Skip to content

Məsih təlim və səlahiyyəti ilə Özünü göstərir

Al-Alaq Surəsi (Surə 96) deyir ki, Allah bizə bilmədiklərimizi öyrədir.

“O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi.”

Surə Ələq 96:4-5

Daha sonra Rum Surəsinə (Surə 30) uyğun olaraq, Allah bunu peyğəmbərlər vasitəsilə edir ki, biz səhv ibadət etdiyimizi dərk edək.

“Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlil göndərmişik?”

Surə Rum 30:35

Bu peyğəmbərlər bizim Allaha aid səhv anlayışlarımızı aşkarlamaq üçün Allahdan verilmiş səlahiyyətləri olub. Allaha aid səhv anlayışlar bizim fikirlərimizdə, sözlərimizdə və davranışımızda ola bilər. Peyğəmbər İsa Məsih (s) elə bir Müəllim olub. Ondakı xüsusi səlahiyyət hətta daxili düşüncələrimizi aşkarlayır ki, biz daxilimizdəki səhvlərdən belə, dönək. Bunu burada görə bilərik. Daha sonra biz şəfa möcüzələrində Məsihin səlahiyyətinin əlamətinə nəzər salacağıq.

Şeytan tərəfindən sınağa çəkiləndən sonra İsa Məsih (s) təlim verərək peyğəmbərlik xidmətinə başladı. Onun İncildə qeyd olunmuş ən böyük təlimi Dağüstü Vəz adlanır. Siz onu burada oxuya bilərsiniz. Əsas fikirləri biz aşağıda qeyd edirik. Sonra isə İsa Məsihin təlimini Musanın Tövratdakı peyğəmbərlik sözləri ilə əlaqələndirəcəyik.

İsa Məsih (s) öyrədirdi:

«Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o, səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.

 “Zina etmə” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.

 “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.

 Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.

“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.  Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.

 “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun”»

Matta 5:21-48

Məsih və Dağüstü Vəz

İsa Məsih (s) vəzində “… deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki,…” sözlərindən istifadə edirdi. Beləliklə, İsa Tövrata istinad edir, sonra isə Allahın əmrini niyyətə, düşüncəyə və sözlərə də aid edir. İsa Məsih Musa (s) peyğəmbərin ciddi əmrlərini götürüb onları daha da çətinləşdirdi!

Fikir verin İsa Tövratın əmrlərini necə çətinləşdirir. O, bunu Öz səlahiyyətinə əsaslanaraq edir: ‘Mənsə sizə deyirəm ki,…’ Bundan sonra əmri daha da çətinləşdirir. Bu, İsanın vəzinə xas olan cəhətdir. İncil yazır:

“İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi”

Matta 7:28-29

Doğrudan da, İsa Məsih (s) böyük səlahiyyət sahibi kimi təlim öyrədirdi. Peyğəmbərlərin əksəriyyəti Allahın sözünü xalqa çatdıran adi elçilər olub, lakin İsa onlardan fərqlənir. Nə üçün İsa Məsih fərqli idi?  Burada gördüyümüz kimi, Əhdi-Ətiqdə ‘Məsih’ – səlahiyyətlə gələcək bir şəxsin adı idi. 2-ci Zəburda biz ‘Məsih’ adına ilk dəfə rast gəlirik. Burada Allah Məsihə deyir:

“Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm”

Zəbur 2:8

Məsihə millətlərin üzərində səlahiyyət verilmişdir. Hətta yer üzünün qurtaracağınadək hər yer Məsihə verilmişdir. Beləliklə, Məsih İsa böyük səlahiyyətlə təlim öyrədirdi.

Peyğəmbər və Dağüstü Vəz

Əslində,  burada gördüyümüz kimi, Musa peyğəmbər (s) Tövratda həmin o ‘Peyğəmbərin’ gəlişi barədə söyləmişdi. Bu Peyğəmbər xüsusi təlim verəcəkdi. Musa yazmışdı:

 “Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək. Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm”

Qanunun Təkrarı 18:18-19

İsa təlim verərkən Məsihin səlahiyyətini göstərirdi və bununla Musanın peyğəmbərliyini yerinə yetirdi. Məsih həmin Peyğəmbərin böyük səlahiyyətlə təlim verəcəyi barədə yazırdı. İsa həm Məsih, həm də Peyğəmbər idi.

Siz, mən və Dağüstü Vəz

Dağüstü Vəzə diqqət yetirsəniz özünüzü itirə bilərsiniz. İnsan ürəyində və niyyətində bu əmrlərə necə riayət edə bilər? İsa Məsih bu vəzdə nə demək istəyirdi? Vəzin sonuncu cümləsində biz bu suala cavabı tapırıq:

“Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun”

Matta 5:48

Fikir verin ki, bu, bir təklif deyil, əmrdir. İsa bizdən kamil olmağı tələb edir! Nə üçün? Çünki Allah kamildir. Allah ilə cənnətdə olmaq istəyiriksə, biz də kamil olmalıyıq. Çox vaxt biz fikirləşirik ki, xeyirxah əməllər pis əməllərdən daha çox olsa, kifayət olar. Belə olsaydı və Allah bizi cənnətə buraxsaydı, cənnət korlanar, bu dünyadakı qarmaqarışıqlıq cənnətdə də olardı. Bu gün həyatımızı məhv edən bizim ehtirasımız, paxıllığımız, qəzəbimizdir. Ehtiras, paxıllıq və qəzəblə cənnətə getsək, cənnət tezliklə bu dünyaya çevriləcək. Bu dünyadakı problemləri insanlar özləri yaradırlar.

Əslində, İsa Məsihin təliminin əksəriyyəti zahiri ayinlərə deyil, daxilə, ürəyə aiddir. Görün İsa Məsih ürəklərimiz barədə daha nə deyir:

«İnsanı murdar edən insandan çıxandır. Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir»

Mark 7:20-23

Beləliklə, daxili paklıq çox vacibdir. Bizdən kamillik tələb olunur. Allah kamil cənnətə yalnız kamil adamları buraxacaq. Lakin bu halda böyük problem yaranır: kamil deyiliksə, cənnətə necə düşə bilərik? Qeyri-kamilliyimiz bizi ümidsizliyə uğradır. 

Allaha elə bu da lazımdır! Biz kamilliyə çata bilmədiyimizi, ümidsiz vəziyyətimizi dərk edəndə, layiq olmadığımızı biləndə “ruhən yoxsul” oluruq. İsa Məsih Öz vəzini bu sözlərlə başlayır:

“Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır”

Matta 5:3

Bu təlimi özümüzə aid etsək və onu rədd etməsək, yaxşı olar. Bu təlim, həqiqətən, bizə aiddir! Allahın tələbi kamillikdir. Bu tələbi özümüzə aid edəndə müvafiq olmadığımızı dərk edirik. Onda Doğru Yola çıxırıq. Çünki kamil olmadığımızı görəndə köməyi qəbul etməyə hazır oluruq.  Öz əməllərimizə arxayın olanda isə, bizə kömək gərək olmur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *