Zəriyət Surəsi (Surə 51 – Zəriyət) Musa peyğəmbərin Fironun yanına göngərilməsi barədə yazır.
“Musanın əhvalatında da (ibrət) vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik”
Surə Zəriyət 51:38
Musa peyğəmbər təbiətin qüvvələri üzərində möcüzəli səlahiyyətini göstərdi. Məsələn, Musa Qırmızı Dənizi bölmüşdü. Musa kimi özünü peyğəmbər adlandıran hər bir kəs qarşıdurma ilə üzləşirdi. O, etibarlı peyğəmbər olduğunu sübut etməli idi. Şuəra Surəsin (Surə 26) bu barədə ətraflı yazır.
“Nuh tayfası da elçiləri yalançı saydı. Qardaşları Nuh onlara o vaxt deyəndə ki: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm”
Surə Şuəra 26:105-107
“Ad tayfası da elçiləri yalançı saydı. Qardaşları Hud o vaxt onlara deyəndə ki: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin!”
Surə Şuəra 26:123-126
“Səmud tayfası da elçiləri yalançı saydı. Qardaşları Saleh o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin”
Surə Şuəra 26:141-144
“Lut tayfası da elçiləri yalançı saydı. Qardaşları Lut o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin!”
Surə Şuəra 26:160-163
“Əykə əhli də elçiləri təkzib etdi. O zaman ki, Şueyb onlara dedi: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin!”
Surə Şuəra 26:176-179
Bu peyğəmbərlərin hamısı qarşıdurma ilə üzləşdilər və etibarlı peyğəmbər olduqlarını sübut etməli oldular. Peyğəmbər İsa Məsihlə də belə oldu.
Peyğəmbər İsa Məsih (s) səlahiyyətlə təlim öyrədir və şəfa verirdi. Həmçinin İsanın təbiət üzərində də səlahiyyəti var idi. İncil onun suyun üzəri ilə gölü keçdiyindən yazır:
«Bir gün İsa Öz şagirdləri ilə bir qayığa mindi və onlara dedi: “Gəlin gölün o biri sahilinə keçək”. Onlar yola düşdülər. Onlar qayıqda gedərkən İsanı yuxu apardı. Göldə tufan qopdu. Qayıq su ilə dolmağa başlayanda onlar təhlükəli vəziyyətə düşdülər.
Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: “Ustad, Ustad, biz həlak oluruq!”
İsa durub küləyə və qalxan sulara qadağan etdi. Tufan dayandı və sükut çökdü. Onda O, şagirdlərinə dedi: “Sizin imanınız haradadır?”
Onlarsa qorxu və heyrət içində qalıb bir-birlərindən soruşurdular: “Bu Adam kimdir ki, həm küləklərə, həm suya əmr verir, onlar da itaət edir?”»
Luka 8:22-25
İsa Məsih (s) hətta küləyə, dalğalara belə, əmr edirdi! Təəccüblü deyil ki, bunu görən şagirdlər heyrətə düşdülər. İsanın səlahiyyətini görən şagirdlər Onun kim olduğu barədə düşünməyə başladılar. Başqa bir dəfə İsa minlərlə adama çörək paylayaraq səlahiyyətini nümayiş etdirdi:
«Bu hadisələrdən sonra İsa Qalileya – Tiberiya gölünün o biri sahilinə keçdi. Böyük bir izdiham Onun ardınca gedirdi, çünki Onun xəstələrlə göstərdiyi əlamətləri görürdü. İsa dağa çıxıb şagirdləri ilə oturdu.
Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa başını qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: “Haradan çörək alıb bu adamları yedirək?”
Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə edəcəyini bilirdi. Filip Ona cavab verdi: “Bunlara iki yüz dinarlıq çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin”.
Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi: “Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər adam üçün bunlar nədir ki?”
İsa “xalqı yerə oturdun” dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi.O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara hər kəsə istədiyi qədər payladı. Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi:
“Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın”. Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil doldurdular. O zaman İsanın göstərdiyi əlaməti görən adamlar
“Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!” deyirdi. İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi”»
Yəhya 6:1-15
İsa Məsih (s) beş çörək və iki balıqla 5000 nəfəri yedirdi, hələ artıq da qaldı. Bunu görən adamlar İsanın böyük peyğəmbər olduğunu bildilər. Onlar fikirləşirdilər: görəsən, bu, Tövratda Musanın (s) gələcəyi barədə söylədiyi peyğəmbərdirmi? Biz bilirik ki, İsa Məsih (s) həmin bu Peyğəmbər olub, çünki Tövrat bu Peyğəmbər barədə demişdi:
“Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək. Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm”
Qanunun Təkrarı 18:18-19
Bu Peyğəmbəri fərqləndirən əlamət odur ki, Allah Öz sözlərini Onun dilinə qoyacaq. Allahın sözləri ilə insanın sözləri necə fərqlənir? Cavab Nəhl Surə 16
“Biz bir şeyi (yaratmaq) istədikdə, ona ancaq: “Ol!” – deyirik, o da olur”
Nəhl 16:40
“Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar”
Ya sin 36: 82
“Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur”
Ğafir 40:68
Peyğəmbər İsa Məsih (s) sözü ilə xəstələrə şəfa verir, cinləri qovurdu. İndi də gördük ki, söz ilə külək və dalğaları sakitləşdirdi. İsa söz deyir və çörək çoxalır. Tövrat və Quran bunu izah edir: İsa Məsihin sözünün böyük səlahiyyəti var idi. O, Məsih idi!
Dərrakəli ürək
Lakin İsanın şagirdləri bunu başa düşmürdülər. Çörəyin çoxalması möcüzəsinə əhəmiyyət vermədilər. Biz bunu bilirik, çünki İncil yazır: 5000 nəfər çörək yeyəndən sonra:
«Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər. İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı. Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı. O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi.
Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi. Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar. Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi:
“Cəsarətli olun, Mənəm, qorxmayın!” Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı. Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər.
İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar və qayığı bağladılar. Onlar qayıqdan düşən kimi camaat İsanı tanıdı və qaçıb ətraf yerləri gəzib-dolaşdılar. İsanın harada olduğunu eşidəndə xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar. İsanın getdiyi hər yerdə – kəndlərdə, şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı”»
Mark 6:45-56
Yenə də, peyğəmbər İsa Məsih səlahiyyətlə söz dedi və belə də oldu. Lakin şagirdlər bunu başa düşmədilər. Başa düşməməklərinin səbəbi dərrakəli olmadıqları deyil; möcüzəni gözləri ilə görmədikləri deyil; pis şagird olduqlarına görə deyil; imansızlar olduqlarına görə deyil. Xeyr. Səbəb – ürəklərinin daş olması idi. Peyğəmbər Yeremya (s) demişdi ki, Yeni Əhd gələcək – Qanun adamların ürəklərində yazılacaq. Həmin Əhd adamın ürəyini dəyişənə qədər ürək daş kimi olur. Bu, hətta Peyğəmbərin yaxın şagirdlərinə də aiddir! Bizim də ürəklərimiz daş kimi olanda peyğəmbərlərin söylədikləri ruhani həqiqətləri anlaya bilmirik.
Buna görə də Yəhya peyğəmbərin (s) hazırlıq işi çox vacibdir. O, adamları günahları gizlətmək əvəzinə tövbədə etiraf etməyə çağırırdı. İsa Məsihin şagirdləri daş ürəkli olduqları üçün tövbədə günahları etiraf etməli idilərsə, tövbə bizə də gərəkdir! Yaxşı olar, siz indi dayanıb Davud peyğəmbərin sözləri ilə ürəyinizdə Allaha dua edin. Allah bizim fikirlərimizi bilir.
“Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə. Çünki
qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır. Sənə,
yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən,
Məni məhkum etməkdə haqlısan; Ey Allah,
məndə təmiz ürək yarat, Daxilimə yenidən sədaqət ruhunu ver.
Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə. Xilasının sevincini mənə qaytar, taətkarlıq ruhu verib mənə dayaq ol”
Zəbur 51:1-4,10-12
Sizin üçün dua edirəm və sizi də dua etməyə çağırıram. Dua edək ki, ürəyiniz yumşalsın, təmiz olsun və İncildə yazılan peyğəmbərlərin sözlərini dərk edəsiniz.