Skip to content

Əyyub peyğəmbər kim olub? Nə üçün o, bu gün məşhurdur?

Beyyinə Surəsi (Surə 98) yaxşı adam olmağın şərtlərini təsvir edir:

“Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!”

Beyyinə Surəsi 98: 5

Eyni ilə, Əsr Surəsi (Surə 103) Allah qarşısında pis vəziyyətə qalmamaq üçün bizə gərək olan xüsusiyyətlər barədə yazır:

“Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa”

Əsr Surəsi 103:2-3

Əyyub (s) peyğəmbər Beyyinə və Əsr Surələrində təsvir olunan kimi olub. Əyyub peyğəmbər çox məşhur olmasa da, Quranda dörd dəfə adı çəkilir.

“Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik”

Nisa Surələri 4:163

“Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”

Ənam Surələri 6:84

Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”

Ənbiya Surələri 21:83

Qulumuz Əyyubu da yada sal! Bir zaman o, öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”

Sad Surələri 38:41

Əyyub İbrahim, İsa Məsih, Davud kimi peyğəmbərlərin siyahısına daxildir, çünki o, daha sonra Müqəddəs Kitaba daxil edilən bir kitab yazmışdı. Onun kitabı onun həyatını təsvir edir. O, Nuhİbrahim (s) peyğəmbərlərin arasındakı dövrdə yaşayıb. Müqəddəs Kitab onun barəsində belə yazır:

“Us ölkəsində Əyyub adlı bir şəxs var idi. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi. Onun yeddi oğlu, üç qızı var idi. O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı.

Oğlanları növbə ilə evlərində ziyafət qurar və üç bacılarını da çağırardılar ki, birgə yeyib-içsinlər. Ziyafət müddəti bitəndən sonra Əyyub övladlarını çağırtdırıb təqdis edər və erkən qalxıb bütün övladlarının sayına görə yandırma qurbanı təqdim edərdi. Əyyub «bəlkə övladlarım günaha bataraq ürəklərində Allaha lənət ediblər» deyə düşündüyündən həmişə belə edərdi”

Əyyub 1:1-5

Beyyinə və Əsr Surələrinin təsvir etdiyi bütün zəruri xüsusiyyətlər Əyyubda olub. Lakin daha sonra Şeytan Rəbbin qarşısına gəldi. Əyyubun Kitabı onların arasında olan söhbəti qeyd edir:

“Bir gün ilahi varlıqlara Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub gəldi. Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan cavabında «dünyanı gəzib-dolaşmaqdan» dedi. Rəbb ona dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır».  Şeytan Rəbbə belə cavab verdi: «Əyyub Allahdan boş yerəmi qorxur? Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb. İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, gözünün qabağında mütləq Sənə lənət edəcək».

Rəbb Şeytana dedi: «Yaxşı, sahib olduğu hər şeyi sənə təslim edirəm, amma canına toxunma». Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi”

Əyyub 1:6-12

Beləliklə, bundan sonra Şeytan Əyyubun üzərinə bəlalar gətirir:

“Bir gün Əyyubun oğulları ilə qızları böyük qardaşlarının evində yemək yeyib şərab içərkən bir nökər gəlib Əyyuba belə dedi: «Öküzlər cüt sürür, eşşəklər də onların yanında otlayırdı. Bu zaman Səbalılar hücum edib onları apardılar və nökərləri qılıncdan keçirtdilər. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». O hələ sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Göydən Allahın odu töküldü. Həm qoyunları, həm də nökərləri yandırıb külə çevirdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». O, sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Xaldeylilərdən üç qoşun hücum edərək dəvələrini apardı və nökərləri qılıncdan keçirtdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». O hələ sözünü qurtarmamış başqa bir nökər gəlib belə dedi: «Oğullarınla qızların böyük qardaşlarının evində yemək yeyib şərab içərkən qəflətən çöldə güclü tufan qopdu və evin dörd tərəfini bürüdü. Ev uçub bu cavanların üstünə töküldü, hamısı öldü. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim».

Buna görə Əyyub durub cübbəsini yırtdı, saç-saqqalını kəsdi, yerə sərilib səcdə etdi.  O belə dedi:

«Bu dünyaya çılpaq gəlmişəm,

Çılpaq da gedəcəyəm.

Verən də Rəbdir, alan da Rəbdir.

Rəbbin isminə alqış olsun!»

Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazanmadı və Allahı təqsirləndirmədi”

Əyyub 1:13-22

Şeytan Əyyubu Rəbbə lənət oxumağa məcbur etmək istəyirdi. Buna görə də, ikinci dəfə hücum etdi.

“Başqa bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub Rəbbin hüzuruna qalxmaq üçün gəldi. Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan «dünyanı gəzib-dolaşmaqdan» deyə cavab verdi. Rəbb dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlİsaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır. Məni vadar etdin ki, boş yerə onu məhv edim, amma o hələ kamil olaraq qalıb». Şeytan Rəbbə belə cavab verdi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər. Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lənət edəcək». Rəbb Şeytana dedi: «Yaxşı, onu sənə təslim edirəm. Yalnız canını alma».

Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi və sonra Əyyubun bədəninə başdan ayağadək ağrılı çibanlar çıxartdı. Əyyub çibanlarını qaşımaq üçün bir saxsı parçası götürdü və kül içində oturdu.  Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!» Əyyub cavab verdi: «Lap nadan arvadlar kimi danışırsan. Nə oldu, Allahdan yaxşılığı qəbul edək, pisliyi qəbul etməyək?» Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazandıran bir kəlmə də demədi”

Əyyub 2:1-10

Məhz buna görə Ənbiya Surəsi Əyyubun dərd içində fəryad etdiyi, Sad Surəsi isə Şeytanın onu xəstəliyə salması barədə yazır.

Əyyub bəlaya düşəndə üç dostu ona baş çəkməyə gəlir.

“Əyyubun üç dostu – Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar onun başına gələn bütün bəlaları eşidərkən üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər. Əyyubu uzaqdan görərkən tanıya bilmədilər, hönkürüb ağlayaraq öz cübbələrini cırıb-dağıtdılar və yerdəki torpağı götürüb başlarına tökdülər. Yeddi gün-yeddi gecə onunla birlikdə quru yerdə oturdular. Kimsə ağzını açmadı, çünki Əyyubun dərdinin nə qədər böyük olduğunu gördülər”

Əyyub 2:11-13

Dostları Əyyubun başına gələn bəlaların səbəbini bilmək istəyirdilər. Əyyubun Kitabı onların uzun söhbətlərini bir çox fəsildə qeyd edir. Axırda dostlar Əyyuba bəlanın yalnız pis adamların üzərinə gəldiyini deyirlər: çox güman ki, Əyyub gizlicə günah edib. Günahlarını tövbə etsə, Allah onu bağışlayar. Lakin Əyyub hər dəfə təqsiri olmadığını, bəlaların səbəbini bilmədiyini söyləyir.

Onların söhbətləri uzun olduğu üçün bunları ətraflı tədqiq edə bilmərik, lakin Əyyub sualları arasında əmin olduğu bir söz deyir:

“Amma mən bilirəm ki, Satınalanım yaşayır,

Axırda O, yer üzərində dayanacaq.

Dərim yox olandan sonra

Bədən alıb Allahı görəcəyəm.

Mən Ona baxacağam,

Başqası yox, mən öz gözlərimlə görəcəyəm.

Budur, ürəyim həsrətdən üzülür!”

Əyyub 19:25-27

Bəlaların səbəbini bilməsə də, Satınalanın yer üzünə gələcəyini dəqiq bilirdi. Satınalan günahlarına görə qiymət ödəyəcək bir Şəxsdir. Əyyub ona ‘Satınalanım’ deyir. Yəni Əyyub onun üçün gələcək Satınalan barədə bilirdi. Əyyubun “dərisi yox olandan sonra” (yəni öləndən sonra) o, Allahı öz gözləri ilə görəcək.

Əyyub gələcəyə, Dirilmə Gününə baxır. Dirilmə Günü Allah ilə üz-üzə görüşəcəyinə əmindir, çünki onu Satınalan yaşayır və onu satın alıb.

Məaric Surəsi (Surə 70) həmçinin Dirilmə Günü və Satınalan barədə yazır. Lakin Məaric Surəsi həmin Günə və Xilaskara xor baxan axmaq barədə yazır: 

“(Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin”

Məaric Surələri 70:11-14

Axmaq adam Məaric Surəsində xilaskar axtarsa da uğursuz olur. O, həmin Günün – Qiyamət Gününün cəzasından onu xilas edəcək bir nəfəri axtarır. Onun övladları, arvadı, qardaşı və yer üzündə olan bütün adamlar onu xilas və ya satın ala bilmir. Onlar onu xilas edə bilmirlər, çünki özləri də öz cəzalarını çəkməlidirlər.

Əyyub saleh olub, lakin buna baxmayaraq, həmin Gün Satınalana ehtiyac duyduğunu bilirdi. Çətinliklərə baxmayaraq, o, Satınalanın olduğuna əmin idi. Tövrat “günahın əvəzi ölümdür”, “Satınalan öz həyatı ilə qiyməti ödəməlidir” yazır. Əyyub bilirdi ki, “axırda O, yer üzərində dayanacaq”. Əyyubun Satınalanı kimdir? Ölən və  yer üzündə dayanmaq üçün dirilən yeganə şəxs – peyğəmbər İsa Məsihdir (s). Cəzanın (Ölümün) qiymətini ödəyən və axırda yer üzərində dayana bilən Kəs yalnız Odur.

Əyyub kimi salehin Satınalana ehtiyacı olubsa, sizin və mənim də Qiyamət Günü Ona ehtiyacımız böyük deyilmi? Beyyinə və Əsr Surələrində xüsusiyyətləri təsvir olunan xeyirxah adama Satınalan gərəkdirsə, bəs bizə necə? Gəlin Məaric Surəsindəki Sonuncu Günə qədər gözləyən və cəzasından onu satın alan şəxsi uğursuz axtaran axmaq kimi olmayaq. Peyğəmbər İsa Məsih (s) sizi satın ala bilər, bunu indi anlayın. Əyyub peyğəmbər əvvəlcədən bildiyi kimi, siz də bunu əvvəlcədən bilin.

Öz kitabının sonunda Əyyub Rəbb ilə görüşür (burada oxuyun) və onun xoş həyatı bərpa olunur (burada oxuyun). 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *