Sonuncu məqalələrdə biz Məsihin adını əvvəlcədən söyləyən peyğəmbərlərin əlamət verdiklərini gördük. (Peyğəmbərliyə görə, Məsihin adı İsa olmalı idi). Peyğəmbərlər həmçinin Məsihin gəlişinin vaxtını da bildirmişdilər. Bunlar ecazkarcasına icra olunmuş peyğəmbərliklərdir. İsanın (s) gəlişindən yüz illərlə əvvəl edilən bu peyğəmbərliklər yazıldı və dəqiq yerinə yetirildi. Bu peyğəmbərliklər yazıldı və yəhudilərin Müqəddəs Yazılarında hələ də var (!). Bunlar İncildə və ya Quranda yazılmayıb. İndi sual yaranır: Müqəddəs Kitablarında yazıldığına baxmayaraq, nə üçün yəhudilər İsanı Xristos (Məsih) kimi qəbul etmədilər və əksəriyyəti hələ də qəbul etmir?
Bu suala keçməzdən əvvəl aydın etməliyəm ki, mənim qoyduğum kimi sualı vermək tam düzgün deyil. Bir çox yəhudilər İsanın (s) dövründə onu Məsih kimi qəbul etmişdilər. Bu gün də İsanı bir Məsih kimi qəbul edən çoxlu yəhudilər var. Fakt isə budur: yəhudilər bir millət kimi onu qəbul etmədilər. Beləliklə, nə üçün?
Yəhudilər İsanı (s) nə üçün Məsih kimi qəbul etmirlər?
Mattanın Müjdəsində (İncildə) İsanın (s) yəhudi din müəllimləri ilə söhbəti qeyd olunur. Bu din müəllimləri Farisey və Sadukey adlanır, bugünkü imamlar kimi vəzifəyə malik olublar. Onlar İsaya hiyləgər sual verdilər:
İsa onlara cavab verib dedi: “Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız”
Matta 22:29
Bu söhbət bizə mühüm həqiqəti açır. Bunlar dini rəhbərlər olduqlarına, xalqa Tövrat və Zəburu öyrətdiklərinə baxmayaraq, İsa “Müqəddəs Yazıları və Allahın qüdrətini bilmirsiniz” deyə onları təqsirləndirir. İsa nəyi nəzərdə tuturdu? Necə ola bilər ki, alimlər Müqəddəs Kitabı bilməsinlər?
Yəhudilər BÜTÜN Müqəddəs Yazıları bilmirdilər
Bu dini müəllimlərin söhbətindəki mövzuya və Müqəddəs Kitaba etdikləri istinadlara nəzər salsanız görəcəksiniz ki, onlar bütün deyil, yalnız bəzi peyğəmbərliklərdən xəbərdar idilər. Məsələn, Bakirənin oğlunun əlamətində gördük ki, Müqəddəs Kitab alimləri Məsihin Bet-Lexem şəhərində dünyaya gələcəyi barədə peyğəmbərliyi bilirdilər. İsa doğulanda din alimləri padşah Hiroda Məsihin doğulacağı yer barədə Qanundan bu ayəni söylədilər:
«Ey Bet-Lexem Efrata, sən
Yəhuda nəsillərinin kiçiyi olsan da,
Mənim üçün İsrail üzərində
Hökmdar səndən çıxacaq.
Onun nəsli çox qədimlərə,
Zamanın başlanğıcına gedir»
Mikeya 5:2
Görəcəyiniz kimi, Məsihə və ya Xristosa (bu terminlərin eyni olması barədə burada oxuya bilərsiniz) aid olan bu ayə onu “hökmdar” adlandırır. Yəhudi alimlərinə çox tanış olan başqa bir ayə 2-ci Məzmurdadır. Allahdan ilham alan Davud (s) əvvəlcə Məsih (Xristos) adını təqdim edir. Ayəyə görə, Məsih Siondan (= Qüdsdən və ya Yerusəlimdən) hökm edəcək:
…Yer üzünün hökmdarları Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir… Göylərin sakini gülür, Xudavənd onlara istehza edir. O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm»
Zəbur Kitabı, Məzmur 2
Zəburun digər ayəsini də yəhudi din alimləri çox yaxşı bilirdilər:
Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə. Rəbb Davuda sədaqətlə and içdi, bu andından dönməz: “Belindən gələn oğullarından birini səndən sonra taxtında oturdacağam… Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məsh etdiyim üçün bir çıraq hazır etmişəm”
Zəbur Kitabı, Məzmur 132:10-18
Öz məntiqlərinə görə düşünən yəhudilər Allahın qüdrətini tanımırdılar
Beləliklə, onlar Məsihin böyük hökmdar olacağı barədə bəzi ayələri bilirdilər. İsanın (s) dövründə yəhudilər İsraildə Roma işğalı altında yaşayırdılar. (Yəhudilərin tarixini buradan oxuya bilərsiniz). Yəhudilər yalnız hökmdar Məsihi istəyirdilər. Onlar elə Məsih istəyirdilər ki, O, qüdrətlə gəlib nifrətli Romalılara qarşı üsyan qaldırsın, 1000 il əvvəl hökmranlıq edən padşah Davud kimi möhtəşəm bir Padşahlıq qursun (Padşah Davud barədə oxumaq üçün bura baxın). Allahın planından deyil, onların öz arzularından gələn Məsih həsrəti yəhudilərə bütün Müqəddəs Yazıları tədqiq etməkdə mane oldu.
