Ğafir Surəsi (Surə 40) Allahın rəhmli olduğu barədə yazır.
“Bu, günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf Sahibindəndir! Ondan başqa məbud yoxdur. Dönüş də Onadır. Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib
dolaşmaları səni aldatmasın. Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu! Kafirlərin od sakinləri olacağı barədə Rəbbinin Sözü beləcə həqiqətə çevrildi. Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et!”
Surə Ğafir 40:3-7
Al-Hucurat Surəsi (Surə 49) öyrədir ki, bu mərhəmətə nail olmaq üçün bir-birimizlə barışmalıyıq.
“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin”
Surə Al-Hucurat 49:10.
İsa Məsih də Allahın rəhmi barədə öyrədəndə bir-birimizi bağışlamağımızın əhəmiyyətini vurğulayırdı.
İsa Məsih bağışlama haqqında öyrədir
Xəbərlərə baxanda bütün dünyada zorakılığın və qan tökmənin artdığını görürük. Əfqanıstanda bombardman, Livandakı döyüşlər, Suriya və İraq, Misirdəki zorakılıq, Pakistandakı qətllər, Türkiyədəki qiyam, Nigeriyada uşaq oğurluğu, Fələstin-İsrail müharibəsi, Keniyada şəhərlərdəki qantökmə – bunları mən pis xəbər axtarmadan eşitmişəm. Bunlardan əlavə, bir çox günahlar, kədər və dərdlər var ki, biz bir-birimizə ötürürük. Bunlar qəzet başlıqlarında olmasa da, bizə böyük təsir göstərir. Qisas və intiqam dövründə İsa Məsihin bağışlama təlimi xüsusilə əhəmiyyət kəsb edir. Bir dəfə İsanın şagirdi neçə dəfə bağışlamaq lazım olduğu barədə sual verdi. İncil yazır:
Zəhmətkeş qulluqçunun hekayəsi
«Peter gəlib İsaya dedi: “Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?” İsa ona dedi: “Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi. Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi. Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin. Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”. Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı.
Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı. Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə yalvardı. O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı. Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər.
Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?” Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər”» (Matta 18:21-35).
Bu hekayənin ibrəti bundan ibarətdir ki, biz Allahın mərhəmətini aldıq; Allah (Padşah) bizim çox günahlarımızı bağışlayır. Biz padşaha on min qızıl kisəsi borclu olan qula bənzəyirik. Həmin qul borcu ödəmək üçün vaxt dilədi, lakin borc həddindən çox olduğu üçün Padşah onu bağışladı. Allahın mərhəmətini qəbul edəndə O, bizimlə də eyni cür davranır.
Lakin sonra həmin qul ona borclu olan yoldaşını tapdı. Borcunu dərhal geri istədi və ona vaxt vermədi. Biz günah edəndə həm Allaha, həm də adamlara ziyan vururuq, lakin Allaha qarşı etdiyimiz günahlar adamlara vurduğumuz ziyandan daha çoxdur, 100 gümüş pulun minlərlə qızıl kisələri ilə müqayisəsi kimi.
Beləliklə, Padşah (Allah) öz qulunu zindana salır və borcunu tam tələb edir. İsa Məsih öyrədir ki, bizə qarşı günah edən adamlara bağışlamasaq Allahın mərhəmətindən məhrum olacağıq və Allah bizi cəhənnəmə məhkum edəcək. Bundan ciddi məsələ ola bilməz.
Rəhm ruhunu daim saxlamaq çətindir. Bizə pislik edənin dərsini vermək arzusu bəzən bizdə güclü olur. Bəs rəhm ruhunu necə əldə edə bilərik? Biz İncili tədqiq etməliyik.