Adəmin nümunəsi

Adəm və onun arvadı Həvva xüsusi insanlar olublar, çünki onlar bilavasitə Allah tərəfindən yaradılmış və Eden Bağında yaşamışdılar. Beləliklə, biz onlardan vacib şeylər öyrənə bilərik. Adəm haqqında Quranda iki, Tövratda isə bir hissə var. (Onları oxumaq üçün Buraya tıklayın).

Bu mətnlər çox oxşardır. Hər iki mətndə eyni şəxslərdən söhbət gedir (Adəm, Həvva, Şeytan (İblis), Allah); hər iki mətndə eyni yerdən (Bağdan) bəhs edilir; hər iki mətndə Şeytan (İblis) yalan danışır və Adəm ilə Həvvanı aldadır; hər iki mətndə Adəm və Həvva öz çılpaqlıqlarının eybini gizlətmək üçün yarpaqları geyinirlər; hər iki mətndə Allah gəlir və mühakimə edərək sözünü deyir; hər iki mətndə Allah onların çılpaqlıqlarının eybini örtmək üçün paltar (yəni geyim) təmin edərək Öz mərhəmətini göstərir. Quran «Adəm oğulları» olan bizlər üçün bunu «Allahın dəlilləri» adlandırır. Beləliklə, bu, sadəcə tarixdə baş vermiş müqəddəs hadisə deyil. Biz Adəmin hekayəsindən ibrət götürə bilərik.

Adəmin bizə xəbərdarlığı

Allah mühakimə etməzdən əvvəl Adəm və Həvva yalnız bir dəfə itaətsizlik günahını etdilər. Orada, məsələn, on itaətsizlik günahı olmayıb ki, doqquz dəfə xəbərdarlıq edəndən sonra Allah nəhayət mühakimə etsin. Allah baş vermiş təkcə bir itaətsizliyi mühakimə etdi. Bir çox adam güman edir ki, Allah onları yalnız çoxlu günah edəndən sonra mühakimə edəcək. Onlar fikirləşirlər ki, əgər başqalarından daha az günah etsələr və ya öz xeyirxah işləri digər adamların pis əməllərindən sayca çox olsa, bəlkə də, Allah onları mühakimə etməyəcək. Adəm və Həvvanın təcrübəsi bunun belə olmadığı barədə bizi xəbərdar edir. Allah hər  bir itaətsizlik günahını mühakimə edəcək.

Bunu aydınlaşdırmaq üçün gəlin Allaha itaətsizliyi bir ölkənin qanununu pozmaq ilə müqayisə edək. Yaşadığım Kanadada, əgər mən bir qanunu pozsam (məsələn, nəsə oğurlasam), ölkə məni mühakimə edə bilər. Mən yalvarıb-yaxara bilmirəm ki, qətl etməmişəm və kiçik bir şeydə qanunu pozmuşam. Kanada ölkəsinin mühakiməsi ilə üzləşmək üçün mənə bir qanunu pozmaq kifayətdir. Bu, Allah ilə eynidir.

Adəm ilə Həvva yarpaqlarla özlərinə geyim düzəldəndə, görürük ki, onlar utandılar və öz çılpaqlıqlarını örtməyə çalışdılar. Eyni ilə, mən də utandıran bir iş görəndə, bunu ört-basdır etməyə və başqalarından gizlətməyə çalışıram. Lakin Adəmin səyləri Allah qarşısında puç idi. Allah onların səhvlərini gördü və həm hərəkət etdi, həm də Öz sözünü dedi.

Mərhəmətli Allahın mühakimədə hərəkəti

Biz üç hərəkəti görə bilərik:

  1. Allah onları ölümə məhkum edir – onlar öləcəklər.
  2. Allah onları Cənnət Bağından çıxarır. Yer üzündə onlar daha çətin həyat yaşamalıdırlar.
  3. Allah onlara dəri paltarlar verir.

Maraqlıdır ki, bunlar hətta bu gün də bizim hamımıza təsir göstərir. Hər kəs ölür; heç kəs – peyğəmbər və ya peyğəmbər olmayan, hələ Cənnət Bağındakı Həyat Ağacının yanına qayıtmamışdır; hər kəs paltar geyməkdə davam edir. Faktiki olaraq bu üç şey elə «normaldır» ki, biz bu həqiqəti unuduruq: Allahın Adəmlə Həvvaya etdiklərini minlərlə il sonra yaşayan bizlər hələ də hiss edirik. Əslində, həmin gün baş vermiş hadisənin nəticələri hələ də təsirlidir.

Geyim rəhmli Allahın hədiyyəsi idi; onların eybi artıq örtülmüşdü. Bəli, Allah mühakimə etdi, ancaq O, həmçinin mərhəmət də etdi. O, bunu etməyə də bilərdi. Adəm və Həvva itaətsizlik hərəkətlərinin əvəzində çoxlu xeyirxahlıq edib mərhəmətə layiq olmadılar və Allahdan onlara verilmiş paltarları qazanmadılar. Adəm və Həvva Allahın hədiyyəsini qəbul etdilər. Onlar buna layiq deyildilər və bunu qazanmadılar. Ancaq bu, nəyinsə bahasına mümkün oldu. Tövrat bizə deyir ki, geyim dəridən idi. Beləliklə, paltarlar heyvandan götürülmüşdür. O vaxta qədər ölüm olmamışdı. Geyim üçün tələb olunan dəri heyvanın həyatı bahasına başa gəldi. Heyvan öldü ki, Adəm və Həvva Allahdan mərhəmət ala bilsinlər.

Quran bizə deyir ki, bu geyim onların xəcalətini örtdü; əslində isə, onlara «salehlik» örtüyü lazım idi. Müəyyən mənada onların paltarı (dərilər) salehliyin (təqvanın) əlaməti idi. Bu, bizim üçün bir dəlildir.

«Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız» [Surə 7:26 (Hündürlüklər)].

Yaxşı bir sual yaranır: biz «təqva libasını» necə əldə edə bilərik? Daha sonra peyğəmbərlər çox vacib olan bu suala cavab verəcəklər.

Mühakimə və mərhəmət edən Allahın sözləri

Allah bu üç şeyi yalnız Adəmlə Həvvaya və bizə (onların övladlarına) etmir. Həmçinin, Allah Öz Sözünü deyir. Hər iki mətndə Allah «düşmənçilik» haqqında danışır. Ancaq Tövratda O əlavə edir ki, bu «düşmənçilik» qadın ilə ilanın (Şeytanın) arasında olacaq. Həmin mətn aşağıda verilir. Mən sadəcə xatırladılan şəxslərin adlarını mötərizədə əlavə etmişəm. Allah deyir:

«Mən (Allah) səninlə (Şeytanla) qadın arasına, Sənin balanla (Şeytanın balası ilə) onun (qadının) övladı arasına Düşmənçilik salıram. Bu övlad (qadının övladı) sənin (İblisin) başından vuracaq, Sən (İblis) də onu (qadının övladını) dabanından sancacaqsan» (Yaradılış 3:15).

Bu tapmacadır, ancaq bunu anlamaq olur. Diqqətlə oxusanız görəcəksiniz ki, burada beş şəxsin adı çəkilir VƏ burada gələcəyə aid peyğəmbərlik edilir. Beş şəxs bunlardır:

  1. Allah
  2. Şeytan (və ya İblis)
  3. Qadın
  4. Qadının övladı
  5. Şeytanın övladı

Tapmacadakı şəxslərin gələcəkdə bir-biri ilə əlaqəsi növbəti şəkildə göstərilir.

Allahın Cənnətdə verdiyi Vədindəki şəxslər və onların bir-biri ilə əlaqələri

Qadının kim olduğu burada deyilmir. Burada Allah Şeytanın (İblisin) «övladı» və qadının «övladı» haqqında danışır. Bu sirli olsa da, biz qadının bu övladı haqqında bir şeyi bilirik. «Övlad» barədə «o» deyilən söz tək halda kişi cinsinə aiddir. Bunu bilərək, biz bəzi şərhlər edə bilərik. Kişi cinsli «övlad» qadın ola bilməz, lakin «o», qadından dünyaya gəlir. «O», cəm halda deyil, buna görə də, «övladlar» ola bilməz. Beləliklə, həmin «övlad» bir qrup insan deyil; bir dindən və ya bir millətdən olan adamlar da deyil. «O», cansız əşya da deyil (övlad bir şəxsdir). Buna görə də, aydındır ki, bu «övlad» bir fəlsəfə, bir təlim və ya bir din ola bilməz. Beləliklə, «övlad» (məsələn) Xristianlıq və ya İslam kimi bir din deyildir, çünki bu halda ona cansız əşya üçün istifadə olunan əvəzlik istifadə olunardı.  «Övlad» Yəhudi, Xristian və ya Müsəlman kimi adamların bir qrupu deyil, çünki onun barəsində «onlar» əvəzliyindən istifadə olunardı. «Övladın» kim olduğu sirr olduğuna baxmayaraq, ağlımıza təbii olaraq bir çox fikir gəlir.

Gələcək zamandan istifadə olunduğuna görə biz bu vəddə Allahın niyyətini görürük. Bu «övlad» Şeytanın başından vuracaq (yəni onu məhv edəcək). Eyni zamanda Şeytan «onu dabanından sancacaq». Sirr hələ ki, burada açıqlanmır. Ancaq biz bilirik ki, Allahın niyyəti baş tutacaq.

Fikir verin ki, Allah bu övladı Adəmə vəd etmir. Allah Həvvaya övlad vəd etdiyi kimi, Adəmə vəd etmir. Bu, olduqca qeyri-adi danışıq tərzidir, çünki Tövrat, Zəbur və İncildə oğulların atalardan dünyaya gəlməsi xüsusilə vurğulanır. Tövrat, Zəbur və İncildə qeyd edilən nəsil şəcərələri demək olar ki, yalnız atalardan dünyaya gələn oğulların siyahısından ibarətdir. Ancaq Cənnət bağında verilmiş bu vəddə bu, fərqlidir; həmin övladın dünyaya Adəmdən (kişidən) gəlməsi vəd olunmur. Tövrat övladın kişi adı çəkmədən, yalnız qadından gəldiyini yazır.

Nə vaxtsa yaşamış bütün kişilərdən yalnız iki nəfərin atası heç vaxt olmayıb. Birincisi, Allah tərəfindən bilavasitə yaradılmış Adəmdir. İkincisi, bakirədən doğulmuş İsa əl Məsihdir (İsa – s); onun insan atası olmayıb. Bu, övlad «o» olması ilə uyğun gəlir: o, cansız əşya deyil, cəm halda deyil, qadın cinsli də deyil. İsa əl Məsih (s) qadının övladıdır. Bəs, onun düşməni, Şeytanın «övladı» kimdir? Burada dərinə getməyə imkanımızın olmadığına baxmayaraq, Kitablar «Məhvin oğlu», «İblisin oğlu» və başqa adları qeyd edirlər ki, bu, «Məsihə» qarşı çıxacaq bir insan hakimi olacaq. O, həmçinin, Dəccal kimi də tanınır. Həmin Kitablar bu «Məsih əleyhdarı» ilə Məsihin arasında gələcək toqquşma haqqında danışırlar. Burada isə, tarixin başlanğıcında, o, rüşeymə bənzər bir formada xatırladılır.

Şeytan ilə Allahın arasında çoxdan, Cənnət Bağında başlamış mübarizənin sonuna, tarixin kulminasiyasına aid peyğəmbərlik məhz ən başlanğıcda, birinci Kitabda verilir. Bir çox suallar hələ də qalır, bir çox yeni suallar da yaranır. Davam edib sonra göndərilən Elçilərdən öyrənərkən suallarımıza cavab tapacağıq və yaşadığımız zəmanəni daha yaxşı başa düşəcəyik. Biz Adəm və Həvvanın oğulları – Habil və Qabil ilə davam edirik.