Məhkəmə Günü: İnşiqaq Surəsi, Tur Surəsi və Məsih

İnşiqaq Surəsi (Surə 84) Məhkəmə Günündə göyün yarılacağı, yerin dağılacağını təsvir edir: 

Göy yarılacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; Yer dümdüz ediləcəyi, içindəkiləri kənara atıb boşalacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan! Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır! Kimin kitabı arxa tərəfindən veriləcəksə, o (özünə) ölüm diləyəcək və alovlu oda atılacaqdır!” 

İnşiqaq Surəsi 84:1-12

İnşiqaq Surəsi Qiyamət Günü haqqında xəbərdarlıq edir: “Kimin kitabı sağ əlinə verilməyəcəksə, alovlu oda atılacaqdır”. 

Əməllərinizin qeyd olunduğu kitab sağ əlinizə yaxud arxa tərəfdən veriləcəyini bilirsinizmi?

Tur Surəsi (Surə 52) Məhkəmə Günündə yerin sarsılacağı və adamların əzabı barədə yazır:

Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et! O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir. Həqiqətən, zalımlar üçün bundan (başqa) əzab da hazırlanmışdır. Lakin onların çoxu (bunu) bilmir

Surə at-Tur 52:45-47

Səhv əməllər etmədiyinizə və həqiqəti heç vaxt yalan hesab etmədiyinizə əminsinizmi? Həmin Gün Məhkəmədən keçəcəyinizə arxayınsınızmı?

Peyğəmbər İsa Məsih (s) Məhkəmə Günündə əməllərinin siyahısının onlara necə veriləcəyini bilməyən adamlar üçün gəldi. Köməksizlərə kömək etmək üçün gəldi. O, İncildə demişdi:

“İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm. Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi və qoyunlar onlara qulaq asmadı. Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və otlaq tapar. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını verər. Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı verirəm. Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq.

Buna görə də Ata Məni sevir, çünki Mən canımı verirəm ki, yenə də onu geri alım. Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, yenə geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam»”

Yəhya 10:7-18

Peyğəmbər İsa Məsih hətta Məhkəmə Günündə Ona məxsus olanları müdafiə etmək və onlara həyat vermək üçün səlahiyyətli olduğunu bəyan edir. Onda bu səlahiyyət varmı? Səlahiyyət haqqında sözlərini  Musa peyğəmbərin Tövratındakı peyğəmbərliklər təsdiqləyir. Tövrat dünyanı altı gün ərzində yaradan Kəlam barədə yazır.  Zəbur və sonrakı peyğəmbərlər Onun gəlişi barədə ətraflı peyğəmbərlik ediblər və Onun gəlişinin səmalarda planlaşdırıldığını göstəriblər.  Adam İsa Məsihə necə məxsus ola bilər? “Mən quzular uğrunda canımı verirəm” – İsanın bu sözlərinin mənası nədir?  Burada həmin izah verilir.

Peyğəmbər İsa Məsihin təlimi həmişə adamların arasında ayrılıq salırdı. Bu, bu gün də belədir. Bu söhbətin sonu barədə növbəti ayələrdə oxuya bilərsiniz və onu dinləyən adamların bölünməsi barədə öyrənə bilərsiniz:

“Bu sözlər üstündə Yəhudilər arasında yenə fikir ayrılığı düşdü. Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?» Başqaları isə dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça bilərmi?»

Yəhudilərin İsa ilə mübahisəsi

O vaxt Yerusəlimdə Təqdis bayramı keçirilirdi. Qış idi. İsa məbədin həyətində olan Süleymanın eyvanında gəzirdi. Yəhudilər İsanın ətrafına yığılıb Ona dedilər: «Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə». İsa onlara cavab verdi: «Sizə söylədim, ancaq buna inanmırsınız. Atamın adı ilə gördüyüm işlər Mənim barəmdə şəhadət edir. Amma siz inanmırsınız, çünki Mənim quzularımdan deyilsiniz. Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. Mən və Ata birik».

Yəhudilər yenə yerdən daş götürdülər ki, Onu daşqalaq etsinlər. İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?» Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik». İsa onlara dedi: «Məgər sizin öz Qanununuzda yazılmayıb ki, “demişəm: ‹Siz allahlarsınız›”? Allah Öz kəlamını göndərdiyi adamlara “allahlarsınız” deyir. Müqəddəs Yazı ki pozula bilməz. Bəs siz niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi Şəxsə “küfr edirsən” deyirsiniz? Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın. Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, Mənim də Atada olduğumu anlayıb bilərsiniz». Onlar yenə İsanı tutmağa çalışdı, amma O, əllərindən sıyrılıb çıxdı.

İsa yenə İordanın o biri sahilinə, Yəhyanın əvvəllər vəftiz etdiyi yerə getdi və orada qaldı. Çoxlu adam Onun yanına gəlib dedi: «Yəhya heç bir əlamət göstərməsə də, onun bu Adam barədə dediyi bütün sözlər doğru çıxdı». Bir çox adam da orada İsaya iman etdi”

Yəhya 10:19-42

Məhkəmə Günü: Masad Surəsi, Hadid Surəsi və Məsih

Masad Surəsi (Surə 111) Son Günün mühakiməsi və alovu barədə xəbərdarlıq edir:

Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək. O, alovlanan oda atılacaqdır. Onun odun şələsi daşıyan arvadı da. Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır

Masad 111:1-5

Masad Surəsi məhv ola biləcəyimiz barədə xəbərdarlıq edir. Həyat yoldaşı kimi bizim yaxınlarımız da Son Məhkəmə Günündə ölüm təhlükəsi ilə üzləşəcəklər. 

Beləliklə, xəcalətli sirlərimizi bilən Allahın sınağına hazırlaşmaq üçün nə edə bilərik?

Hədid Surəsi (Surə 57) bizi zülmətdən nura çıxarmaq üçün ayələri göndərən Allah barədə yazır.

Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir

Surə Hadid 57:9

Bizə xəbərdarlıq edilir ki, zülmətdə yaşayanlar həmin Gün azğın şəkildə Nuru axtaracaqlar.

O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “(Bir az) gözləyin ki, biz də sizin işığınızdan alaq” – deyəcəklər. (Onlara) deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. (Münafiqlər) onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Möminlər) deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, (möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı

Hadid Surəsi 57:13-14

Bəs, həyatımızı Nurda yaşamırıqsa, həmin Gün bizə nə olacaq? Bizim üçün ümid varmı?

Peyğəmbər İsa Məsih (s) həmin Gün bizə kömək etmək üçün gəldi. O, xəcalət içində zülmətdə yaşayanlar üçün Məhkəmə Günündə Nur olduğunu aydın söylədi:

“İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq». Fariseylər Ona dedilər: «Sən Öz barəndə şəhadət edirsən, Sənin şəhadətin etibarlı deyil». İsa onlara cavab verdi: «Mən Öz barəmdə şəhadət etsəm də, şəhadətim etibarlıdır, çünki haradan gəlib hara gedəcəyimi bilirəm. Sizsə Mənim haradan gəlib hara gedəcəyimi bilmirsiniz. Siz bəşər qaydalarına görə mühakimə edirsiniz, Mənsə heç kəsi mühakimə etmirəm. Mən mühakimə etsəm də, verdiyim hökm doğrudur, çünki tək deyiləm, Məni göndərən Ata da Mənimlədir. Sizin Qanununuzda da yazılıb ki, iki nəfərin şəhadəti etibarlıdır. Mən Öz barəmdə şəhadət edirəm, Məni göndərən Ata da Mənim barəmdə şəhadət edir». Onda İsadan soruşdular: «Atan haradadır?» İsa cavab verdi: «Siz nə Məni, nə də Atamı tanıyırsınız. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız». İsa bu sözləri məbəddə, nəzir qoyulan yerdə təlim öyrədərkən söylədi. Heç kəs də Onu tutmadı, çünki vaxtı hələ gəlməmişdi.

Sonra İsa yenə onlara dedi: «Mən çıxıb gedirəm, siz Məni axtaracaqsınız və öz günahınız içində öləcəksiniz. Siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz». Onda Yəhudilər dedilər: «Məgər O Özünü öldürəcək ki, “siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz” deyir?» İsa onlara dedi: «Siz aşağıdansınız, Mən yuxarıdanam, siz bu dünyadansınız, Mənsə bu dünyadan deyiləm. Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, Mən Oyam, günahlarınız içində öləcəksiniz». Onda «Sən Kimsən?» deyə İsadan soruşdular. İsa onlara dedi: «Əvvəlcədən sizə nə söyləyirəmsə, Oyam. Sizin barənizdə söyləyəcəyim və mühakimə edəcəyim çox şeylər var. Lakin Məni Göndərən haqdır və Mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm». İsanın onlara Ata barədə danışdığını anlamadılar. Onda İsa dedi: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, Mən Oyam və Özümdən bir şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram. Məni Göndərən Mənimlədir. O Məni tək qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm». İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi”

Yəhya 8: 12-30

İsa Məsih (s) Qanun barədə danışaraq “Dünyanın Nuru” və böyük səlahiyyət sahibi olduğunu bəyan etdi. Musanın (s) Tövratı Onun gəlişi barədə yazır; Tövrat Onun səlahiyyəti barədə də yazır.  Zəbur və sonrakı peyğəmbərlər Onun gəlişi barədə əvvəlcədən ətraflı söyləyirlər ki,  biz Onun bəyan etdiyi səlahiyyətə malik olduğunu bilək. ‘Bəşər Oğlu’ nədir? İsa Məsih ‘Bəşər Oğlu qaldırılacaq’ deyəndə nəyi nəzərdə tuturdu? ‘Həyatın Nuruna malik olmaq’ nədir? Bu barədə burada yazılır.  Qəlbinizə Nuru bu gün qəbul edin, çünki Məhkəmə Günündə  Nuru axtarmaq daha gec olacaq. Hədid Surəsi bizə xəbərdarlıq edir:

Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!

Hədid 57:15

Bir gün adamlarla söhbətinin sonunda peyğəmbər İsa Məsihin sözlərinə fikir verin:

“O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək». Yəhudilər İsaya cavab verdilər: «Biz İbrahimin nəslindənik, heç kəsə heç vaxt kölə olmamışıq. Bəs Sən niyə “azad olacaqsınız” deyirsən?» İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir. Kölə evdə daim qalmaz, oğulsa daim qalar. Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız. İbrahimin nəslindən olduğunuzu bilirəm, ancaq bununla belə, Məni öldürməyə çalışırsınız. Çünki Mənim sözüm sizin ürəyinizdə yer tapmır. Mən Atanın yanında gördüklərimi söyləyirəm, sizsə öz atanızdan eşitdiklərinizi yerinə yetirirsiniz».

Onlar İsanın cavabında «bizim atamız İbrahimdir» dedilər. İsa onlara dedi: «İbrahimin övladları olsaydınız, İbrahimin etdiyi əməlləri edərdiniz. Sizsə indi Məni – Allahdan eşitdiyi həqiqəti sizə söyləyən Adamı öldürməyə çalışırsınız. İbrahim belə etmədi. Siz öz atanızın əməllərini edirsiniz». Ona dedilər: «Biz zinadan doğulmamışıq, bizim bir Atamız var, O da Allahdır». İsa onlara dedi: «Əgər Allah sizin Atanız olsaydı, Məni sevərdiniz, çünki Mən Allahdan çıxıb gəlmişəm və indi buradayam. Mən Özümdən gəlmədim, lakin O Məni göndərdi. Söylədiyimi niyə anlamırsınız? Çünki Mənim sözümü dinləyə bilmirsiniz. Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır. Mənsə həqiqəti söylədiyim üçün siz Mənə inanmırsınız. Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm? Mən həqiqəti söyləyirəmsə, niyə Mənə inanmırsınız? Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki Allahdan deyilsiniz».

İsanın izzəti

Yəhudilər cavabında Ona dedilər: «Sən Samariyalısan və Səndə cin var. Məgər doğru demirikmi?» İsa cavab verdi: «Məndə cin yoxdur, amma Atama hörmət edirəm, sizsə Məni hörmətdən salırsınız. Mən Özümə izzət axtarmıram, Mənə izzət axtaran və bu işi mühakimə edən Biri var.  Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək». Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən. Yoxsa Sən atamız İbrahimdən də üstünsən? O da öldü, peyğəmbərlər də. Axı Sən Özünü kim sayırsan?»  İsa cavab verdi: «Əgər Mən Özümü izzətləndirirəmsə, Mənim izzətim heçdir, amma Məni izzətləndirən Atamdır. Siz Onun barəsində “Allahımızdır” deyirsiniz, lakin Onu tanımırsınız. Mənsə Onu tanıyıram. Əgər “Onu tanımıram” desəydim, sizin kimi yalançı olardım. Lakin Mən Onu tanıyıram və sözünə riayət edirəm.  Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad oldu, görüb sevindi». Buna görə Yəhudilər Ona dedilər: «Sənin heç əlli yaşın yoxdur, İbrahimi necə görmüsən?» İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm». O zaman İsanı daşqalaq etmək üçün yerdən daş götürdülər, ancaq İsa gizləndi və məbəddən çıxdı”

Yəhya 8:31-59

Məhkəmə Günü: Huməzə və Məsih

Huməzə Surəsi (Surə 104) Məhkəmə Günü barədə bizə xəbərdarlıq edir:

Hər bir qeybət edənin, tənə vuranın vay halına! O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır

Huməzə 104:1-6

Huməzə Surəsi Allahın bizim, xüsusilə də, xəsislər başqaları haqqında pis danışanlar üçün qaladığı Oddur.  Səxavətli, ehtiyacda olana əl tutanlar, zənginə paxıllıq etməyən, başqası barədə pis söz danışmayan, pul məsələsində başqası ilə mübahisə etməyənlərin isə əzilməyəcəklərinə və Qiyamət Günündə Allahın qəzəbi ilə üzləşməyəcəklərinə ümid edə bilərlər. 

Bəs, biz necə?

Peyğəmbər İsa Məsih (s) Allahın qəzəbindən qorxan adamlar üçün gəldi.  O, İncildə deyir:

“Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, Ona iman edən hər kəs əbədi həyata malik olsun».

Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun”

Yəhya 3:13-21

İsa Məsih (s) böyük səlahiyyəti barədə danışırdı. O, hətta, Özünün göydən endiyini bəyan edirdi. O, Samariyalı qadınla söhbətində (burada daha ətraflı oxuya bilərsiniz) Peyğəmbər Özünü ‘canlı sular’ adlandırır:

“İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək»”

Yəhya 4:10-14

Səlahiyyət haqqında sözlərini  Musa peyğəmbərin Tövratındakı peyğəmbərliklər təsdiqləyir. Tövrat dünyanı altı gün ərzində yaradan Kəlam barədə yazır.  Zəbur və sonrakı peyğəmbərlər Onun gəlişi barədə ətraflı peyğəmbərlik ediblər və Onun gəlişinin səmalarda planlaşdırıldığını göstəriblər.  “Bəşər Oğlu yuxarı qaldırılmalıdır ki, Ona iman edən hər kəs əbədi həyata malik olsun”. Bəs peyğəmbərin bu sözlərinin mənası nədir?  Bu sözlərin izahı  buradadır.