Skip to content

Peyğəmbər İsa Məsih (s) ‘Həcc’ edir

Həcc Surəsi (22 – Həcc) müxtəlif vaxtlarda verilmiş ayinlər barədə yazır. Lakin əsas məsələ  qurban əti deyil. Əsas məsələ daxilimizdə olanlardır.  

Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver; Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!

Həcc 22:34,37

Həcc zəvvarlığına aid ayinlərdə su əhəmiyyətli yer tutur. Zəvvarlar Zəm-Zəm quyusundan su içməyə çalışırlar. Lakin Mülk Surəsi (Surə 67) bizə vacib bir sualı verir:

“Deyin görüm, əgər suyunuz (yerin dibinə) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?”

Mülk 67:30

Peyğəmbər İsa Məsih həmin sualı yəhudi zəvvarlara vermişdi. Yəhudilər Musa peyğəmbərin Qanununa uyğun olaraq zəvvarlıq edirdilər. Gəlin zəvvarlıq mövzusuna diqqət yetirək.

Həcc zəvvarlığı çox məşhurdur. Adamlar 3500 il əvvəl verilmiş Musanın (s) Şəriət Qanunu barədə az bilirlər. Bu Qanun yəhudi imanlılarına hər il Yerusəlim (Əl-Qüds) şəhərinə zəvvarlığı əmr edir. Bu zəvvarlıqlardan birinin adı Çardaqlar bayramı (və ya Sukkotdur). Bu zəvvarlıq bugünkü Həcc zəvvarlığına çox oxşardır. Məsələn, bu zəvvarlıqların hər ikisi təqvimin müəyyən günlərində edilməli idi; hər ikisində heyvanları qurban gətirmək lazım idi; hər ikisində (zəmzəm kimi) xüsusi su əhəmiyyət daşıyırdı; hər ikisində bayırda yatmaq lazım idi, hər ikisində müqəddəs yerin ətrafına yeddi dəfə dolanmaq lazım idi. Yəhudilərin Çardaqlar Bayramı Həcc kimidir. Bu gün yəhudilər Çardaqlar Bayramını bir qədər fərqli qeyd edirlər, çünki  Yerusəlimdəki məbəd b.e.70-ci ilində romalılar tərəfindən dağıdılmışdı.

İncil Peyğəmbər İsa Məsihin (s) zəvvarlığı – Onun ‘Həcci’ barədə yazır. Mətndə izahlar da verilir.

İsa Çardaqlar Bayramına gedir (Yəhya 7)

«Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi. Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı. Qardaşları İsaya dedi: “Buradan çıxıb Yəhudeyaya get ki, şagirdlərin də etdiyin işləri görsün. Çünki Özünü məşhur etməyə çalışan adam heç nəyi gizlicə etməz. Sən bunları edirsənsə, Özünü dünyaya tanıtdır”. Çünki qardaşları da Ona iman etmirdi»

Yəhya 7:1-5

İsa Məsihin qardaşları Ona iman etmədiklərinə görə Peyğəmbərə şübhə ilə yanaşırdılar. Lakin qısa müddət sonra nə isə baş verdi və İsa Məsihin iki qardaşı – Yaqub və Yəhuda Ona öz münasibətlərini dəyişdi. Daha sonra bunlar məktublar yazdılar (bu məktubların adı YaqubYəhuda adlanır) və bu məktublar Əhdi-Cədidə (İncilə) daxildir. Onları nə dəyişdi? İsa Məsihin dirilməsi.

«…İsa onlara dedi: “Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə hər vaxt münasibdir. Dünya sizə nifrət edə bilməz, amma Mənə nifrət edir, çünki Mən onun əməllərinin şər olduğuna şəhadət edirəm. Siz bayrama gedin, Mənsə hələ vaxtım tamam olmadığı üçün bu bayrama getməyəcəyəm”. İsa bu sözləri söylədikdən sonra Qalileyada qaldı.

Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi. Yəhudi başçıları bayramda İsanı axtararaq “O haradadır?” deyirdilər. Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi “yaxşı adamdır”, başqaları isə «xeyr, xalqı aldadır» deyirdi. Lakin Yəhudi başçılarının qorxusundan heç kəs Onun barəsində açıq danışmırdı.

Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim

öyrətməyə başladı. Yəhudi başçıları buna heyrətlənib dedilər: “Bu Adam təhsil almadığı halda necə olub ki savadlıdır?” İsa da onlara cavab verdi: “Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir. Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək. Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz. Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?” Xalq cavab verdi: “Səndə cin var. Kim Səni öldürməyə çalışır?” İsa onlara dedi: “Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz. Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz. Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz? Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin”

Onda Yerusəlimlilərin bəzisi dedi: “Öldürməyə çalışdıqları Bu deyilmi? Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər? Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək”»

Yəhya 7:6-27

O vaxt adamların arasında İsa Peyğəmbərin (s) Məsih olub-olmaması barədə mübahisələr gedirdi. Bəzi yəhudilər Məsihin naməlum yerdən gələcəyini zənn edirdilər. Lakin İsanın haralı olduğunu bildiklərinə görə onu Məsih kimi qəbul edə bilmirdilər. Bəs onlar nəyə əsaslanaraq Məsihin naməlum yerdən gələcəyini deyirdilər? Tövrata? Peyğəmbərin yazılarına? Əsla! Peyğəmbərlər Məsihin gələcəyi yerin adını aydın göstərmişdilər. Mikeya peyğəmbər (s) b.e.ə.700-cü ildə yazmışdı:

Rəbb deyir:

«Ey Bet-Lexem Efrata, sən

Yəhuda nəsillərinin kiçiyi olsan da,

Mənim üçün İsrail üzərində

Hökmdar səndən çıxacaq.