Həmçinin, onlar insani düşüncələrindən istifadə edərək Allahın qüdrətini məhdudlaşdırırdılar. Peyğəmbərliklərə görə, Məsih Yerusəlimdə padşah olacaqdı. İsa Yerusəlimdə padşah deyildi. Buna görə də, İsa Məsih ola bilməzdi! Bu, sadə məntiqdir. Yəhudilər insani məntiq və dar düşüncə səbəbi ilə Allahın qüdrətini məhdudlaşdırdılar.
Bu günə qədər yəhudilərin əksəriyyəti Əhdi-Ətiqin peyğəmbərliklərindən xəbərdar deyillər. Müqəddəs Kitaba malik olduqlarına baxmayaraq (Tanax=Tövrat + Zəbur), onlar oxusalar yalnız Tövratı oxuyurlar. Allahın bütün Müqəddəs Yazıları bilmək əmrinə onlar etinasızlıq göstərirlər və buna görə də, digər peyğəmbərliklərdən xəbərsizdirlər. İnsani məntiq səbəbi ilə Allahı məhdudlaşdırdıqları halda belə düşünürlər: Məsih hökm edəcək; İsa hökmdar deyildi, buna görə də, Məsih ola bilməz. Elə bu! Sualı dərindən tədqiq etmədilər! Bu günə qədər yəhudilərin əksəriyyəti bu məsələdə dərinə getmirlər.
Məsih: …‘ həlak olmaq’ üçün gəldi
Onlar Müqəddəs Yazıları tədqiq etsəydilər indi oxuyacağımız həqiqəti öyrənərdilər. Əvvəlki məqalədə gördük ki, Daniel peyğəmbər (s) Məsihin gəlişinin vaxtını dəqiq söyləmişdir. İndi isə onun Məsih (= Məsh olunmuş=Xristos) barədə söylədiyi başqa bir sözə fikir verin.
“Bunu bil və anla: Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər yeddi yeddiillik dövr keçəcək. Altmış iki yeddiillik dövr ərzində Yerusəlim yenidən küçələr və xəndəklərlə tikiləcək, amma bu çətin vaxtlarda olacaq. Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu, özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib”
Daniel 9:25-26
Fikir verin ki, Daniel Məsih gələndə onunla baş verəcək hadisələri yazır. Daniel Məsihin hakim olması barədə danışırmı? Məsihin əcdadının taxtını ələ keçirəcəyi, Roma hakimiyyətini dağıdacağı barədə yazırmı? Xeyr! Əslində, Daniel aydın deyir ki, Məsih həlak olacaq və bu, Özü üçün olmayacaq. Daha sonra deyilir ki, əcnəbilər müqəddəs yeri (yəhudi məbədini) və şəhəri (Yerusəlim) viran edəcəklər. İsraillilərin tarixinə nəzər salsanız görəcəksiniz ki, bu, həqiqətən, baş vermişdir. İsanın ölümündən qırx il sonra Romalılar gəlib məbədi yandırdılar, Yerusəlimi dağıtdılar və yəhudiləri öz torpaqlarından sürgün edərək bütün dünyaya yaydılar. Bu hadisələr b.e. 70-ci ilində baş verdi. Daniel b.e.ə. 537-ci ildə bunu dəqiq söyləmişdi. Eləcə də, bunu daha əvvəl Musa peyğəmbər (s) Lənətlər söyləyəndə demişdi.
