Skip to content

Giriş sözü: Quran İncili “insanlara doğru yolu göstərən rəhbər” adlandırır

Müqəddəs Quranı ilk dəfə oxuyanda mən mat qaldım. Birincisi, mən İncilə (Müjdəyə) bir çox birbaşa istinadlar aşkar etdim. Quranın “İncil” barədə xüsusi danışması məni çox maraqlandırdı. Növbəti ayələrin hamısında Quran İncilə birbaşa istinad edir. Yəqin ki, mənim gördüyümü siz də görəcəksiniz.

O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi – daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir

Ali-İmran Surəsi 3:3-4

Allah ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək

Ali-İmran Surəsi 3:48

Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?

Ali-İmran Surəsi 3:65

Onların (peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik

Maidə 5:46

Əgər onlar (Kitab əhli) Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar başları üstün də və ayaqları altında (olan nemətlərdən) yeyərdilər

Maidə 5:66

Ey Kitab əhli! Nə qədər ki, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz

Maidə 5:68

Sənə (İsaya) yazmağı, hikməti, Tövratıİncili öyrətmişdim…

Maidə 5:110

(Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir

Tövbə 9:111

Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir

Fəth 48:29

Fikir verin ki, Quran İncilə istinad edəndə heç vaxt təkcə İncilə istinad etmir. Hər dəfə əvvəlcə “Tövrat” (Qanun) qeyd olunur. “Qanun” – Musa peyğəmbərin (s) kitablarıdır. Müsəlmanlarda bu, Tövrat, Yəhudilərdə isə Tora kimi tanınır. Bütün Müqəddəs Kitablardan fərqli olaraq, İncilin adı heç vaxt təkcə qeyd olunmur. Ayələrin təkcə Tövrata (Qanuna) və Qurana istinad etdiyini özünüz də görə bilərsiniz. Məsələn:

Sonra Biz Musaya – yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yolu göstərən bir rəhbər və mərhəmət olaraq Kitab verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr. Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və (Allahdan) qorxun ki, bəlkə sizə rəhm oluna­

Ənam 6:154 -155

Məgər onlar Quran barəsində düşünmürlər? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar

Nisa 4:82

Başqa sözlə, biz Müqəddəs Quranın İncilə istinadı ilə rastlaşanda görürük ki, Quran onu həmişə Tövrat (Qanun) ilə birgə və həmişə Tövratdan (Qanundan) sonra qeyd edir. Bu, yalnız İncilə xasdır. Bildiyiniz kimi, Quran digər Müqəddəs Kitabların adını çəkmədən özü barədə danışır və həmçinin, digər Müqəddəs Kitabların adını çəkmədən Tövrat (Qanun) barədə danışır.

Allahın ayələrini bəyan edən peyğəmbərlər?

Beləliklə, bunun (yəni İncilin həmişə Tövratdan sonra qeyd olunmasının) əhəmiyyəti varmı? Bəziləri İncil barədə belə yazılmasını təsadüf və ya bir adət hesab edə bilər. Müqəddəs Kitablarda belə nümunələrə çox ciddi yanaşmağı artıq öyrənmişəm. Çox güman ki, bu, bizim üçün əhəmiyyət kəsb edən bir əlamətdir. Bu, Allahın Özünün qoyduğu qaydanı dərk etməkdə bizə kömək edir: İncili yalnız Tövratı (Qanunu) oxuyandan sonra dərk edə bilərik.  İncili başa düşməyimiz üçün əvvəlcə Tövratı öyrənmək ilkin şərt kimi zəruridir. Buna görə də, İncili (Müjdəni) daha yaxşı anlamaq üçün əvvəlcə Tövrata nəzər salmağa və lazım olanı öyrənməyə dəyər. Quran Allahın ayələrini bəyan edən peyğəmbərlər barədə danışır. Buna diqqət yetirin:

Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən (Məndən) qorxub öz (əməllərini) islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar

Əraf 7:35-36

Beləliklə, bu peyğəmbərlər Adəmin övladlarına (biz hamımız onun övladlarıyıq!) Allahın ayələrini bəyan edirdilər. Müdrik və tədbirli adam bu ayələri anlamağa çalışacaq. Gəlin Tövratı (Qanunu) oxuyaraq İncilə nəzər salaq və əvvəldən gələn peyğəmbərlərin Doğru Yol barədə öyrətdiklərinə diqqət yetirək.

Əvvəlcə biz Adəmin söylədiyi ayələrdən başlayaq. Əlbəttə, siz Tövrat, İncil və Zəburun dəyişdirilməsi barədə suala cavab verməkdən başlamaq istəyərsiniz. Bu vacib suallar barədə Müqəddəs Quran nə deyir? Sünnə nə deyir? Qiyamət Gününə hazır olmaq üçün vaxt ayırıb Tövrat ilə tanış olmaq, onun Doğru Yolu dərk etməkdə bizə necə kömək etdiyini öyrənmək yaxşı olardı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *