Əbəsə Surəsi (Surə 80) Məhəmməd Peyğəmbərin kor adamlar görüşü barədə yazır.
“O qaşqabağını sallayıb üzünü yana çevirdi.Yanına bir korun gəlməsinə görə.Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi”
Surə Əbəsə 80:1-3
Mənəvi dərrakə əldə etmək imkanına baxmayaraq, Məhəmməd peyğəmbər (s) kora şəfa vermədi. Peyğəmbərlər arasında yalnız İsa Məsih (s) kora şəfa verə bilirdi və şəfa verirdi. Başqa peyğəmbərlərdə olmayan səlahiyyət İsada var idi. Hətta Musa peyğəmbərdə, İbrahim peyğəmbərdə və Məhəmməd (s) peyğəmbərdə belə səlahiyyət olmayıb. İsa yeganə peyğəmbərdir ki, səlahiyyətlə möcüzələr edib. Bu barədə Zuxruf Surəsi (Surə 43) yazır:
“Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıqda olanları doğru yola yönəldəcəksən?”
Surə Zuxruf 43:40
Surə Maidə (Surə 5) İsa Məsihin möcüzələri barədə yazır:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”
Maidə, Surə 5:110
Ali-İmran Surəsi (Surə 3) onun səlahiyyəti və möcüzələri barədə yazır:
“Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır.
Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin”
Surə Al-İmran 3:49-50
Kor görür, cüzamlı sağalır, ölü dirilir! Maidə Surəsi (5:110) İsa Məsihin (s) aydın əlamətləri, Al-İmran Surəsi isə (3:49-50) onun əlamətlərinin sənə Rəbbdən olduğu barədə yazır. Bu böyük əlamətlərə etinasızlıq göstərmək axmaqlıq deyilmi?
Daha əvvəl biz gördük ki, peyğəmbər İsa Məsih (s) böyük səlahiyyətlə təlim öyrədirdi. Belə səlahiyyət yalnız Məsihdə ola bilərdi. Dağüstü Vəzdən dərhal sonra İncil yazır:
«İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. Bu zaman cüzamlı bir adam yaxınlaşıb “ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən”
deyərək Ona səcdə qıldı. İsa əlini uzadıb ona toxundu və dedi: “İstəyirəm, pak ol!” Dərhal bu adam cüzamdan pak oldu. İsa ona dedi: “Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar”»
Matta 8:1-4
İsa (s) peyğəmbər cüzamlıya şəfa verərkən səlahiyyətini göstərir. O, sadəcə, “Pak ol!” dedi və cüzamlı həm pak oldu, həm də şəfa aldı. İsanın sözlərində şəfa vermək və təlim öyrətmək üçün səlahiyyət var idi.
Daha sonra İsa (s) ‘düşmənlə’ görüşdü. Romanlılar o vaxt Yəhudi torpaqlarını ələ keçirən nifrətli işğalçılar idi. Fələstinlilər israillilərə nifrət etdiyi kimi, yəhudilər də romalılara nifrət edirdilər. Yəhudilər ən çox Roma əsgərlərinə nifrət edirdilər, çünki onlar öz vəzifələrindən sui-istifadə edirdilər. Roma zabitləri olan yüzbaşılara isə münasibət daha da pis idi. Onlar əsgərlərə başçılıq edirdilər. İsa (s) nifrətli düşmənlə görüşür. Bu yazıya fikir verin:
İsa Məsih (s) və yüzbaşı
«İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: “Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir”.
İsa ona dedi: “Mən gəlib ona şəfa verəcəyəm”
Yüzbaşı cavab verərək dedi: “Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!”
deyirəm, o da edir”. Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: “Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim.
Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq”. Sonra İsa yüzbaşıya dedi: “Get, qoy sənin imanına görə olsun”. Yüzbaşının xidmətçisi də o saat sağaldı”»
Matta 8:5-13
Məsihin sözlərində səlahiyyət var idi; o əmr etdi və uzaq məsafəyə baxmayaraq, onun əmri yerinə yetirildi! Lakin İsa (s) bu bütpərəst düşmənin imanına təəccüb etdi. Yüzbaşı İsanın sözündəki səlahiyyəti gördü; Məsihin sözü deməyə səlahiyyəti var idi, Məsihin sözü icra olunurdu. Bu yüzbaşını biz imansız hesab edirik (o, səhv yaşayan xalqdan, səhv olan dindən idi). Lakin İsa (s) deyir: gün olacaq, bir çoxları gəlib cənnətdə İbrahim və digər salehlərlə bir süfrədə oturacaqlar; düzgün olan dindən və düzgün xalqdan olanlar isə cənnətə düşməyəcəklər. İsa (s) bizə xəbərdarlıq edir ki, miras aldığımız din bizi cənnətə aparmır.
