Skip to content

Dirilmənin nübarı: sənin üçün həyat

Rad Surəsi (Surə 13) imansızların tənqidi barədə yazır:

Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır.

Rad Surəsi 13:5,7

Fikir iki hissədən ibarətdir. Rad Surəsi 5-ci ayədə təsvir olunan imansızlar dirilmənin mümkünlüyü barədə sual verirlər.  Onların fikrincə, bu, əvvəllər baş verməmişdisə, gələcəkdə də baş verməyəcək. Daha sonra onlar dirilmənin olacağına bir əlamət olaraq möcüzə görmək istəyirlər. Əslində, onlar dəlil və ya bir təsdiq tələb edirlər.

Furqan Surəsi (Surə 25) eyni məsələdən bəhs edir, lakin bir qədər fərqli yazır:

(Məkkə müşrikləri) bəla yağmuru düşüb (viran qalmış) şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmiş­­dilər? Xeyr, onlar öldükdən sonra dirilməyə də inanmırlar. Onlar səni gördükdə ancaq sənə lağ edir (və deyirlər: )“Budurmu Allahın elçi göndərdiyi kəs?”

Furqan Surəsi 25:40-41

Onlarda nə gələcək dirilmədən, nə də Peyğəmbərdən (s) qorxu var. Onlar dirilmənin göstərilməsini tələb edirlər.

Furqan Surəsi həmçinin Allahın qeyri-imanlılara münasibətini göstərir:

(Kafirlər) isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə tanrı götürdülər.

Furqan Surəsi 25:3

Furqan Surəsi adamların çox vaxt yalançı tanrılara ibadət etdikləri barədə yazır. İnsan həqiqi Tanrını yalançı tanrıdan necə fərqləndirə bilər? Cavab ayədədir. Yalançı tanrıların “öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti” yoxdur. Yenidən dirildə bilmək qabiliyyəti həqiqi Tanrını yalançı tanrıdan fərqləndirir.

İmansızlar etinasızlıq göstərmək, yaxud qorxmaq, yalançı tanrılara ibadət edib-etməmək kimi məsələlərdə Allahdan və Onun elçilərindən əlamət tələb edirlər. Bu imansızlar üçün də meyar eynidir: dirilmə.

Dirilmə ən uca səlahiyyət və qüdrət sahibinə məxsusdur. İbrahim (s), Musa (s), Davud (s) və Məhəmməd (s) böyük peyğəmbərlər olsalar da, öləndən sonra dirilmədilər. Sokrat, Eynşteyn, Nyuton və Süleyman kimi ən müdrik adamlar da dirilmədilər. Yunan, Roma, Bizans, Əməvilər, Abbasilər, Məmlüklər, Osmanlı kimi imperatorluqlarında heç bir taxt-tac sahibi, heç bir imperator ölümə qalib gələrək dirilməyib. Bu, çox çətin məsələdir. Məhz bu çətin məsələ ilə üzləşməyi İsa Məsih (s) seçdi.

O, Bazar günü səhər gün çıxmazdan əvvəl zəfər çaldı. Sübh tezdən İsanın ölümə qalib gəlməsi sizin və mənim üçün də qələbədir. Dünyanın dərdi içində daha əsir qalmamalıyıq. Falaq Surəsi (Surə 113) yazır:

De: “Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən…”

Falaq Surəsi 113:1-3

Tövratın Nübar bayramında biz yüz illərlə əvvəl məhz bu sübh haqqında edilən peyğəmbərlikləri, sübhün Rəbbinin bizi bu dünyanın bəlalarından necə azad etdiyini görəcəyik.  

İsa Məsih və Tövratın bayramları

İncildə qeyd olunan Peyğəmbər İsa Məsihin həyatının sonuncu həftəsinin hər günündə baş verən hadisələri biz diqqətlə öyrəndik. Həftənin sonunda O,  müqəddəs yəhudi bayramı olan Pasxa günündə çarmıxa çəkildi. Daha sonra O, həftənin müqəddəs sayılan 7-ci günü –  Şənbə günü ərzində fəaliyyətsiz olaraq ölü qaldı. Bu müqəddəs günlərini Allah uzun müddət əvvəl Tövratda Musa peyğəmbər (s) vasitəsilə müəyyən etmişdi. Bu göstərişlər barədə belə yazılıb:

“Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Rəbbin təyin etdiyi bayramlar, Mənim bayramlarım bunlardır. Bu vaxt müqəddəs toplantı çağırın:

Şənbə istirahət günü

Altı gün işinizi görün, yeddinci gün isə Şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy Rəbbin bu Şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin.

Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin.

Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır”

Levililər 23:1-5

Zaman xəttində gördüyünüz kimi, Peyğəmbər İsa Məsihin çarmıxa çəkilməsi və fəaliyyətsiz qalaraq istirahət etməsi 1500 il əvvəl təyin edilmiş bayram günlərinə düşür. Bu, heyranedici deyilmi? Cavab hamımıza, hətta hər gün bir-birimizlə salamlaşmağımıza belə, təsir göstərir.  

İsa Məsih Pasxa qurbanının günündə öldü (6-cı gün) və Şənbə günü istirahət etdi (7-ci gün)

Peyğəmbər İsa Məsihin Tövratın bayramları ilə əlaqəsini izləməkdə davam edirik. Tövratdan gətirdiyimiz ayələr ilk iki bayramlara aiddir. Növbəti bayram ‘Nübar’ adlanır və Tövrat bu bayrama aid belə göstərişlər verir.

Rəbb Musaya belə dedi: «İsrail övladlarına de: “Sizə verəcəyim torpağa gəldiyiniz zaman məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahinin yanına gətirin. O, dərzi Rəbbin hüzurunda yellədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu Şənbənin ertəsi günü yellətsin… Bu qurbanı Allahınıza təqdim etdiyiniz həmin günə qədər nə çörək, nə qovurğa, nə də təzə sünbül yeməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun

Levililər 23:9-11,14

Beləliklə, Pasxa bayramı olan ‘Şənbədən sonrakı gün’ üçüncü Müqəddəs gün olub. Hər il bu gündə Baş Kahin Müqəddəs Məbədə daxil olaraq RƏBBİN hüzurunda iki dərzi yellədərək təqdim edir. Bu, ölüm rəmzi olan qışdan sonra yeni həyatın başlanğıcına işarə edir, adamların yeyib doyması üçün bol məhsulun olacağını söyləyir.

Şənbə günü İsa Məsih (s) fəaliyyətsiz olaraq ölümdə istirahət etdi. Bu, məhz sonrakı gün – yeni həftənin Bazar günü, 16 Nisan tarixində baş verdi. İncil həmin günün hadisələrini təfsilatlarla qeyd edir. Əvvəlcə Baş Kahin Məbədə yeni həyatın ‘Nübar’ını təqdim etmək üçün gəldi. Mətn belədir:

İsa Məsih ölülərdən dirilir

Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər. Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər. Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar. Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın. Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”». Qadınlar da İsanın sözlərini yada saldılar.

 Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər. Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi. Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar. Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı.

Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi. Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi. Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.

İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar. Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Sən yəqin Yerusəlimə gələn adamlar arasında bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan yeganə adamsan». İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi. Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər.  Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib. Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər. Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər».

 Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?» Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.

Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı. Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.

İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu. Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»

Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər. Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür». Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.

Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi. Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər. Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir? Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur».  İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi. Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?» Ona bir tikə bişmiş balıq verdilər. İsa da yeməyi götürüb onların qabağında yedi.

Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır». Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı. İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. Siz bu hadisələrin şahidisiniz

Luka 24:1-48

İsa Məsihin qələbəsi

Peyğəmbər İsa Məsih (s) müqəddəs Nübar Bayramı günündə böyük qələbə çaldı. Onun düşmənləri və şagirdləri bunun mümkün olduğuna inana bilmirdilər – İsa ölümə qalib gələrək həyata qayıtdı. İncil izah edir:

“Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə

«Ölüm yox edildi,

Onun üzərində qələbə çalındı!»

deyə yazılmış söz yerinə yetəcək.

«Ey ölüm, qələbən hanı?

Ey ölüm, neştərin hanı?»

Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır”

1 Korinflilərə 15:54-56

Lakin bu, yalnız peyğəmbərin qələbəsi deyildi. Bu, həmçinin, sizin və mənim qələbəmdir. Bu qələbə Nübar bayramında baş verdi. İncil bunu belə izah edir:

“Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi. Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir. Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq. Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar. Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq. Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir. Aradan götürüləcək son düşmən isə ölümdür”

1 Korinflilərə 15:20-26

Peyğəmbər məhz Nübar bayramı günü dirilib həyata qayıtdığına görə biz də bir gün ölülərdən diriləcəyimizi bilməliyik.  Nübar bayramı yeni həyatın təqdimatı, böyük məhsulun təvəkkülüdür.  İncil İsa Məsihin dirilməsinin ‘nübar’ olduğunu bizə deyir; daha böyük dirilmə – Ona məxsus olanların dirilməsi sonra baş verəcək. Tövrat və Quran ölümün Adəm vasitəsilə gəldiyini öyrədir. İncil də eyni ilə dirilmənin İsa Məsih vasitəsilə gəldiyini öyrədir. İsa Məsih yeni həyatın Nübarıdır, hamımız onu dadmağa dəvət olunuruq.

