Şura Surəsi (42 – Şura) yazır:
İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir
(Şura 42:23
O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır
Şura 42:26
Qasas Surəsi (28 – Qasas) bəyan edir:
Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun
Qasas 28:67
Bəs biz saleh deyiliksə, saleh işlər görməmişiksə, Allaha layiqli xidmət etməmişiksə, onda necə? Musanın Qanunu tam itaəti tələb edir və itaət etməyənə dəhşətli cəza təyin edir. Şura və Qasas Surələri bunu təsdiq edir. Bu ayələrdə təsvir edilən saleh əməlləri olmayan adamlara Peyğəmbər İsa Məsihin (s) təklifi var. Həyatınız tam saleh olmayıbmı? Onda İsa Məsihin saleh olmayan bir kəslə görüşü barədə oxuyun. O, hətta xalqın xaini olub.
Peyğəmbər İsa Məsih (s) Lazarı diriltdi və bununla öz vəzifəsinin məqsədini açıqladı. Onun vəzifəsi ölümə qalib gəlməkdir. İndi O, Öz vəzifəsini yerinə yetirmək üçün Yerusəlimə gedir. Yol ilə gedərkən (bu gün Fələstin tərəfdə olan) Yerixo şəhərinin yanından keçdi. Çoxlu möcüzələri və təlimi barədə eşidən böyük kütlə Onu qarşılamağa çıxdı. Bu kütlənin içində zəngin, lakin nifrət edilən Zakkay adlı bir adam var idi. O, Yəhudeyanı işğal edən romalılar üçün vergi yığdığına görə zəngin idi. Romalıların tələb etdiyindən də çox vergi yığırdı, bir hissəsini özünə də götürürdü. Yəhudilər ona nifrət edirdilər, çünki yəhudi olduğu halda işğalçı romalılara işləyirdi, öz xalqını da aldadırdı. Onu xain hesab edirdilər.
Beləliklə, balacaboy Zakkay kütlə içərisində Peyğəmbər İsa Məsihi (s) görə bilmirdi, heç kim də ona kömək etmək istəmirdi. İncil onun Peyğəmbər ilə görüşü barədə belə yazır:
«İsa Yerixoya daxil olub oradan keçirdi. Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi. İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi. İsanı görmək üçün irəliyə qaçıb bir firon ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi.
İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: “!Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam”. O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi. Bütün xalq bunu gördükdə deyinməyə başladı: “Gedib günahkar bir kişinin qonağı oldu!” Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: “Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam”. İsa ona dedi: “Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir”»
Luka 19:1-10
Zakkayın evinə gedən Peyğəmbərin hərəkətindən adamlar məmnun qalmadılar. Zakkay pis adam idi və hamı bunu bilirdi. Lakin Zakkay günahkar olduğunu bilirdi. Əksərimiz öz günahlarımızı gizlədirik, üstünü örtür və günahsız kimi davranırıq. Lakin Zakkay belə deyildi. O, səhv etdiyini bilirdi. Peyğəmbəri görmək üçün ilk addımı atdı, İsa Məsih isə onu o qədər xoş qarşıladı ki, hamı təəccüb etdi.
İsa Məsih (s) Zakkayın tövbə etməsini, günahdan dönməsini, onu ‘Məsih’ kimi qəbul etməsini istəyirdi. Zakkay bunu edəndə Peyğəmbərin (s) onu bağışladığını və itmiş adamın ‘xilas’ olduğunu bəyan etdiyini gördü.
Bəs siz və mən necə? Ola bilsin Zakkay qədər xəcalətli işlər görməmişik. Lakin onun qədər pis olmasaq da, Adəm kimi günahlarımızı gizlədə, örtə bilmərik, kiçik günahları və səhvləri görməməzliyə vurmamalıyıq. Pis əməllərimizi kifayət qədər xeyirxah işlərlə örtməyə ümid edirik. Kütlə peyğəmbərin də belə düşündüyünü zənn edirdi. Buna görə də İsa bu adamların heç birinin evinə getmədi və onların Zakkay kimi xilas olduqlarını bəyan etmədi. Yaxşı olar Allah qarşısında günahlarımızı etiraf edək, onları gizlətməyək. İsa Məsihin mərhəmətini axtarsaq dərrakəmizdən üstün olan bağışlanmanın bizə verildiyini görəcəyik.
Bəs Zakkayın pis əməlləri necə yox ola bilərdi? Məhkəmə Günündən əvvəl o, bağışlandığına necə əmin ola bilərdi? Gəlin oxumaqda davam edək. İsa Məsih (s) Öz vəzifəsini icra etmək üçün Yerusəlimə yolunu davam edir.