Beləliklə, Danielin peyğəmbərliyinə görə, Məsih hökm etməyəcəkdi! Məsih həlak olmalı idi və bu, Özü üçün olmamalıydı. Yəhudi rəhbərlər buna diqqət yetirmədilər, çünki onlar “Müqəddəs Yazıları bilmirdilər”. Bu, başqa bir problemə səbəb olur. Danielin peyğəmbərliyi (‘həlak olacaq’) ilə Məsihin hökmranlığı barədə yəhudilərin bildiyi peyğəmbərliklər arasında ziddiyyət varmı? Bütün peyğəmbərlər Allahdan olan sözləri çatdırıblarsa, onların hamısı yerinə yetməlidir. Musa (s) Tövratda bunu deyir. Necə ola bilər ki, Məsih həm həlak olacaq, həm də hökm edəcək? Görünür, onlar Allahın qüdrətindən çox insani məntiqə etibar etdilər.
‘Hökm edəcək’ və ‘Həlak olacaq’ ziddiyyətinin izahı
Əlbəttə, onların məntiqi Allahın qüdrətindən güclü deyildi. Onlar, sadəcə, biz insanlar kimi, saymazlıq etdiklərini boyunlarına almırdılar. Onlar Məsihin yalnız bir dəfə gələcəyini zənn edirdilər. Belə olsaydı, onda “hökm edəcək” və “həlak olacaq” peyğəmbərlikləri arasında ziddiyyət olardı. Beləliklə, məntiq səbəbi ilə onlar öz düşüncələrində Allahın qüdrətini məhdudlaşdırdılar. Əslində isə onların məntiqində səhv var idi. Məsih iki dəfə gəlməli idi. “Həlak olacaq, amma bu, özü üçün olmayacaq” – bu, birinci gəlişinə aid peyğəmbərlikdir. “Hökm edəcək”isə ikinci gəlişinə aid peyğəmbərlikdir. Bu halda “ziddiyyət” asanlıqla həll olunur.
Biz də BÜTÜN Müqəddəs Yazıları bilməyərək Allahın qüdrətini məhdudlaşdırırıqmı?
“Həlak olacaq, amma bu, özü üçün olmayacaq” – bunun mənası nədir? Tezliklə bu sualı araşdıracağıq. İndi isə daha yaxşı olar ki, yəhudilərin əlamətlərə əhəmiyyət vermədiklərinə nəzər salaq. Daha əvvəl yəhudilərin Məsihə aid əlamətləri görmədiklərinin iki səbəbini qeyd etdik. Üçüncü səbəb də var. Bu səbəb Yəhyanın Müjdəsində (İncildə) qeyd olunur. İsanın (s) dini rəhbərlərlə söhbətinə diqqət yetirək:
“Siz Müqəddəs Yazıları araşdırırsınız, çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir. Sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz… Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz?”
Yəhya 5:39,44
Yəhudilər Məsihin əlamətlərini görmədilər. Bunun üçüncü səbəbi odur ki, yəhudilər, sadəcə, istəmədilər. Onlar bir-birlərindən izzət qəbul edir, bir olan Allahdan gələn izzəti isə axtarmırdılar!
Başqa adamlarla müqayisədə yəhudilər daha çox yanılmadılar və daha çox səhv yola düşmədilər. Onlar İsanın Məsih olduğunu təsdiq edən əlamətlərə diqqət yetirmədilər. İndi bizə oturub onları mühakimə etmək asandır. Lakin onları mühakimə etməzdən əvvəl yaxşı olar ki, özümüzə baxaq. Biz özümüz “bütün Müqəddəs Yazıları bilirik” deyə bilərikmi? Məgər yəhudilər kimi Müqəddəs Yazılarda istədiyimizi, rahat qəbul edə bildiyimizi və başa düşdüyümüzü görmürükmü? Məgər insani məntiqimizlə Allahın qüdrətini məhdud etmirikmi? Bəzən biz özümüz Allahın sözü deyil, adamların bizim haqqımızda nə fikirləşəcəklərini düşünərək Müqəddəs Yazıları rədd etmirikmi?
Yəhudilərin əlamətlərdən yayınmaları bizim üçün bir xəbərdarlıq olmalıdır. Biz cəsarət edərək, Müqəddəs Yazılardan bizə tanış olan və xoşladığımız hissələrlə özümüzü məhdudlaşdırmırıq. Biz cəsarət edərək, insani məntiq səbəbi ilə Allahın qüdrətini məhdudlaşdırmırıq. Biz cəsarət edərək, Müqəddəs Yazıların söylədiyini rədd etmirik. Yəhudilər Məsihin əlamətlərinə etinasızlıq göstərdilər. Bu xəbərdarlıqlara ciddi yanaşaraq bu əsas şəxsin – Qulun gəlişini dərk etməyə çalışacağıq.