Skip to content

Bakirənin Oğlu əlaməti

Zəbura giriş sözündə qeyd etdim ki, peyğəmbər və padşah Davud (s) Allahdan ilham alaraq Zəburu, sonrakı peyğəmbərlər isə digər kitabları yazdılar. Böyük həcmli kitab yazdığına görə “böyük peyğəmbər” adlanan Yeşayanın peyğəmbərlik sözləri çox əhəmiyyət kəsb edir. O, b.e.ə. 750-ci ildə yaşamışdır. Növbəti zaman xətti Müqəddəs Kitabın peyğəmbərləri ilə bərabər Yeşayanın da yaşadığı dövrü əks etdirir.

Yeşaya və digər peyğəmbərlər zaman xəttində

Yeşaya uzun müddət bundan əvvəl yaşamışdı (təxminən 2800 il əvvəl). Lakin buna baxmayaraq, o, gələcək hadisələr barədə bir çox peyğəmbərliklər etmişdir. Musa (s) peyğəmbər daha əvvəl bu barədə yazmışdı ki, peyğəmbər gələcək barədə xəbər verməlidir. Onun peyğəmbərliyi elə böyük möcüzə barədə xəbər verir ki, Surə Təhrim (Surə 66 – Təhrim) 12-ci ayədə bunu qeyd edir.

“Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu” Surə Təhrim 66:12

Təhrim Surəsi nəyi təsvir edir? Peyğəmbərliyi izah etmək üçün Yeşayanın yazısına nəzər salaq.

Zəbur Kitabına girişdə izah olunduğu kimi, Süleymandan (s) sonra yaşayan padşahlar əsasən şər işlərlə məşğul olub. Yeşayanın dövründə yaşayan padşahlar da şər olublar. Buna görə də Yeşayanın kitabı gələcək cəza barədə xəbərdarlıqlarla doludur. Həmin cəza təxminən 150 il sonra baş verdi: Yerusəlim Babil tərəfindən dağıdıldı – qısa tarixi burada oxuya bilərsiniz. Həmçinin Yeşaya daha da uzaq gələcək barədə peyğəmbərlik edərək Allahın verəcəyi xüsusi əlamət barədə deyirdi. Bu, bəşəriyyətə hələ verilməmiş bir hadisə idi. Yeşaya Davudun (s) nəslindən gələn İsrail padşahı barədə danışır. Bu əlamətin Davudun ailəsinə aidiyyəti var:

“Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. Bu uşaq pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək” (Yeşaya 7:13-15).

Bu, doğrudan da, cəsarətli peyğəmbərlikdir! Heç bakirənin oğlan doğması barədə eşidilib? Bu o qədər ağlasığmaz peyğəmbərlik olub ki, adamlar bunun səhv olduğunu sanıblar. Əlbəttə, gələcək barədə, sadəcə, ehtimal edən adi insan belə bir sözü nə deyər, nə də gələcək nəsillərin oxuması üçün bu sözü yazar. Bu, həqiqətən, ağlasığmaz peyğəmbərlikdir. Lakin bu gün mövcud olan Ölü Dəniz Əlyazmalarından bilirik ki, bu peyğəmbərlik, əslində, İsanın (s) doğulmasından yüz illərlə əvvəl yazılmışdır.

İsa Məsihin (s) bakirə qızdan doğulması barədə əvvəlcədən peyğəmbərlik edilmişdir

İsa Məsihdən (s) sonra yaşayan bizlər görürük ki, bu, onun gəlişinə aid bir peyğəmbərlikdir. Başqa heç bir peyğəmbər – İbrahim, Musa və Məhəmməd (s) daxil olmaqla, bakirə qızdan doğulmayıb. Bütün insanlardan yalnız İsa (s) bu dünyaya bu yolla gəlmişdir. Beləliklə, İsanın dünyaya gəlməsindən yüz illərlə əvvəl Allah onun gəlişinə dair bir Əlamət verdi və bizi bakirə qızın oğlundan öyrənməyə hazırlaşdırdı. Xüsusilə, iki məsələyə diqqət yetirək.

Anası onun adını ‘İmmanuel’ qoydu

Birincisi, bakirə öz oğlunun adını ‘İmmanuel’ qoyacaq. Adın mənası ‘Allah bizimlədir’. Bunun mənası nədir? Çox güman ki, bunun bir neçə mənası var. Lakin fikir verək ki, bu peyğəmbərlik tezliklə cəzalanacaq şər padşahların dövründə bəyan edilmişdir. Buna görə də, bu peyğəmbərliyin böyük əhəmiyyət kəsb edən mənası odur ki, oğulun doğulması bir əlamətdir: daha Allah cəza verərək onlara qarşı deyil, onlarla birgədir. İsa (s) doğulanda İsraillilər sanki Allah tərəfindən tərk edilmişdilər, çünki düşmənlər onların üzərində hökm edirdi. Bakirənin oğul doğması Allahın bu xalqa qarşı deyil, bu xalq ilə birgə olmasının bir əlaməti idi. Lukanın Müjdəsində İncil yazır ki, İsanın anası Məryəm mələkdən onun oğul doğacağı barədə xəbəri eşidəndə müqəddəs bir ilahi nəğmə ilə mədh etdi. Nəğmənin sözləri bunlardır:

“«Qəlbim Rəbbi ucaldır, Ruhum Xilaskarım Allaha görə şadlanır, Çünki O, Öz qulunun yazıq halını gördü. Çünki Qadir Olan mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir! Onun mərhəməti də nəsildən-nəslə Ondan qorxanlara göstərilər. O, qolu ilə qüdrətli işlər gördü, Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı. Hökmdarları taxtlarından endirdi, Məzlumları yüksəltdi. Acları nemətlərlə doydurdu, Varlıları isə əliboş yola saldı. Rəbb qulu İsrailin imdadına çatdı, Ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik Mərhəmət göstərməyi yada saldı»”

Luka 1:46-55

Gördüyünüz kimi, bakirə Məryəm oğul doğacağı barədə xəbəri eşidəndə bunun mənasını başa düşdü: Rəbb İbrahimə və onun nəslinə Öz mərhəmətini əbədi davam edir. Cəza Allahın İsrail xalqından həmişəlik üz döndərməsi demək deyil.

Bakirənin oğlu “pisə pis deyib yaxşını seçə biləcək”

Yeşayanın bu peyğəmbərliyinin ecazkar cəhəti bundan ibarətdir ki, bu oğul “pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək”. Bunun mənası odur ki, şüurlu yaşa çatanda “pisə pis deyib yaxşını seçəcək”. Mənim gənc oğlum var. Onu çox sevirəm, lakin demək olmaz ki, özbaşına qalanda o, pisə pis deyib yaxşını seçir. Arvadımla birgə mən çox çalışıb işləmişik, öyrətmişik, xatırlatmışıq, öyüd vermişik, nümunə göstərmişik, tərbiyə vermişik, yaxşı dostlar tapmağa kömək etmişik, saf mühitdə onu saxlamağa çalışmışıq və s. Biz ona pisə pis deyib yaxşını seçməyi öyrətmişik, lakin bütün zəhmətimizə baxmayaraq, zəmanət yoxdur. Bir valideyn kimi, öz uşaqlığımı və öz valideynlərimin də mənə “pisə pis deyib yaxşını seçməyi” səylə öyrətdiklərini yadıma salıram. Valideynlər səy göstərməsələr və hər şeyi öz axını ilə getməyə buraxsalar uşaq böyüyüb “pisə pis deyib yaxşını seçən” adam olmaz. Biz sanki, mənəvi ağırlıq qüvvəsinə qarşı çalışırıq; səylərimizi dayandıran kimi hər şey əldən çıxır.

Məhz buna görə biz hamımız evimizin qapısını açarla bağlayırıq; hər bir ölkədə polis lazımdır; bank kartlarının parol-şifrəsi var; bütün ölkələr yeni qanunlar qəbul etmək məcburiyyətindədir. Səbəb odur ki, biz bir-birimizdən özümüzü qorumalıyıq, çünki biz “pisə pis deyib yaxşını seçə bilmirik”.

Hətta peyğəmbərlər belə, həmişə “pisə pis deyib yaxşını seçməyiblər”.

Bu, hətta peyğəmbərlərə də aiddir. Tövrat İbrahim (s) peyğəmbərin iki dəfə öz arvadını “bacı” adlandıraraq yalan danışdığı barədə yazır (Yaradılış 12:10-13 və Yaradılış 20:1-2). Tövrat həmçinin Musa (s) peyğəmbərin bir misirlini öldürdüyü (Çıxış 2:12) və bir dəfə Allahın əmrinə tam itaət etmədiyi barədə yazır (Saylar 20:6-12). Məhəmməd Surəsində (Surə 47 – Məhəmməd) Məhəmməd (s) peyğəmbərə bağışlanmanı diləmək əmr olunur. Yəni o, özü də həmişə pisə pis deyib yaxşını seçməyib.

Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir

Məhəmməd Surəsi 47:19

Müslimin hədisi onun sidq ürəkdən bağışlanma üçün dua etdiyi barədə söyləyir:

Abu Musa Aşari öz atasının səlahiyyəti barədə danışarkən demişdi ki, Allahın Elçisi (s) bu sözlərlə yalvarırdı: “Ey Allah, səhvlərimi, nadanlığımı, istəklərimdə hədd-hüdud bilməməyimi mənə bağışla. Sən mənim işlərimdən özümdən yaxşı xəbərdarsan. Ey Allah, şüurla və şüursuz (diqqətsizlik səbəbi ilə və ya könüllü) etdiyim günahlarımı mənə bağışla. Bütün bunlar (günahlar) məndə var. Ey Allah, tələsik və ya ləng hərəkət səbəbi ilə etdiyim günahlarımı bağışla; təklikdə və ya adamlar arasında etdiyim günahları mənə bağışla. Sən bu günahlardan məndən yaxşı xəbərdarsan. Sən Başlanğıc və Sonsan, hər şeyə Qadirsən”

Müslim 35:6563

Bu, Davud (s) peyğəmbərin tövbə duasına oxşardır:“Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil. Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə. Günahım daim gözümün qarşısındadır. Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Məni məhkum etməkdə haqlısan. Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram. Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət. Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum… Bütün təqsirlərimi sil”

Zəbur 51:1-9

Peyğəmbər olduqlarına baxmayaraq, bu adamlar günah ilə mübarizə aparır və bağışlanmaq üçün dua edirdilər. Görünür, Adəmin bütün nəsli üçün bu, adi haldır.

Bakirənin müqəddəs oğlu

Yeşayanın peyğəmbərlik etdiyi bu oğul isə gənc yaşından pisə pis deyib yaxşını seçəcək. Onda xüsusi bir duyğu olacaq. Bunun üçün o, başqa genetikaya mənsub olmalı idi. Bütün peyğəmbərlər atalarından Adəmin günahını miras alıblar. Gördüyümüz kimi, Adəm pisə pis deyib yaxşını seçmədi. Genetika atanın təbiətindən nəslə keçdiyi üçün Adəmin üsyankar təbiəti bizim hamımıza, hətta peyğəmbərlərə belə, keçdi. Lakin bakirədən doğulan Oğul Adəmin nəslindən deyildi. Bakirənin Oğluna ata vasitəsilə Adəmin təbiəti keçmədi. Onun insan atası olmadığına görə O, müqəddəs idi. Məhz buna görə Məryəmin yanına mələyin gəlişini təsvir edən Quran bu oğulu “müqəddəs” adlandırır:

 (Mələk) dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. (Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?” (Mələk )dedi: «Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. (Bu,) hökmü verilmiş bir işdir”». (Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi Məryəm surəsi.

Surə 19:19-22

Yeşaya (s) peyğəmbər aydın demişdi, sonrakı kitablar da bunu təsdiqləyir: bakirə oğul doğacaq, onun insan atası olmayacaq, onun günahlı təbiəti olmayacaq və buna görə də, Müqəddəs olacaq.

Cənnətdəki Adəmə qayıdaq

Bakirənin oğlu barədə təkcə sonrakı kitablar yazmır. Onun barəsində əvvəldən yazılmışdır. Adəmin nümunəsi məqaləsində Allahın İblisə dediyi sözləri oxumuşduq. Bu sözləri burada təkrar edirəm:

“Mən səninlə qadın arasına, Sənin balanla onun övladı arasına Düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, Sən də onu dabanından sancacaqsan”

Yaradılış 3:15

Allah elə edəcək ki, İblisin “balası”, qadının isə “övladı” olacaq. Bunların arasında nifrət və düşmənçilik olacaq. Qadınla İblis arasında da düşmənçilik olacaq. İblis qadının övladını dabanından sancacaq, qadının övladı isə İblisin başından vuracaq. Bu münasibətlər növbəti diaqramda görünür.

The characters and their relationships in the Promise of Allah given in Paradise

Bu şəxsiyyətlər və onların münasibətləri barədə vədi Allah hələ cənnət bağında verdi.

Lütfən, fikir verin ki, Allah vədini kişinin övladına deyil, qadının övladına aid edir. Bu, qeyri-adi məsələdir, çünki bütün Müqəddəs Kitabda (Tövrat, Zəbur və İncildə) oğulun atadan gəldiyi vurğulanır. Əslində, Qərbdə yaşayan müasir tənqidçilər bu kitablara irad tutaraq deyirlər ki, burada qadının genetikası nəzərə alınmır. Onlar yalnız cinsi fərqi görürlər. Lakin bu ayədə övladın kişi vasitəsilə dünyaya gəlməsi qeyd edilmir. Ayə, sadəcə, övladın qadın vasitəsilə gələcəyini söyləyir və kişinin adını çəkmir.

Yeşayanın bəhs etdiyi “bakirənin oğlu” məhz “qadının övladı”dır

Yeşayanın bakirənin oğul doğacağı barədə etdiyi aydın peyğəmbərliyindən aşkar olur ki, cənnət bağında adı çəkilən övlad yalnız qadından (bakirədən) dünyaya gələcək. Çox xahiş edirəm, qayıdıb Adəmin nümunəsi adlı məqalədə bu barədə təkrar oxuyun. Bunların uyğun gəldiyini görəcəksiniz. Bəşəriyyət tarixinin başlanğıcından Adəmin bütün övladları eyni bəladan əzab çəkərək pisə pis deyib yaxşını seçə bilməyiblər. Əcdadımız Adəm də belə idi. Beləliklə, ilk dəfə günah törədiləndə Allah vəd verdi: Adəmin nəslindən olmayan bir müqəddəs gəlib İblisi başından vuracaq.

Bəs, müqəddəs övlad bunu necə edəcək? Söhbət Allahın sözlərini çatdırmaq idisə, bu vəzifəni İbrahim və Musa (s) kimi peyğəmbərlər sədaqətlə yerinə yetirirdilər. Xeyr, bu müqəddəs övladın vəzifəsi fərqli idi. Bunu anlamaq üçün biz Zəbur Kitabını tədqiq etməliyik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *