Məsih təlim və səlahiyyəti ilə Özünü göstərir

Al-Alaq Surəsi (Surə 96) deyir ki, Allah bizə bilmədiklərimizi öyrədir.

“O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi.”

Surə Ələq 96:4-5

Daha sonra Rum Surəsinə (Surə 30) uyğun olaraq, Allah bunu peyğəmbərlər vasitəsilə edir ki, biz səhv ibadət etdiyimizi dərk edək.

“Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlil göndərmişik?”

Surə Rum 30:35

Bu peyğəmbərlər bizim Allaha aid səhv anlayışlarımızı aşkarlamaq üçün Allahdan verilmiş səlahiyyətləri olub. Allaha aid səhv anlayışlar bizim fikirlərimizdə, sözlərimizdə və davranışımızda ola bilər. Peyğəmbər İsa Məsih (s) elə bir Müəllim olub. Ondakı xüsusi səlahiyyət hətta daxili düşüncələrimizi aşkarlayır ki, biz daxilimizdəki səhvlərdən belə, dönək. Bunu burada görə bilərik. Daha sonra biz şəfa möcüzələrində Məsihin səlahiyyətinin əlamətinə nəzər salacağıq.

Şeytan tərəfindən sınağa çəkiləndən sonra İsa Məsih (s) təlim verərək peyğəmbərlik xidmətinə başladı. Onun İncildə qeyd olunmuş ən böyük təlimi Dağüstü Vəz adlanır. Siz onu burada oxuya bilərsiniz. Əsas fikirləri biz aşağıda qeyd edirik. Sonra isə İsa Məsihin təlimini Musanın Tövratdakı peyğəmbərlik sözləri ilə əlaqələndirəcəyik.

İsa Məsih (s) öyrədirdi:

«Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o, səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.

 “Zina etmə” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.

 “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.

 Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.

“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.  Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.

 “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun”»

Matta 5:21-48

Məsih və Dağüstü Vəz

İsa Məsih (s) vəzində “… deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki,…” sözlərindən istifadə edirdi. Beləliklə, İsa Tövrata istinad edir, sonra isə Allahın əmrini niyyətə, düşüncəyə və sözlərə də aid edir. İsa Məsih Musa (s) peyğəmbərin ciddi əmrlərini götürüb onları daha da çətinləşdirdi!

Fikir verin İsa Tövratın əmrlərini necə çətinləşdirir. O, bunu Öz səlahiyyətinə əsaslanaraq edir: ‘Mənsə sizə deyirəm ki,…’ Bundan sonra əmri daha da çətinləşdirir. Bu, İsanın vəzinə xas olan cəhətdir. İncil yazır:

“İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi”

Matta 7:28-29

Doğrudan da, İsa Məsih (s) böyük səlahiyyət sahibi kimi təlim öyrədirdi. Peyğəmbərlərin əksəriyyəti Allahın sözünü xalqa çatdıran adi elçilər olub, lakin İsa onlardan fərqlənir. Nə üçün İsa Məsih fərqli idi?  Burada gördüyümüz kimi, Əhdi-Ətiqdə ‘Məsih’ – səlahiyyətlə gələcək bir şəxsin adı idi. 2-ci Zəburda biz ‘Məsih’ adına ilk dəfə rast gəlirik. Burada Allah Məsihə deyir:

“Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm”

Zəbur 2:8

Məsihə millətlərin üzərində səlahiyyət verilmişdir. Hətta yer üzünün qurtaracağınadək hər yer Məsihə verilmişdir. Beləliklə, Məsih İsa böyük səlahiyyətlə təlim öyrədirdi.

Peyğəmbər və Dağüstü Vəz

Əslində,  burada gördüyümüz kimi, Musa peyğəmbər (s) Tövratda həmin o ‘Peyğəmbərin’ gəlişi barədə söyləmişdi. Bu Peyğəmbər xüsusi təlim verəcəkdi. Musa yazmışdı:

 “Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək. Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm”

Qanunun Təkrarı 18:18-19

İsa təlim verərkən Məsihin səlahiyyətini göstərirdi və bununla Musanın peyğəmbərliyini yerinə yetirdi. Məsih həmin Peyğəmbərin böyük səlahiyyətlə təlim verəcəyi barədə yazırdı. İsa həm Məsih, həm də Peyğəmbər idi.

Siz, mən və Dağüstü Vəz

Dağüstü Vəzə diqqət yetirsəniz özünüzü itirə bilərsiniz. İnsan ürəyində və niyyətində bu əmrlərə necə riayət edə bilər? İsa Məsih bu vəzdə nə demək istəyirdi? Vəzin sonuncu cümləsində biz bu suala cavabı tapırıq:

“Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun”

Matta 5:48

Fikir verin ki, bu, bir təklif deyil, əmrdir. İsa bizdən kamil olmağı tələb edir! Nə üçün? Çünki Allah kamildir. Allah ilə cənnətdə olmaq istəyiriksə, biz də kamil olmalıyıq. Çox vaxt biz fikirləşirik ki, xeyirxah əməllər pis əməllərdən daha çox olsa, kifayət olar. Belə olsaydı və Allah bizi cənnətə buraxsaydı, cənnət korlanar, bu dünyadakı qarmaqarışıqlıq cənnətdə də olardı. Bu gün həyatımızı məhv edən bizim ehtirasımız, paxıllığımız, qəzəbimizdir. Ehtiras, paxıllıq və qəzəblə cənnətə getsək, cənnət tezliklə bu dünyaya çevriləcək. Bu dünyadakı problemləri insanlar özləri yaradırlar.

Əslində, İsa Məsihin təliminin əksəriyyəti zahiri ayinlərə deyil, daxilə, ürəyə aiddir. Görün İsa Məsih ürəklərimiz barədə daha nə deyir:

«İnsanı murdar edən insandan çıxandır. Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir»

Mark 7:20-23

Beləliklə, daxili paklıq çox vacibdir. Bizdən kamillik tələb olunur. Allah kamil cənnətə yalnız kamil adamları buraxacaq. Lakin bu halda böyük problem yaranır: kamil deyiliksə, cənnətə necə düşə bilərik? Qeyri-kamilliyimiz bizi ümidsizliyə uğradır. 

Allaha elə bu da lazımdır! Biz kamilliyə çata bilmədiyimizi, ümidsiz vəziyyətimizi dərk edəndə, layiq olmadığımızı biləndə “ruhən yoxsul” oluruq. İsa Məsih Öz vəzini bu sözlərlə başlayır:

“Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır”

Matta 5:3

Bu təlimi özümüzə aid etsək və onu rədd etməsək, yaxşı olar. Bu təlim, həqiqətən, bizə aiddir! Allahın tələbi kamillikdir. Bu tələbi özümüzə aid edəndə müvafiq olmadığımızı dərk edirik. Onda Doğru Yola çıxırıq. Çünki kamil olmadığımızı görəndə köməyi qəbul etməyə hazır oluruq.  Öz əməllərimizə arxayın olanda isə, bizə kömək gərək olmur.

Cəbrayıl Vəftizçi Yəhyanın (Yəhya – s) gəlişini xəbər verir

Tövrat, Zəbur və qədim İsrailin dövründə yaşayan peyğəmbərlərin kitablarına artıq baxış keçirdik. Gördük ki, Əhdi-Ətiqin sonunda gələcəyə aid bütün peyğəmbərliklərin yerinə yetirilməsi gözlənilirdi

Lakin Əhdi-Ətiqin tamamlanmasından sonra 400 il keçdi. Biz İsraillilərin tarixində bir çox siyasi və dini hadisələrin baş verdiyini gördük. Onlar vədlərin yerinə yetirilməsini gözləyərkən daha peyğəmbərlik sözü olmadı. Lakin İsraillilər Böyük Hirodun hakimiyyəti dövründə Məbədi inkişaf etdirərək onu möhtəşəm tikiliyə çevirdilər. Məbəddəki ibadət, qurbanlar və dualar bütün Roma dünyasının diqqətini cəlb edirdi. Hərçənd, qəddar ürəkli və zahirə daha böyük əhəmiyyət verən dindar olsalar da, yəhudilər öz ürəklərini bütpərəstlikdən qoruyurdular, çünki əvvəllər bütpərəstlikdən çox əzab çəkmişdilər. Bu gün bu, bizdə də belədir. Dindar əməllərə və dualara baxmayaraq, adamların ürəkləri dəyişməlidir. Beləliklə, Böyük Hirodun hakimiyyətinin sonuna yaxın, təxminən, b.e.ə. 5-ci ildə, böyük bir sözü elan etmək üçün xüsusi bir elçi göndərildi.

Məryəm Surəsi (Surə 19) Məryəmə verilən xəbəri qısaca çatdırır:

«Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş və (ibadət vaxtı) onlardan

(gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbrayılı) onun yanına göndərdik.

O, Məryəmin qarşısında tam insan surətində peyda oldu. (Məryəm) dedi: “Mən səndən ər-Rəhmana sığınıram! Əgər müttəqisənsə, (mənə toxunma)”.

(Mələk) dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”.

(Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?”

(Mələk) dedi: “Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. (Bu,) hökmü verilmiş bir işdir”»

Məryəm Surəsi 19:16-21

Cəbrayıl Vəftizçi Yəhyanın (Yəhya – s) gəlişini xəbər verir

Bu elçi mələk Cəbrayıl idi. Müqəddəs Kitabda Cəbrayıl yalnız Daniel (s) peyğəmbərə görünmüş (buraya baxın) və Məsihin gələcəyi vaxtı xəbər vermişdi. İndi isə Cəbrayıl Məbəddə duaya rəhbərlik edən Zəkəriyyə (s) adlı kahinin yanına gəldi. Zəkəriyyə və onun arvadı Elizavet qoca yaşlarına qədər övladsız olublar. Lakin Cəbrayıl ona İncildə (Müjdədə) qeyd olunmuş bu sözləri dedi:

«Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy. Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək. Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq. O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək. Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı

yetişdirmək üçün İlyasın ruhu və qüdrəti ilə Rəbbin önündə gedəcək». Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb». Mələk ona cavab verdi:

«Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm. Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən»

Luka 1:13-20

Əhdi-Ətiqin son sözləri – Yolu hazırlaylan adam barədədir. Bu adam İlyas (s) kimi olacaq. Cəbrayıl bu xüsusi vədi xatırladır və deyir: Zəkəriyyənin (s) oğlu ‘İlyasın ruhu və qüdrəti ilə’ gələcək. O, ‘Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün’ gələcək. Bu sözün mənası budur ki, vəd nəinki unudulmayıb, lakin Zəkəriyyə ilə Elizavetin doğulacaq oğlunun həyatında icra olunacaq. Hərçənd, Zəkəriyyə inanmadığına görə bir müddət lal oldu.

Cəbrayıl bakirənin oğul doğacağını bəyan edir

Yolu hazırlayan adam xalqı Məsihin gəlişinə  hazırlamalı idi. Bir neçə ay sonra mələk Cəbrayıl Məryəm adlı bakirənin yanına göndərildi. İncil (Müjdə) bu barədə belə yazır:

«Mələk onun yanına gəlib dedi: “Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir”.

 Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: “Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan.

Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq”

Məryəm mələyə dedi: “Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm”. Mələk cavabında ona dedi: “Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq.

Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. Çünki Allah üçün mümkün olmayan şey yoxdur”. Onda Məryəm dedi: “Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun”. Mələk onu tərk edib getdi»

Luka 1:28-38

Cəbrayılın sözlərində biz “Haqq-Taalanın Oğlu adlanacaq” oxuyuruq. Bu barədə burada daha ətraflı danışacağam. Bu məqalədə isə biz iki nəfərin doğulmasını tədqiq edəcəyik.

Yəhya peyğəmbərin (Vəftizçi Yəhyanın – s) doğulması

Hadisələr peyğəmbərlərin əvvəlcədən söylədikləri kimi baş verdi. Malaki peyğəmbər İlyasın ruhu və qüdrətində gələn adam barədə yazır, indi isə Cəbrayıl onun dünyaya gəlməsini xəbər verir. İncil yazır:

«Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. 

Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. Körpənin anası isə dedi: “Yox, onun adı Yəhya olacaq”. Ona dedilər: “Axı qohumların arasında belə adı olan bir kəs yoxdur”.

 Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. O, bir yazı lövhəciyi istəyib yazdı: “Onun adı Yəhyadır”. Hamı heyrətə gəldi. Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. Qonşuların hamısı qorxuya düşdü.

Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: “Bu körpə böyüyüb nə olacaq?” Çünki Rəbbin əli onun üzərində idi»

Luka 1:57-66

İsa Məsihin (s) doğulması

Yeşaya (s) peyğəmbər bu xüsusi peyğəmbərliyi əvvəlcədən söyləmişdi (buraya baxın):

“Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq”

Yeşaya 7:14

İndi isə mələk Cəbrayıl oğlanın doğulmasını bakirə Məryəmə deyir. Bu, yüzlərlə il əvvəl söylənmiş peyğəmbərliyin icrası oldu. İncil (Müjdə) İsa Məsihin (s) doğulması barədə yazır.

Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı. O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi. Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı.

O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi. Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü. Mələk onlara dedi: “Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm. Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız”. Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi:

“Ən ucalarda Allaha izzət,

Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!”

Mələklər çobanları tərk edib göyə qalxandan sonra onlar bir-birinə dedi: “Gəlin Bet-Lexemə gedək və Rəbbin bizə bildirdiyi bu baş vermiş hadisəni görək”. Onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar. Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər. Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi. Məryəm isə bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı. Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Allahı izzətləndirib həmd edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş vermişdi.

Səkkizinci gün Körpənin sünnət olunması vaxtı gələndə Onun adını İsa qoydular. Bu ad ona ana bətninə düşməzdən əvvəl mələk tərəfindən verilmişdi»

Luka 2:4-21

Bu iki böyük peyğəmbərin vəzifəsi

Beləliklə, iki böyük peyğəmbər doğuldu. Bunların arasında yalnız bir neçə ay fərq oldu. Hər iki peyğəmbər barədə yüzlərlə il əvvəl peyğəmbərliklər olunmuşdur! Onların həyatı və sözləri necə olacaqdı? Vəftizçi Yəhyanın (s) atası Zəkəriyyə (s) hər iki uşaq barədə peyğəmbərlik edərək demişdi:

«Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi:

“Alqış olsun İsrailin Allahı Rəbbə! Çünki Öz xalqına nəzər salıb onları satın aldı. O, qulu Davudun nəslindən Bizə qüdrətli Xilaskar yetirdi. Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi. Beləcə ata-babalarımıza mərhəmət göstərib Öz müqəddəs Əhdini xatırladı.

Atamız İbrahimə and içdiyi kimi Bizə elə güc verdi ki, Düşmənlərimizin əlindən qurtulub Həyatımız boyu qorxmadan Rəbbin önündə Müqəddəslik və salehliklə Ona ibadət edək. Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, Çünki Rəbbin önündə gedəcəksən, Onun yolunu hazırlayacaqsan.

un xalqına günahlarının bağışlanması ilə Xilas olunmaları barədə bildirəcəksən. Axı Allahımızın ürəyi mərhəmətlidir, Onun bu mərhəmətinə görə Ucalarda bizim üçün Günəş doğacaq ki, Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın, Ayaqlarımızı sülh yoluna yönəltsin”» 

Luka 1:67-79

Müqəddəs Ruhdan ilham alan Zəkəriyyə (s) İsanın (s) doğulmasını Davudun (s – vədi burada oxuya bilərsiz) və İbrahimin (s – vədi burada oxuya bilərsiz) peyğəmbərliyi ilə əlaqələndirdi. Əsrlərlə əvvəl deyilmiş Allahın peyğəmbərlik sözü yetişərək öz zirvəsinə çatdı. Bəs bu, nədən ibarət idi? Bu, düşmən olan Romalıların əlindən qurtuluşdurmu? Musa (s) peyğəmbərin Qanununu əvəz edən yeni bir Qanundurmu? Yeni din? Yeni siyasi sistem? Bunların heç biri deyil. Biz insanlar belə düşünə bilərik. Lakin Allah Öz peyğəmbərlik sözündə aydın deyir: ‘Həyatımız boyu qorxmadan Rəbbin önündə Müqəddəslik və salehliklə Ona ibadət edək’;  ‘günahların bağışlanması ilə

Xilas olunması barədə bildirəcək’ ki, “zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın, ayaqlarımızı sülh yoluna yönəltsin”. Adəmdən başlayaraq, biz hamımız düşmənçiliyə və ölümə məhkum olunmuşuq, salehliyə və günahların bağışlanmasına can atırıq. Adəm, Həvva və iblisin qarşısında Allah qadının övladı barədə  Öz niyyətini bəyan etdi. Əlbəttə ki, Allahın niyyəti bizim düşündüyümüz müharibə, düşüncə və davranış tərzindən daha üstündür. Allahın niyyəti bizim səthi deyil, ən dərində olan ehtiyaclarımızı qarşılamaqdır. Bəs, yolu hazırlayan adam və Məsih nə etməli idilər? İncilin Xoş Xəbərini öyrənməkdə davam edirik.

Tövratda həmin Peyğəmbərin Əlaməti

Musa (s) və Harun (s) peyğəmbərlər İsraillilərə 40 il rəhbərlik etdilər. Onlar Əmrləri yazdılar, qurbanları təşkil etdilər, eləcə də, Tövratda bir çox Əlamətləri təsvir etdilər. Vaxt gəldi, bu iki peyğəmbər bu dünyadan köçməli oldular. Gəlin Tövratın sonunu oxumazdan əvvəl Tövratdakı nümunələrə nəzər salaq.

Tövratdakı nümunələr

Tövratda hansı Əlamətlər var?

Tövratda qurban

Qurbanların əhəmiyyətinə və tez-tez gətirilməsinə fikir verin. Öyrəndiyimiz mövzular barədə bir daha düşünün:

Bu qurban üçün yalnız təmiz heyvan – qoç, təkə və ya öküz götürülürdü. Bir düyədən başqa, hamısı erkək idi.

Bu qurbanlar qurban təqdim edən adamları günahdan yuyurdu. Yəni qurban örtük kimi onu təqdim edən insanın təqsir və xəcalətini örtürdü. İlk qurban Adəmin dövründə kəsildi; Ona  Allahın mərhəməti ilə dəri paltar verildi. Bu dəri paltar Adəmin çılpaqlığını örtərək heyvanın ölümünü xatırladırdı. Vacib sual yaranır: Nə üçün daha qurbanlar təqdim olunmur? Cavabı daha sonra görəcəyik.

Tövratda salehlik

‘Salehlik’ sözü daim təkrar olunur. Biz bu sözə Adəmin hekayəsində rast gəldik; Allah ona ‘təqva libası daha yaxşıdır’ dedi. Biz İbrahimə salehliyin verildiyini gördük, çünki o, Allahın oğul barədə vədinə iman etdi. İsraillilər Əmrlərə riayət edəndə salehliyi əldə edirdilər – lakin onlar bu əmrlərə həmişə və tam itaət etməli idilər.

Tövratda cəza

Biz həmçinin gördük ki, Əmrləri yerinə yetirməməyin nəticəsi Allahın cəzasıdır. Bu, Adəmdən başladı, Adəm cəmi bir dəfə itaətsizlik edərək cəzalandı. Cəza həmişə ölümlə nəticələnir. Ya günah etmiş insan özü ölür, ya da, onun əvəzinə qurban təqdim olunan heyvan ölür. Növbəti deyilənlər barədə düşünün:

  • Adəmin vaxtında dəri səbəbi ilə qurban təqdim olunan heyvan öldü.
  • Habilin vaxtında – onun qurban təqdim etdiyi heyvan öldü.
  • Nuhun vaxtında adamlar su daşqını zamanı öldü. Su daşqınından sonra Nuh özü qurban təqdim etdi; həmin qurban heyvanı öldü.
  •  Lutun vaxtında Sodom və Homorra əhalisi cəzalanaraq öldü. Lutun arvadı da öldü.
  •  İbrahimin oğlu qurban təqdim ediləndə ölməli idi, lakin onun əvəzinə bir qoç öldü.
  • Pasxa günü (firon və digər imansızların ailəsində) ya ilk oğul öldü, ya da qanı qapı taxtasına sürtülən qurban quzusu öldü.
  • Qanuna görə, Kəffarə günündə ya təqsirkar adam ölməli, ya da onun günahına görə bir təkə qurban təqdim olunaraq ölməli idi.

Bu, nə deməkdir? Davam edərkən görəcəyik. İndi Musa ilə Harun (s) Tövrat Kitabını tamamlayırlar. Tövratın sonunda onlar Allahdan gələn iki vacib sözü qeyd edirlər. Bu sözlərin hər ikisi gələcəyə aiddir və bu gün də, hər birimiz üçün vacibdir: gələcək Peyğəmbər və gələcək Lənət və xeyir-dualar. İndi biz burada Peyğəmbərə nəzər salacağıq.

Gələcək Peyğəmbər

Sina Dağında Allah lövhələri  verəndə möhtəşəm qüdrətini nümayiş etdirdi. Tövrat bunu belə təsvir edir:

“Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi. Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular. Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi”

Çıxış 19:16-18

Adamlar qorxu ilə doldular. Tövrat deyir:

“Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik»”

Çıxış 20:18-19

Bu, Musanın (s) xalqa 40 illik rəhbərlik etdiyi dövrün əvvəlində baş verdi. Həmin dövrün sonunda Allah Musa (s) peyğəmbər ilə danışanda bunu ona xatırlatdı, adamların qorxduqlarını onun yadına saldı və gələcəyə aid vəd etdi. Musa (s) Tövratda yazır:

Allahınız Rəbb sizin üçün aranızdan, digər İsrail övladlarınız arasından mənim kimi bir peyğəmbər yetişdirəcəkdir. Ona qulaq asmalısan. Yığıncaq günü Xorebdə (yəni Sinayda) Allahınız Rəbdən soruşdunuz: “Allahımız Rəbbin səsini eşitməyək və bu böyük atəşi görməyək, yoxsa öləcəyik. ”

Rəbb mənə dedi: «Onların dedikləri yaxşıdır. İsrail övladlarının arasından sizin kimi bir peyğəmbər yetişdirəcəyəm və sözlərimi onun ağzına soxacağam. Ona əmr etdiyim hər şeyi onlara söyləyəcəkdir. Mən özüm peyğəmbər mənim adımdan söylədiyi sözlərə qulaq asmayan hər kəsə cavab verəcəyəm. Ancaq mənim adımdan əmr etmədiyim bir şeyi danışmağı düşünən bir peyğəmbər və ya başqa tanrıların adından danışan bir peyğəmbər öldürülməlidir. ”

 “Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz. Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın”

Qanunun Təkrarı 18:15-22

Allah adamlarda Özünə qarşı müvafiq hörmət görmək istəyirdi. Beləliklə, Lövhədə Əmrləri verəndə elə etdi ki, xalq böyük qorxu ilə doldu. Burada isə keçmişə baxaraq gələcək Peyğəmbər barədə danışır. Bu, Musa (s) peyğəmbər kimi İsraillilərin arasından çıxacaq. Sonra iki göstəriş verilir:

  1. Adamlar gələcək Peyğəmbərə fikir verməsələr Allah Özü onları cəzalandıracaq.
  2. Allahın peyğəmbər vasitəsilə danışdığını təsdiqləmək üçün onun sözləri gələcəyə aid olmalı və gələcəkdə yerinə yetirilməli idi.

Birinci göstərişə görə, Musa (s) peyğəmbərdən sonra təkcə bir peyğəmbər gəlməyəcək. Elə bir qeyri-adi peyğəmbər gələcək ki, ona mütləq qulaq asmalıyıq, çünki onun xüsusi vəzifəsi olacaq; o, Allahın xüsusi sözlərini deyəcək. Gələcəyi yalnız Allah bilir. Heç bir insan, əlbəttə ki, gələcəyi bilmir. Buna görə də, ikinci göstəriş peyğəmbərlik sözünün Allahdan olub-olmadığını müəyyən etmək üçün adamlara verilmişdir. Musa (s) peyğəmbərin sözlərinə görə, bu ikinci göstəriş İsraillilərə onların gələcəyini bilmək imkanını verir. Bu,  İsraillilərə veriləcək xeyir-dua və lənətlər  bölməsində qeyd olunur və bu sözlərlə Tövrat bitir.

Bəs, gələcək Peyğəmbər? O, kim idi? Bəzi alimlər bu sözlərin Məhəmməd (s) peyğəmbərə aid olduğunu deyirlər. Lakin fikir verin ki, Musa (s) həmin peyğəmbər haqqında demişdi: “Allahınız Rəbb sizin üçün aranızdanöz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək– yəni yəhudilərdən. Beləliklə, bu, Məhəmməd (s) peyğəmbərə aid edilə bilməz. Digər alimlər bu sözlərin İsa Məsihə (s) aid olub-olmadığı barədə fikirləşirlər. İsa Məsih yəhudi olub və  böyük səlahiyyətlə öyrədib, sanki Allah Özü onun dili ilə danışıb. İsa Məsihin (s) gəlişi əvvəlcədən deyilib. Bu barədə İbrahimin qurbanı, Pasxa zamanı və həmçinin, “Allahın sözləri dilində olan” bu Peyğəmbərin gələcəyi barədə deyiləndə qeyd edilib.