Tənqidi mətnşünaslıq: Müqəddəs Kitab dəyişdirilib, ya yox

bir çox dillərə tərcümə olunub, düzəlişlər edilib. Eşitmişəm ki, onun orijinal «Müqəddəs Kitabı nə üçün oxumalıyam? Axı o, uzun müddət əvvəl yazılmışdır, məzmunu illər ötdükcə dəyişdirilib». Müqəddəs Kitabı təşkil edən Tövrat, Zəbur və İncil kitabları barədə bu sözləri dəfələrlə eşitmişəm.

Çoxlarımız Müqəddəs Kitab haqqında elə bunu eşitmişik. Doğrudan da, o, iki min ildən daha əvvəl yazılmışdır. Deyə bilərik ki, bu gün oxuduğumuz Müqəddəs Kitabda peyğəmbərlərin yazıları mövcuddur? Müqəddəs Kitab dəyişdirilibmi? Dindən başqa bu suala cavab verən elmi və ya məntiqi cavablar varmı?

Tənqidi mətnşünaslığın əsas prinsipləri

Bu sualı verən bir çox adam tənqidi mətnşünaslıq kimi tanınan elmin mövcudluğundan xəbərdar deyil. Bu elmin köməyi ilə həmin suallara cavab veririk. Həmin elm bir çox qədim əlyazmalara istinad edir. Bu məqalə tənqidi mətnşünaslıqda istifadə olunan iki əsas prinsipi Müqəddəs Kitab üçün istifadə edir. Beləliklə, növbəti diaqrama nəzər salaq. Burada təsvir olunan prinsip bizim üçün illər boyu qorunub-saxlanmış qədim əlyazmalara istinad edir.

Bütün qədim kitabların bu gün bizə necə gəldiyini göstərən zaman qrafiki

Bu diaqram b.e.500-cü ildə yazılmış kitabın nümunəsini bizə göstərir. Kitabın orijinalı əbədi deyil. Hələ ki o, çürüməyib, itməyib və ya məhv olunmayıb, onun surəti çıxarılır (1-ci surət). Əlyazmaları peşəkar mirzələr köçürürdülər. İllər ötdükcə həmin nüsxədən surətlər köçürülürdü (2-ci və 3-cü nüsxə). Bəzi hallarda nüsxə bu günə qədər qorunub-saxlanılırdı (3-cü surət). Diaqram nümunəsində bizə gəlib çatan nüsxə b.e.500-cü ilində yazılmışdı. Yəni biz bilirik ki, b.e.500-cü ilindən başlayaraq, kitab artıq mövcud idi. Buna görə də b.e.ə.500 – b.e.500 (diaqramda “x” işarəsi ilə qeyd edilir) bu müddət ərzində yazılmış surətlər bizdə olmadığından nüsxələri yoxlaya bilmirik. Məsələn, kitab 1-ci nüsxədən 2-ci nüsxəyə köçürüləndə səhv baş veribsə, bunu aşkar edə bilmərik, çünki müqayisə etmək üçün qədim nüsxələr bizdə yoxdur. Diaqramda “x” işarəsi ilə qeyd olunmuş müddət ərzində mövcud olan nüsxələr qeyri-müəyyəndir və bunlarda səhv ola bilər. Buna görə də, tənqidi mətnşünaslığın birinci prinsipi budur: “x” müddəti nə qədər qısa olsa, o qədər də bugünkü nüsxənin dəqiqliyinə əmin ola bilərik.

Əlbəttə ki, bu gün əlimizdə olan nüsxələrin sayı bir neçədir. Təsəvvür edin ki, əlimizdə iki nüsxə var və hər ikisinin eyni bölməsində belə bir ifadə var:

Bu bir variant oxu göstərir (biri ‘Yəhya‘ deyir, digəri ‘Yəvya‘ deyir), ancaq bir neçə əlyazma ilə hansının səhv olduğunu müəyyən etmək çətindir

Orijinalda müəllif ya Yəhya, ya da, Yəvya yazmışdır. Bu əlyazmaların ikisindən birində səhv var. Sual budur: Səhv hansı əlyazmadadır? Əlimizdə olan iki nüsxə əsasında qərar vermək çox çətindir.

İndi isə, təsəvvür edin ki, həmin kitabın daha iki əlyazmaları tapıldı. Növbəti şəklə nəzər salın:

İndi dörd əlyazma var və hansının səhvinin olduğunu görmək daha asandır

İndi səhvi tapmaq daha asandır. Çox güman ki, səhv üç dəfə deyil, bir dəfə baş vermişdi. Beləliklə, köçürmə vaxtı baş vermiş səhv 2-ci əlyazmadadır; müəllif Yəvya deyil, Yəhya barədə yazırdı.

Bu sadə nümunə tənqidi mətnşünaslığın ikinci prinsipini nümayiş etdirir: bu gün mövcud olan əlyazmaların sayı nə qədər çox olsa, o qədər də səhvləri aşkar edib düzəltmək, eləcə də, müəllifin orijinal mətndə dediyini müəyyən etmək asan olur.

Tarixi kitablar və tənqidi mətnşünaslıq

Beləliklə, qədim mətnin düzgünlüyünü təsdiqləmək üçün bizdə tənqidi mətnşünaslığın iki prinsipi var:

  • 1) Orijinal yazı ilə ən qədim surətin arasındakı vaxt müddətini müəyyən etmək və
  • 2) bu gün mövcud olan nüsxələrin sayını müəyyən etmək.

Bu prinsiplər bütün qədim əlyazmalara aid olduğu üçün onları Müqəddəs Kitaba və digər qədim kitablara da aid etmək olar. Növbəti cədvələ nəzər salın (McDovell, J. Evidence That Demands a Verdict. 1979. səh. 42-48).

Müəllif Yazılma tarixi Erkən nüsxə Müddət
Qeysər b.e.ə. 50 b.e. 900 950 10
Platon b.e.ə.350 b.e. 900 1250 7
Aristotel* b.e.ə.300 b.e.1100 1400 5
Fukidid b.e.ə.400 b.e. 900 1300 8
Herodot b.e.ə.400 b.e. 900 1300 8
Sofokl b.e.ə.400 b.e.1000 1400 100
Tasit b.e.ə.100 b.e.1100 1000 20
Pliniy b.e.ə.100 b.e. 850 750 7

* İstənilən əsər

Bu müəlliflər qədim zamanın əsas klassik müəllifləridir – bu yazılar müasir sivilizasiyanın inkişafına təsir göstərib. Əlyazmaların sayı təxminən 10-100; orijinalın yazılmasından sonra isə 1000 il sonra yazılmışdır.

Müqəddəs Kitab və tənqidi mətnşünaslıq

Növbəti cədvəl Müqəddəs Kitabın (İncilin və ya Əhdi-Cədidin) hissələri üzrə tərtib olunub (Comfort, P.W. The Origin of the Bible, 1992. səh. 193).

Əlyazma Yazılma tarixi Əlyazmanın tarixi Müddət
Yəhya Rylan b.e. 90 b.e. 130 40 il
Bodmer Papyrus b.e. 90 b.e. 150-200 110 il
Chester Beatty b.e. 60 b.e. 200 140 il
Codex Vaticanus b.e. 60-90 b.e. 325 265 il
Codex Sinaiticus b.e. 60-90 b.e. 350 290 il

Tənqidi mətnşünaslığın Müqəddəs Kitab üzrə araşdırmaları

Əhdi-Cədidin əlyazmaları o qədər çoxdur ki, bunları bir cədvələ sığmaq qeyri-mümkündür. Bu sahədə illər boyu çalışan bir alim demişdi:

«Bu gün bizdə Əhdi-Cədidin hissələri olan 24000-dən çox əlyazma nüsxələr var… Daha heç bir qədim sənəd belə say və təsdiqlə müqayisə oluna bilməz. Müqayisə üçün qeyd etmək olar ki, bu gün mövcud olan əlyazmaların sayı 643 olan Homerin “İlliada” əsəri ikinci yerdədir”

(McDowell, J. Evidence That Demands a Verdict. 1979. səh. 40)

Britaniya Muzeyinin baş mütəxəssisi bununla razıdır:

“Əsas Yunan və Roma müəlliflərin orijinal mətnləri bu gün mövcud olduğuna görə alimlər razıdırlar. Lakin buna baxmayaraq, bu mətnlərin, həmçinin, minlərlə surətləri də mövcuddur”

Kenyon, F.G. (Britaniya Muzeyinin keçmiş direktoru) Our Bible and the Ancient MSS. 1941 səh.23.

Əhdi-Cədidin qədim əlyazmaları barədə bir kitabım var. O, belə başlayır:

«Bu kitab Əhdi-Cədidin qədim əlyazmalarının 69 nüsxəsini sizə təqdim edir…Bunların yazılma tarixi b.e.II–IV əsrlərinə aiddir (b.e.100-300) … Bunlar Əhdi-Cədidin 2/3 hissəsini təşkil edir”

(P. Comfort, «The Text of the Earliest NT Greek MSS”. Preface səh. 17. 2001)

Başqa sözlə, bu gün mövcud olan əlyazmaların əksəriyyəti çox qədimdir, Əhdi-Cədidin yazılmasından təxminən 100 il sonraya aiddir. Bu əlyazmaların tarixi Konstantinin və ya Roma kilsəsinin dövründən daha əvvələ aiddir. Bu əlyazmalar bütün Aralıq Dənizi ölkələrində aşkar edilmişdir. Bir ərazidə aşkar edilmiş əlyazmada səhv olanda onu digər ərazilərdən tapılmış əlyazmalarla müqayisə edərək aşkar etmək mümkündür. Lakin bu əlyazmaların hamısı eynidir.

Beləliklə, hansı nəticəyə gəlmək olar? Obyektiv səbəblərə görə (mövcud əlyazmaların sayı və orijinal ilə ən qədim əlyazma arasındakı müddət) aydındır ki, Əhdi-Cədid (İncil) digər klassik əsərlərdən daha çox nüsxələrlə dəstəklənir. Nəticə belə cəmləşdirilir:

«Əhdi-Cədidin bugünkü mətninə şübhə etmək qədim klassik əsərləri qaranlığa salmaq deməkdir. Çünki heç bir qədim dövrə aid sənəd Əhdi-Cədid qədər digər kitablarla təsdiqlənmir”

Montgomery, History and Christianity. 1971. səh.29

O deyir ki, Müqəddəs Kitabın etibarlı olduğuna şübhə etsək, eləcə də, klassik tarixə aid bütün biliklərimizi də şübhə altına salmalıyıq, bunu isə heç bir tarixçi etməyib. Səkkiz əlyazma və orijinaldan əsərin bu gün mövcud olan surətinə qədər 1300 illik müddətin olduğu halda nə üçün Herodotun əsərləri dəqiq hesab edilir? Müqəddəs Kitabın 24000 əlyazmaları olduğu halda, orijinaldan bu gün mövcud olan surətinə qədər cəmi 100 il müddətin olduğu halda Müqəddəs Kitabın dəyişdirildiyini hesab etmək düzgündürmü? Bu, mənasızdır.

Biz bilirik ki, eralar, dillər və imperiyalar dəyişdikdə Müqəddəs Kitabın mətnləri dəyişməyib, çünki ən qədim əlyazmanın tarixi bu hadisələrdən əvvəlki dövrə aiddir. Məsələn, biz bilirik ki, nə Roma papası, nə də Roma imperatoru Konstantin Müqəddəs Kitabı dəyişməyiblər, çünki bizdə olan əlyazmalar Konstantinin və Roma papalarının dövründən daha əvvəl yazılıb və sonrakı mətnlərlə uyğun gəlir. Bu gün Müqəddəs Kitabı tərcümə edərkən istifadə olunan əlyazmaların tarixi Məhəmməd peyğəmbərdən (s) əvvəlki dövrə aiddir. Məhəmməd peyğəmbərin özü onun dövründə mövcud olan Müqəddəs Kitabı təsdiqləyirdi. Bu, vacibdir, çünki əlyazmaları müqayisə etməklə bilirik ki, onun dövründən sonra da mətnlər dəyişməyib.

Bu, növbəti diaqramda göstərilir. Müasir Müqəddəs Kitabların tərcüməsi zamanı mənbə olaraq istifadə olunan əlyazmalar çox qədim dövrlərə aiddir.

Müasir İncillər, erkən 100-300-cü illərdə mövcud olan ən qədim əlyazmalardan tərcümə olunur. Bu mənbə əlyazmaları Konstantindən və ya digər dini-siyasi güclərdən və Məhəmməd Peyğəmbərin (s.ə.v) vaxtından çox əvvəl meydana çıxmışdır.

Nəticə belədir: nə bir məsihçi rəhbər, nə də zaman Müqəddəs Kitabın orijinal yazılarını, mövzusunu və ya məzmununu dəyişməyib. Biz əmin ola bilərik ki, bu gün oxuduğumuz Müqəddəs Kitabın mətni min illərlə əvvəl yazılmış orijinal əlyazmaların mətni ilə eynidir. Bunu bizdə olan əlyazmalar təsdiqləyir. Tənqidi mətnşünaslıq Müqəddəs Kitabın etibarlı olduğunu təsdiqləyir.

Universitetdə tənqidi mətnşünaslıq mühazirəsi

Bu yaxında Kanadada Qərbi Ontario Universitetində bu mövzuda mühazirə oxumaq şərəfinə nail olmuşdum. Bu mühazirənin bir hissəsinə aşağıda təqdim olunan 17-dəqiqəlik videoda baxa bilərsiniz.

 [vimeo width=”625″ height=”400″]http://vimeo.com/25487525 [/vimeo]

Bu vaxta qədər biz, əslində, yalnız Əhdi-Cədidə aid olan tənqidi mətnşünaslıq dəlillərinə nəzər saldıq. Bəs, Əhdi-Ətiqin hissələri olan Tövrat və Zəbur necə? Növbəti 7 dəqiqəlik videoda mən Əhdi-Ətiqə aid tənqidi mətnşünaslıq prinsiplərini qısaca izah edirəm.

[vimeo width=”625″ height=”400″]http://vimeo.com/29541364[/vimeo]

Harunun nümunəsi: 1 düyə, 2 keçi

Musanın ikinci nümunəsində biz Sina Dağında verilmiş Əmrlərin çox ciddi olduğunu gördük. Mən sizə özünüzə suallar verməyi təklif etdim. Qanunun verilməsinin səbəbi var. Siz Qanuna ya həmişə riayət edirsiniz, ya da  yox.  Qanuna həmişə riayət etmirsinizsə, siz də, mənim kimi, böyük bəladasınız – Mühakimə və cəza. Bəs, nə etmək olar? Musanın qardaşı Harun və onun nəsli bu məqsədlə qurbanlar təqdim edirdilər; qurbanların qanı günahları yuyur və ya örtürdü. Harun iki xüsusi qurban təqdim edirdi; bu qurbanlar Qanunu pozanların günahlarını yuduğunu nümayiş etdirirdi. Bir düyə və iki keçi. Gəlin keçilərdən başlayaq.

Keçi və Kəffarə günü

Musanın birinci nümunəsindən öyrəndik ki, Yəhudilərin hələ də qeyd etdiyi Pasxa bayramı Firondan qurtuluşu xatırlamaq məqsədilə keçirilir. Lakin Tövrat digər bayramları da qeyd etməyi əmr edir. Çox vacib olan bir bayram Kəffarə günü adlanır. Tövratın buna aid hissəsini burada oxuya bilərsiniz.

Kəffarə gününə aid nə üçün bu qədər dəqiq və təfsilatlı göstərişlər verilmişdi? Göstərişlər belə başlayır:

“Harunun iki oğlu Rəbbin hüzuruna yaxınlaşıb öləndən sonra Rəbb Musaya dedi: «Qardaşın Haruna söylə ki, istənilən vaxt pərdənin iç tərəfindəki Müqəddəs yerə, sandıq üzərindəki kəffarə qapağının önünə keçməsin ki, özü ölməsin, çünki Mən kəffarə qapağının üzərindəki buludda zahir oluram”

Levililər 16:1-2

Bundan əvvəl Harunun iki oğlu tələsib Allahın Hüzur çadırına keçdilər. Lakin Qanunu pozduqlarına görə Ən Müqəddəs Yerdəki Allahın hüzurunda onlar öldülər (bunu burada gördük). Nə üçün? Müqəddəs Çadırda Əhd Sandığı var idi. Quran da bu Əhd Sandığı barədə yazır:

“Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan (bəzi) şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir””

Surə 2:248 (Qoç)

Quran Əhd Sandığını əlamət adlandırır, çünki Sandıq Musanın verdiyi Qanun Əhdinin rəmzi idi. On Əmr üzərində yazılmış Daş Lövhələr Sandığın içində idi. Bütün Qanuna tam riayət etməyən adam bu Sandığın yanında ölürdü. Harunun iki oğlu bu Çadıra keçəndə öldü. Beləliklə, dəqiq göstəriş verildi: ildə bir dəfə – Kəffarə günündə Harun Çadıra keçməli idi. Harun istənilən bir başqa gündə Çadıra keçsəydi, öləcəkdi. Lakin həmin gündə də, Əhd Sandığına yaxınlaşmazdan əvvəl:

“Harun özü üçün günah qurbanı olan buğanı təqdim etsin. Bununla həm özü, həm də ailəsi üçün günahını kəffarə etsin. … Rəbbin hüzurunda buxuru oda qoysun. Beləcə buxur tüstüsü bulud ilə Şəhadət sandığının üzərində olan kəffarə qapağını örtsün ki, özü ölməsin”

Levililər 16:6,13

Beləliklə, Harunun Qanuna qarşı etdiyi günahlarını örtmək üçün bir buğa qurban gətirilməli idi. Bundan dərhal sonra Harun iki təkə ilə mərasimi keçirməli idi.

“Sonra Harun iki təkəni götürüb Rəbbin önündə Hüzur çadırının girişində saxlasın. Harun bu təkələrdən birini Rəbb üçün, o birisini Azazel üçün püşklə seçsin. Sonra Harun püşklə Rəbbə məxsus olan təkəni günah qurbanı olaraq təqdim etsin”

Levililər 16:7-9

Öz günahlarına görə buğanı qurban gətirəndən sonra Harun iki təkəni götürüb püşk atmalı idi. Bir təkə xüsusi məqsəd üçün ayrılmalı, digəri isə günah üçün qurban olaraq təqdim edilməli idi. Nə üçün?

“Sonra xalq üçün günah qurbanı olan təkəni kəssin və onun qanını pərdənin iç tərəfinə gətirib qanını buğanın qanı kimi kəffarə qapağının ön tərəfinə və qarşısına çiləsin. Bununla Harun İsrail övladlarının murdarlığına, qanunsuzluğuna və bütün günahlarına görə Müqəddəs yer üçün kəffarə etsin; murdar xalqın arasında yerləşdiyinə görə Hüzur çadırı üçün belə etsin”

Levililər 16:15-16

Bəs, xüsusi məqsədlə ayrılmış təkə necə oldu?

“Qoy Harun Müqəddəs yeri, Hüzur çadırını, qurbangahı kəffarə edib qurtarandan sonra sağ qalan təkəni gətirsin və iki əlini o təkənin başına qoyub İsraillilərin bütün qanunsuzluğundan və günahlarından ötrü qazandığı cəzanın hamısını onun üzərində etiraf etsin və təkənin başına ötürsün. Sonra bu iş üçün təyin olunan bir adamın vasitəsilə çöldə yola salınsın. Təkə onların bütün cəzasını öz üzərində ayaq dəyməmiş torpağa aparsın. O adam təkəni çöldə yola salsın”

Levililər 16:20-22

Buğa Harunun şəxsi günahlarına görə qurban gətirilirdi. Birinci təkə İsraillilərin günahlarına görə qurban gətirilirdi. Sonra Harun əllərini sağ qalan təkənin başına qoyub bir əlamət olaraq, xalqın günahlarını ona ötürürdü. Sonra təkəni səhraya buraxırdılar. Bu, xalqın günahlarının uzaqlaşdırıldığına işarə edirdi. Bu qurbanlar xalqı günahlardan yuyub təmizləyirdi. Bu, hər il Kəffarə günü təkrar olunurdu.

Bəqərə Surəsində və Tövratda düyə və ya inək

Harun başqa qurbanları də təqdim etməli idi. Bunların arasında düyə (erkək deyil, dişi dana) var idi. Məhz bu düyə qurbanı səbəbi ilə ikinci Surə “İnək” adlanır. Beləliklə, Quran birbaşa bu qurban haqqında danışır. Qurandakı hekayəni burada oxuya bilərsiniz. Gördüyünüz kimi, erkək deyil, dişi heyvanın qurban gətirilməsi barədə eşidən adamlar təəccüblənərək heyrətə düşdülər. Hekayə bu sözlərlə bitir:

“Biz dedik: “(İnəyin) bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız”

Surə 2:73-Qoç

Beləliklə, bu, diqqət yetirməli olduğumuz daha bir əlamətdir. Bəs, bu düyə necə əlamət ola bilər? Biz burada ölüm və həyat barədə oxuduq. Tövratda Haruna bu qurbana dair verilmiş ilkin göstərişi tədqiq edərkən bunu anlayaq. Tövratdakı hekayəni burada oxuya bilərsiniz. Tövrat deyir:

“Onun gözləri önündə düyə yandırılsın. Dərisi, əti və qanı, bağırsağı ilə birgə yansın. Kahin sidr ağacının budağını, züfa otunu və al rəngli ipi götürüb yandırılan düyənin üstünə atsın”

Saylar 19:5-6

Züfa otu yarpaqlı bir ağacın budağı idi. Pasxa günü ölüm yan keçsin deyə, İsraillilərə qurban quzusunun qanı barədə deyilmişdi:

“Bir çəngə züfa otu götürüb ləyəndə olan qana batırın və oradakı qandan qapının üst dirəyinə və yan taxtalarına sürtün. Səhərə qədər heç kəs evinin qapısından çıxmasın”

Çıxış 12:22

Züfa otu həmçinin düyə qurbanı üçün də istifadə olunurdu. Düyə, züfa otu, dərisi və sidr ağacı külə dönənə qədər yandırılmalı idi. Sonra:

“Düyənin külünü pak adam toplayıb düşərgənin kənarında pak bir yerə qoysun və İsrail övladlarının icması naminə paklama suyu düzəltmək üçün saxlanılsın. Bu, günah qurbanıdır”

Saylar 19:9

Beləliklə, kül paklanma suyuna qatılmalı idi. Natəmiz adam paklanmaq (qüsl və ya dəstəmaz almaq) üçün suya qatılmış bu küldən istifadə edirdi. Lakin bu kül istənilən deyil, müəyyən natəmizlik hallarında istifadə olunurdu:

“Hər hansı bir insan meyitinə toxunan yeddi gün murdar olacaq. Üçüncü və yeddinci gün özünü paklama suyu ilə paklasın ki, pak olsun. Əgər üçüncü və yeddinci gün özünü paklamasa, pak olmayacaq. Bir ölüyə, hər hansı bir insan meyitinə toxunan və özünü pak etməyən adam Rəbbin məskənini murdar edər, o şəxs İsraildən qovulsun. Paklama suyu onun üzərinə səpilmədiyi üçün murdar sayılsın. Onun murdarlığı hələ üzərində qalır”

Saylar 19:11-13

Beləliklə, meyitə toxunan adam təmizlənmək üçün dananın külünü suya qataraq dəstəmaz almalı idi. Bəs nə üçün meyitə toxunanda adam belə natəmiz olur? Bu barədə fikirləşin! Adəm itaətsizliyinə görə həm özü, həm də onun nəsli (siz və mən daxil olmaqla) öləri oldu. Beləliklə, ölüm günahın nəticəsi olduğuna görə natəmizdir. Ölüm günahın murdarlığı ilə əlaqəlidir. Meyitə toxunan adam murdar olur. Lakin bu kül bir əlamətdir, bu murdarlığı yuyub təmizləyir. Natəmiz adam murdarlanaraq ölü olduğu halda düyənin külü ilə dəstəmaz alaraq təmizlənir və həyat tapır.

