir oxşarlıq var. Hər iki həftənin sonunda yeni həyatın nübarı yeni Yaradılışda çoxalıb artmağa hazırdır. Adəm və İsa Məsih bir-birinin əksidir. Quran İsa Məsih və Adəm barədə belə yazır:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. ( Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu.
Ali-İmran Surəsi 3:59
İncil Adəm barədə yazır:
“… Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi”
Romalılara 5:14
və
“Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir”
1 Korinflilərə 15:21-22
Bu iki həftəni müqayisə edəndə biz görürük ki, Adəm İsa Məsihin əks nümunəsidir. Kainatı yaratmaq üçün Allaha altı gün gərək oldumu? O, bunu bir əmr ilə edə bilməzdimi? Nə üçün O, dünyanı məhz belə yaratdı? Nə üçün Allah yeddinci gün istirahət etdi, axı O yorğun deyildi?! O, bütün bunları belə bir nizamla etdi ki, İsa Məsihin həyatındakı son hadisələr Yaradılış həftəsinə uyğun gəlsin. Bu, xüsusilə altıncı günə aiddir. Biz sözlərdə bunu aydın görə bilirik. Məsələn, sadəcə, ‘İsa Məsih öldü’ demək əvəzinə İncil deyir: ‘son nəfəsini verdi’. Bu, Allahdan “həyat nəfəsini” alan Adəmin tam əksidir. Zamanın əvvəlində göstərilən bu nümunə əvvəlcədən olan bilikdən xəbər verir. İsa Məsihin dirilməsindən sonra Peter də bunu demişdi.
Tövratda növbəti nümunələr
Daha sonra Tövrat xüsusi hadisələri qeyd edir və gələcək Peyğəmbər İsa Məsihin qurbanına işarə edən ayinləri təyin edir. Bunlar bizə Allahın əvvəlcədən Öz planını bildiyini anlamaq üçün verilmişdir. Biz bəzi əsas mərhələlərə artıq nəzər saldıq. Növbəti cədvəl bunları cəmləşdirir, İsa Məsihdən min illərlə əvvəl göstərilmiş böyük Əlamətlərə istinadlar verir.
Tövratdakı Əlamət | Gələcək İsa Məsihin qurbanına aid planı bu necə aşkar edir |
Adəmin nümunəsi | Adəm Allaha itaətsizlik edəndə Allah bir oğul övladı barədə söylədi; bu oğul (yalnız) qadından doğulacaq (yəni bakirədən). Bu oğul Şeytanın başını əzəcək, lakin bu zaman Şeytan onu vuracaq. |
Qabil və Habilin nümunəsi | Ölən qurban gərək idi. Qabil (cansız) tərəvəz, Habil isə heyvanın həyatını qurban təqdim etdi. Allah Habilin qurbanını qəbul etdi. Bu, İsa Məsihin qurbanına işarə edir. |
İbrahimin qurbanının əlaməti | İbrahim peyğəmbər öz oğlunu qurban gətirdiyi yerdə minlərlə il sonra peyğəmbər İsa Məsih qurban oldu. İbrahim peyğəmbər gələcəkdə təqdim olunan həmin o qurban barədə söylədi. Onun oğlu ölməli idi, lakin sonuncu an quzu öldü ki, onun oğlu sağ qalsın. Bu, ‘Allahın Quzusu’ olan İsa Məsihə işarə edir. İsa Məsih öldü ki, biz yaşayaq. |
Musanın qurbanının əlaməti | Xüsusi olan Pasxa günündə quzular qurban gətirilirdi. Misirin fironu quzunu qurban təqdim etmədi və ölümlə üzləşdi. İsraillilər isə quzu qurbanını gətirərək ölümdən yan keçdilər. Yüzlərlə il sonra İsa Məsih təqvimin eyni günündə – Pasxa günündə qurban oldu. |
Harunun qurbanının əlaməti | Harun heyvan qurbanlarının xüsusi mərasimlərini qayda olaraq qoyur. Günah edən İsraillilər təmizlənmək üçün qurbanlar təqdim etməli idilər. Lakin qurbanlıq heyvanın ölümü mütləq idi. Adamlar üçün qurbanları yalnız kahinlər təqdim edə bilərdi. Bu, İsa Məsihə işarə edir; kahin vəzifəsini yerinə yetirən Məsih Öz həyatını bizə görə qurban verdi. |
Tövratda Musa peyğəmbər (s) gələcək peyğəmbər İsa Məsih barədə yazır. Buna görə də yazılıb:
“Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz”
İbranilərə 10:1
İsa Məsih Onun vəzifəsinə iman etməyənlərə xəbərdarlıq etdi:
“Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o, Mənim barəmdə yazıb. Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?”
Yəhya 5:43-47
Həmçinin İsa Məsih şagirdlərinə Öz vəzifəsini aydın etmək üçün söyləmişdi:
«Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır»
Luka 24:44
Peyğəmbər aydın söylədi ki, təkcə Tövrat deyil, həmçinin Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Onun haqqında yazılıb. Biz bunu burada oxuya bilərik. Tövrat Onun gəlişinə işarə edən hadisələri qeyd edir, sonrakı peyğəmbərlər isə Onun gəlişi, ölümü və dirilməsi barədə bilavasitə yazırdılar.
Burada biz Peyğəmbər İsa Məsihin bizə təklif etdiyi əbədi həyat hədiyyəsini qəbul etməyin yolu barədə oxuya bilərik.