Biz gördük ki, Quran və Sunna Müqəddəs Kitabı (Tövrat, Zəbur və İncili) təsdiqləyərək onun dəyişdirilmədiyi barədə şəhadət edir (buraya və buraya baxın). Lakin məsələ yenə də dəyişməz olaraq qalır: Quran Müqəddəs Kitabdan üstündür, onu ləğv edir, qaralayır və ya əvəz edir? Quran özü bu barədə nə deyir?
“Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir”
Surə 5:48 Maidə
“Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, (əvvəlkiləri) təsdiq edən bir Kitabdır”
Surə (46):12 Əhqaf
“Bu, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar”
Surə (6):92 Ənam
“Sənə vəhy etdiyimiz Kitab, özündən əvvəlkiləri təsdiqləyici kimi (gələn) haqdır. Həqiqətən, Allah Öz qullarından Xəbərdardır, Görəndir” Surə 35:31
Bu ayələr Quranın təsdiq etdiyini göstərir. Bu ayələr Quranın Müqəddəs Kitabdan üstün olduğunu, onu ləğv etdiyini və ya əvəz etdiyini göstərmir. Başqa sözlə, bu ayələr demir ki, imanlılar əvvəlki vəhyləri kənara qoyub yalnız sonuncu vəhyi tədqiq etməlidirlər. İmanlılar əvvəlki vəhyləri də tədqiq edərək bilməlidirlər.
Bu, növbəti ayələrdə də təsdiqlənir. Burada deyilir ki, müxtəlif vəhylər arasında fərq yoxdur. Növbəti iki ayəyə fikir verin:
“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!””
Surə 2:285 – İnək
“Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!””
Surə 2:136 – İnək
Birinci ayə bizə elçilərin arasında fərqin olmadığını deyir. Elçilərin hamısına qulaq asmaq gərəkdir. İkinci ayəyə görə, müxtəlif peyğəmbərlərin vəhyləri arasında fərq yoxdur – bunların hamısını qəbul etmək gərəkdir. Bu ayələrin heç birində deyilmir ki, sonuncu vəhy daha üstün olduğuna görə əvvəlki vəhylər ləğv olunur.
Bu həqiqət İsa Məsihin (s) nümunəsi və təlimi ilə uyğundur. O, Özü daha əvvəl nazil olunmuş Tövrat və Zəburun ləğv olunması barədə heç vaxt deməmişdi. Əslində, İsa Məsih bunun əksini öyrədirdi. İncildəki Öz təlimində onun Tövrata verdiyi hörmətə və diqqətə fikir verin:
“Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz”
Matta 5:17-20
Əslində, İsa öyrədirdi ki, Onun təlimini düzgün anlamaq üçün əvvəlcə Tövratı, sonra isə Zəburu öyrənmək gərəkdir. İsa Öz şagirdlərinə bunu öyrədirdi:
“Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi”
Luka 24:27
“Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır»”
Luka 24:44
İsa Məsih (s) əvvəlki vəhyləri ləğv etməyə çalışmırdı. Hərçənd, Öz təlim və məsləhətlərində əvvəlki vəhylərə əsaslanırdı. Məhz buna görə biz də, İncili anlamaq üçün İsadan nümunə götürərək Tövratın əvvəlindən başlayırıq.