Skip to content

Tez-tez soruşulan suallar

İsmail ilə baş verənlərə dair bir çox qarışıq sözlər var. Lakin 3500 il əvvəl Musa (s) peyğəmbər tərəfindən yazılmış Tövrat bu mövzunu aydınlaşdırmaqda kömək edir. Allah İbrahimə (s) xeyir-dua verərək nəslini dəniz kənarındakı qum qədər çoxaldacağı barədə vəd vermişdi (buraya baxın). Nəhayət, İbrahimin (s) iki arvadından iki oğlu oldu. Ancaq onların arasında baş verən rəqabətə görə İbrahim (s) Həcəri və İsmaili evdən uzaqlaşdırmağa məcbur oldu. Bu rəqabət iki mərhələdə baş verdi. Birinci mərhələ İsmailin dünyaya gəlməsindən sonra, İshaqın isə doğulmasından əvvəl oldu. Tövrat bu rəqabət, Allahın Həcəri müdafiə etməsi, ona görünməsi və İsmailə Öz xeyir-dua verməsi haqqında belə deyir:

“İbramın arvadı Sarayın uşağı olmurdu. Onun Həcər adında Misirli bir qarabaşı var idi. Saray İbrama dedi: «Bax Rəbb mənim bətnimi bağladı ki, uşağım olmasın. Qarabaşımla yaxınlıq et, qoy o mənim üçün uşaq doğsun». İbram Sarayın sözünə qulaq asdı. İbramın arvadı Saray qarabaşı Misirli Həcəri götürüb əri İbrama arvad olmaq üçün verdi; bu əhvalat İbram Kənan torpağında on il yaşadıqdan sonra baş verdi. İbram Həcərlə yaxınlıq etdi və Həcər hamilə oldu. Həcər hamilə olduğunu görəndə xanımına həqarətlə baxmağa başladı.

Saray İbrama dedi: «Mənim təhqir olunmağıma sən səbəb oldun. Mən qarabaşımı sənin qoynuna verdim, o da hamilə olduğunu görəndə mənə həqarətlə baxmağa başladı. Qoy səninlə mənim aramda Rəbb hökm etsin». İbram Saraya dedi: «Qarabaşını sənin ixtiyarına verirəm, ona nə istəyirsən, elə». Saray qarabaşı ilə sərt rəftar etməyə başladı və qarabaşı onun yanından qaçdı.

Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı. Mələk ondan soruşdu: «Ey Sarayın qarabaşı Həcər, haradan gəlib, haraya gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın yanından qaçıram». Rəbbin mələyi ona dedi: «Xanımının yanına qayıt və ona tabe ol». Rəbbin mələyi sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək». Sonra Rəbbin mələyi ona dedi: «Bax sən hamiləsən, bir oğul doğacaqsan. onun adını İsmail qoyarsan, çünki Rəbb əziyyət içində fəryadını eşitdi.

…Həcər İbrama bir oğul doğdu və İbram Həcərdən olan oğlunun adını İsmail qoydu. Həcər ona İsmaili doğanda İbramın səksən altı yaşı var idi” (Yaradılış 16:1-11, 15-16).

Biz görürük ki, Həcər Rəbb ilə danışdığına görə peyğəmbər bir qadın idi. Allah Həcərə uşağın adını İsmail qoymağı tapşırdı və İsmailin nəsli barədə söz verərək dedi: «çoxluğuna görə sayı-hesabı bilinməyəcək». Beləliklə, Allah ilə görüşüb, Ondan vəd alandan sonra Həcər xanımının yanına qayıtdı və rəqabət müvəqqəti dayandırıldı.

Rəqabət artır

Lakin 14 il sonra Saradan İshaq doğulanda rəqabət yenidən başladı. Tövrat bu barədə yazır:

“Uşaq böyüyüb süddən kəsildi. İshaqın süddən kəsildiyi gün İbrahim böyük bir ziyafət verdi. Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür. Sara İbrahimə dedi: «Bu cariyəni və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum İshaqla birgə varis olmayacaq». Bu iş İbrahimi çox narahat etdi, çünki İsmail də onun oğlu idi. Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq. Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir».
İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı. Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu. Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı.

Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi. Qalx uşağı qaldır, onu qucağına götür. Mən ondan böyük bir millət törədəcəyəm». Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi. Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa başladı və mahir oxatan oldu. O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad aldı” (Yaradılış 21:8-21).

Biz görürük ki, Sara (əvvəlcə onun adı Saray olub) daha Həcər ilə bir evdə yaşaya bilmədi və onun evdən getməsini tələb etdi. İbrahim (s) bunu etmək istəməsə də, Allah Həcərə və İsmailə (s) xeyir-dua verəcəyinə söz verdi. Doğrudan da, Allah Həcərlə yenə danışdı, onun gözlərini açaraq səhrada suyu göstərdi və İsmaildən (s) «böyük bir millət» törədəcəyini söz verdi.

Tövrat bu millətin böyüməsini göstərməkdə davam edir. Biz İbrahimin (s) ölümü vaxtı yenə İsmail (s) haqqında oxuyuruq.

“O (İbrahim), uzun ömür sürdü, qoca vaxtında son nəfəsini verərək ölüb əcdadlarına qoşuldu. Oğulları İshaq və İsmail onu Mamre qarşısında olan Maxpela mağarasında, Xetli Sohar oğlu Efronun tarlasında basdırdılar. O tarlanı İbrahim Xetlilərdən satın almışdı. İbrahim və arvadı Sara orada basdırıldı. Allah İbrahimin ölümündən sonra oğlu İshaqa xeyir-dua verdi. İshaq Beer-Laxay-Roidə yaşayırdı.

Saranın qarabaşı Misirli Həcərin İbrahimə doğduğu İsmailin nəsil tarixçəsi belədir. Doğulma sırasına görə İsmailin oğullarının adları belədir: İsmailin ilk oğlu Nevayot, Qedar, Adbeel, Mivsam, Mişma, Duma, Massa, Xadad, Tema, Yetur, Nafiş və Qedma; İsmailin oğulları bunlardır, kəndləri və obaları ilə birgə onların adları belədir. Onlar öz tayfalarının on iki başçısı idi. İsmail yüz otuz yeddi il ömür sürdü. O, ömrünü başa vurdu və ölüb əcdadlarına qoşuldu. İsmailin nəsilləri Xaviladan Şura qədər olan ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının yaşadığı yerin qarşısında yerləşmişdi” (Yaradılış 25:8-18).

İsmail çox uzun ömür sürdü və onun oğulları 12 tayfa başçısı oldu. Allah vəd etdiyi kimi, İsmailə (s) xeyir-dua verdi. Bu gün ərəblər İsmail vasitəsilə İbrahimin nəsli olduğunu hesab edirlər.