İsa sinaqoq rəisinin qızını dirildir
İsa Məsih (s) Yəhudi rəhbərlərə də şəfa verirdi. Əslində, ən böyük möcüzələrindən biri – sinaqoq rəisinin qızını diriltməsi – İncildə qeyd olunur:
“İsa geri qayıtdıqda xalq Onu qəbul etdi, çünki hamı Onu gözləyirdi. Bu vaxt Yair adlı sinaqoq rəisi olan bir kişi gəlib İsanın ayaqlarına düşdü və Ona yalvardı ki, evinə gəlsin. Çünki onun on iki yaşın içində olan bircə qızı var idi və o, can üstə idi. İsa oraya gedərkən izdiham Onu sıxışdırırdı.
Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şəfa verə bilməmişdi. Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı.
İsa dedi: «Mənə toxunan kim idi?» Lakin hamı bunu inkar edəndə Peter dedi: «Ustad, izdiham Səni əhatə edib sıxışdırır».
Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki Məndən qüvvət çıxdığını bildim». Qadınsa gizlənə bilmədiyini gördükdə titrəyərək gəlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nə səbəbdən toxunduğunu və o anda necə sağaldığını İsaya nəql etdi. İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get».
İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən bir nəfər gəlib dedi: «Qızın öldü. Müəllimi daha narahat etmə». Amma İsa bunu eşidəndə sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et! Qızın xilas olacaq». İsa onun evinə gələndə Peter, Yəhya, Yaqub və qızın ata-anasından başqa heç kimi Özü ilə evə girməyə qoymadı. Hamı qız üçün ağlayıb nalə çəkirdi. Amma İsa dedi: «Ağlamayın, o ölməyib, sadəcə olaraq yatıb». Onlarsa qızın öldüyünü bildiklərinə görə İsaya güldülər. Amma İsa qızın əlindən tutub səslədi: «Qızcığaz, qalx!» Qızın ruhu bədəninə qayıtdı və o dərhal ayağa qalxdı. İsa dedi ki, qıza yemək versinlər. Qızın ata-anası mat qaldı. Amma İsa onlara tapşırdı ki, bu hadisə barədə heç kəsə danışmasınlar”
Luka 8:40-56
Bir daha, sözlə əmr edərək, İsa ölü qızı diriltdi. İsa Məsih (s) bəzi adamlara möcüzə etmirdi. Bu, onların dindar olub-olmamasından, yəhudi olub-olmamasından asılı deyildi. İsa adamın cinsinə, irqinə, dininə baxmayaraq, imanı olan hər bir kəsə səlahiyyətlə şəfa verirdi.
İsa Məsih (s) bir çox adama şəfa verir
İncil yazır ki, bir dəfə İsa (s) Peterin evinə gedir. Daha sonra Peter on iki şagirdin başçı vaizi olur. İsa onun evinə gələndə bir ehtiyacı gördü və kömək etdi:
«İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı.
Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi:
“Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü”»
Matta 8:14-17
İsanın şər ruhlar üzərində səlahiyyəti var idi. Sadəcə, söz deməklə adamlardan cinləri qovurdu. İncil Əhdi-Ətiq ayələrinə istinad edərək şəfa möcüzələrinin Məsihin əlaməti olduğunu söyləyir. Əslində Yeşaya peyğəmbər (s) Məsih barədə yazırdı:
“Xudavənd Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq,Dustaqlara sərbəstlik elan etmək üçün, Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, Yaslıların hamısına təsəlli vermək üçün, Sionda yas tutanları təmin etmək, Kül yerinə çələng, Yas yerinə sevinc gətirən məsh yağı, Kədərli ruh əvəzinə Həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar etmək üçün Onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək”
Yeşaya 61:1-3
Yeşaya peyğəmbər (b.e.ə.750-ci ildə) demişdi ki, Məsih kasıblara Xoş Xəbəri (= ‘Müjdəni’ = ‘İncili’) gətirərək onlara təsəlli, azadlıq verəcək. Təlim öyrədərək, xəstəyə şəfa verərək, ölünü dirildərək peyğəmbər İsa (s) bu peyğəmbərlik sözlərini yerinə yetirdi. İsa bütün bu möcüzələri adamlara, cinlərə, xəstəliklərə, ölümün özünə səlahiyyətli sözü deməklə etdi. Məhz buna görə Al-İmran Surəsi yazır:
“O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır”
Surəsi 3:45 Ali-İmran
İncil də İsa (s) barədə yazır:
“…Onun adı Allahın Kəlamıdır” (Vəhy 19: 13).
Peyğəmbər İsa (s), Məsih olaraq, elə səlahiyyətlə söz deyirdi ki, ona ‘Allahın Kəlamı’ deyilirdi. Müqəddəs Kitablarda İsa Allahın Kəlamı adlandırılır. Buna görə də, biz Onun təliminə ehtiramla yanaşaraq tabe olsaq, müdrik iş görmüş olarıq. Daha sonra təbiətin Onun sözünə itaət etməsini görəcəyik.