Məhkəmə Günü: Qariə Surəsi, Təkasur Surəsi və Məsih

Qariə Surəsi (Surə 101) Məhkəmə Günü barədə belə yazır:

(Qəlbləri) Qorxuya salan nədir? Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir?

O gün insanlar (ətrafa )səpələnmiş pərvanələr tək olacaqlar. Dağlar isə didilmiş yun görkəmi alacaqdır. (O gün) kimin tərəziləri ağır gələrsə xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, anası Haviyə olacaqdır

Qariə 101:2-9

Qariə Surəsi Məhkəmə Günündə tərəziləri ağır gələn adamların ümidi barədə yazır.

Bəs, tərəziləri yüngül gələnlər necə? 

Təkasur Surəsi (Surə 102) xəbərdarlıq edir:

Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, (gömülməklə) qəbirləri ziyarət etdiniz. Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz! Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz! Xeyr! Kaş ki, yəqin biləydiniz. Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz! Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız

Təkasur Surəsi 102:1-8

Təkasur Surəsi Məhkəmə Günü sorğu-suala tutulacağımız və Cəhənnəmin qorxulu odu barədə yazır. 

Xeyirxah işlərimizin tərəzisi yüngüldürsə, həmin Günə hazır ola bilərikmi? 

Peyğəmbər İsa Məsih xeyirxah işlərinin tərəzisi yüngül olanlar üçün gəldi. O, İncildə demişdi:

“İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz. Lakin sizə dedim ki, Məni gördünüz, amma iman etmədiniz. Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram. Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm. Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim. Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim». Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinib dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?» İsa onlara cavab verdi: «Aranızda deyinməyin. Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm. Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir. Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız O, Atanı görüb. Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. Həyat çörəyi Mənəm. Ata-babalarınız çöldə manna yedilər, amma öldülər. Bu isə

Yəhya 6: 35-51

Peyğəmbər İsa Məsih ‘göylərdən endiyini’, eləcə də, Ona iman edənə ‘əbədi həyat’ verəcəyini bəyan etdi. Onu dinləyən yəhudilər səlahiyyətini təsdiq etməyini tələb etdilər. Peyğəmbər isə əvvəlki peyğəmbərlərə istinad etdi. Bunlar Onun gəlişi və səlahiyyəti barədə peyğəmbərlik etmişdilər.  Musanın Tövratı Onun gəlişi barədə yazır;  Musadan (s) sonrakı peyğəmbərlər də Onun gəlişi barədə peyğəmbərlik edirlər.  ‘Ona iman etmək’ nədir?  Bu sualı burada araşdıracağıq.

İsa Məsih şəfa möcüzələritəbiət üzərində möcüzələri ilə Öz səlahiyyətini göstərərək təlimini dəstəkləyirdi. 

“Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı. Yəhudi başçıları buna heyrətlənib dedilər: «Bu Adam təhsil almadığı halda necə olub ki savadlıdır?» İsa da onlara cavab verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir. Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək. Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz. Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?» Xalq cavab verdi: «Səndə cin var. Kim Səni öldürməyə çalışır?» İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz. Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz. Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz? Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin».

İsa Məsihdirmi?

Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi? Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər? Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək». İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi». Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı. Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?»

Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi. İsa dedi: «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm. Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz». Bunun cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək? “Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?»

Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin. Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ verilməmişdi, çünki İsa hələ izzətlənməmişdi.

Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər. Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir? Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?» Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu. Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı”

Yəhya 7:14-44

Onun vəd etdiyi həyat suyu axan çaylar  Müqəddəs Ruhdur. Həmin Ruh Pentikost günü gəldi. Bu gün Müqəddəs Ruh  Məhkəmə Günündəki ölümdən adamları azad edərək Həyat verir. Biz yalnız öz susuzluğumuzu etiraf etməliyik.

7-ci gün – Şənbə və istirahət

 Yəhudilərin müqəddəs Pasxa günündə peyğəmbər İsa Məsihə xəyanət olundu və O, çarmıxa çəkildi. Buna görə də, məsihçilərdə Cümə xoş gün hesab olunur. Pasxa Cümə Axşamı gün batanda başladı və Cümə günü axşam gün batanda bitdi. Yəhudi təqvimində bu, həftənin 6-cı günüdür. Həmin günün sonuncu hadisəsi – ölü Peyğəmbərin dəfni oldu. Peyğəmbərin dəfnində iştirak edən qadınların şahidliyi barədə İncil belə yazır:

İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər. Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər

Luka 23:55-56

Qadınlar cəsədi dəfn üçün hazırlamaq istəyirdilər, lakin buna vaxt yox idi, çünki Cümə günü axşam gün batanda Şənbə günü başlayır. Yəhudilərin təqvimində bu, həftənin 7-ci günüdür. Şənbə günündə yəhudilərə iş görməyə icazə yoxdur. Bu əmr Tövratın Yaradılış Kitabından gəlir. Allah hər şeyi 6 gün ərzində yaratdı. Tövrat yazır:

“Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi”

Yaradılış 2:1-2

Beləliklə, qadınlar cəsədi dəfnə hazırlamaq istəsələr də, Tövrata itaət edib Şənbə günü iş görmədilər.

Baş kahinlər isə Şənbə günü öz işlərini davam etdilər. İncil onların hakim ilə görüşü barədə yazır.

“Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşıb dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi. Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar». Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun». Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu”

Matta 27:62-66

Beləliklə, həmin Şənbə  günündə baş kahinlər işlə məşğul idilər – bir dəstə keşikçi götürüb qəbirin təhlükəsizliyinin qorunmasını təşkil etdilər. Müqəddəs Həftənin Şənbə günündə qadınlar itaətlə istirahət edir, peyğəmbər İsa Məsihin (s) cəsədi isə ölü vəziyyətində qalmışdı. Zaman xəttində görəcəksiniz ki, onların istirahəti Yaradılışın 7-ci günündəki Allahın istirahətini əks etdirir. Bu, Tövrat Kitabında yazılır.

Peyğəmbər İsa Məsih Şənbə günü ölü vəziyyətində qalır

Lakin bu, möhtəşəm qüdrətin təzahüründən əvvəl olan bir sükut idi. Fəcr Surəsi (Surə 89) qara gecədən sonra günün çıxmasının əhəmiyyətini qeyd edir. Günün çıxması “ağıl sahibi üçün” qəribə şeyləri aşkar edə bilər. 

“And olsun dan yerinə! və olsun on gecəyə! və olsun cütə və təkə! və olsun keçib getməkdə olan gecəyə! Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?”

Fəcr Surəsi 89:1-5

Növbəti gün möhtəşəm qələbə baş verdi (buraya baxın).

Gördüyümüz kimi, səhər günəşin çıxması növbəti günün hadisələrini işıqlandırdı.

Peyğəmbər İsa Məsih (s) xaini xilas edir

Şura Surəsi (42 – Şura) yazır:

İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir

(Şura 42:23

O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır

Şura 42:26

Qasas Surəsi (28 – Qasas) bəyan edir:

Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun

Qasas 28:67

Bəs biz saleh deyiliksə, saleh işlər görməmişiksə, Allaha layiqli xidmət etməmişiksə, onda necə? Musanın Qanunu tam itaəti tələb edir və itaət etməyənə dəhşətli cəza təyin edir. Şura və Qasas Surələri bunu təsdiq edir. Bu ayələrdə təsvir edilən saleh əməlləri olmayan adamlara Peyğəmbər İsa Məsihin (s) təklifi var. Həyatınız tam saleh olmayıbmı? Onda İsa Məsihin saleh olmayan bir kəslə görüşü barədə oxuyun. O, hətta xalqın xaini olub.

Peyğəmbər İsa Məsih (s) Lazarı diriltdi və bununla öz vəzifəsinin məqsədini açıqladı. Onun vəzifəsi ölümə qalib gəlməkdir. İndi O, Öz vəzifəsini yerinə yetirmək üçün Yerusəlimə gedir. Yol ilə gedərkən (bu gün Fələstin tərəfdə olan) Yerixo şəhərinin yanından keçdi. Çoxlu möcüzələritəlimi barədə eşidən böyük kütlə Onu qarşılamağa çıxdı. Bu kütlənin içində zəngin, lakin nifrət edilən Zakkay adlı bir adam var idi. O, Yəhudeyanı işğal edən romalılar üçün vergi yığdığına görə zəngin idi. Romalıların tələb etdiyindən də çox vergi yığırdı, bir hissəsini özünə də götürürdü. Yəhudilər ona nifrət edirdilər, çünki yəhudi olduğu halda işğalçı romalılara işləyirdi, öz xalqını da aldadırdı. Onu xain hesab edirdilər.

Beləliklə, balacaboy Zakkay kütlə içərisində Peyğəmbər İsa Məsihi (s) görə bilmirdi, heç kim də ona kömək etmək istəmirdi. İncil onun Peyğəmbər ilə görüşü barədə belə yazır:

«İsa Yerixoya daxil olub oradan keçirdi. Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi. İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi. İsanı görmək üçün irəliyə qaçıb bir firon ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi.

İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: “!Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam”. O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi. Bütün xalq bunu gördükdə deyinməyə başladı: “Gedib günahkar bir kişinin qonağı oldu!” Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: “Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam”. İsa ona dedi: “Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir”»

Luka 19:1-10

Zakkayın evinə gedən Peyğəmbərin hərəkətindən adamlar məmnun qalmadılar. Zakkay pis adam idi və hamı bunu bilirdi. Lakin Zakkay günahkar olduğunu bilirdi. Əksərimiz öz günahlarımızı gizlədirik, üstünü örtür və günahsız kimi davranırıq. Lakin Zakkay belə deyildi. O, səhv etdiyini bilirdi. Peyğəmbəri görmək üçün ilk addımı atdı, İsa Məsih isə onu o qədər xoş qarşıladı ki, hamı təəccüb etdi.

İsa Məsih (s) Zakkayın tövbə etməsini, günahdan dönməsini, onu ‘Məsih’ kimi qəbul etməsini istəyirdi. Zakkay bunu edəndə Peyğəmbərin (s) onu bağışladığını və itmiş adamın  ‘xilas’ olduğunu bəyan etdiyini gördü.

Bəs siz və mən necə? Ola bilsin Zakkay qədər xəcalətli işlər görməmişik. Lakin onun qədər pis olmasaq da, Adəm kimi günahlarımızı gizlədə, örtə bilmərik, kiçik günahları və səhvləri görməməzliyə vurmamalıyıq. Pis əməllərimizi kifayət qədər xeyirxah işlərlə örtməyə ümid edirik. Kütlə peyğəmbərin də belə düşündüyünü zənn edirdi. Buna görə də İsa bu adamların heç birinin evinə getmədi və onların Zakkay kimi xilas olduqlarını bəyan etmədi. Yaxşı olar Allah qarşısında günahlarımızı etiraf edək, onları gizlətməyək. İsa Məsihin mərhəmətini axtarsaq dərrakəmizdən üstün olan bağışlanmanın bizə verildiyini görəcəyik.

Bəs Zakkayın pis əməlləri necə yox ola bilərdi?  Məhkəmə Günündən əvvəl o, bağışlandığına necə əmin ola bilərdi? Gəlin oxumaqda davam edək. İsa Məsih (s) Öz vəzifəsini icra etmək üçün  Yerusəlimə yolunu davam edir.

Məsih təlim və səlahiyyəti ilə Özünü göstərir

Al-Alaq Surəsi (Surə 96) deyir ki, Allah bizə bilmədiklərimizi öyrədir.

“O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi.”

Surə Ələq 96:4-5

Daha sonra Rum Surəsinə (Surə 30) uyğun olaraq, Allah bunu peyğəmbərlər vasitəsilə edir ki, biz səhv ibadət etdiyimizi dərk edək.

“Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlil göndərmişik?”

Surə Rum 30:35

Bu peyğəmbərlər bizim Allaha aid səhv anlayışlarımızı aşkarlamaq üçün Allahdan verilmiş səlahiyyətləri olub. Allaha aid səhv anlayışlar bizim fikirlərimizdə, sözlərimizdə və davranışımızda ola bilər. Peyğəmbər İsa Məsih (s) elə bir Müəllim olub. Ondakı xüsusi səlahiyyət hətta daxili düşüncələrimizi aşkarlayır ki, biz daxilimizdəki səhvlərdən belə, dönək. Bunu burada görə bilərik. Daha sonra biz şəfa möcüzələrində Məsihin səlahiyyətinin əlamətinə nəzər salacağıq.

Şeytan tərəfindən sınağa çəkiləndən sonra İsa Məsih (s) təlim verərək peyğəmbərlik xidmətinə başladı. Onun İncildə qeyd olunmuş ən böyük təlimi Dağüstü Vəz adlanır. Siz onu burada oxuya bilərsiniz. Əsas fikirləri biz aşağıda qeyd edirik. Sonra isə İsa Məsihin təlimini Musanın Tövratdakı peyğəmbərlik sözləri ilə əlaqələndirəcəyik.

İsa Məsih (s) öyrədirdi:

«Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o, səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.

 “Zina etmə” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.

 “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.

 Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.

“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.  Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.

 “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun”»

Matta 5:21-48

Məsih və Dağüstü Vəz

İsa Məsih (s) vəzində “… deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki,…” sözlərindən istifadə edirdi. Beləliklə, İsa Tövrata istinad edir, sonra isə Allahın əmrini niyyətə, düşüncəyə və sözlərə də aid edir. İsa Məsih Musa (s) peyğəmbərin ciddi əmrlərini götürüb onları daha da çətinləşdirdi!

Fikir verin İsa Tövratın əmrlərini necə çətinləşdirir. O, bunu Öz səlahiyyətinə əsaslanaraq edir: ‘Mənsə sizə deyirəm ki,…’ Bundan sonra əmri daha da çətinləşdirir. Bu, İsanın vəzinə xas olan cəhətdir. İncil yazır:

“İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi”

Matta 7:28-29

Doğrudan da, İsa Məsih (s) böyük səlahiyyət sahibi kimi təlim öyrədirdi. Peyğəmbərlərin əksəriyyəti Allahın sözünü xalqa çatdıran adi elçilər olub, lakin İsa onlardan fərqlənir. Nə üçün İsa Məsih fərqli idi?  Burada gördüyümüz kimi, Əhdi-Ətiqdə ‘Məsih’ – səlahiyyətlə gələcək bir şəxsin adı idi. 2-ci Zəburda biz ‘Məsih’ adına ilk dəfə rast gəlirik. Burada Allah Məsihə deyir:

“Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm”

Zəbur 2:8

Məsihə millətlərin üzərində səlahiyyət verilmişdir. Hətta yer üzünün qurtaracağınadək hər yer Məsihə verilmişdir. Beləliklə, Məsih İsa böyük səlahiyyətlə təlim öyrədirdi.

Peyğəmbər və Dağüstü Vəz

Əslində,  burada gördüyümüz kimi, Musa peyğəmbər (s) Tövratda həmin o ‘Peyğəmbərin’ gəlişi barədə söyləmişdi. Bu Peyğəmbər xüsusi təlim verəcəkdi. Musa yazmışdı:

 “Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək. Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm”

Qanunun Təkrarı 18:18-19

İsa təlim verərkən Məsihin səlahiyyətini göstərirdi və bununla Musanın peyğəmbərliyini yerinə yetirdi. Məsih həmin Peyğəmbərin böyük səlahiyyətlə təlim verəcəyi barədə yazırdı. İsa həm Məsih, həm də Peyğəmbər idi.

Siz, mən və Dağüstü Vəz

Dağüstü Vəzə diqqət yetirsəniz özünüzü itirə bilərsiniz. İnsan ürəyində və niyyətində bu əmrlərə necə riayət edə bilər? İsa Məsih bu vəzdə nə demək istəyirdi? Vəzin sonuncu cümləsində biz bu suala cavabı tapırıq:

“Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun”

Matta 5:48

Fikir verin ki, bu, bir təklif deyil, əmrdir. İsa bizdən kamil olmağı tələb edir! Nə üçün? Çünki Allah kamildir. Allah ilə cənnətdə olmaq istəyiriksə, biz də kamil olmalıyıq. Çox vaxt biz fikirləşirik ki, xeyirxah əməllər pis əməllərdən daha çox olsa, kifayət olar. Belə olsaydı və Allah bizi cənnətə buraxsaydı, cənnət korlanar, bu dünyadakı qarmaqarışıqlıq cənnətdə də olardı. Bu gün həyatımızı məhv edən bizim ehtirasımız, paxıllığımız, qəzəbimizdir. Ehtiras, paxıllıq və qəzəblə cənnətə getsək, cənnət tezliklə bu dünyaya çevriləcək. Bu dünyadakı problemləri insanlar özləri yaradırlar.

Əslində, İsa Məsihin təliminin əksəriyyəti zahiri ayinlərə deyil, daxilə, ürəyə aiddir. Görün İsa Məsih ürəklərimiz barədə daha nə deyir:

«İnsanı murdar edən insandan çıxandır. Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir»

Mark 7:20-23

Beləliklə, daxili paklıq çox vacibdir. Bizdən kamillik tələb olunur. Allah kamil cənnətə yalnız kamil adamları buraxacaq. Lakin bu halda böyük problem yaranır: kamil deyiliksə, cənnətə necə düşə bilərik? Qeyri-kamilliyimiz bizi ümidsizliyə uğradır. 

Allaha elə bu da lazımdır! Biz kamilliyə çata bilmədiyimizi, ümidsiz vəziyyətimizi dərk edəndə, layiq olmadığımızı biləndə “ruhən yoxsul” oluruq. İsa Məsih Öz vəzini bu sözlərlə başlayır:

“Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır”

Matta 5:3

Bu təlimi özümüzə aid etsək və onu rədd etməsək, yaxşı olar. Bu təlim, həqiqətən, bizə aiddir! Allahın tələbi kamillikdir. Bu tələbi özümüzə aid edəndə müvafiq olmadığımızı dərk edirik. Onda Doğru Yola çıxırıq. Çünki kamil olmadığımızı görəndə köməyi qəbul etməyə hazır oluruq.  Öz əməllərimizə arxayın olanda isə, bizə kömək gərək olmur.

İsa Məsihi şeytan sınağa çəkir

Ənfal Surəsi (Surə 8) şeytanın adamları sınağa çəkməsi barədə yazır.

“O zaman şeytan onların əməllərini özlərinə gözəl­ göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam! demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir! demişdi” (Surə Ənfal 8:48).

Surə Ənfal 8:48

Ta-Ha Surəsi (Surə 20) İblisin  Adamı günaha batırması barədə yazır:

“Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?””

Surə Ta-Ha 20:120

Şeytan peyğəmbər İsa Məsihə də belə yanaşdı. İncil onun vəsvəsələri barədə yazır. Bu, Yəhya peyğəmbərin meydana çıxmasından dərhal sonra baş verdi. Gördük ki, Yəhya (s) peyğəmbər Məsihin gəlişi üçün adamları hazırlamağa gəlmişdi. Onun qüdrətli sözlərində tövbəyə çağırış var idi. İncil İsa peyğəmbərin (s) Yəhya (s) tərəfindən vəftiz olunduğunu yazır. Beləliklə, İsanın (s) Məsih xidməti başlayır. Lakin xidmətə başlamazdan əvvəl İsa (s) peyğəmbər əvvəlcə hamımızın düşməni olan şeytan (iblis) tərəfindən sınağa çəkilməli idi.

İncil bu sınaq barəsində ətraflı yazır. Şeytan İsanı (s) üç dəfə sınağa çəkir. Gəlin hər birinə diqqət yetirək. (Görəcəksiniz ki, Şeytan İsaya ‘Allahın Oğlu’ deyərək müraciət edir. Bu, ilk baxışdan qəribə görünə bilər. Bunun mənasını anlamaq üçün buraya baxın).

Çörək ilə sınaq

Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır» (Matta 4:1-4).

Matta 4:1-4

Bu sınaq şeytanın Adəmlə Həvvanı cənnətdə sınamağına bənzəyir. Onları sınağa çəkən şeytan qadağan olunmuş meyvənin “yemək üçün yaxşı” olduğunu göstərdi. İsa qırx gün fasiləsiz, hətta axşamlar fasilə etmədən oruc tuturdu. Şeytan İsanı (s) çörəklə sınağa çəkdi. Lakin nəticə Adəminkindən fərqli oldu, çünki peyğəmbər İsa Məsih (s) şeytana qarşı dayandı, Adəm isə aldandı.

Bəs nə üçün İsa 40 gün fasiləsiz oruc tutdu? İncil bunun səbəbini aydın demir, lakin Əhdi-Ətiq peyğəmbərləri əvvəlcədən yazmışdılar ki, gələcək Nökər Yəhudi  xalqını təmsil edəcək. İsrail xalqı Musa peyğəmbərin (s) rəhbərliyi altında səhrada 40 il qalaraq yalnız göydən gələn manna yedilər. 40 gün oruc tutan və Allahın Kəlamı üzərində düşünməklə ruhən qidalanan İsa Məsih vəd olunmuş Qul kimi səhradakı 40 ili göstərdi.

Allah ilə sınaq

İkinci sınaq da çətin idi. İncil yazır:

«Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub dedi: “Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır»

Matta 4:5-7

Burada Şeytan İsanı (s) sınağa çəkəndə Zəburdan ayəni söyləyir. Aydındır ki, Allaha qarşı müvafiq hərəkət etmək üçün şeytan müqəddəs yazıları öyrənib. Şeytan müqəddəs kitabları çox yaxşı bilir və onları məharətlə təhrif edir.

Şeytan Zəbur ayəsinin bir hissəsinə istinad edir, mən isə bütün hissəni diqqətinizə çatdırmaq istəyirəm. (Şeytanın istinad etdiyi sözləri xətt ilə qeyd etmişəm).

«Şərə düçar olmazsan,

Bəla çadırından uzaq qaçar. Allah sənə görə mələklərinə əmr edər ki, Gedəcəyin hər yerdə səni qorusunlar, Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin. Şiri, gürzəni ayaqlayarsan, Gənc aslanı, əfi ilanı tapdalayarsan. “Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, İsmimi tanıdığına görə onu yüksəldəcəyəm”»

Zəbur 91:10-14

Şeytan Zəburun Məsih barəsində yazdığını bilirdi. Lakin burada ‘Məsih’ deyilmir. Bəs, Şeytan bunu haradan bildi?

Fikir verin ki, burada “şiri, gürzəni ayaqlayar” yazılıb (qırmızı ilə qeyd etmişəm). Şir – İsraillilərin Yəhuda qəbiləsinə istinaddır, çünki Yaqub peyğəmbər (s) Tövratda belə peyğəmbərlik etmişdir:

“Yəhuda, qardaşların səni mədh edəcək, Düşmənlərin boynu əlində olacaq,Atanın oğulları önündə səcdə edəcək. Yəhuda bir aslan balasıdır, Ey oğlum, sən şikara çıxanda Dişi aslan kimi torpağa yatırsan. Kim səni yerindən qaldıra bilər? Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək”

Yaradılış 49:8-10

Yaqub (s) peyğəmbər Tövratda uzun müddət əvvəl (təxminən b.e.ə.1700-də) demişdi ki, Yəhuda qəbiləsi aslan kimidir; bu qəbilədən Hökmdar gələcək. Zəbur bu peyğəmbərliyi davam edir: həmin Hökmdar “şiri” ayaqlayacaq, yəni onun üzərində hökmranlıq edəcək.

Şeytan Zəburun ayəsini İsaya deyir. Bu ayədə həmçinin Hökmdarın “gürzəni ayaqlayacağı” da deyilir. Bu, Allahın Adəmin nümunəsində ona verdiyi ilk vədə bilavasitə istinaddır: “qadının övladı” ilanın başından vuracaq. Növbəti diaqram ilk vədi izah edir:

Beləliklə, Rəbb Allah ilana dedi…

“Mən səninlə qadın arasına, Sənin balanla onun övladı arasına Düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, Sən də onu dabanından sancacaqsan»”

Yaradılış 3:15

 Adəmin nümunəsi adlı məqalədə bu vəd artıq verilmişdi. Lakin o vaxt bu vəd tam aydın deyildi. İndi isə biz ‘qadının’ Məryəm olduğunu bilirik, çünki o, yeganə şəxs olub ki, bakirə olduğu halda oğul doğub. Buna görə də onun övladı, vəd olunmuş şəxs İsa Məsihdir (s). Mən bu adları diaqrama daxil etdim. Diaqramda gördüyünüz kimi, əvvəldə verilən vədə görə, İsa Məsih (“o”) ilanın başından vuracaq. Şeytanın Zəburdan söylədiyi ayə bunu təkrarlayır:

“Şiri, gürzəni ayaqlayarsan”

13-cü ayə

Şeytan Zəburdan ayə söylədi. Həmin ayə Tövratda yazılan iki peyğəmbərliyi təkrarlayır: “o” gələcək, hökm edəcək və Şeytanın (ilanın) başından vuracaq. Zəbur ayəsində ‘Məsih’ yazılmasa da, Şeytan onun Məsihə aid olduğunu bilirdi. Şeytan bu ayəni özü istədiyi kimi icra etməyə çalışdı. Zəbur və Tövratdakı bu peyğəmbərliklərin icra olması üçün İsa (s) Özünü məbəddən ataraq adamların diqqətini Özünə çəkməməli idi. İsa Allahın Tövrat və Zəburda söylədiklərinə riayət etməli idi.

Səcdə ilə sınaq

Daha sonra şeytan İsaya onda olan hər şeyi – “dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini” təklif etdi. İncil yazır:

«İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: “Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm”. İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi»

Matta 4:8-11

‘Məsih’ hökm etmək üçün ‘məsh olunmuş’ deməkdir. Beləliklə, Məsih hökm etmək üçün gəlmişdi. Şeytan İsanı (s) sınağa çəkəndə onda olan hökmdən istifadə etdi. Şeytan İsanı vəzifəsindən sui-istifadə etməyə təhrik etdi; özünə səcdə etməyin əvəzinə dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini təklif etdi. Bu isə Allaha şərik qoşmaq günahıdır. İsa şeytanın sınağına tab gətirərək yenə Tövratdakı ayəyə istinad etdi. İsa Məsih (s) Tövratı çox əhəmiyyətli Kitab hesab edirdi, onu çox yaxşı bilir və ona etibar edirdi.

İsa bizi başa düşür

İsanın (s) sınağa çəkilməsi bizim üçün çox vacibdir. İncil İsa barədə deyir:

“Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər”

İbranilərə 2:18

“Bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir. Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq”

İbranilərə 4:15-16

Yadınızdadırsa, İsraillilərin bağışlanması üçün Baş Kahin olan Harun (s) qurbanlar təqdim edirdi. İsa (s) həmçinin Baş Kahin hesab olunur; o, bizi başa düşür, hətta sınaqlarda bizə kömək edir, çünki vaxtilə Özü də sınaqlardan keçib. Lakin İsa sınaqlarda günah etmədi. Beləliklə, Allah qarşısında İsa (s) ilə əmin ola bilərik, çünki İsa bizim Baş Kahinimizdir. İsa Özü çox çətin sınaqlardan keçib və heç vaxt günah etməyib. O, bizi başa düşür; sınaq və günah içində olan bizlərə kömək edə bilər. Sual belədir: İsaya imkan verəcəyikmi?