Skip to content

Nuhun nümunəsi

Biz xronoloji ardıcıllıqla əvvəldən başlayıb (Adəm/Həvva, Habil/Qabil) Tövratda növbəti adı çəkilən böyük peyğəmbər Nuha (s) keçirik. O, Adəmdən 1600 il sonra yaşayıb. Qərbdə yaşayan bir çox adam Nuh peyğəmbərin (s) dövründə baş vermiş su daşqını haqqında hekayəni inanılmaz hesab edir. Ancaq dünyada daşqın zamanı çöküntü ilə formalaşan yağıntı qayaları olduqca çoxdur. Beləliklə, bizdə bu daşqının fiziki dəlili var. Bəs, Nuhun nümunəsində nəyə diqqət yetirməliyik? Tövrat və Quranda Nuh (s) barədə ayələri oxumaq üçün buraya tıklayın.

Mərhəməti almaq və ya itirmək

Mən Allahın Mühakiməsi haqqında Qərb sakinləri ilə danışanda çox vaxt belə cavab alıram: “Mühakimə barədə çox narahat deyiləm, çünki Allah çox mərhəmətlidir, məni mühakimə etməz”. Mühakimə barədə belə düşünməyin səhv olduğunu mənə məhz Nuhun (s) həyatı açdı. Bəli, Allah mərhəmətlidir və O dəyişmir. O, həmçinin, Nuhun (s) günlərində də mərhəmətlə dolu idi. Lakin buna baxmayaraq,  bütün dünya (Nuh ilə onun ailəsi istisna olmaqla) həmin cəzada məhv oldu. Nuh Surəsi (Surə 71 – Nuh) bizə deyir:

“Onlar öz günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar” (Surə Nuh 71:25)

Bəs Allahın mərhəməti onda harada idi? Onun mərhəməti gəmidə idi. Necə ki, Quran bizə deyir:

“(Kafirlər) onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə (suya) qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər” (Əraf 7:64).

Rəhmli Allah Nuh peyğəmbərdən (s) istifadə edərək, bir gəmi təşkil etdi. Gəminin qapıları hamı üçün açıq idi. Hər kəs o gəmiyə minib mərhəmətlə xilas ola bilərdi. Problem onda idi ki, adamların əksəriyyəti iman etmədi. Onlar Nuha (s) güldülər və gələcək Mühakiməyə inanmadılar. Onlar gəmiyə minsəydilər, Mühakimə zamanı məhv olmazdılar.

Müqəddəs Quranda olan hissə də bizə deyir ki, Nuhun oğullarından biri Allaha və gələcək Mühakiməyə inanırdı. Onun dağa çıxması Allahın mühakiməsindən qaçmağa cəhd etdiyini göstərir (yəni o, Allaha və Onun cəzasına inanmışdı). Ancaq yenə də, burada bir problem var idi. İman etməsinə baxmayaraq,  o, tabe olmadı; Mühakimədən xilas olmaq üçün öz yolunu icad etməyi qərara aldı. Onun atası isə ona demişdi:

“Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!”

Hud 11:43

Xilas olmaq üçün bu oğula öz səyləri deyil, Allahın Mərhəməti lazım idi. Onun dağa qalxmaq cəhdi faydasız oldu. Nəticədə o, Nuh peyğəmbərə (s) istehza edənlərlə birgə suda boğularaq öldü. Lakin gəmiyə minsəydi, mühakimə zamanı xilas ola bilərdi. Biz bundan görə bilərik ki, xilas üçün sadəcə Allaha və Mühakiməyə inanmaq kifayət deyildir. Xilas üçün öz düşüncəmizə deyil, Allahın təmin etdiyi Mərhəmətə itaət etməkdir. Onda biz Mərhəməti alacağıq. Biz Nuhun nümunəsində gəmini görürük. Bu, həm Allahın hamıya göstərdiyi Mühakiməsinin nümunəsi, həm də Onun Mərhəmət və xilasının vasitəsi idi. Hər kəs gəminin tikildiyini müşahidə edə bilirdi. Gəmi həm Mühakimənin, həm də, Mərhəmətin aydın rəmzi idi. Nümunədən görürük ki, Allahın mərhəməti yalnız Onun qoyduğu yol ilə əldə edilə bilər.

