Təmiz olmaq vacibdirmi? Nisa Surəsi (Surə 4) yazır:
“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır”
Surə Nisa 4:43
An-Nisa Surəsi bizə təmiz olmağı əmr edir; duadan əvvəl üzümüzü və əllərimizi təmiz torpaqla təyəmmüm etməyi deyir. Zahiri təmizlik vacibdir.
Şəms Surəsi (Surə 91) daxili təmizliyin əhəmiyyəti barədə yazır.
“And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
ona günahları və Allahdan qorxmağı təlqin edənə!
Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.
Onu günaha batıran isə ziyana uğramışdır”
Şəms Surəsi 91:7-10
Şəms Surəsi bizə deyir ki, nəfsimiz, canımız, daxili mənliyimiz təmizlənsə, biz uğur qazanmış oluruq. Qəlbimiz günaha batıbsa, ziyana uğrayır. İsa Məsih həmçinin daxili və zahiri təmizlik barədə öyrədirdi.
İsa Məsihin (s) sözlərində qüdrət var idi. O, səlahiyyətlə təlim öyrədirdi, adamlara şəfa verirdi, hətta, təbiəti idarə edirdi. O, həmçinin, ürəklərimizin vəziyyətini üzə çıxarmağı öyrədirdi; həm daxili, həm zahiri təmizliyin əhəmiyyətini vurğulayırdı. Zahiri təmizlik barədə xəbərdarıq. Buna görə namazdan əvvəl dəstəmaz, halal ət mövcuddur. Hədislərə görə, Məhəmməd (s) peyğəmbər demişdi:
“Təmizlik imanın yarısıdır…”
Müslim Fəsil. 1 Kitab 002, Nömrə 0432
Peyğəmbər İsa Məsih (s) də bizə daxili təmizlik barədə düşünməyi öyrədirdi. Bu vacibdir, çünki adamlar zahiri təmizliyi, Allah isə daxili təmizliyi də görür. Zahirən paklığa riayət edən, zahirən isə natəmiz olan yəhudi padşahının yanına bir peyğəmbər gəlib dedi:
“Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq”.
2 Salnamələr 16:9
Bu ayədən görürük ki, daxili təmizlik ürəyimizə – ürəyimizdəki düşüncələrə, hisslərə, qərarlara, itaət və ya itaətsizliyə, sözlərimizi idarə etməyimizə aiddir. Əhdi-Ətiq peyğəmbərləri öyrədirdilər ki, günahın kökü – ürəyimizdə olan susuzluqdur. Ürəyimizin vəziyyəti o qədər vacibdir ki, İsa Məsih (s) Öz təlimində bunu xüsusilə qeyd edib və xarici təmizliklə müqayisə edib. İncil daxili təmizlik barədə müxtəlif ayələrdə yazır:
Həm daxili, həm də zahiri təmiz saxla
(Burada ‘fariseylər’dən söhbət gedir. Bunlar bugünkü imamlar kimi Yəhudi din müəllimləri olub. İsa Allaha ondabiri vermək barədə danışır. Bu, Yəhudilərin Zakatıdır.)
«İsa bunları deyib qurtaranda fariseylərdən biri Onu evinə yeməyə dəvət etdi. O da içəri girib süfrəyə oturdu. İsanın yeməkdən əvvəl yuyunmadığını görən farisey heyrətləndi. Lakin Rəbb ona dedi: “İndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub. Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi? Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiniz, onda sizin üçün hər şey təmiz olar.
Vay halınıza, ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.
Vay halınıza, ey fariseylər! Sinaqoqlarda baş kürsüləri tutmağı və bazar meydanlarında salam almağı sevirsiniz.
Vay halınıza! Çünki siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız”» (Luka 11:37-44).
Luka 11:37-44
Qanuna görə, cəsədə toxunan kəs natəmiz olur. İsa (s) “siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız” sözünü fariseylərə dedi. Yəni fariseylər natəmiz olduqları halda bundan xəbərsiz idilər. Fariseylər daxili təmizlik barədə düşünmürdülər. Biz də daxili təmizlik barədə düşünməsək, allahsızlar kimi natəmiz olacağıq.
Dini baxımdan təmiz olan adamı murdarlayan ürəkdir
Daha sonra İsa Məsih (s) b.e.ə.750-ci ildə yaşayan Yeşaya (s) peyğəmbərin sözünə istinad edir (Yeşaya barədə oxumaq üçün bura baxın)
Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər: “Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?” İsa cavabında onlara dedi: “Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz? Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını, yaxud anasını söyən adam öldürülməlidir”. Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə, onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz. Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir:
“Bu xalq dodaqları ilə Mənə hörmət edir,
Amma qəlbləri Məndən uzaqdır.
Boş yerə Mənə səcdə edirlər,
İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”».
İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin. Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir». O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər». Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq. Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».
Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et». İsa dedi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur? Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz»
Matta 15:1-20
Burada İsa Məsih (s) deyir ki, biz daha çox Allahın sözünə deyil, insanların dini adətlərinə riayət etməyə çalışırıq. Peyğəmbərin dövründə yəhudi rəhbərlər Allah qarşısında olan valideynlərinə kömək öhdəliklərini yerinə yetirmək əvəzinə dini məqsədlə ianə verirdilər.
Bu gün də biz daxili təmizliyə etinasızlıq göstərildiyini görürük. Lakin Allah ürəklərimizdəki təmizliyə çox ciddi yanaşır. Daxili natəmizlik pak olmasa nəticəsi Məhkəmə Günündə cəzadır.
Zahirən gözəl, daxilən isə şərlə dolu
“Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur. Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun!
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz”
Matta 23:25-28
İsa Məsih (s) hamımızın gördüyü vəziyyəti qeyd edir. Allaha iman edənlər zahiri paklığa böyük əhəmiyyət verə bilərlər, lakin daxildəki paxıllıq və mühakimə də təmizlənməlidir. Daxili təmizlik zəruridir və bunu əldə etmək daha çətindir. Allah bizi daxili təmizliyimizə uyğun mühakimə edəcək. Allah ürəyimizə diqqət yetirir. Beləliklə, sual yaranır: Allahın Padşahlığına daxil olmaq üçün Məhkəmə Günü ürəklərimiz necə təmiz ola bilər? Cavabı İncildə axtaraq.