Onun nəsli çox qədimlərə,

Zamanın başlanğıcına gedir»

Mikeya 5:2

Peyğəmbərlik (daha çox təfsilatlar istəyirsinizsə, buraya klik edin) deyirdi ki, hökmdar (= Məsih) Bet-Lexem şəhərindən gələcək. Məsihin doğulması haqqında oxuyaraq gördük ki, O, doğrudan da Bet-Lexemdə dünyaya gəldi. Bu barədə bizim eradan 700 il əvvəl peyğəmbərlik olunmuşdur.

Məsihin gələcəyi yerin məlum olmaması barədə söz dindarlardan gəlirdi. Onlar peyğəmbərlərin yazılarına deyil, küçədəki adamların, o dövrdə yaşayanların, hətta din müəllimlərinin sözlərinə əsaslandılar. Biz cəsarət göstərib bu səhvi təkrar etməməliyik.

Mətn davam edir…

Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək”. İsa məbəddə təlim öyrədərkən nida edib dedi: “Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O, Məni göndərdi”. Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı. Ancaq xalq arasından çoxu Ona iman edib dedi: “Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?”

Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdilər. İsa dedi: “Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm. Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz”. Bunun cavabında Yəhudilər öz aralarında dedilər: “Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək? “Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?

Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin. Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ verilməmişdi, çünki İsa hələ izzətlənməmişdi»

Yəhya 7:27-39

Bayram günündə yəhudilər Yerusəlimin cənubunda yerləşən xüsusi bulaqdan su içir, “su darvazası” adlanan giriş ilə şəhərə girir və məbəddəki mehraba həmin sudan gətirirdilər. Bu müqəddəs ayini icra edən yəhudilərə müraciət edərək peyğəmbər İsa Məsih (s) nida etdi, daha əvvəl söylədiyi sözləri təkrarladı ki, canlı suların mənbəyi O Özüdür. Bunu deməklə O, adamların qəlbində olan və günaha aparan susuzluğu onlara xatırladırdı. Peyğəmbərlər bu barədə əvvəllər də yazırdılar.

«Xalqın bir qismi bu sözləri eşidəndə “Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir” dedilər. Başqaları isə “Bu, Məsihdir” söylədi, ancaq bəziləri dedi: “Nə? Məsih Qalileyadanmı gəlir? Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?” Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu. Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı»

Yəhya 7:40-44

Bu gün olduğu kimi, o vaxt da, adamlar peyğəmbər İsa Məsih (s) barədə fikir ayrılığında idilər. Daha əvvəl oxuduğumuz kimi, peyğəmbərlər Məsihin Bet-Lexem şəhərində doğulacağı barədə demişdilər (İsa həmin şəhərdə doğuldu). Bəs “Məsih Qalileyadanmı gəlir?” sözü necə? Yeşaya peyğəmbər (s) b.e.ə.700-cü ildə yazmışdır:

“Əzab çəkmiş xalq qaranlıqda qalmayacaq. Keçmişdə Rəbb Zevulun və Naftali bölgələrini alçaltdı, Gələcəkdə isə dənizkənarı yolu, İordan çayının o biri tayını, Müxtəlif millətlər yaşayan Qalileyanı Şərəfə çatdıracaq. Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların Üzərinə nur doğdu”

Yeşaya 9:1-2

Peyğəmbərlər Məsihin təlim verəcəyi barədə yazırdılar: Qalileyada (“Möhtəşəm bir işıq”) – İsa  Öz təliminburadabaşladımöcüzələrinin əksəriyyətini burada göstərdi. Adamlar yenə də səhv etdilər, çünki onlar peyğəmbərlərin kitablarını diqqətlə tədqiq etmədən ətrafdakıların qəbul etdiyinə inanırdılar. 

Yəhudi Liderlərinin İnamsızlığı

«Onda mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən “Niyə Onu gətirmədiniz?” deyə soruşdular. Mühafizəçilər cavab verdilər: “Hələ indiyəcən heç bir insan belə danışmayıb”. Fariseylər onlara dedilər: “Yoxsa sizi də aldadıb? Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi? Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!” Aralarından biri – bundan qabaq İsanın yanına gələn Nikodim onlara dedi: “Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?” Onlar Nikodimə dedi: “Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz”»

Yəhya 7:45-52

Qanun müəllimləri səhv edirdilər, çünki Yeşaya peyğəmbər Qalileyadan gələn möhtəşəm nur barədə yazırdı.

Bu mətni oxuyanda ağlıma iki fikir gəldi. Birincisi, bilik çox az olsa da, böyük səylə dindar hərəkətləri etmək asandır. Biz belə edirikmi?

“Onların barəsində şəhadət edirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır”

Romalılara 10:2

Düzgün məlumat almaq üçün biz peyğəmbərlərin yazılarını öyrənməliyik.

İkincisi, peyğəmbər İsa Məsih (s) bir təklif edir. Onların Həcci zamanı o dedi:

«Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: “Kim susayıbsa, yanıma gəlib içsin. Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq”»

Yəhya 7:37-38

Bu təklif susayan hər bir kəsə – təkcə yəhudi və ya xristianlara deyil, susayan hər bir kəsə verilir. Sizin daxilinizdə susuzluq varmı? (bura). Zəmzəm quyusundan içmək gözəldir. Bəs daxili susuzluğumu yatıra bilən Məsihdən nə üçün içməyək?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *