Skip to content

Habil və Qabilin nümunəsi

Əvvəlki məqalədə biz Adəm və Həvvanın nümunəsinə baxdıq. Onların iki oğlu var idi. Bu oğulların arasında bədbəxt hadisə baş verdi. Bu, bəşər tarixində ilk qətlin hekayəsidir. Ancaq biz onların nümunəsinə nəzər salıb ümumi prinsipi dərk etmək istəyirik. Beləliklə, gəlin birlikdə oxuyaq və öyrənək. (Mətni başqa pəncərədə açmaq üçün buraya tıklayın).

Qabil və Habil: İki cür qurban gətirən iki oğul

Tövratda Adəm və Həvvanın iki oğlu Qabil və Habildir. Quranda onların adları çəkilməsə də, İslam ənənəsində Qabil və Habil kimi tanınırlar. Onların hər biri Allaha qurban təqdim etdi, lakin Qabilin deyil, yalnız Habilin qurbanı qəbul edildi. Qısqanclıqdan Qabil öz qardaşını öldürdü, ancaq öz cinayətinin xəcalətini Allahdan gizlədə bilmədi. Bu hekayədən yaranan vacib sual budur: Niyə Qabilin deyil, məhz Habilin qurbanı qəbul edildi? Bir çoxları güman edir ki, səbəb iki qardaşın fərqli olmasındadır. Ancaq mətni diqqətlə oxusaq başqa cür fikirləşəcəyik. Tövrat aydın yazır ki, qardaşlar müxtəlif qurbanlar təqdim etmişdilər. Qabil Rəbb Allaha «torpağın bəhrəsindən» təqdim gətirdi, Habil isə «sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi». Bu göstərir ki, Habil öz sürüsündən qoyun və ya keçi kimi heyvan qurban gətirdi.

Burada biz Adəmin nümunəsi ilə əlaqəni görürük. Adəm öz xəcalətini yarpaqlarla örtməyə çalışdı, ancaq yaxşı paltar üçün heyvanın dərisi (və heyvanın ölümü) tələb olundu. Yarpaqların, meyvə-tərəvəzin qanı yoxdur, buna görə də adamlar və heyvanlar kimi həyat sürmürlər. Qanı olmayan yarpaqların örtüyü Adəm üçün kifayət deyildi; eyni ilə, Qabilin Allaha təqdim etdiyi qansız meyvə-tərəvəz qurbanı da məqbul olmadı. Habil heyvanların «piyini təqdim etdi». Bunun üçün əvvəlcə heyvanın qanı tökülməli və axıdılmalı idi. Adəm ilə Həvvanın geyimi üçün dərini təmin edən heyvanın da qanı axıdılmışdı.  

Məncə, çox gənc ikən öyrəndiyim bir ifadə ilə bu nümunəni cəmləşdirə bilərik: «Cəhənnəmə aparan yol yaxşı niyyətlərlə döşənir». Bu ifadə Qabilə də aiddir. O, Allaha inanırdı və qurbanla Ona sitayiş etmək üçün gəlməsi bunu göstərdi. Ancaq Allah qurbanı qəbul etmədi və beləliklə, onu da qəbul etmədi. Axı niyə? Məgər Qabilin münasibəti pis idi? Bu barədə mətndə deyilmir. Bəlkə də, Qabilin niyyətləri və münasibəti çox yaxşı olub. Onun atası olan Adəmin  nümunəsi cavabı tapmaqda bizə kömək edir. Allah Adəm və Həvvanı mühakimə edəndə onları ölümlə cəzalandırdı. Beləliklə, ölüm onların günahlarının əvəzi idi. Sonra Allah onlara bir əlamət verdi: onların çılpaqlıqlarını örtmüş heyvan dərisindən olan paltar. Aydındır ki, həmin heyvan ölməli oldu. Heyvan öldü və qan töküldü ki, Adəm və Həvvanın xəcaləti örtülsün. İndi onların oğulları qurbanları gətirdi, ancaq yalnız Habilin  qurbanında («onların piyini təqdim etdi») ölüm və qanın axıdılması oldu. «Torpağın bəhrəsi» sağ olmadığı üçün eyni ilə ölə bilməz, çünki onun axıtmaq üçün qanı yoxdur.

Bizə aid əlamət: Qanın axıdılması

Allah burada bizə dərs öyrədir. Allaha yaxınlaşmağımızın yolunu biz müəyyən etmirik. Bu yolu Allah Özü göstərir və biz buna itaət edib-etməməyimizə özümüz qərar veririk. Allahın yolu budur: qurban ölməlidir, onun qanı axıdılmalıdır. Məndən olsaydı, bəlkə də, başqa bir yolu üstün tutardım, çünki Allaha özümdə olanı vermək istərdim. Şəxsən mən Allaha heyvanın ölümünü deyil, öz vaxtımı, gücümü, pulumu, dualarımı və ithafımı qurban olaraq təqdim edə bilərdim. Lakin Allahın tələb etdiyi şey məhz qurbanın ölümü və axıdılan qandır. Başqa heç bir şey kifayət deyil. Növbəti peyğəmbərlərin nümunələrində belə növ qurbanları görmək maraqlı olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *