Səcdə Surəsi (Surə 32) ürəkdən dua edənlər barədə yazır və onların mükafat alacağını deyir.
“Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir”
Səcdə Surəsi 32:17
Rəhman Surəsi (Surə 55) 33-77-ci ayələrdə 31 dəfə bu sualı verir:
Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?
Rəhman surəsi 55:13 – 77
Salehlər üçün bu nemətlərin hazırlandığı halda, kim bunları istəməz? Bu, axmaqlıq olardı. Lakin peyğəmbər İsa Məsih (s) bir məsəldə Rəbbin bizim üçün hazırladığı nemətlərdən imtina etmək təhlükəsi barədə danışır. Lakin əvvəlcə sizə bir qədər məlumat vermək istərdim.
Biz peyğəmbər İsa Məsihin (s) səlahiyyətli sözünə xəstəliklərin və hətta təbiətin itaət etməsini gördük. İsa həmçinin Allahın Padşahlığı barədə öyrədirdi. Əhdi-Ətiqin bir neçə peyğəmbəri Allahın gələcək Padşahlığı barədə yazırdı. İsa həmin peyğəmbərliklərə istinad edərək Padşahlığın yaxınlaşdığını öyrədirdi.
Əvvəlcə İsa Məsih Dağüstü Vəzi söylədi, Allahın Padşahlığında vətəndaşların bir-birini sevməli olduğunu göstərdi. Bu gün dünyadakı bədbəxtliklər, ölüm, ədalətsizlik, dəhşət barədə düşünün (bunun üçün xəbərlərə baxmaq kifayətdir). Səbəb ondadır ki, biz İsanın məhəbbət təliminə qulaq asmırıq. Allahın Padşahlığında həyat bu dünyadakı dəhşətdən fərqlidirsə, Padşahlığa daxil olmağımız üçün bir-birimizlə məhəbbətlə davranmalıyıq.
Böyük ziyafət məsəli
İsa Məsihin (s) təliminə
uyğun çox az adam yaşayır. Buna görə də siz Allahın Padşahlığına az adamın
çağırıldığını zənn edə bilərsiniz. Lakin bu, belə deyil. İsa Məsih (s) Padşahlığa
dəvətin miqyasını göstərmək üçün böyük ziyafət barədə bir məsəl danışdı. Lakin
məsəl bizim təsəvvür etdiyimiz kimi deyil. İncil yazır:
«Süfrəyə oturanlardan biri bunu eşidib İsaya dedi: “Allahın Padşahlığında çörək yeyən nə bəxtiyardır!”
Amma İsa ona dedi: “Bir adam böyük ziyafət hazırladı və oraya çoxlu qonaq çağırdı. Yemək vaxtı gələndə öz qulunu dəvət olunanların yanına göndərdi ki, onlara desin:
“Buyurun, indi hər şey hazırdır”. Amma hamı bir ağızdan üzr istəməyə başladı. Birincisi ona dedi:
“Mən bir torpaq sahəsi almışam, gedib ona baxmalıyam. Səndən xahiş edirəm, məni bağışla”
Digəri isə dedi: “Mən beş cüt öküz satın almışam və onları yoxlamağa gedirəm. Səndən xahiş edirəm, məni bağışla”.
Üçüncüsü dedi: “Mən təzə evlənmişəm, buna görə də gələ bilmərəm”. Qul qayıdıb bu şeyləri ağasına bildirdi. O zaman ev yiyəsi qəzəblənib quluna dedi:
“Qaç, şəhərin küçə və tinlərində olan yoxsulları, əlilləri, korları və topalları buraya gətir”.
Qul isə dedi: “Ağa, sənin əmrin yerinə yetirildi, hələ artıq yer də qalıb”. Ağası quluna dedi: “Get, bütün yolları və tinləri gəz. Evim dolsun deyə adamları gəlməyə vadar et. Sizə bunu deyirəm: ilk dəvət olunanların heç biri mənim ziyafətimdən dadmayacaq”».
Luka 14:15-24
Bu hekayə bizim təsəvvürümüzə ziddir. Birincisi, biz Allahın Öz Padşahlığına (böyük ziyafətə) çox adamı dəvət etmədiyini zənn edə bilərik, çünki layiq olan adamların sayı çox azdır. Ancaq belə düşünmək düzgün deyil. Ziyafətə çoxlu, lap çoxlu adam dəvət olundu. Ağa (məsəldə Allahın rəmzidir) ziyafətdə çox adamın olmasını istəyir.
Lakin burada gözlənilməz hadisə baş verir. Qonaqlardan gəlmək istəyənlərin sayı çox azdır. Çoxları gəlməmək üçün bəhanələr gərirdilər. Bu bəhanələrə fikir verin. Kim yoxlamadan öküzü satın alır? Kim baxmadan torpaq sahəsi alır? Yox, bu bəhanələr qonaqların ürəklərinin niyyətini aşkar edir: onlar Allahın Padşahlığı ilə deyil, digər şeylərlə maraqlanırlar.
Ziyafətə az adamın gəldiyinə görə Ağanın məyus olmasını düşünə bilərik, lakin bu, belə deyil. Adamlardan fərqli olaraq, Ağa böyük ziyafətə layiq hesab etmədiyimiz adamları – küçə və tinlərində olan yoxsulları, əlilləri, korları və topalları, çox vaxt yan keçdiyimiz adamları dəvət edir. Dəvət olunanlar təsəvvür etdiyimizdən də çoxdur; ağlımıza gəlməyən adamlar dəvət olunur. Ziyafətin Ağası ziyafətə çox adamı dəvət edir. Hətta biz öz evimizə dəvət etmək istəmədiyimiz adamları belə, Ağa öz ziyafətinə dəvət edir.
Bu adamlar da gəlirlər! Onların öküz və ya torpaq kimi başqa maraqları yoxdur. Onların çox sevdiyi digər məşğuliyyətləri də yoxdur. Buna görə də, onlar ziyafətə gəlirlər. Allahın Padşahlığı dolur və Ağanın iradəsi yerinə yetirilir!
Peyğəmbər İsa Məsih (s) bu məsəli danışmaqda məqsədi var idi. O, bizim özümüzə bu sualı verməyimizi istəyir: “Allahın Padşahlığına dəvət olunsam, bu dəvəti qəbul edərəmmi?” Yoxsa mənə başqa şey maraqlıdır, başqa şeyi sevirəm və bir bəhanə ilə ziyafətə gəlməyəcəyəm? Həqiqət budur ki, siz bu Padşahlığın ziyafətinə dəvət olunursunuz. Əslində isə, əksəriyyətimiz dəvəti rədd edirik. Açıqca “yox” demirik, lakin bir bəhanə ilə dəvətdən boyun qaçırırıq. Rədd etməyimizin səbəbləri ürəyimizdə başqa şeylərə olan məhəbbətdir. Bu məsəldə səbəb başqa şeyləri sevməkdir. İlk dəvət olunanlar bu dünyadakı şeyləri Allahın Padşahlığından daha çox sevən adamlardır. Dünyadakı şeylər, məsələn, ‘tarla’, ‘öküz’, ‘nikah’dır.
Bəraət qazanmamış dindar haqqında məsəl
Bəzilərimiz bu dünyada olan şeyləri Allahın Padşahlığından daha çox sevirik, buna görə də, dəvəti rəddə edirik. Bəzilərimiz isə öz dindarlığını sevir və ona bel bağlayır. Peyğəmbər İsa Məsih (s) imam kimi olan bir dindarı nümunə gətirərək bir məsəl danışdı:
«Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi:
“Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”.
Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək»
Luka 18:9-14
Burada farisey imam kimi bir din müəllimidir. O, öz dini səyləri və ləyaqəti sayəsində kamil görünürdü. Onun orucu və zəkatı lazım olandan da çox idi. Lakin bu imam öz salehliyinə arxalanırdı. İbrahim (s) peyğəmbər isə öz salehliyinə bel bağlamırdı. İbrahim peyğəmbər Allahın vədinə həlimliklə iman etdiyinə görə saleh sayıldı. Əslində, vergiyığan (o vaxt bu peşə sahiblərinə pis baxırdılar) Allahdan həlimliklə mərhəmət diləyirdi və imanla mərhəməti alıb evinə saleh sayılaraq getdi. Onun Allah ilə münasibəti düzəldi. Allah ilə düzgün münasibətdə olduğunu zənn edən farisey (imam) isə, günah içində qaldı.
Beləliklə, peyğəmbər İsa Məsih (s) sizə və mənə sual verir: Allahın Padşahlığını həqiqətən istəyirikmi? Yoxsa bir çox başqa maraqlarımızın arasında olan bir maraqdır. İsa bizə daha bir sual verir: nəyə daha çox etibar edirik? Öz ləyaqətimizə, yoxsa Allahın mərhəmətinə?
Bu suallara düzgün cavab vermək vacibdir. Əks halda, biz İsanın növbəti təlimini başa düşməyəcəyik. Bizə daxili təmizlik gərəkdir.