Beləliklə,  niyə Nuh Allahın Mərhəmətini aldı? Tövrat bu sözü bir neçə dəfə təkrar edir:

“Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi”.

Mən özümdə görürəm ki, həmişə başa düşdüyümü, xoşladığımı və razı olduğumu etməyə meyilliyəm. Əminəm ki, Nuhun (s) da ağlına bir çox suallar gəlirdi. O, Allahın su daşqını barədə xəbərdarlığı və torpaqda böyük bir gəmi tikmək əmri barədə çox düşünürdü. Əlbəttə, Nuh (s) başqa sahələrdə də yaxşı adam idi; gəmini tikməyə aid öz qərarını da verə bilərdi. Lakin Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi. O, öz atasının sözünə baxmadı, öz dərrakəsinə etibar etmədi, ona rahat olanı etmədi, hətta ağıllı hesab etdiyi işi də görmədi. Nuh (s) bizim üçün böyük nümunədir.

Xilas üçün qapı

Tövrat həmçinin deyir ki, Nuh, onun ailəsi və heyvanlar  gəmiyə girəndən sonra

“Rəbb gəminin qapısını örtdü”

Yaradılış 7:16

Hər şeyə nəzarət edən Allah idi. Gəminin qapısını da Nuh (s) deyil, Allah Özü örtdü. Cəza gələndə və sular aşıb-daşanda adamlar gəminin qapısını bayırdan nə qədər döysələr də, Nuh onu açmağa cəhd etmədi. Həmin qapını Allah idarə edirdi. Digər tərəfdən, gəminin içindəkilər rahat ola bilərdilər, çünki qapıya nəzarəti Allah Özü edirdi; heç bir külək və ya dalğa qapını aça bilməzdi. Onlar Allahın qayğısı və Mərhəməti içində təhlükəsiz idilər.

Allah heç vaxt dəyişmir. Ona görə də, bu, həmçinin, bu gün bizə də aiddir. Bütün peyğəmbərlər daha bir Mühakimə barədə xəbərdarlıq edirlər. Bu, od ilə cəza olacaq. Ancaq Nuhun (s) nümunəsindən görürük ki, Öz Mühakiməsi ilə bərabər Allah Öz Mərhəmətini də təklif edəcək. Mərhəməti əldə etmək üçün biz “gəminin” yeganə xilas qapısını axtarmalıyıq.

Peyğəmbərlərin təqdim etdikləri qurbanlar

Tövrat Nuh (s) barədə bizə həmçinin deyir:

“Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi”

Yaradılış 8:20

Bu, Adəm/Həvva ilə Habil/Qabilin nümunələrində gördüyümüz qurban növüdür. Yəni Nuh dua ilə qurban təqdim edəndə heyvan öldü, qan axıdıldı, Nuh peyğəmbər (s) özü isə Allah tərəfindən qəbul olundu. Əslində, Tövrat deyir ki, bu qurban təqdimatından sonra Allah Nuha “Allah Nuha və onun oğullarına xeyir-dua verdi” (Yaradılış 9:1) və yer üzünü su ilə bir daha məhv etməyəcəyinə dair “Nuh ilə əhd bağladı” (Yaradılış 9:8). Görünür, Nuhun təqdim etdiyi qurbanlıq heyvanının ölümü, qanın axıdılması Allaha ibadətdə çox böyük əhəmiyyət kəsb edir. Bu, nə qədər əhəmiyyətlidir? Bundan sonra Lut haqqında ayələrə keçərək Tövratın peyğəmbərləri barədə oxumaqda davam edirik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *