Tariq Surəsi (Surə 86) bizi məhkəmə günü barədə xəbərdar edir:
“Şübhəsiz ki, (Allah) onu (dirildib) qaytarmağa qadirdir. Sirlərin sınaqdan keçiriləcəyi gün, onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar”
Tariq Surəsi 86:8-10
Tariq Surəsi deyir ki, Allah bizim bütün gizli, xəcalətli və sirli düşüncələrimizi və əməllərimizi sınaqdan keçirəcək və bizə bir köməkçi olmayacaq. Adiyat Surəsi (Surə 100) də həmin günü təsvir edir:
“Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. Özü də bunun şahididir. Həqiqətən, o, var-dövlətə çox hərisdir. Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı və kökslərdə olanlar aşkar ediləcəyi zaman – məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?”
Adiyat Surəsi 100:6-11
Adiyat Surəsi xəbərdarlıq edir: kökslərdə olan xəcalətli sirlər aşkar ediləcək, çünki Allah bunlardan xəbərdardır.
Biz bu gələcək Gün barədə düşünməyə bilərik. Biz hər şeyin yaxşı olacağına ümid edə bilərik, lakin Tariq Surəsi və Adiyat Surəsi Məhkəmə Günü haqqında çox ciddi xəbərdarlıq edir.
Hazır olmaq daha yaxşı deyilmi? Bu, necə mümkündür?
Peyğəmbər İsa Məsih (s) həmin Günə hazır olmaq istəyən bizlər üçün gəlib. O, İncildə dedi:
“Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir.
Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur”
Yəhya 5:21-27
Peyğəmbər İsa Məsih (s) böyük səlahiyyətə malik olduğunu bəyan edir. O hətta Məhkəmə Günündəki səlahiyyəti barədə də deyir. Səlahiyyət haqqında sözlərini Musa peyğəmbərin Tövratındakı peyğəmbərliklər təsdiqləyir. Tövrat dünyanı altı gün ərzində yaradan Kəlam barədə yazır. Zəbur və sonrakı peyğəmbərlər Onun gəlişi barədə ətraflı peyğəmbərlik ediblər və Onun gəlişinin səmalarda planlaşdırıldığını göstəriblər. “Bəşər Oğlu yuxarı qaldırılmalıdır ki, Ona iman edən hər kəs əbədi həyata malik olsun”. Bəs peyğəmbərin bu sözlərinin mənası nədir? Bu sözlərin izahı buradadır.