Skip to content

İsa Məsih (s) itmişləri tapmaq üçün gəlmişdir

Fussilət Surəsi (41 – Fussilət) Məhkəmə Günü barədə yazır. Həmin gün adamın öz dərisi belə, onlara qarşı şahidlik edəcək. Adamlara belə deyiləcək:

Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz.

Fussilət 41:23

Onlara aid qərar belə olacaq:

“Biz onlara (fasiq) yoldaşlar qoşduq və (bu dostlar) onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar”

Fussilət 41:25

Bu ayə məhvə getdiyimizi bizə xatırladır. Bu ayə sizə də aiddir. Bu, böyük dərddir. Muminun Surəsi (23 – Muminun) izah edir:

“(O gün) məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar. Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) Cəhənnəmdə əbədi qalacaqlar”

Muminun 23:102-103

Tərəziləri ağır gələnlər üçün xilasa ümid var. Tərəziləri yüngül gələnlər isə ümidsiz vəziyyətdə məhvə doğru gedirlər. Muminun Surəsi onların məhvi barədə yazır. Beləliklə, adamlar iki hissəyə bölünür: dindar, təmiz (xilasa ümidi olanlar) və natəmiz günahkarlar. İsa Məsih məhz natəmiz günahkarlar üçün gəldi. Natəmiz günahkarlar məhvə doğru gedənlərdir. Bu barədə Fussilət və Muminun Surələri yazır.

Çox vaxt dindarlar murdar olmamaq üçün günahkarlardan ayrı gəzirlər. Peyğəmbər İsa Məsihin (s) dövründə Şəriət Qanununun müəllimləri də belə edirdilər. Onlar murdar adamlardan ayrı gəzirdilər və öz təmizliklərini qoruyurdular. Lakin İsa Məsih (s) əsasən ürəyin paklığı barədə öyrədirdi. Buna görə də O, ayinlərlə özünü pak edən adamların yanında deyildi. İncil İsa Məsihin (s) günahkarlara yaxın olması və dindarların bundan narazı olmaları barədə belə yazır:

«Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. Fariseylər və ilahiyyatçılar isə “bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir” deyə deyinirdilər»

Luka 15:1-2

Bəs İsa Məsih (s) niyə günahkarları qəbul edir və onlarla yemək yeyirdi? O, günahı sevirdimi? Peyğəmbər öz tənqidçilərinə üç məsəl və ya hekayə ilə cavab verdi.

İtmiş qoyun barədə məsəl

«Amma İsa onlara bu məsəli çəkdi: Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı? Tapanda isə onu sevinclə çiyinlərinə qoyar. Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: “Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!”  Sizə bunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq»

Luka 15:3-7

Bu hekayədə Peyğəmbər (s) bizi qoyunlara, Özünü isə çobana bənzədir. Yaxşı çoban itmiş qoyunu axtardığı kimi, O, Özü də itmiş adamları axtarır. Ola bilsin, ailənizdən və ətrafdakı adamlardan gizlicə günaha batmışınız və bu barədə heç kim bilmir. Yaxud həyatınız, bütün problemləriniz o qədər çətindir ki, özünüzü itmiş hiss edirsiniz. Bu məsəl ümid verir, çünki siz bilirsiniz ki, İsa peyğəmbər (s) sizi tapmağa və sizə kömək etməyə çalışır. Nə qədər ki, hələ məhv olmamısınız, O, sizi xilas etmək istəyir.

Daha sonra O, ikinci məsəli danışdı.

İtmiş pul haqqında məsəl

«Yaxud on dirhəmi olan hansı bir qadın bir dirhəmini itirsə, çıraq yandırıb evi süpürərək onu tapanadək diqqətlə axtarmaz? Tapanda öz rəfiqələrini və qonşularını çağırıb deyər: “Mənimlə birlikdə sevinin, itirdiyim dirhəmi tapmışam!” Sizə bunu deyirəm: Allahın mələklərinin önündə də tövbə edən bir günahkara görə sevinc olur”»

Luka 15:8-10

Bu məsəldə dəyərli, lakin itmiş dirhəm biz, pulu axtaran kəs isə İsadır (s). Müşkül ondadır ki, “dirhəm” itmiş olduğunu bilmir və itdiyini hiss etmir. İtkini hiss edən qadın yeri səylə süpürməyə başlayır və dəyərli dirhəmi tapana qədər onu diqqətlə axtarır. Bəlkə də siz özünüzü itmiş hiss etmirsiniz. Lakin həqiqət budur ki, hər birimiz tövbə etməliyik. Siz tövbə etməmisinizsə, (hiss etsəniz də, hiss etməsəniz də) siz məhvə gedirsiniz. İsa (s) peyğəmbərin gözündə siz dəyərli, lakin itmiş pulsunuz; o, itkini hiss edir və tövbəni sizə aydın etməyə çalışır.

Onun üçüncü məsəli çox təsirlidir.

İtmiş oğul haqqında məsəl

«İsa bunu da danışdı: Bir adamın iki oğlu var idi. Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü.

Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi. Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı. Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi.  Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi.

Onda oğlan ağlı başına gələndə dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm! Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”. O durub öz atasının yanına getdi.

Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. Oğul dedi: “Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm”. Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın. Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq! Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı”. Beləliklə, şadlıq etməyə başladılar.

Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi. O, nökərlərdən birini yanına çağırıb soruşdu: “Bu nədir?” Nökər ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib”. Böyük oğul isə hirsləndi və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı. Amma o, atasına belə cavab verdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qıymadın ki, dostlarımla şadlıq edim. Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin”. Atası isə ona dedi: “Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir. Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!”»

Luka 15:11-32

Bu hekayədə bizi ya dindar böyük, ya da yolunu azmış kiçik qardaş təmsil edir. Böyük qardaş dini qaydaların hamısına riayət etsə də, atasının sevən ürəyini dərk etmədi. Kiçik oğul isə evi tərk edərək azad olduğunu düşünsə belə, axırda alçalıb yoxsul nökər oldu.  Sonra ağlı başına gəldi, evə getmək imkanı barədə düşündü. Evə qayıtmaq – səhv etdiyini boynuna almaq deməkdir, bunun üçün isə həlimlik tələb olunur. Bu hekayə bizə tövbənin nə olduğunu izah edir. Yəhya (s) peyğəmbər tövbə barədə cəsarətlə öyrədirdi.

Qürurunu sındırıb atasının yanına qayıdanda onda ümid və təsəvvür etmədiyi məhəbbəti gördü. Çarıq, xələt, üzük, oğlaq, yeyib-içmək, atanın onu qəbul etməsi – bunların hamısı məhəbbəti göstərir. Bu hekayə bizə Allahın məhəbbətini anlamağa kömək edir. Allah bizi çox sevir və Ona tərəf dönməyimizi istəyir. Bunun üçün tövbə gərəkdir. Tövbə etsək Allahın bizi qəbul etməyə hazır olduğunu görəcəyik. Peyğəmbər İsa Məsih (s) bizə bunu öyrətmək istəyir. Bu məhəbbətə özünüzü həvalə edərək onu qəbul etməyə hazırsınızmı?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *