Quranda Qədr Surəsi (Surə 97) Qədr gecəsini təsvir edir:
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrayıl) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur”
Qədr Surəsi 97:1-5
Qədr gecəsini təsvir edən Qədr Surəsi onun ‘min aydan xeyirli’ olduğunu söyləyir. Bu ayədə Qədr gecəsinin nə olduğu barədə sual verilir. Qədr gecəsində Ruh nə edir ki, bu gecəni min aydan xeyirli edir?
Leyl Surəsi (Surə 92) həmin günü oxşar şəkildə təsvir edir və gecədən sonra gələn nurdan bəhs edir. Gündüz günəşin çıxması ilə gəlir və Allah insana istiqamət verir, çünki O, əvvəldən axıra qədər hər şeyi bilir. Buna görə də Allah bizi od və son barədə xəbərdarlıq edir.
“And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə! və olsun (günəşin çıxması ilə) aydınlaşan gündüzə!”
Leyl Surəsi 92:1-2
“Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir. Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir. Mən sizi alov saçan bir odla qorxutdum”
Leyl Surəsi 92:12-14
Qədr Surəsini və Leyl Surəsini növbəti ayə ilə müqayisə edin:
“Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz”
2 Peter 1:19
Oxşarlığı görürsünüz? Qədr Surəsini və Leyl Surəsini oxuyanda bu ayə yadıma düşdü. Ayə həmçinin gecədən sonra gələn səhər barədə yazır. Gecə vaxtı peyğəmbərlərə vəhy verilir. Ayə həmçinin peyğəmbərlərin sözünə etinasızlıq göstərməmək barədə bizə xəbərdarlıq edir. Əks halda kəskin nəticələrlə üzləşəcəyik.
Bu ayəni həvari Peter yazıb. O, şagirdlərin başçısı və peyğəmbər İsa Məsihin (s) yoldaşı olub. Saff Surəsi (Surə 61) İsa Məsihin şagirdləri barədə yazır:
“Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər”
Saff Surəsi 61:14
Saff Surəsi deyir ki, İsa Məsihin şagirdləri ‘Allahın köməkçiləri’ olub. Şagirdlərin sözlərinə iman edənlər bəhs edilən qüvvəni qəbul edəcəklər. Şagirdlərin başçısı kimi Peter Allaha kömək edərək rəhbərlik edirdi. Peyğəmbər İsa Məsihin (s) şagirdi olduğuna baxmayaraq, onun bir çox möcüzələrinin şahidi olduğuna, Onun təlimini öz qulaqları ilə eşitməsinə və onda olan səlahiyyəti gözləri ilə görməsinə baxmayaraq, Peter hələ də ayədə deyir ki, peyğəmbərlərin sözləri ‘daha əmin’dir. Nə üçün Peter gözləri ilə gördüklərinə deyil, peyğəmbərlərin sözlərində daha əmin idi? O davam edir:
“Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz. Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi”
(2 Peter 1:20-21
Ayə bizə deyir ki, Allahın Müqəddəs Ruhu peyğəmbərləri ‘yönəldirdi’. Beləliklə, onlar Allahdan gələn sözləri söylədilər və daha sonra yazdılar. Onların yazdıqları ‘Allahdan idi’. Məhz buna görə Qədr gecəsi min aydan daha xeyirlidir. Qədr gecəsinin kökü “insanın iradəsində” deyil, Müqəddəs Ruhdadır. Saff Surəsi bizə deyir ki, Peterin sözünə diqqət edən kəs Qədr gecəsində iştirak edən qüvvəni alacaq və qalib gələcək.
Peyğəmbər İsa Məsihin dövründə yaşayan Peter Əhdi-Ətiq dövrünün ‘peyğəmbərləri’ barədə yazırdı. Bu kitablar İncildən əvvəl yazılmışdır. Musanın Tövratında Adəm, Qabil və Habil, Nuh, Lut və İbrahim peyğəmbərdən yazılır. Həmçinin, Musanın fironun qarşısına gəlməsi, Şəriət Qanununu Allahdan alması, Bəqərə Surəsi adını daşıdığı qardaşı Harunun qurbanları barədə yazır.
Tövratdan sonra Zəbur Kitabı gəlir. Burada Davud ilham alaraq gələcək Məsih barədə yazır. Sonrakı peyğəmbərlər Məsihin bakirədən doğulacağından, Allahın Padşahlığının hamı üçün açıq olacağından və həmçinin, gələcək Qulun çoxlu əzab çəkəcəyindən yazırlar. Daha sonra Məsihin adı barədə peyğəmbərlik olunur, həmçinin Onun gəlişinin dəqiq vaxtı , Vəsatətçi barədə vəd verilir.
Çoxumuzun bu müqəddəs kitabları oxumağa imkanımız olmayıb. Burada müxtəlif istinadlarla sizə bu imkan verilir. Leyl Surəsi gələcək od barədə xəbərdarlıq edir. Qədr Surəsi Qədr gecəsində fəal olan Allahın Ruhundan yazır. Saff Surəsi şagirdlərin sözlərinə iman edənlərə Qüvvəni vəd edir. Bu şagirdlərin başçısı Peter daha sonra bizə əvvəl gələn peyğəmbərlərin Vəhylərinə diqqət yetirməyi məsləhət edir. Onlar peyğəmbərlikləri gecə alaraq, gələcək səhəri görürdülər. Onların sözlərini oxuyub bilmək yaxşı deyilmi?