Pasxa: Bazar günü qeyd edilən Dirilmə bayramı

Bu gün bir çoxları İsa Məsihin dirilmə bayramını Pasxa adlandırırlar; onun dirildiyi gün Pasxa Bazar günü adlanır. Lakin bu sözlər yüz illərlə sonra yarandı. Adlar əhəmiyyət kəsb etmir. Əsas məsələ – Nübar bayramının işarə etdiyi Peyğəmbərin dirilməsidir. Bu bayram yüz illərlə əvvəl, Musa peyğəmbərin vaxtında təyin olundu və bunun mənası bizim üçün çox əhəmiyyətlidir.

Zaman xəttində növbəti həftənin Bazar gününə aid qeyd olunanlara fikir verin:

İsa Məsih Nübar bayramı günü dirilir – sizə və mənə ölümdən sonra yeni həyat təklif olunur

‘Xoş Cümə’ sualına cavab

‘Xoş Cümə’ barəsində sualımıza bu, cavab verir.  İncil izah edir:

“Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu”

İbranilərə 2:9

Xoş Cümə günündə İsa ölüm əzabını sizin, mənim və “hər kəsin uğrunda” çəkdi. Cümə günü bizə böyük xeyir verdiyi üçün “Xoş Cümə” adlanır. Nübar bayramında İsa dirildi və indi hər bir kəsə yeni həyatı təklif edir.

Quranda İsa Məsihin dirilməsi və salam

Təfsilatları az olsa da, Quran İsa Məsihin dirilmə gününü üç günün ən mühümü hesab edir. Məryəm Surəsi yazır:

 [İsal Məsih dedi] “Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”

Məryəm Surəsi 19:33

İncil  İsa Məsihin doğulmasını, Onun ölümünü və dirilməsini qeyd edir. Onun dirilməsi ‘Nübar’ olduğuna görə, dirilən Peyğəmbərdə olan salam indi sizə və mənə təklif olunur. İsa Məsih dirildiyi gün şagirdləri ilə görüşərkən onları salamladı və onlara bunu bildirdi:

O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər.  İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: “Müqəddəs Ruhu alın!”

Yəhya 20:19-22

Müsəlmanlar bir-biri ilə salamlaşaraq “salam əleyküm” – sənə salam olsun deyirlər. Daha əvvəllər “salam” sözünü peyğəmbər İsa Məsih işlədib; Öz dirilməsini bizə verdiyi sülh ilə əlaqələndirmək üçün “salam” sözündən istifadə edib.  Hər dəfə “salam” deyəndə və ya “salam” eşidəndə Peyğəmbərin bu vədini xatırlamalıyıq, bizə təklif olunan Müqəddəs Ruhun ənamı barədə düşünməliyik.

İsa Məsihin dirilməsi

Peyğəmbər İsa Məsih diriləndən sonra bir çox gün ərzində şagirdlərinə görünürdü. İncildə bu barədə qeyd olunanları burada oxuya bilərsiniz. Lakin fikir verməliyik ki, İsa Məsih şagirdlərinə ilk dəfə görünəndə:

“…bu sözlər həvarilərə mənasız göründü”

Luka 24:11

Peyğəmbər məcbur olub:

“Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi”

Luka 24:27

Daha sonra yenə:

“İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır»”

Luka 24:44

Bunun həqiqətən Allahın planı və bizi ölümdən həyata aparan doğru yolun olduğuna necə əmin ola bilərik? Gələcəyi yalnız Allah bilir. Beləliklə, yüz illərlə əvvəl Tövrat, Zəbur və Peyğəmbərlərin digər kitabları vasitəsilə verilən Əlamətlər İsa Məsihdə icra olundu. Bunlar bizi əmin etmək üçün yazılmışdı:

Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən

Luka 1:4

Peyğəmbər İsa Məsihin qurban olması və dirilməsi məsələsindən xəbərdar olmaq çox mühümdür. Bunun üçün dörd müxtəlif məqalələrə istinad verilir:

  1. Bu məqalə Musanın Tövratında İsa Məsihə verilən işarələrdən bəhs edir.
  2. Bu məqalə Zəbur və Peyğəmbərlərin kitablarında İsa Məsihə verilən işarələrdən bəhs edir. Bu iki məqalə bizə özümüz üçün həqiqəti aşkar etməyə imkan verir: doğrudanmı  “Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir” (Luka 24:46).
  3. Bu məqalə bizə İsa Məsihdən dirilmə həyatını hədiyyə olaraq qəbul etməyin yolunu dərk etməyə kömək göstərir.  
  4. Bu məqalə  İsa Məsihin çarmıxa çəkilməsinə aid çaşqınlıqlar barədə yazır və müqəddəs Quranın bu barədə söylədiklərini diqqətinizə çatdırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *