Skip to content

3 və 4-cü günlər – İsa Məsih gələcək barədə danışır və Öz gəlişi barədə xəbər verir

Əncir ağacının ulduzlarla hansı ümumi cəhətləri var? Bunların hər ikisi böyük hadisələrin əlamətlərini göstərir və hazır olmayan adamlara xəbərdarlıq edir. Tin Surəsi belə başlayır:

“And olsun əncirə və zeytuna!”

Tin Surəsi 95:1

Gələcək barədə yazır:

“Biz insanı ən gözəl surətdə yaratdıq! Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq”

Tin Surəsi 95:4-5

Mursəlat Surəsi, Təkvir Surəsi və İnfitar Surəsi dəfələrlə ulduzların sönəcəyi böyük bir şeyin əlamətinin olduğunu söyləyirlər:

“Ulduzlar sönəcəyi zaman; Göy yarılacağı zaman; Dağlar dağılacağı zaman” (

Mursəlat Surəsi 77:8-10

“Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi zaman”

Təkvir Surəsi 81:1-3

“Göy parçalanacağı zaman, ulduzlar səpələnəcəyi zaman, dənizlər daşıb bir-birinə qarışacağı zaman”

İnfitar Surəsi 82:1-3

Bunların mənası nədir? Peyğəmbər İsa Məsih (s) son həftə ərzində bunu izah edir. Əvvəlcə gəlin buna nəzər salaq.

Bazar günü Nisan 9 tarixində Daniel və Zəkəriyyə peyğəmbərlərin söylədiklərinə uyğun olaraq, Yerusəlimə daxil olandan sonra Tövratda Musa peyğəmbərin (s) göstərişlərinə uyğun olaraq, Allahın quzusu olaraq seçilmək üçün İsa Məsih Bazar Ertəsi günü Nisan 10 tarixində Məbədə gəlir; peyğəmbər İsa Məsih (s) yəhudi rəhbərləri tərəfindən rədd edilir. Əslində, İsa Məsih Məbədi təmizləməyə başlayanda onlar Onu öldürmək qərarına gəldilər. Peyğəmbər İsa Məsihin sonra etdikləri barədə İncil belə yazır:

Əncir ağacının lənətləməsi

İsa onları (Məbəddəki yəhudi rəhbərlərini Bazar Ertəsi, Nisan 10 tarixində) tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi.

Səhəri gün (Çərşənbə Axşamı, Nisan 11, 3-cü gün) İsa şəhərə qayıdanda acmışdı. Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu

Matta 21:17-19

Bir çox adam bunu başa düşməyərək sual verir: “Nə üçün İsa Məsih söz deyərək ağacı lənətlədi?” İncil bunu aydın izah etmir, əvvəlki peyğəmbərlər isə bizə bunu aydın edir. Gələcək cəza barədə yazan bu peyğəmbərlər çox vaxt qurumuş əncir ağacı barədə danışırdılar. Fikir verin ki, əvvəlki peyğəmbərlər də qurumuş əncir ağacı barədə danışaraq xəbərdarlıq edirdilər:

“Tənək qurudu, Əncir ağacı soldu, Nar, xurma, alma, Çölün bütün ağacları qurudu. Görün ki, bəşər övladları arasından sevinc yox oldu”

Yoel 1:12

“Əkininizə səmum küləyi və kif göndərərək sizə zərər vurdum. Bağlarınızı və üzümlüklərinizi, əncir və zeytun ağaclarınızı çəyirtkə yedi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir

Amos 4:9

“Anbarda toxum qalıbmı? Məgər üzüm, əncir, nar, zeytun ağacı bar gətirməyib? Bu gündən etibarən sizə bərəkət verəcəyəm!”

Haqqay 2:19

“Bütün göy cisimləri çürüyəcək,

Göylər bir tumar kimi büküləcək.

Göy ulduzları meynə yarpağı kimi,

Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq”

Yeşaya 34:4

«Onları qırıb-çatacağam»

Rəbb belə bəyan edir.

«Tənək üzüm gətirməyəcək,

Əncir ağacı bar verməyəcək,

Yarpaqlar solacaq.

Mən onlara nə verdimsə,

Hamısı əllərindən alınacaq»

Yeremya 8:13)

Peyğəmbər Huşə (s) isə lənət oxuyanda əncir ağacı barədə danışaraq İsraili nəzərdə tutdu:

“Səhrada üzüm tapan kimi Mən İsraili tapdım, İlk dəfə məhsul verən əncir nübarı kimi Mən atalarınızı gördüm. Amma onlar Baal-Peora çatanda Rüsvayçı bütlərə təslim oldu. Özləri də sevdikləri şeylər kimi İyrənc oldu. Efrayimin calalı Bir quş kimi uçub gedəcək. Nə doğum, nə hamiləlik, nə mayalanma olacaq. Öz uşaqlarını böyütsələr də, Balalarını əllərindən alacağam, Onları kimsəsiz qoyacağam. Mən onları tərk etdikdə vay hallarına!…Efrayim kəsildi, Kökləri qurudu. Onlar bar verməyəcək. Əgər doğsalar da, Bətnlərinin əziz barını Mən məhv edəcəyəm». Allahım onları rədd edəcək, Çünki Ona qulaq asmadılar. Millətlər arasında sərgərdan gəzəcəklər”

Huşə 9:10-12, 16-17; fikir verin: Efrayim = İsrail

Bu lənətlər b.e.ə. 586-cı ildə Yerusəlim şəhəri dağılanda baş verdi (yəhudilərin tarixi burada oxuya bilərsiz). Peyğəmbər İsa Məsihin əncir ağacını lənətləməsi, əslində, Yerusəlim şəhərinin bir daha dağılmasının və yəhudilərin sürgün edilməsinin rəmzi idi. 

Əncir ağacını lənətləyəndən sonra İsa Məsih Məbədə gedib adamlara təlim verməkdə və yəhudi rəhbərlərlə danışmaqda davam etdi. O, Allahın Məhkəməsi barədə bir çox xəbərdarlıqlar etdi. İncil bu təlimlərin hamısını qeyd edir və siz bunların hamısını burada oxuya bilərsiniz.

Peyğəmbər qayıdacağı vaxtın əlamətlərini söyləyir

Daha sonra peyğəmbər İsa Məsih Yerusəlimdəki yəhudi Məbədinin dağılması barədə peyğəmbərlik edir. O dövrdə bu məbəd bütün Roma İmperiyasında olan ən möhtəşəm bina olub. Lakin İncil qeyd edir ki, İsa Məsih onun dağılmasını əvvəlcədən görmüşdü. Beləliklə, İsa yer üzünə ikinci gəlişi və həmin dövrün əlamətləri barədə danışır. İncil onun sözlərini qeyd edir:

“İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını Ona göstərmək üçün yanına gəldilər. İsa onlara cavab verib dedi: «Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».

İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?»”

Matta 24:1-3

Peyğəmbər yəhudi Məbədinin tam dağılmasını peyğəmbərlik etməklə başlayır. Tarixdən bilirik ki, bu, b.e. 70-ci ilində baş verdi. Daha sonra, axşam[i] O, Məbəddən çıxdı və Yerusəlim şəhərinin yanında olan Zeytun Dağına getdi. Yəhudilərdə yeni gün axşam, gün batanda başlayır. Buna görə də, artıq həftənin 4-cü günü – Çərşənbə, Nisan 12 başlamışdı. Həmin gün o, ikinci gəlişinə aid şagirdlərinin suallarına cavab verdi və dövrün sonu barədə öyrətdi.

“Dua edin ki, qaçmağınız qış fəslində və ya Şənbə günündə baş verməsin. Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. Əgər o günlər qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq.

O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır”, yaxud da “oradadır”, inanmayın. Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.  Bax Mən sizə əvvəlcədən söyləmişəm. Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də, inanmayın. Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. Leş haradadırsa, kərkəslər də orada toplaşar.

Amma o günlərin əzab-əziyyətindən dərhal sonra

Günəş tutulacaq,

Ay nurunu saçmayacaq,

Ulduzlar göydən töküləcək,

Səma cisimləri lərzəyə gələcək.