Nə üçün erkək deyil, dişi düyə qurban gətirilirdi? Aydın izah olmasa da, Müqəddəs Yazının üzərində düşünə bilərik. Bütün Tövratda (və digər Müqəddəs Kitablarda) Allah Özünü kişi cinsinə aid edir. İsrail xalqı qadın cinsinə aid edilir. Nikahda olan kişi-qadın münasibətlərində Allah rəhbərlik edir, Onun davamçıları isə Onun ardınca gedirlər. Allah həmişə təşəbbüs edir. Allah təşəbbüs edərək İbrahimə oğlunu qurban gətirməyi əmr etdi; Allah təşəbbüs edərək Daş lövhələr üzərində yazdığı Əmrləri verdi; Allah təşəbbüs edərək Nuhun vaxtında cəza göndərdi və s. Təşəbbüsü heç vaxt insan, hətta peyğəmbər etmir. Allahın davamçıları həmişə Onun rəhbərliyinə tabe olurlar.

Düyənin külü insanın ehtiyacını qarşılamalı idi. Natəmiz insan paklanmağa ehtiyac duyur. Beləliklə, insanın ehtiyacını qarşılamaq üçün əlamət – dişi olan düyənin qurbanı təyin olunmuşdu. Natəmizlik günah edəndə hiss etdiyimiz xəcaləti göstərir. Bu, Allah qarşısındakı xəcalət deyil. Mən günah edəndə təkcə Qanunu pozmuram; həmçinin mən Hakimin qarşısında təqsirkaram, xəcalət və peşmançılıq hissi duyuram. Allah xəcalət hissimizə nə edir? İlk növbədə, Allah bizi libasla təmin edir. Çılpaq və xəcalət içində olan Adəm və Həvvaya Allah dəridən paltar verdi. O vaxtdan etibarən Adəmin övladları özlərini paltarla örtürlər. Əslində, bu, o qədər təbiidir ki, biz dayanıb bunun səbəbini heç vaxt soruşmuruq. Düyənin külü ilə dəstəmaz paklanmanın digər növüdür; paklanmadan sonra insan özünü təmiz hiss edir. Düyə qurbanının məqsədi təmizləməkdir.

“Ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq”

İbranilərə 10:22

Kəffarə günü erkək keçinin qurbanı əsasən Allah üçün olduğuna görə erkək heyvan götürülürdü. On Əmrin əlamətində itaətsizliyin nəticəsinin ölüm olduğunu gördük. Bu, dəfələrlə qeyd olunurdu (hekayələri burada oxuya bilərsiniz). Allah Hakim idi (indi də Hakimdir!); bir Hakim kimi, Allah ölüm tələb edirdi. Harunun günahına görə erkək dananın ölümü Allahın tələbini yerinə yetirdi. Daha sonra birinci erkək təkənin ölümü Allahın tələbini yerinə yetirdi; bu ölüm İsraillilərin günahının əvəzi idi. Sonra İsrail cəmiyyətinin günahları bir rəmz olaraq Harun tərəfindən keçinin üzərinə yerləşdirilirdi; keçini səhraya buraxırdılar və bu, cəmiyyətin günahdan azad olmasının rəmzi idi.

Harun və onun nəsli min ildən çox bu qurbanları gətirərək bayram edirdilər. İsraillilərin tarixi boyu onlara verilmiş torpaqda bu, davam edirdi: Davud padşah olanda, onun oğulları padşah olanda; bir çox peyğəmbərlər xəbərdarlıq sözləri ilə gələndə; hətta İsa Məsihin dövründə (s) belə, bu ehtiyacları qarşılamaq üçün qurbanlar təqdim olunurdu. Lakin bu qurbanlar gələcək xilasa işarə edərək bir əlamət idi.

Beləliklə, Tövrat Musa ilə Harunun sonuncu Əlamətləri ilə tamamlanır. Daha sonra peyğəmbərlər gəldi; Zəbur Kitabı Allahdan olan Kəlmələri insanlara çatdırdı. Lakin Tövratın sonunda vacib bir söz var. Musa (s) gələcək barədə, bir Peyğəmbərin gəlişi, eləcə də, İsrail xalqının üzərində olacaq xeyir-dua və lənətlər barədə danışır.