O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək. O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq”

Matta 24:4-31

Burada peyğəmbər İsa Məsih Məbədin dağılmasından sonrakı vaxta nəzər salır. O dedi ki, Məbədin dağılmasından onun ikinci gəlişinə qədər olan dövrdə şər çoxalacaq, zəlzələlər, aclıq, müharibələr olacaq; onun davamçıları təqib olunacaq. Bu baxmayaraq, İsa İncil ‘bütün dünyada vəz ediləcək’ demişdi (14-cü ayə). Dünya Məsih barədə eşitdikcə, yalançı peyğəmbərlərin sayı çoxalacaq və İsanın İkinci Gəlişinə aid yalan fikirlər söyləniləcək. İsanın İkinci Gəlişinin həqiqi əlaməti – müharibə, qatmaqarışıqlıq və fəlakət zamanı günəşin, ayın və ulduzların açıq-aydın dəyişməsi olacaq. Necə olacaqsa, onlar tutqunlaşacaq.

Biz həmin müharibəni, qatmaqarışıqlığı, zəlzələlərin sayının artmasını görürük. Beləliklə, İsanın gəlişinin vaxtı yaxınlaşır. Lakin göydəki əlamətləri hələ görmürük, yəni İsanın gəlişinin vaxtı çox da yaxın deyil. Bəs siz necə, İsanın gəlişinə hazırsınızmı? İsa Məsih demişdi:

“Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.  Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək”

Matta 24:32-35

İsrailin rəmzi olan əncir ağacını yadda saxlayın. İsa əncir ağacını lənətlədi və ağac qurudu. B.e. 70-ci ilində Məbəd dağıdılanda İsrail qurudu və min illər ərzində quru vəziyyətdə qaldı. Peyğəmbər əncir ağacının yarpaqlarına və budaqlarına fikir verməyimizi söyləyir – onda vaxtın yaxın olub-olmadığını biləcəyik. Son 70 il ərzində biz hamımız bu ‘əncir ağacının’ yarpaqlandığını görürük. Bu, müasir İsrailin yenidən doğulmasından başladı və davam etdi, çünki yəhudilər İsrailə qayıtmağa başladılar, əkin və heyvandarlıq işlərini təşkil etdilər. Bəli, bunun nəticəsində müharibələr, bir çoxları üçün məyusluq və bəlalar artdı, lakin biz buna təəccüb etməməliyik, çünki peyğəmbər Öz təlimində bu barədə bizə xəbərdarlıq etmişdi. Lakin əncir ağacının yarpaqlanmasına baxmayaraq, bu ‘ağac’ hələ ölüdür.

Beləliklə, biz diqqətli və ehtiyatlı olmalıyıq, çünki peyğəmbər adamların Onun gəlişinə dair etinasız olacaqlarına dair xəbərdarlıq etmişdi.

“Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq. Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq. O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq.

Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz. Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi. Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.

Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə, öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa, o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq”

Matta 24:1-51

İsa Məsih İncildə Öz gəlişi barədə təlim verməkdə davam edir (buraya baxın).

3 və 4-cü günə dair xülasə

Növbəti zaman xətti göstərir ki, peyğəmbər İsa Məsih Çərşənbə Axşamı olan 3-gün əncir ağacını lənətlədi. Bu, yəhudi rəhbərlərlə uzun söhbətlərdən daha əvvəl baş verdi. İsa bu hərəkəti ilə İsrail xalqına dair peyğəmbərlik etdi. Daha sonra, Çərşənbə olan 4-cü gündə O, Öz gəlişinin əlamətlərini söylədi. Bu əlamətlərdən ən böyüyü göydəki cisimlərin tutqunlaşmasıdır.

Sonuncu həftənin 3 və 4-cü günlərində İsa Məsihin Tövratın peyğəmbərlikləri ilə müqayisəsi

Daha sonra İsa Onun geri qayıdacağı üçün hazır olmağımız barədə xəbərdarlıq edir. Əncir ağacının yarpaqlandığını görürük, buna görə də ehtiyatlı və diqqətli olmalıyıq.

İncil şeytanın (iblisin) peyğəmbərə qarşı hərəkətə başladığı barədə yazır. Bu, həftənin 5-ci günü baş verir və növbəti məqalədə biz buna nəzər salacağıq.


[i] Həftənin hər gününü təsvir edən Lukanın Müjdəsi bunu da qeyd edir: “İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi”

Luka 21:37

Leave a Reply

Your email address will not be published. Required fields are marked *